Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:53

Əli Həsənov partiya liderləri ilə görüşüb


İqtidar-müxalifət danışıqları - 13 dekabr 2014
İqtidar-müxalifət danışıqları - 13 dekabr 2014

-

Dekabrın 13-də Beynəlxalq Mətbuat Mərkəzində Prezident Administrasiyasının rəhbəri Əli Həsənov bir sıra siyasi partiya rəhbərləri ilə görüşüb. AXCP və Müsavat danışıqlara qatılmaq istəməyib.

Yazı yenilənir. Ən son məlumat ən əvvəldə verilir.

MÜSAVAT: «ƏLİ HƏSƏNOV BİR MƏMURDUR, TƏMSİLÇİ YOX»

«Baş verənləri nəinki müxalifət-iqtidar dialoqu, heç görüş də saymaq olmaz. Orada heç bir real müxalifət iştirak etməyib. Özlərinin qismən nəzarətində olan partiyalara tam nəzarətlərində olanları da əlavə edib, bir yerə toplanıblar. Görünür, hakimiyyətin ehtiyacı var deyə, belə bir görüntü yaradıblar».

Müsavat başqanının müavini Elman Fəttah bir qrup müxalifət partiyası ilə Prezident Administrasiyası əməkdaşlarının dekabrın 13-də keçirilən görüşünə münasibət bildirərkən AzadlıqRadiosuna belə deyib.

Onun fikrincə, ölkədə iki real müxalifət partiyası var:

«İctimaiyyətin, əksəriyyətin qəbul etdiyi müxalifət partiyaları Müsavat və AXCP-dir. Baş tutan görüşün iqtidar-müxalifətdialoqu kimi yozulması yolverilməzdir. Əli Həsənov, sadəcə, bir məmurdur, təmsilçi yox. Onun hakimiyyəti təmsil etməsi haqda ictimaiyyətə açıq məlumat verilməlidir. Əli Həsənov deyirsə ki, hakimiyyət hər zaman dialoqa hazırdır, qoy açıq şəkildə bizə müraciət ünvanlasın. Biz bu cür dialoqa hazırıq».

SƏRDAR CƏLALOĞLU: BİLSƏYDİM... GƏLMƏZDİM

«Bilsəydim ki, digər partiyalar da iştirak edəcək, bu görüşə gəlməyəcəkdim».

Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu

Bunu bəzi müxalifət partiya təmsilçiləri ilə iqtidar nümayəndələri arasında keçirilən görüşdən sonra ADP sədri Sərdar Cəlaloğlu AzadlıqRadiosuna müsahibəsində deyib.

Onun bildirdiyinə görə, görüşün təşəbbüskarı 4 partiya –Demokrat, Klassik Xalq Cəbhəsi, Xalq və Liberal Demokrat partiyaları olub. Məqsəd isə siyasi məhbus məsələsini müzakirə etmək imiş:

«Görüş başlayanda məlum oldu ki, bizim dəvət etmədiyimiz bəzi partiya sədrləri də gəliblər. Əsas təşəbbüsçülərdən olan AXP sədri Pənah Hüseyn bu şəxslərin iştirakına etiraz olaraq görüşə qatılmadı. Görüşdə siyasi məhbus məsələsini qaldırdıq. Bizim əsas məqsədimiz bu məsələ olsa da, dəvət olunmayan partiya sədrləri bunun əleyhinə çıxdılar. Bu isə bizim təklifimizin mahiyyətinə uyğun deyildi. Həmin partiya sədrləri nəinki təklifimizi dəstəklədilər, hətta siyasi məhbusları ittiham etməyə başladılar».

Bununla belə, Sərdar Cəlaloğlu görüşün müəyyən faydalar verəcəyinə inanır:

«Düzdür, hakimiyyət siyasi məhbus anlayışını yaxına buraxmır. Lakin Əli Həsənov təkliflərimizi aidiyyəti qurumlara çatdıracağına söz verdi. Biz siyasi məhbusların azadlığa buraxılması və yeni həbslərə son qoyulmasının vacibliyini vurğuladıq. İqtidar-müxalifət münasibətlərini də müzakirə etdik. Qərara alındı ki, bu cür görüşlər mütəmadi keçirilsin».

ƏLİ HƏSƏNOV: «SİYASİ PARTİYALARLA İŞLƏYƏN HAKİMİYYƏTLƏR GÜCLÜ OLUR»

«Azərbaycan hakimiyyəti 1993-cü ildən bəri həmişə dialoqa hazır olub və dialoq əhval-ruhiyyəsi ilə fəaliyyət göstərib».

Əli Həsənov
Əli Həsənov

Bu sözləri Əli Həsənov bir qrup müxalifət partiyası rəhbərləri ilə görüşdən öncə, açılış çıxışında deyib.

apa-nın məlumatına görə, PA rəsmisi deyib ki, Azərbaycan hökumətinin media, QHT və siyasi partiyalarla görüşləri davamlı xarakter daşıyır:

«Bu gün də keçirilən görüş məhz Azərbaycanın bir qrup müxalifət partiyasının təşəbbüsü ilə reallaşdırılıb. Partiyaların istədiyi məsələlər ətrafında müzakirə aparacağıq, onların fikirlərini dinləyəcəyik, ümumiləşdirəcəyik. Mən, Azərbaycan hakimiyyətinin nümayəndəsi kimi onları müvafiq strukturlara, Prezident Administrasiyasına və Azərbaycan Prezidenti cənab İlham Əliyevə çatdıracağam».

Ə.Həsənov bildirib ki, siyasi partiyalarla, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şəraitində işləyən hakimiyyətlər güclü olur:

«Ona görə də biz Azərbaycan hakimiyyətinin nümayəndəsi olaraq, siyasi opponentlərimizlə konstruktiv dialoqa həmişə açıq olmuşuq, bundan sonra da açıq olmağa davam edəcəyik».

MÜSAVAT VƏ AXCP GƏLMƏDİ

Dekabrın 13-də bir qrup müxalifət partiyası sədrinin Prezident Administrasiyası nümayəndələri ilə görüşü başlayıb.

Bu haqda AzadlıqRadiosuna Ümid Partiyası sədrinin müavini Elman Abbasov məlumat verib.

Görüşə müxalifət tərəfdən Ümid, Demokrat, Milli İstiqlal, Klassik Xalq Cəbhəsi, Liberal Demokrat, Böyük Quruluş, Böyük Azərbaycan, Vəhdət, Azadlıq, Vətəndaş Həmrəyliyi və Milli Dirçəliş Hərəkatı partiyalarının sədrləri qatılıb.

İqtidarı isə Prezident Administrasiyasının şöbə müdirləri Əli Həsənov, Tahir Süleymanov və şöbənin sektor müdiri Elman Paşayev təmsil edir.

Saat 11-də başlayan görüş mətbuatın iştirakı olmadan davam etdirilir.

AXCP və Müsavat danışıqlarda iştirak etmək istəməyib.

XS
SM
MD
LG