Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:23

Nazirlər bölgələrdə vətəndaşların maddi yardım umacağı ilə üzləşirlər...


 Aran bölgəsi

Aran bölgəsi

-

2013-cü ildən başlayaraq əyalət insanları üzlərini televiziyada gördükləri nazirləri yaşadıqları bölgədə birbaşa görmək, onlara öz sözlərini demək imkanı qazanıb. Hər ayın sonunda mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin növbəti ayda bölgələrdə keçirəcəkləri vətəndaş qəbulunun cədvəli dərc olunur. Kiçik istisnalarla bu cədvələ dəqiq əməl edilir.

Maraqlıdır, vətəndaşlar hansı nazirin qəbuluna düşməyə can atır, onlar daha çox nədən şikayətlənir, yaxud hansı problemlərinin həllinə kömək istəyirlər?
Qəbulların təşkilində “Açıq qapı” prinsipi gözlənilirmi, vətəndaşın istəkləri təmin olunurmu?

Bu yazıda son bir neçə qəbul üzrə müşahidələrimizdən danışacağıq.

QƏBULA GƏLƏNLƏRİN QARŞISI “POLİS KORDONU” İLƏ KƏSİLİR

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun İmişlidə polis nəzarəti altında keçirdiyi qəbuldan reportaj təqdim etmişdik.

Bir gün sonra - noyabrın 28-də nəqliyyat naziri Ziya Məmmədovun Saatlıda keçirdiyi qəbula isə polis əməkdaşları ilə yanaşı, xeyli sayda mülki geyimli “asayiş keçikçisi” cəlb edilmişdi. Gənc və idmançı cüssəli bu şəxslər vətəndaşlara güc tətbiqindən belə çəkinmirdilər.

Adının açıqlanmasını istəməyən Saatlı sakini deyir ki, qəbula buraxılmasını israrla tələb etdiyinə görə “polisin qanuni tələbinə əməl etməmə” ittahamı ilə saxlanılıb və rayon polis idarəsinə aparılıb. Burada isə ona bildirilib ki, toyuq oğurluğu ilə bağlı şikayət edən qonşusu ondan şübhələnir...

CANLI İNSAN “EKSPONATLARI” SAXLANILAN MUZEY

Nazirin qəbuluna toplaşan sakinlər

Nazirin qəbuluna toplaşan sakinlər

Ziya Məmmədovun qəbuluna düşmək istəyənlərin bəziləri beləcə bu “polis kordonu”nu yarıb keçməyə müvəffəq olmadılar. Dirəniş göstərən 150 nəfərədək şəxs nazirin rayonda olduğu müddətdə Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyasının yerləşdiyi binada saxlandı.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin Saatlıdakı qəbulları “Gənclər Mərkəzi”ndə keçirildiyindən, onun yaxınlığındakı bu muzey-qalereya binası son vaxtlar “müvəqqəti saxlanılma təcridxanası”na çevrilib. Dekabrın 8-də təhsil naziri Mikayıl Cabbarovun qəbuluna düşməyə can atan “arzuolunmaz” şəxslər də bir neçə saat burada gizlədilmişdi.

Ziya Məmmədovun görüşünə Bakı şəhərindən gələn əlil Qabil Quliyev deyir ki, o, buna qədər də nazirin müxtəlif bölgələrdə keçirdiyi qəbullarda olub:

“Ona müalicəmlə bağlı müraciət etmək istəyirəm. Bundan əvvəl də qəbulunda olmuşam, dava-dərman almağıma yardım edib. İndi yenə də ehtiyacım var. Sağ olsun, köməklik edən insandır. Hər dəfə 100, 200 manat verir.”

“YARDIM İSTƏYƏNLƏR 50 MANATA QANE OLMUR”

Dekabrın 10-da mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin Sabirabad şəhərindəki “Heydər Əliyev Mərkəzi”ndə keçirdiyi qəbula adlarını əvvəlcədən qeyd etdirmiş, əsasən nazirliyin tabeliyində olan müəssisələrin əməkdaşı olan 17 nəfər buraxıldı. Həmin vaxt 100 nəfərdən çox adam yaxınlıqda yerləşən “Gənclər Mərkəzi”ndə saxlanırdı.

Qəbulu təşkil edən nazirlik rəsmiləri açıqca etiraf edirdi ki, bu adamlar konkret olaraq pul istəyir, təklif olunan 50 manata da qane olmurlar.

“NAZİRƏ DEYƏCƏKDİM Kİ, VƏZİYYƏT AĞIRDIR”

AzadlıqRadiosunun “əgər Siz nazirlə görüşə buraxılsaydınız, ona nə ilə bağlı müraciət edəcəkdiniz?” sualına Bakı şəhər sakini Yeganə Məmmədova belə cavab verdi:

Yeganə Məmmədova

Yeganə Məmmədova

-İmkansızlıqdan. Vəziyyət ağırdır. Xəstə uşağım var. Şəhid ailəsi üzvüyəm. Nazirin köməkçisi bizi aldadıb saat 4-dək burada ac, susuz, ayaq üstə saxlatdırdı, sonra da çıxıb getdi.

İmişli rayonunun Rəsullu kəndindən olan İndira Ağayeva da deyir ki, dərdinə çarə axtarır:

-Ev-eşiyimiz yoxdur, 9 nəfər adam ortalıqda qalıb. Mən nazirə deyəcəkdim ki, şikayətimə baxılmır, belə olmaz axı.

Qeyd edək ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbul etməyi prezidentin sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq həyata keçirilir.

XS
SM
MD
LG