Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:56

Roma Papası Dalai Lama ilə niyə görüşmək istəmədi?


Tibetin dini lideri Dalai Lama. (Foto arxivdəndir)

Tibetin dini lideri Dalai Lama. (Foto arxivdəndir)

-

Vatikan bildirib ki, Roma Papası “Çinlə münasibətlərin incəliyinə görə” sürgündə olan Tibet lideri Dalai Lama ilə görüşə bilməyəcək.

Daha doğrusu, müqəddəs ata Romaya Nobel mükafatçılarının konfransında iştirak üçün səfər etmiş Dalai Lama-nı öz iqamətgahında qəbul etməkdən imtina edib.

Vastikanın sözçüsü deyib ki, Papa Tibet liderinə “çox yüksək hörmət” bəsləsə də, onun ricasını “aşkar səbəblərə” görə rədd etməli olub.

Aşkar səbəb

Müxbirlər isə bildirilər ki, bu “aşkar səbəb” Vatikanın Çinlə münasibətlərini yaxşılaşdırmaq cəhdlərini yerə vurmaq istəməməsidir. Çünki Çin Dalai Lama-ya separatçı kimi baxır və xarici rəsmilərin onunla görüşlərindən daim qəzəb ifadə edir.

Hərçənd mətbuat yazır ki, Çini 1959-cu ildə, Pekin Tibetdəki üsyanı yatıranda tərk etmiş Dalai Lama o zamandan bəri baxışlarını bir xeyli yumşaldıb. İndi Dalai Lama Tibet üçün müstəqillik yox, Çin daxilində muxtariyyət istəyir.

Çinlə münasibətləri dinc şəkildə həll etmək yolunu tutan Tibet lideri 1989-cu ildə Nobel Sülh Mükafatına layiq görülüb.

Papa heç bir mükafatçı ilə görüşməyəcək

Bununla belə, Francis atanın sözçüsü bildirib ki, o, ümumiyyətlə, konfransda iştirak edən Nobel mükafatçılarından heç kimi qəbul etməyəcək və tədbirə videomüraciət göndərməklə kifayətlənəcək.

Müxbirlər Roma papasının bu hərəkətini də Dalai Lama-nı qəbul edə bilməməsinin pərtliyini aradan qaldırmaq cəhdi kimi qiymətləndirirlər.

Yeri gəlmişkən, bu konfransın lap əvvəldən Keyp Taunda keçirilməsi pölanlaşdırılmışdı, lakin Cənubi Afrika Respublikasının hökuməti, yenə də “Çinin xətrinə dəyməmək üçün”, Dalai Lama-ya viza verməkdən imtina etdi.

Məhz bundan sonra başqa mükafatçılar Keyp Taunu boykot etdilər və konfransın yeni ünvanı Roma oldu.

Dalai Lama-nın sözçüsü mətbuata bildirib ki, o, müqəddəs ata ilə görüşə bilməyəcəyindən pərt olub, lakin “heç bir narahatlıq yaratmaq istəmir”.

Çin - Vatikandan daha katolik ölkə

Bununla belə, Qərb mətbuatı vurğulayır ki, Roma papasının Dalai Lama-nı qəbul etməməsinin əsl səbəbi “aşkardan da aşkardır” və Çinlə münasibətlərin normallığı Vatikana Cənubi Afrika Respublikasına olduğundan daha çox lazımdlır.

Sadə statistika bundan ibarətdir ki, bu gün Çində katoliklərin sayı Kommunist Partiyası üzvlərinin sayından xeyli çoxdur.

Ölkədə təxminən 100 milyon katolik və 87, 6 milyon kommunist var.

Təhlilçilər bildirirlər ki, bu gedişlə 2030-cu ilədək Çin dünyada ən çox katolikin yaşadığı ölkə olacaq.

Üstəlik bu da nəzərə alınmalıdır ki, Çində yayılma tarixi 7-ci əsrə gedib çıxan katolikliyə sitayiş hələ də gizli qalır və bu ölkədə çox sayda gizli kilsə fəaliyyət göstərir.

Çinin “vətənpərvər” katolikləri

Çində rəsmi kilsələr üçün çox böyük məhdudiyyətlər qoyulub və onları hökumət qeydiyyatından keçirmək son dərəcə çətindir.

Analitiklər bildirirlər ki, Çin milyonlarla vətəndaşının din baxımından Vatikanın tabeliyində ola biləcəyi ilə razılaşmır.

Çin Kommunist Partiyası katoliklərin rəsmi icmasını “Vətənpərvərlər Assosiasiyası” adı ilə qeydiyyatdan keçirib və katoliklərin rəsmi sayı 12 milyon olaraq göstərilir.

Lakin məxfi xristianların sayı bundan qat-qat çoxdur və Pekinlə Vatikan arasındakı başlıca ixtilaf yepiskopların kim tərəfindən təyin olunması məsələsi olaraq qalır.

Vatikanın rəsmilərindən biri deyib ki, müqəddəs atanın Dalai Lama ilə görüşməmək qərarı “onun nədənsə qorxması ilə yox, iztirab çəkənlərin daha çox iztiraba düçar olmasından yan keçmək niyyəti ilə bağlıdır”.

Dalai Lama sonuncu dəfə papa qəbulunda 2006-cı ildə olub.

O zaman Roma papası 16-cı Benedict idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG