Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:17

-

“Media forum” saytı bəzi KIV-lərin 2015-ci il planları ilə maraqlanıb.

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev:

- 2015-ci il planlarından, yeni layihələrdən danışmaq çətindir, əsas məsələ meydanda qalmaq və mübarizəni davam etdirməkdir. Azərbaycanda bu gün media üçün ən çətin məsələ müstəqil qalmaq problemidir. Məqsədimiz müstəqil qalmaqdır.

“APA Holdinq”in baş direktoru Vüsalə Mahirqızı:

- Şirkətin genişləndirilməsi nəzərdə tutulur. Yaxın hədəflər barədə danışmaq istəmirəm. Adətən layihələrimiz hazır olduqdan sonra onları təqdim edirik. Bütün layihələr imkanlar hesablandıqdan, layihələr müzakirə olunub cilalandıqdan, hətta maliyyə-smeta xərcləri tutulduqdan sonra dövriyyəyə buraxılır.

“İFLASA UĞRAMIŞ “BEŞİNCİ KOLON” MƏQSƏDİNƏ ÇATMAYACAQ”

“Azərbaycan” qəzeti Milli Məclisin deputatı Çingiz Qənizadənin yazısını dərc edib. Müəllif qeyd edir ki, Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” məqaləsində “günümüzün reallıqları” öz əksini tapıb.

“Bu mükəmməl elmi araşdırmada dövlət başçısının yürütdüyü qətiyyətli, balanslı siyasət, dünya düzəninin Azərbaycana olan münasibəti və ölkə daxilindəki antiazərbaycançı şəbəkənin fəaliyyəti, real vəziyyəti təhlil olunub. Azərbaycanın sosial-iqtisadi inkişafını qəbul edə bilməyən, ölkədə ictimai-siyasi sabitliyin pozulması üçün çirkin kampaniyalar həyata keçirmək istəyən qüvvələrin əlində alətə çevrilmiş “beşinci kolon”un “fəaliyyəti”nə nəinki siyasi nöqteyi-nəzərdən qiymət verilib, eləcə də bu istiqamətdə daha geniş faktlar bazası təqdim edilib.

Həqiqətən də artıq dünyada hüququn aliliyi prinsipi deyilən anlama əhəmiyyət verilmir. Üzdə bu prinsipdən danışanlar əslində demokratiya adı altında kiçik ölkələrdə iğtişaşlar, inqilablar təşkil edib öz məqsədlərinə nail olmaq üçün bütün çirkinliklərdən yararlanırlar. Bu gün beynəlxalq münasibətlərdə əsas amil gücdür və ali olan digər heç bir hüquq qalmayıb”.

MOSKVADAN BAKIYA GİLEY-GÜZARLA GƏLƏNLƏR…

“Bizim yol” Bakı Dəmiryolu Vağzalından reportaj dərc edib. Müxbir Moskvadan gələn azərbaycanlıları danışdırıb.
“Sərnişinlərin sayının çox olması da diqqətimizi cəlb etdi. Söhbət etdiyimiz ilk sərnişin təəccübümüzü görüb söylədi:

"Rusiya televiziya kanalları məlumat verdilər ki, daha Rusiyadan Azərbaycana qatar getməyəcək. Məlumatda deyilirdi ki, Rusiya Dəmir Yolu dekabrın 14-dən Ukrayna, Azərbaycan, Qazaxıstan və Tacikistana gedən qatarların hərəkətini dayandıracaq. Bayram qabağı bu xəbər bizi təşviş içində qoydu. Axı ölkədən kənarda olanlar bayramlarda yaxınlarının yanına gedib bayramı onlarla birlikdə keçirmək istəyirlər.".

Bakı Moskva qatarı

Bakı Moskva qatarı

Bakı-Moskva qatarı ilə gələn soydaşlarımızla söhbət zamanı məlum oldu ki, vəziyyət dəyişib. Onlar artıq əvvəlki kimi qazanmağın mümkün olmadığını deyirlər: "Buna səbəb isə qanunların sərtləşdirilməsi, nəzarətin gücləndirilməsi və güzəştlərin olmamasıdır.

"Bildiyiniz kimi, azərbaycanlıların çoxu Rusiyada ticarət sahəsində çalışırlar. Əvvəllər Moskvada bazarların sayı çox idi. Eləcə də küçə ticarətinə qeyri-rəsmi də olsa icazə verilirdi. Azərbaycanlılara göz yumurdular. Biz də "hörmət"imizi edirdik (rüşvəti nəzərdə tutur-R.İ.). Ancaq indi "hörmət" zad keçmir. Moskvanın icra hakimiyyəti orqanları paytaxtda ticarət sahəsində böyük marketlərə üstünlük verirlər. Böyük marketlərdə nə yoxdur ki…. Müştəri də özünə lazım olan hər məhsulu bir obyektdə taparaq alır. Daha bazara, kiçik mağazalara getməyə gərək qalmır. Rusiyada ən gəlirli sahələrdən biri spirtli içki sahəsidir ki, bununla da böyük marketlər məşğul olur. Kiçik mağazaların spirtli içki satması rəsmən qadağandır", deyə Vaqif adlı soydaşımız bildirir.

ƏLİ KƏRİMLİ NƏ ZAMAN HƏBS EDİLƏCƏK?

“Azadlıq” qəzetində Qənimət Zahid yazır:

“Azərbaycan hakimiyyəti balans siyasətindən birmənalı olaraq imtina etdimi, yoxsa, sadəcə olaraq, balansı dəyişib? Ramiz Mehdiyevin son yazısı belə göstərə bilər ki, hökumət daha Qərbə güvənmir və tam sürətlə Moskvaya doğru yan almağa qərar verib. Amma açığı, Moskvanın haraya yan aldığı da hələ bəlli olmadığından Azərbaycanın xarici siyasət oriyentasiyasını müəyyən etmək istəyənlərin niyyəti çox sirli görünür. Azacıq diqqət bizə yaxşı düşünülmüş köhnə ssenarinin yeni çalarlarla tamaşaya qoyulduğunu göstərir.

“Söhbət Əli Kərimlinin həbsindən gedir... Əslində, söhbət yalnız Əli Kərimlidən getmir. Siyahıda eyni uğurla Milli Şuranın sədri Cəmil Həsənli də dayana bilərdi. Amma Cəmil Həsənli hələ ötənilki prezident seçkilərində İlham Əliyevin əsas rəqibi olub, seçkinin nəticələri məhz, onun əleyhinə və İlham Əliyevin lehinə saxtalaşdırılıb. Buna görə də, bu tezliklə Cəmil Həsənlinin həbsinin gündəlikdə dayandığı inandırıcı görünmür.

BÖYÜK BAHALAŞMA BAŞLADI: UNUN QİYMƏTİ QALXDI

“Yeni Müsavat” qəzeti yazır ki, ərzaq məhsullarının qiymətində nəzərə çarpacaq dərəcədə bahalaşma qeydə alınıb. Yumurtanın qiymətində 4-5 qəpiklik artımdan sonra xaricdən idxal olunan bir sıra ərzaq məhsullarının da qiyməti qalxıb. Xüsusilə də Türkiyə istehsalı olan duru yağların, həmçinin Ukraynada istehsal edilən süd məhsullarının ölkəyə gətirilməsində də problemlər yaranıb. Satıcılar bu məhsulların “yoxa çıxmasının” səbəbini dəqiq bilməsələr də, bunu daxili istehsalçıları himayə edən məmur-oliqarxların inhisar siyasətinin əlaməti kimi izah edirlər. Maraqlısı odur ki, xaricdən gətirilən duru yağların sıxışdırılması fonunda yerli malların qiymətində ciddi şəkildə artım qeydə alınmaqdadır. Çörəkdən istifadəyə görə öncül yerlərdən birini tutan Azərbaycan əhalisini narahat edən digər xəbər isə unun qiymətində ciddi artımın müşahidə olunmasıdır.

Bu sahədə fəaliyyət göstərən iş adamları tərəfindən musavat.com-a verilən məlumata görə, son günlər topdansatış mərkəzlərində bir kisə 50 kq-lıq unun qiyməti 17,40 AZN-dən 18,80 AZN-ə qalxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG