Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:15

“Roman yazmaq – buz üstündə maşın sürməyə bənzəyir” (Nobel nitqinin davamı)


Patrick Modiano

Patrick Modiano

-

Fransa yazıçısı Patrick Modiano Nobel nitqində roman sənətindən də danışıb. OxuZalı nitqin həmin hissəsindən seçmələri təqdim edir.

əvvəli burda

“QARANLIQDA… QIŞDA… BUZ ÜSTÜNDƏ…”

Modiano deyir ki, yazıçılıq qəribə, insandan təkliyə çəkilməyi tələb edən bir məşğuliyyətdir:

“Romanın ilk səhifələri üzərində işləməyə başlayarkən üzücü anlar yaşadığın da olur. Hər gün düşünürsən ki, yanlış yoldasan. Sanki səni lap əvvələ qayıdıb başqa bir səmti seçməyə məcbur edirlər.

Gərək buna uymayıb yoluna davam edəsən.

Bu, bir az da, gecə vaxtı maşın sürməyə bənzəyir, qışda, buz üstündə, göz-gözü görməyən havada. Yəni başqa seçimin yoxdur, maşını geri çevirə bilməzsən, gərək öz-özünə, rahat yola çatanda, duman çəkiləndə hər şey yaxşı olacaq deyib həmin istiqamətdə getməyə davam edəsən”.

Modiano onu da deyir ki, kitabı qurtarana yaxın yazıçı tezliklə azadlığa qovuşacağını hiss edir. O, yay tətilinə az qalmış dərsdə dinclik tapmayan, fikri yayınan, müəllimə qulaq asmayan şagirdə bənzəyir.

Sonuncu abzasları yazanda isə kitab hətta müəllifinə qarşı düşmənçilik edir, onu sərbəst buraxmaq istəmir. Elə ki kitabı bitirdin, daha ona lazım deyilsən, kitab səni yaddan çıxarır. Daha sənə ehtiyacı olmur. Bundan sonra o özünü oxucular vasitəsilə kəşf etməyə davam edəcək.

Bu baş verəndə sən öz içində böyük bir boşluq hiss edirsən, sanki səni atıb gediblər. Amma kitabla aranda yaranmış ünsiyyətə, yaxınlığa qəfil son qoyulduğu üçün məyusluq yaşayırsan. Nəyinsə yarımçıq qırılması hissi səni növbəti kitabı yazmağa vadar edir. Bununla müvazinətini bərpa etmək istəyirsən. Amma buna heç vaxt nail ola bilmirsən.

İllər keçir, dalbadal kitablar yazırsan, oxucular “bütövlükdə yaradıcılığın” haqda danışırlar. Amma səndə elə bir təəssürat var ki, bütün bunlar sadəcə, sənin tələsik, qaçaqovla irəliyə doğru cummağından başqa bir şey olmayıb.

MODİGLİANİ-NİN QOHUMU OLAN MODİANO…

Amedeo Modigliani-nin rəsmlərindən. "Bəy və gəlin" (1915-1916)

Amedeo Modigliani-nin rəsmlərindən. "Bəy və gəlin" (1915-1916)

Modiano deyir ki, gündəlik həyatın hadisələri, bayağılıqları insanları öz içinə elə qərq edir ki, onlar həyatın sirrini, şifrəsini açmaq iqtidarında olmurlar. Yazıçılar isə hadisələri çox diqqətlə, hipnozçutək sürəkli üzləyirlər.

Beləcə, həyat onların baxışları altında yeni keyfiyyət qazanır. İlk baxışda görünməyən tərəfləri, mahiyyəti, sirri üzə çıxır. Bu, sanki qaranlıqda parıltı kimidir.

Yazıçı həmin sirri öz oxucuları ilə bölüşən şəxsdir. Modiano düşünür ki, yazıçının, şairin, yaxud da rəssamın vəzifəsi hər bir fərdin içindəki həmin parıltını, sirri aşkara çıxarmaqdır.

Yazıçı bu yerdə öz uzaq qohumu olan rəssam Amedeo Modigliani-ni xatırlayır.

Deyir ki, Modigliani ən duyğulu rəsmləri üçün kimliyini bilmədiyimiz adi adamları naturaçı seçib: uşaqları, xırda fermerləri, küçə qadınlarını, quluqçuları, yeniyetmə şəyirdləri.

Həmin insanların sadə görünüşləri arxasındakı nəcib cəhətləri təsvir etməyə çalışıb.

“Romançı da bu yolla getməlidir. Onun təxəyyülü gerçəkliyi təhrif etməkdən uzaq olmalı, gerçəkliyin dərinliklərinə enməli, zahiri əlamətlər arxasında gizlənənləri ultraqırmızı və ultrabənövşəyi şüaların gücü ilə tapıb üzə çıxarmalıdır”.

Modiano düşünür ki, yaxşı romançı bir növ gələcəkdən xəbər verəndir, öncəgörəndir.Eyni zamanda, ən zəif, demək olar ki hiss edilməyən təkanları da qeydə alan seysmoqrafdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG