Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:06

Keçmiş döyüşçülərin şikayətinə baxan yoxdur


Arxiv foto 1992
Arxiv foto 1992

-

KEÇMİŞ DÖYÜŞÇÜLƏRİN ŞİKAYƏTİNƏ BAXAN YOXDUR

Azərbaycanın cənub rayonlarında bəzi Qarabağ əlilləri baxımsızlıqdan şikayət edirlər. Onlardan biri Lənkəran rayonun Bürcəli kənd sakini Zaur Ağayev deyir ki, payıbəlli torpağı əlindən alınıb. Zaur Ağayevin sözlərinə görə, onun torpağına göz dikən də məhz dövlət işçisidir:

“ÖZÜMƏ QƏSD ETMƏK İSTƏYİRDİM”

“Payıbəlli torpağımı dövlət işçisi satdı. Pul istədi, rüşvət istədi verə bilmədim. Dövlət qayğısından mərhumam. Dəfələrlə prezidentə də müraciət etmişəm. prezidenti qınamaq olmaz. Yeri gələndə deyirlər ki, haq veririk, adamımız var. Bizim yuxarıda adamımız yoxdur, haq da verə bilmirik. Səhv etmişik, gedib vuruşmuşuq. Hətta özümə qəsd etmək istəyirdim. Söz yox ki, indi bu fikirdən dönmüşəm.”

Bürcəli kənd bələdiyyəsindən isə iddia edirlər ki, Qarabağ əlilinə məxsus olan torpaq yerindədir. Sadəcə torpaq onun qonşusuna məxsus evin arxasında olduğu üçün ora getmək istəmir.

Zaur Ağayev isə bunun həqiqət olmadığını deyir. Onun sözlərinə görə, 10 ildən artıqdır ki, torpağını istəyir və bununla bağlı müxtəlif qurumlara müraciət edib. Zaur Ağayev qeyd edir ki, Ədliyyə Nazirliyində də olub. Ancaq onunla maraqlanan olmayıb. Özü indi evində xəstə yatır:

“HEÇ ƏHƏMİYYƏT VERMƏDİLƏR”

“Heç əhəmiyyət vermədilər. Heç maraqlanmadılar. Bələdiyyə torpağımı satıb maraqlanmır da. Özüm xəstəyəm.”

Digər Qarabağ veteranı, Astara rayon Ərçivan qəsəbə sakini Vüqar Eynullayev isə evinə telefon çəkmək istəyir. Veteranın sözlərinə görə 6 aydan çoxdur ki, bununla bağlı yuxarı təşkilatlara müraciət edir. Lakin onun şikayətlərinə əhəmiyyət verən yoxdur:

“Mənə deyir ki, 2100 metrə kabel al, 120 kiloqram dəmir məftil, gəlib sənin üçün telefon çəkim.”

Vüqar Eynullayev
Vüqar Eynullayev

“6 aydır telefona görə məktub yazmışıq, prezidentə, nazirə, heç bir cavab yoxdur, heç bir məlumat yoxdur. Mənə deyir ki, 2100 metrə kabel al, 120 kiloqram dəmir məftil, gəlib sənin üçün telefon çəkim. Deyir hökumət bunu bizə vermir .Vətəndaş öz pulu ilə almalıdır bunu. ”

Veteranın dediyinə görə əsas telefon xətti ilə ev arasında cəmi 50 metr məsafə var. Tələb edilən material isə 3 min manata yaxın vəsait edir.

Vüqar Eynullayev deyir ki, əvvəlki illərdə də Astara telekommunikasiya qovşağına bu məsələ ilə bağlı müraciəti olub. Lakin hər dəfə ondan kabel istəyiblər. O da bu işdən vaz keçib. Bu il isə telefon çəkdirməyi qəti qərarə gəlib. İndi bu işdən əl çəkən deyil:

“BU HANSI QANUNDA VAR?”

“Prezidentdən heç nə istəmirəm. Bir dənə bunu istəyirəm ki,mənim üçün telefon çəksinlər. Dövlətin rüsumunu da verirəm. O da deyir get kabel al. Bu hansı qanunda var? Bütün qonşularda telefon var. Bir dənə bizdə yoxdur. 6 il də Qarabağda olmuşam.”

Vüqar Eynullayev deyir ki, Qarabağ veteranların problemi çoxdur.Lakin onun hazırda telefon problemi var.

“Hərənin bir problemi var. Vetranlara baxmırlar. Bu gün də zəng etdim nazirliyə mənə dedi ki,dövlətin qanunudur, get, pul ilə al. Müdir, rəis sənə nə deyir onu elə, onlar da gəlib çəksinlər. Öz pulunla al deyir. 2100 manatı haradan gətirim? Dəmir məftil də 120 kilo .Allah bilir onun kilosu neçəyədir. Oradan buraya 50 metirdir.”

Vüqar Eynullayev deyir ki, nazirliyə şikayət edəndən sonra rayon telekommunikasiya qovşağından ona irad tutublar:

“MƏNƏ HƏDƏ-QORXU GƏLİRLƏR”

Astara telekommunikasiya qovşağı
Astara telekommunikasiya qovşağı

“Rəis deyir ki, nə üçün nazirliyə zəng etmisən. Dedim işimə baxmırsan, məcburam zəng edim. Öz dərdimi kiməsə deməliyəm. Mənə deyir nahaq zəng etmisən. Mənə hədə-qorxu gəlirlər. ”

“YA O ƏRAZİDƏ KABELİN ÇƏKİLİŞİNİ GÖZLƏMƏLİDIR, YA DA Kİ,...”

Astara Telkomunikasiya Qovşağının rəisi Ələkbər Həmzəyev də təsdiq edir ki, Qarabağ veteranı Vüqar Eynullayev telefon çəkilişi ilə bağlı onlara müraciət edib. Rəisin bildirdiyinə görə veteranın evi kəndin sonunda yerləşir. Həmin ərazidə isə telefon kabeli yoxdur.

Rəisinin bildirdiyinə görə, veteran nazirliyin nümayəndələri ilə görüşüb. Yaranmış vəziyyətlə bağlı onu məlumatlandırıblar .Vüqar Eynullayevə təklif olunub ki, ya o ərazidə kabelin çəkilişini gözləməlidir, ya da ki, öz vəsaiti hesabına kabel almalıdır. Rəisin dediyinə görə Qarabağ veteranı mütəxəssislərin dedikləri ilə razılaşıb.

XS
SM
MD
LG