Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:58

Ramzan Kadyrov çeçenlərin evlərini odlara qaladı (Fotosessiya)


Amnesty bildirib ki, baş verənlər barədə tədbir görməzsə, bu cinayətlərin arxasında rəsmi Moskvanın özünün dayandığı qənaəti yaranacaq.

-
İslamçıların Qroznıya silahlı basqının ardınca Çeçenistanın Moskva tərəfindən təyin edilmiş lideri Ramzan Kadyrov Yandi kəndində qiyamçıların qohumlarına məxsus evlərin kütləvi cəza olaraq yandırlmasını əmr edib.

Dağlı qisası

Kadyrov bildirib ki, beləliklə, o islamçıların Qroznıya silahlı basqınının qisasını alır. Həmin hücum zamanı 14 polis və azı 9 yaraqlı həlak olub.

Hücum üçün məsuliyyəti üzərinə götürən qruplaşma bildirib ki, Çeçenistan təhlükəsizlik qüvvələrinin qadınlara qarşı hücumlarının qisasını alıb.

1990-cı illərin əvvəllərində Rusiya Çeçenistanın müstəqilliyinə son qoyandan bəri Moskvanın bu yerlərə başçı təyin etdiyi Ramzan Kadyrov separatçıların təqibi siyasətini yürüdür.

Media xəbərlərində deyilir ki, Qroznıda uzun müddətdən bəridir ki, baş verən ən böyük zorakılıqlardan biri olan 4 dekabr basqının ardınca, Kadyrov qiyamçıların ailələrini və onların evlərini hədəfləmək qərarına gəlib.

Çeçenistan lideri bildirib ki, o həmçinin islamçılara yardım edənləri və onların qarşısını ala bilməyənləri də sərt cəzalandıracaq.

Kadyrov-un İslamı

O deyib ki, qiyamçıların valideynləri və qonşuları onların hücumları üçün məsuliyyət daşıyırlar və onların cəzalandırılması İslam qaydalarına tam uyğundur.

Xəbər verilir ki, bir neçə evi yandırılmış Yandi kəndinin küçələri boşdur, lakin kənd hələ də ciddi nəzarət altındadır.

Qərb müxbirləri bildirirlər ki, dekabrın 4-də Qroznıya basqın zamanı öldürülmüş islamçılardan bəzilərinin kimliyi hələ də müəyyən edilməyib.

Mətbuat yazır ki, Çeçenistandakı islamçı yaraqlıların sırasında olanların əksəriyyəti öz evlərini Kadyrov-un zülmündən tərk edənlərdir.

Moskvanın xeyir-duası

Rusiyanın “Memorial” təşkilatının məlumatına görə, Yandi kəndində və bütövlükdə Çeçenistanda 6 ev yandırılıb.

Şahidlər bildirirlər ki, evlərə od vuran maskalı şəxslər hökumətə məxsus bir neçə maşınla gəliblər.

İnsan haqları fəallarından Sergei Babinets BBC müxbirinə bildirib ki, Çeçenistanın başqa yerlərində də evlərin yandırılması cəzası tətbiq edilib.

Bu arada Amnesty İnternational insan haqları təşkilatı Rusiyanı Çeçenistanda baş verən hadisələri araşdırmağa çağırıb.

Təşkilatın bəyanatında bildirilir ki, kütləvi cəzalandırma aktlarına heç bir şəkildə haqq qazandırıla bilməz və bu, beynəlxalq insan haqlarının dəhşətli şəkildə pozulması deməkdir.

Amnesty bildirib ki, baş verənlər barədə tədbir görməzsə, bu cinayətlərin arxasında rəsmi Moskvanın özünün dayandığı qənaəti yaranacaq.

Qafqaz əmirliyi

Dekabrın 4-də islamçıların Qroznıya silahlı hücumu zamanı Çeçenistanın media mərkəzi və məktəb binası dağıdılıb.

Ramzan Kadyrov bildirir ki, bu hücumuin arxasında bu ilin əvvəllərində öldürülmüş çeçen qiyamçısı Doku Umarov-un əlbiri olan Aslan Byutukayev durur.

Rusiya mətbuatı xəbər verir ki, Qroznıya hücum üçün məsuliyyəti öz üzərinə“Qafqaz əmirliyi” adlı təşkilat götürüb.

Yerli hakimiyyət orqanları bildirirlər ki, hücum edən 9 yaraqlının hamısı məhv edilib.

Kadyrov öz soydaşlarını sürgün edir

Bu hücumun ardınca, dekabrın 5-də çıxış edən Kadyrov bildirib ki, “Çeçenistanda valideynlərin öz övladlarının hərəkətləri üçün məsuliyyət daşımadıqları zamanlar keçmişdə qalıb”.

“Əgər yaraqlı polis əməkdaşını və ya başqa bir adamı öldürürərsə, onun ailəsi geri qayıtmaq hüququ olmadan birdəfəlik Çeçenistandan çıxarılacaq, onların evləri isə yerlə yeksan ediləcək” – yazıb Kadyrov İnstagram səhifəsində.

Müşahidəçilər qeyd edirlər ki, məhz bu çıxışın ertəsi günü evlərin yandırılması baş verib.

Rəsmilərin cinayəti

Rusiyanın “Memorial” təşkilatının üzvü Oleg Petrov “Gazeta.ru” saytına müsahibəsində deyib ki, Çeçenistanda rəsmi şəxslər və şəxsən Ramzan Kadyrovtərəfindən açıq cinayətlər törədilib.

Rusiyanın “Vedomosti” qəzeti yazır ki, Kadyrov-un bəyanatları istər rəsmi federal, istərsə yerli mediada yayılıb.

Rusiya İşgəncələrə Qarşı Komitəsinin sədri və prezidentin insan haqları şurasının üzvü İgor Kalyapin Kadyrov-un bəyanatlarının qanunçuluğa uyğunluğu məsələsinin araşdırılması üçün Rusiya Baş Prokurorluğuna müraciət edib.

Moskva əkdiyini biçir

Gazeta.ru yazır ki, Ramzan Kadyrov-un qanunsuz və qəddar hərəkəti rəsmi Moskva tərəfindən açıq və üstüörtülü şəkildə dəstəklənir və hətta Dövlət Dumasının bir çox üzvləri Çeçenistan liderinin hərəkətlərinə haqq qazandırırlar.

Rusiyada “Sova” təşkilatının direktoru Aleksandr Verxovski isə bəyan edib ki, qanunsuz hərəkətlərin dəstəklənməsi və ya onlara haqq qazandırılıb rəvac verilməsinin özü də cinayətə şəriklik kimi qiymətləndirilməlidir.

Bir sıra müşahidəçilər bu qənaətdədirlər ki, Rusiyanın Ukraynadakı separatçıların qanunsuz hərəkətlərini dəstəkləməsi, əvvəl-axır onun öz daxilində zorakılığın artmasına gətirib çıxarmalıydı və hazırda Çeçenistanda məhz bu baş verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG