Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:17

"Bloomberg" yazır ki, 2008-ci ildə BTC kəmərinə heyrətamiz haker zərbəsi endirilib.

2008-ci ilin 6 avqustunda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri partlayışdan od tutmuş və yalnız avqustun 25-də işini bərpa edə bilmişdi. O vaxt bu barədə media xəbərləri yayılsa da, məşhur “Bloomberg” saytında dərc olunmuş məqalə həmin qəzanın indiyədək bilinməyən təfərrüatlarından söz açır.

Jordan Robertson və Michael Riley yazırlar ki, o zaman ən təəccüblüsü “sensorlar və kameralarla” “silahlandırılmış” 1768 kilometrlik kəmərin hadisə barədə əməliyyatçılara heç bir siqnal ötürməməsi olmuşdu.

Məqalədə deyilir ki, hadisəni araşdıranlar aşkar etdikləri detallar barədə yalnız öz aralarında – sıx çevrədə müzakirə aparmışdılar. Türkiyə hökuməti partlayışı borudakı nasazlıqla əlaqələndirmiş, ölkənin şərqindəki kürd separatçılar isə aksiya üçün məsuliyyəti öz üzərlərinə götürmüşdülər.

Müəlliflərin təbirincə deyilsə, “bundan sonra özünün əla balı ilə məşhur olan Refahiye şəhərinin səmasını işıqlatmış partlayış tamamilə unudulub getmişdi”.

30 nömrəli nasos stansiyası

“Bloomberg” yazır ki, heç demə, belə deyilmiş və bu hadisə Qərb kəşfiyyat orqanları üçün dönüş nöqtəsi olub.

Məqalədə deyilir ki, hadisə ilə yaxın 4 nəfər təhqiqatın məxfiliyi ilə bağlı adlarının açıqlanmaması şərti ilə bəzi təfərrüatları bölüşmək qərarına gəliblər.

Onlar iddia edirlər ki, o vaxt BTC-yə qarşı haker hücumu törədilib. Hakerlər kəmərin siqnalizasiyasını söndürüb, kommuniskasiyanı pozub və neft kəmərindəki təzyiqi partlayış həddinə qədər artırıblarmış. Hakerlərin əsas silahı isə 30 nömrəli nasos stansiyasındakı kompüter kibordu olub.

ABŞ-ın Nyuport şəhərindəki Hərbi Donanma Kollecinin professoru Derek Reverson bildirib ki, bu hadisə, əslində“kibermüharibənin tarixini yenidən yazıb”.

Hökumət hakerləri

Məqalədə deyilir ki, müxtəlif ölkələr artıq illərdən bəridir, kibermüharibənin fəsadlarına hazırlıq görürlər, müxtəlif şirkətlərə vurulan haker zərbələrində isə hökumələrin sponsorluğunu göstərən əlamətlər aşkar edilir.

Məsələn, Sony şirkətinə edilmiş haker hücumunun Şimali Koreya tərəfindən həyata keçirildiyi güman edilir, JPMorgan Chase & Co şirkəti isə belə bir həmlədə Rusiyanın kibercasuslarından şübhələnir. Təhlükəsizlik təhqiqatçıları bu yaxınlarda bildiriblər ki, İran hakerləri sərnişin hava nəqliyyatını hədəfləyərək, zəruri olarsa, belə uçuşlara zərbə endirilməsi üçün onlarlın sistem zəifliklərini öyrənməyə çalışıblar.

“Bloomberg” yazır ki, Refahiye partlayışı 2010-cu ildə İranın nüvəzənginləşdirmə stansiyasını iflic etmiş “Stuxnet” virus hücumundan iki il əvvəl baş verib.

O vaxt İran hökuməti bu hücumun İsrail və ABŞ tərəfindən həyata keçirildiyindən şübhələrini bildirmişdi.

Bir nömrəli şübhəli - Rusiya

BTC-dəki partlayışın 2008-ci ildə baş verməsi isə onu göstərir ki, bu həmləni təşkil edənlər “Stuxnet”in yaradıcılarını iki il qabaqlaya biliblər. ABŞ kəşfiyyatının məlumatına görə, burada bir nömrəli şübhəli yalnız Rusiya ola bilər.

Məqalədə deyilir ki, BTC boru xətti layihəsi Rusiyanın irad və müqavimətlərinə baxmayaraq, keçmiş Sovet İttifaqı ərazisini enerji baxımından Avropaya bağlamışdı və bu mənada Qərbin , ən başlıcası ABŞ-ın geosiyasi qələbəsi sayılırdı.

“Bloomberg” diqqəti belə bir məqama çəkir ki, BTC partlayışından sonra Rusiyanın hərbi təyyarələri kəmərin Gürcüstan sektoruna zərbə endirmişdi.

O vaxt Rusiya parlamentinin müşaviri olan və qatı ekspansionist baxışları ilə tanınan Alexandr Dugin BTC-nin “ölümünü” muştuluq eləmişdi.

Dugin BTC-yə “başsağlığı” verməklə bir qədər tələsmişdi, lakin bu hadisə hər halda ABŞ rəsmilərini xeyli ayıq salmışdı. Onlar başa düşürdülər ki, Avropa və Şimali Amerikanı ilan kimi dolaşan kəmərlər hücumlar qarşısında son dərəcə kövrəkdir.

ABŞ Milli Təhlükəsizlik Agentliyi bildirirdi ki, bu kəmərlər heç bir adi silahlara ehtiyac olmadan məsafədən hədəflənə bilər. Bu həm də o demək idi ki, ABŞ-a düşmən mövqedə olan ölkələr artıq belə texnologiyalara malik imişlər.

ABŞ kəşfiyyat orqanlarının iki nümayəndəsinin məlumatına görə, Refahiye partlayışının sponsoru Rusiya hökuməti olub. “Bloomberg” yazır ki, bu məsələdə sübutlar yalnız məntiqi nəticələrdən doğsa da, hakerlər arxalarınca ifşaedici iz buraxıblar.

İnfraqırmızı kameralar

“Bloomberg” saytında dərc olunmuş məqalədə qeyd olunur ki, hadisənin gedişində kəmər boyunca çəkiliş aparan kameraların 60 saatlıq yazısı hakerlər tərəfindən pozulsa da, bu şəbəkəyə bağlı olmayan yeganə kamera əllərində noutbuk olan iki nəfəri partalyışdan bir neçə gün əvvəl kəmərin yaxınlığında qeydə alıb.

Həmin kameranın yazısını araşdıran agent bildirir ki, bu iki nəfərin əyinlərində qara rəngli nişansız hərbi forma olub. Onların sözlərinə görə, belə formanı adətən xüsusi qüvvələrin əməkdaşları geyinirlər.

“Bloomberg” bildirir ki, şərh üçün müraciət etdiyi Rusiya rəsmilərindən heç bir cavab ala bilməyib. Lakin məqalədə yazılanlardan bəlli olur ki, kəmərə sahib olan ölkə və qurumlardan da doğru-dürüst cavablar alınmayıb.

London, Bakı, Ankara niyə susurdu?

Müəlliflər yazırlar ki, BTC-dəki partlayışın dərhal ardınca kürd separaçıların PKK təşkilatı məsuliyyəti öz üzərinə götürürb, lakin Türkiyə hökuməti bildirib kİ, partlayışa səbəb kəmərdəki texniki qüsurlar olub. Türkiyənin o vaxtkı energetika naziri Hilmi Güler bu hadisədə təxribat izlərinin olmadığını bəyan etmişdi.

Onun ardınca, kəmərin Türkiyədəki əməliyyatçısı Botas şirkəti bildirmişdi ki, onun kompüter sisteminə müdaxilə edilməyib.

Məsələ burasındadır ki, qəzanı araşdıran Türkiyə, Britaniya və Azərbaycan müstəntiqləri də heç bir açıqlama vermirdilər.

Burada açılacaq ən əsas müəmma kəmər boyunca yerləşdirilmiş mükəmməl siqnalizasiyanın nə üçün işləməməsidir. Sistem heç bir həyəcan siqnalı verməyib və partlayışdan 40 dəqiqə sonra yanğını yaxınlıqdakı işçilər görüblər.

Kosmosdakı peyk də susdurulubmuş

“Bloomberg” yazır ki, müstəntiqlər həyəcan siqnalizasiyanı başdan-ayağa nəzərdən keçirəndən sonra bu sistemə müdaxilə olan yeri tapa biliblər. Tapıntı gözlənilməz olub. Müdaxiləni nəzarət kameralarının özləri ediblər. Daha doğrusu hakerlər kameraların kompüter sisteminə yol tapa biliblər.

Məqalədə deyilir ki, bütöv BTC sisteminin kompüterinə yol tapmaq üçün baş komanda məntəqəsinə daxil olmaq mühüm deyil, bunun üçün kəmər boyunca düzülmüş kiçik nasos stansiyaları da münasibdir.

Müstəntiqlərin gəldiyi qənaətə görə bu sistemdə fiziki olaraq öz proqramlarını yerləşdirən təxribatçılar, sonradan istədikləri vaxt zərbə endirə bilərdilər.

Məqalədə qeyd olunur ki, təhqiqat nəticəsində BTC-nin kompüter sisteminə müdaxilə edildiyi üzə çıxıb və vaxt etibarilə bu müdaxilə yeganə işlək kameranın iki nəfəri görüntülədiyi zamanla üst-üstə düşüb.

“Bloomberg” yazır ki, iki naməlum şəxsin BTC yaxınlığında görünməsi ondan xəbər verə bilərdi ki, kəmərə qarşı əməliyyat texniki baxımdan həm rəqəmli, həm də fiziki casusluğun qarışığı olub.

Məqalədə deyilir ki, sistemə kosmosdan nəzarət edən peykin siqnalları isə təkmil system vasitəsilə boğulub.

Bu da qeyd olunur ki, hadisədən bir neçə il sonra BP hüquqi çəkişmə işlərindən birinin sənədlərindəBTC-də baş vermiş hadisəni aşkar şəkildə “terrorçu akt” adlandırıb.

Azərbaycan 1 milyard dollar itiribmiş

Partlayış 30 min barrel neftin ətrafa dağılması ilıə nəticələnib, BP və partnyorları kəmərin işlədmədiyi hər gün ərzində 5 milyon dollar ziyana düşüblər.

Azərbaycan Dövlət Neft Fondundan Cəmalə Əliyevanın verdiyi məlumata görə isə Azərbaycan tərəfinin zərərəri 1 milyard dollar təşkil edib.

PKK-nın iddiasına gəlincə isə ABŞ xüsusi xidmətləri kürd separatçıların belə bir tapşırığı Moskvadan ala biləcəklərini güman edirlər. Yəni onlara “siz boynunuza alın” komandası iz azdırmaq üçün Moskvadan verilə bilərdi.

“Bloomberg” yazır ki, BTC-dəki patlayışdan üçcə gün sonra Rusiya Gürcüstana qarşı müharibəyə başlayıb. O vaxt Gürcüstan tərəfi Rusiyanı Rustavi yaxınlığında BTC-nin havadan hədəfləməkdə ittiham edirdi. Mərmilər kəmərin bir-neçə metrliyindən yan keçmişdi.

“Kibord daha dəqiq silah imiş” – yazır “Bloomberg”.

Günün bütün mövzuları

XS
SM
MD
LG