Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:26

Heydər Əliyevin «mən səni də tanıyıram, Ordubadı da» dediyi Hicran Kərimli haradadır?


-

1993-cü ilin avqustunda Azərbaycan parlamentində sədr Heydər Əliyevlə Ordubad seçki dairəsindən deputat Hicran Kərimli arasında gərgin anlar yaşanmışdı. Deputat Kərimli Əliyevin Ordubadda durumun ağır olmasıyla bağlı dediklərini «yalan» adlandırır, Heydər Əliyev onu susdurmaq istəyir, «mən Ordubadı da tanıyıram, səni də» deyirdi. Parlament sədrinin «Ordubad əhalisinin silah terroru altında» yaşadığını deməsi Hicran Kərimlini bir az da özündən çıxarırdı.

AzadlıqRadiosu bu videonu yayandan sonra özəlliklə sosial şəbəkələrdə Hicran Kərimlinin indi harada olması, ümumiyyətlə həyatda olub-olmamasına dair suallar dolaşmağa başlayıb.

AzadlıqRadiosu Hicran Kərimli ilə əlaqə yarada bilib. 51 yaşlı Kərimli hazırda Rusiyadadır. Dediyinə görə, 1995-ci ilin sonlarından 1998-ci ilə qədər Belarusda yaşayıb, daha sonra Moskvaya köçüb. Deyir böyük oğlu Nyukaslda magistraturanı fərqlənmə ilə bitirib. Kiçik oğlu isə İtaliyanın Florensiya şəhərində dizayn akademiyasında təhsil alır.

Hicran Kərimli siyasətdən niyə getməsi, həmin videodan sonra hansısa təzyiqlərlə bağlı danışmaq istəməsə də, bəzi sualları cavablandırmağa razılaşdı.

– O videodan sonra nə baş verdi, sizə hansı təzyiqlər oldu ki, ölkədən getdiniz?

– Video 1993-cü ilə aiddir. Mərhum Heydər Əliyevlə çox gözəl, yüksəksəviyyəli münasibətlərimiz olub. O bir epizoddur, elə şeylər olur, bilirsiniz.

– Bəs necə oldu ki, parlamentdə elə bir deyişmə baş verdi?

– O suallara cavab versəm, orta qarışacaq (gülür).

– Yüksəksəviyyəli münasibətlər sonra da qaldımı?

– Sonadək millət vəkili qaldım. Ancaq zaman-zaman məndə ruhdan düşmə yarandı. Müddətim başa çatandan sonra da getdim. Bu günə qədər heç bir sıxıntım, heç bir təzyiq olmayıb. Fəaliyyət göstərməmişəm deyə, bu şeyləri hiss eləməmişəm. Zaman-zaman xeyrə, hüzr yerlərinə, tətillərə gəlmişik.

– Keçmiş məsləkdaşlarınız, cəbhəçilər, siyasətçilərlə əlaqə saxlayırsınız?

– İnsanlar var ki, başqalarının imkanlarından istifadə etməyə çalışır. Mən istəmişəm ki, müəllimlərin, valideynlərin, Allah-təalanın verdiyi imkanlardan yararlanıb başqalarına kömək eləyim. İndi bir az sıxıntılı vaxtlarımdır deyə, çox əlaqə saxlaya bilmirəm.

– İndimi yaranıb o sıxıntılar? 20 ildir ölkədən çıxmısınız.

– 20 ildir. Hər il bir neçə dəfə Azərbaycanda oluram. Ancaq heç bir siyasi fəaliyyətlə məşğul olmamışam.

– Sıxıntılar deyəndə maddi problemləri nəzərdə tutursunuz, yoxsa başqa səbəblər var?

– Elə hər şeydə, hər sahədə.

– Azərbaycana gələndə Ordubada gedirsiniz? Necədir durum, necə görürsünüz insanların dolanışığını?

– Bakıda da evimiz var. Ancaq ata-baba yurdumuz Ordubaddır. Özümə, ailəmə o vaxt da, indi də çox böyük sayqı, hörmət görmüşəm. Köhnə ordubadlıyıq. Ordubad camaatı ilə heç bir siyasi fərq qoymadan, səmimi münasibətlərimiz bu gün də var.

– Həmin videoda da deyirsiniz ki, Ordubadda işlər görürsünüz. Heydər Əliyev deyir sizdən daha çox iş görüb. Yəqin, həm də həmin işlərə görə tanıyırlar sizi.

– Sonra da xeyirxah işlərimiz olub. Əslində Heydər Əliyevlə o dövrə qədərki münasibətlərimizin gözəlliyindən danışsam, yaxşı mənada şoka düşüb sevinərsiniz. 1993-cü ilədək millət vəkili kimi Bakı-Naxçıvan arası fəaliyyət göstərirdim. Çox yüksəksəviyyəli, səmimi görüşlərimiz olub. Sonra da fəaliyyəti dayandırmışam deyə, ürəyimizdə qorunub saxlanıb.

– Yəni siyasətdən çəkilmisiniz deyə, həmin münasibətlər qalıb?

– Hərdənbir mənə deyirlər ki, hamıya qarşı nəsə baş verir. Allah ruhunu şad eləsin, Heydər Əliyev bizi bizdən yaxşı tanıyıb. Bilirdi ki, Hicran Kərimlidən heç vaxt dövlətimizə, dövlətçiliyimizə ziyan gəlməz. Ola bilər, Hicran Kərimli emosionaldır. Ancaq məni həddən artıq çox istəyirdi. Vallah, Heydər Əliyev mənə dəfələrlə deyib ki, «Hicran, səninlə fəxr edirəm, halal olsun». O qədər gözəl sözlər söyləyib ki... Kürəyimə vurub deyirdi ki, «Naxçıvanda sənin kimi 5 nazirim olsaydı, Naxçıvanın bu boyda problemi olmazdı». Şəxsi problem olanda bir-birimizə əl uzatmışıq. Bir şey xahiş edib, demişəm «gözüm üstə».

– Bu münasibət həmin videodan sonradamı qaldı?

– Həmin videodan sonra bir dəfə də çıxış oldu. Heydər Əliyevin mənimlə bağlı bir neçə çıxışı olub. Surət Hüseynovla bağlı kəskin çıxış edib demişdim ki, «onu parlamentə siz gətirmisiniz». Heydər Əliyev deyibmiş ki, «bir cavan iqtisadçı var, Hicran Kərimli, onu cavanlığına bağışlamaq olar». Sonra mənə dedilər ki, belə sözlər işlədib, səni çox istəyir. Nə bilim... Mən Fəxri Xiyabana gedəndə, bütün siyasətçiləri, fərq qoymadan, Əbülfəz Elçibəyi, Heydər Əliyevi, Zərifə xanımı ziyarət edib geri qayıdıram. Bir əhvalat da danışım. Ordubadda bir dəfə çobanlar ölmüşdü, dəfn komissiyasının sədri idim. İki çobanı ermənilər öldürüb qoyunları oğurlamışdılar. Sonra onlardan girov götürüldü. Girovların müqabilində onlar qaytarıldı. Heydər Əliyevə dedim ki, xüsusi maşın ayırmışam, mikrofonlar quraşdırılıb, çıxış edəcəkdi. Bizim qəbiristanlıq çox uzaqdadır, dağın başındadır. Heydər Əliyevin qoluna girmişdim. O boyda yolu bizimlə addım-addım getdi. Çox yaddaqalan çıxış elədi. Hər dəfə Naxçıvana gedəndə onunla görüşərdim.

– Heydər Əliyev Naxçıvandan Bakıya gəlməzdən olub bunlar.

– Təbii. Bakıya gələndən sonra da münasibətlərimiz qalıb. Kağızla müraciət etmişəm, Heydər Əliyev mənə çıxış imkanı yaradıb. Ancaq məndə siyasətçilərə xas olmayan bir şey var. Həmin videodakı o məqamda mən təbiətdə olan adam üçün sakit oturmaq çox çətindir.

– Ona görə də siyasətdən getdiniz, eləmi?

– Hə, getdim. Mənə elə gəlir ki, o parlamentdə mənim gözəl, səmimi münasibətdə olmadığım şəxs yox idi. Dinindən, siyasi münasibətindən asılı olmayaraq. Bir sənəd vardı, qol çəkdirirdik. Adamlar vardı, parlament deputatlarının üçdə ikisi imza atsaydı, zaminə buraxılacaqdı. Kimsə qol çəkmək istəmirdi. Əlinin gözünün üstünə qoyurdu ki, «görmürəm, ancaq sən gəlmisən, qol çəkirəm». Zaman-zaman hiss elədim ki, siyasət adamı deyiləm. Çalışdıq nəsə gözəl şeylər yaradaq, bilmirəm nəyə nail olduq. Doğrusunu Allah bilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG