Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:04

İqbal Ağazadə: «Ölkədə insan haqları ilə bağlı problem olmasa, diqqət haraya yönələcək?»


İqbal Ağazadə
İqbal Ağazadə

-

Gözlə

No media source currently available

0:00 0:05:02 0:00
Direct-ə keçid

Dekabrın 10-da Beynəlxalq İnsan Haqları Günü qeyd edilir. Milli Məclisin üzvü, Ümid Partiyasının sədri İqbal Ağazadə ölkədə insan haqlarının durumu ilə bağlı AzadlıqRadiosuna müsahibə verib.

- İqbal bəy, 10 dekabr Beynəlxalq İnsan Haqları Günüdür. Bu gündən baxanda Azərbaycanda insan haqlarının indiki vəziyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycanda insan haqlarının vəziyyəti cəmiyyətin müxtəlif spektrlərini qane etmir. Azərbaycanın tərəfdaş olduğu beynəlxalq təşkilatlar da ölkədə insan haqlarının durumundan narazıdırlar. Bu narazılıq müxtəlif formalarda ifadə olunur. Bizlər – siyasi partiya nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri də insan haqlarının vəziyyətini qənaətbəxş saymırıq. Bunun əsas səbəbi Azərbaycan məhkəmələrinin azad olmamasıdır. Azad məhkəmə sistemi olsaydı, kiminsə qanunsuz həbsi və ya barəsində cinayət işi açılması da bizi narahat etməzdi. Məhkəmənin ədalətinə güvənərdik. Təəssüflər olsun ki, məhkəmə ədalətinə güvənilmədiyindən, baş verən həbslərin hamısında bilavasitə siyasi sifariş görür və cinayət işinin motivləri ilə işin faktik halının uzlaşmadığını düşünürük. Fikrimcə, təkcə siyasi məsələlərlə bağlı deyil, mülki və digər sahələrdə də insan hüquqlarının pozulma problemləri var. Ona görə də cəmiyyət 10 dekabr Beynəlxalq İnsan Haqları Gününü gözlədiyi, düşündüyü səviyyədə qarşılamır. Düzdür, deyə bilərlər ki, 2001-ci ildə – Avropa Şurasına daxil olarkən, daha çox siyasi məhbusumuz vardı, – səhv etmirəmsə, siyahıda 1024 siyasi məhbusun adı vardı. Deyə bilərlər ki, bu gün onların sayı azdır. Amma Avropa ilə tərəfdaşlıq edən, demokratikləşməni əsas xətt sayan, Avropa İttifaqı ilə strateji müttəfiqlik səviyyəsində əlaqələrə iddia edən bir ölkə üçün hətta bir siyasi məhbus, bir vicdan məhbusu da ağır yükdür və kifayət qədər ciddi faktordur. Biz hakimiyyəti siyasi baxışlarına, ictimai-siyasi fəallığına görə həbs olunmuş şəxsləri azad etməyə çağırırıq.

- Hakimiyyət rəsmiləri həbs olunmuş fəalların ictimai-siyasi fəaliyyətinə görə yox, konkret cinayət hallarına görə saxlandığını bəyan edirlər...

- Bayaq ədalətli məhkəmə anlayışından danışdım. Ədalətli məhkəmə olmayanda, hətta kiminsə həbsi qanuni olsa belə, onun qeyri-qanuni saxlandığı barədə rəy formalaşır. Ona görə də hakimiyyət bizim bu tip yanaşmalarımızı, beynəlxalq təşkilatların, ayrı-ayrı demokratik ölkələrin mövqelərini təkzib etməkdənsə, ədalətli məhkəmə sistemi prinsipini həyata keçirsin və hər kəs məhkəməyə güvənsin. Biz həm məhkəməyə güvənmirik, həm də düşünürük ki, ictimai fəalların həbsində siyasi motivlər var. Necə olur ki, Avropa Məhkəməsinə Azərbaycandan gedən işlər iddiaçıların xeyrinə həll olunur? Avropa Məhkəməsinin bu iddiaçılarla qohumluğu, tanışlığı yoxdur ki! Sadəcə, ədalətli məhkəmə qurulur.

- İqbal bəy, dediyiniz ədalətli məhkəmə sisteminin oturuşmasını nələr və ya kimlər əngəlləyir?

- Azərbaycan iqtidarının hüquq sahəsindəki idarəetmə prinsipləri.

- Sizcə, Azərbaycan prezidenti ölkədə ədalətli məhkəmə sisteminin olmasını istəmir?

- İstəmək başqa şeydir, real səlahiyyət çərçivəsində bunları həyata keçirmək bir başqa. Məhkəmələrlə bağlı mütəmadi qərarlar verirlər, islahatlar adı ilə hüquq şuraları yaradırlar, amma bunlar yetərli deyil.

- İqbal bəy, bir neçə QHT rəhbəri, hüquq müdafiəçisi, jurnalist həbsdədir. Sizcə, həbs dalğası davam edəcək?

- İnanmıram. Bu prosesin də səngiyən vaxtı olacaq və iş müsbətə doğru dəyişəcək. Bununla bağlı nikbinəm.

- Nikbinliyiniz nədən qaynaqlanır?

- Azərbaycanda siyasətlə məşğul insanlar məsələyə doğru yanaşanda konkret cavabı tapa bilirlər. Hakimiyyət beynəlxalq aləmin təzyiqini və diqqətini demokratikləşmədən, korrupsiya və rüşvətxorluq məsələlərindən daha çox insan haqları sahəsinə yönəltmək istəyir ki, bu, beynəlxalq təşkilatlarla danışıqlar predmeti olsun. Axı burda manevr etmək asandır; əfv verirlər, amnistiya elan edirlər. Bir anlıq təsəvvür edin ki, ölkədə insan haqları ilə bağlı ciddi problemlər yoxdur. Onda diqqət hara yönələcək? Korrupsiya, seçki məsələlərinə. Buna görə də hakimiyyət diqqəti insan haqlarında saxlamaq istəyir. İldə 4 dəfə əfv fərmanı verildi, hərəsində 10 adam çıxdı, beynəlxalq təşkilatlar da bunu dəstəklədi ki, hakimiyyətin addımını bəyənirlər. Qarşıdan seçki ili gəlir, hakimiyyət də üzv olduğu beynəlxalq təşkilatlarla danışıqlar masasına həbs etdiyi adamların azadlığa buraxılması məsələsini çıxaracaq.

- Gələn il parlament seçkisidir, əvvəlki seçkiləri müşahidə edən bəzi yerli müstəqil QHT-lərin, ABŞ və bütövlükdə Qərbin ölkədəki QHT strukturlarının öz fəaliyyətini dayandırdığı bir vaxtda seçkinin ədalətli və demokratik keçəcəyinə nə dərəcədə inanırsınız?

- Gözləyirəm ki, müxalifət partiyaları problemin kilid nöqtəsini tapsınlar. Təəssüf ki, müxalifət qüvvələri bu kilid nöqtəni tapmaq əvəzinə insan hüquqları müdafiəçisinə çevriliblər. Bayaq dediyim tezisi düzgün anlamalıdırlar ki, danışıqlar masasına hansı məsələ çıxarıla bilər. Müxalifət seçki strategiyasını müəyyən etməlidir. Gələn il yanvarın 1-dən nə qədər çətinlik, həbsdə nə qədər adam olsa belə, hər bir şeyi seçkiyə yönəltməlidir. Gələn ilin iyun, iyul ayınadək yalnız insan haqları problemini qaldıracağıqsa, piket və mitinqlər keçirəcəyiksə, proses elə belə də gedəcək. Hakimiyyət çox maraqlıdır ki, proses seçkiyə köklənməsin.

- Amma həbs edilən fəallar cəmiyyətdə proseslərə təsir edə biləcək adamlardırsa, onda necə? Onların hüquqlarının müdafiəsi arxa plana atılmalıdır?

- 2003-cü ildə siyasi və ictimai çəkisi daha artıq olan adamlar həbsdəydi. Onlar azadlığa çıxandan sonra ölkəyə demokratiyamı gəldi? Diqqəti insan haqları üzərində cəmləşdirmək siyasi prosesləri ləngitməkdən başqa bir şey deyil.

- İqbal bəy, parlament tribunasında antiqərb çıxışlar səngimir. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin son məqaləsində Qərbin, ABŞ-ın Azərbaycanda işləyən təşkilatları «5-ci kolon» adlandırılıb. Sizcə, tutalım, Ukrayna variantının Azərbaycanda təkrarlanma ehtimalı var?

- Belə bir narahatçılıq yoxdur. Hesab edirəm ki, Azərbaycan hökuməti Qərblə münasibətləri bu dərəcədə sözdə kəskinləşdirməklə gündəmi ona lazım olan istiqamətə yönəltməyə çalışır. Qərb üzərinə hücum yalnız sözdədir. Dövlətin strateji müttəfiqliyini bəlli edən üç məsələ var: iqtisadi, siyasi və hərbi. Azərbaycan iqtisadiyyatının 95 faizi Qərblə bağlıdır. Ölkə Avropa Şurasının üzvüdür, Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı ilə əməkdaşlıq edir. Rusiya ilə bağlı strukturlarda isə Azərbaycan yoxdur. MDB nominaldır, Kollektiv Təhlükəsiz Şurasına qatılmayıb, Avrasiya İttifaqına, Vahid Gömrük Birliyinə qoşulmayıb. Rusiya ilə hərbi müttəfiqlik də yoxdur. Tutaq ki, Qərbə qarşı hücum həqiqətdir, Ramiz Mehdiyevin məqaləsindən iki gün sonra xarici işlər naziri Elmar Məmmədyarov Bazeldə çıxış edib deyir ki, Avropa Birliyinin bir sıra dövlətləri ilə strateji müttəfiqik, o cümlədən Avropa Birliyi ilə də strateji müttəfiqliyə yaxınlaşırıq. Onda xarici siyasət idarəsinin bu bəyanatını necə xarakterizə edək?

- ABŞ-ın keçmiş səfiri Morningstar AzadlıqRadiosuna müsahibəsində demişdi ki, hakimiyyət monolit deyil...

- Mən hakimiyyətin monolit olmaması fikri ilə o vaxt razılaşaram ki, hakimiyyətin içində parçalanma meylləri olsun. Bu gün hakimiyyət monolitdir, hər kəs İlham Əliyevin prezidentliyini qəbul edir. Azərbaycanın Rusiyaya üz tutmasını da ortaya atıblar. Müxalifət də fikrini buna yönəldib gecə-gündüz bu barədə danışır.

- Bəzi şərhçilərin fikrincə, tam tərs proses baş verir və Azərbaycan artıq balanslı siyasətdən əl çəkərək tərəf seçmək məcburiyyətində qalıb...

- Gəlin Rusiya ilə münasibətlərə baxaq. Rusiyaya embarqonun ilk vaxtlarında Moskvanın meri Bakıya gəldi, burda bir razılaşma imzaladı ki, Azərbaycan bostan və tərəvəz məhsullarını Rusiyaya göndərəcək. Bu müqavilə haqqında eşidəndə gülməyim gəldi. Bir ölkədəki dövlət sifarişi olmaya, o müqavilənin, o razılaşmanın nə adı olacaq? Kobud ifadə etsəm, yola verirlər. Rusiyanın pəncəsinin uzun olduğunu hamı bilir. Bu mənada, bəlkə də Azərbaycan hakimiyyəti doğru yanaşır. Rusiyadan idarəetmənin konturlarını götürə, onun kimi davrana bilərlər, amma bu öz hakimiyyətlərini qorumaq üçündür, Rusiya üçün deyil. Bir də, xüsusən Avrasiya İttifaqı gündəmə gələndən bəri, İlham Əliyevin bütün çıxışlarında bir xətt diqqət çəkir: «Biz Azərbaycanın müstəqilliyinə təhlükə gətirə biləcək heç bir birlikdə olmayacağıq». Bu həm daxilə, həm də xaricə yönələn mesajdır və bu mesajı Qərbi tənqid etmək və ya Rusiyaya yaxınlaşmaq pozmur. Kimsə Ramiz Mehdiyevin məqaləsindəki yanaşmanı Qərbdən imtina sayırsa, onda Ramiz Mehdiyevin Azərbaycanda demokratiya olması barədə fikrinə niyə inanmırlar?

- İqbal bəy, sizcə, araşdırmaçı jurnalist Xədicə İsmayılın məhz Ramiz Mehdiyevin məqaləsi çıxandan bir gün sonra həbsi nə dərəcədə təsadüfdür?

- Tam təsadüfi sayıram. O biri məhkəmə iddiasına görə həbs perspektivi də təsadüfi idi. Bu məsələ isə hakimiyyət üçün göydəndüşmə olub. Planlı olub, ya plansız –bilmirəm, amma həbsini istədiyi bir adamı həbs etmək üçün əlinə fürsət düşüb.

- Sizcə, Xədicə İsmayılın həbsi hakimiyyətə hansı problem yarada bilər?

- Heç bir həbs hakimiyyətə xoş bir şey vəd etmir. Hakimiyyət həbsləri dayandırmalı, fəalları buraxmalıdır. Bu bazarlıq predmetinə çevriləcək həbslər sonda ciddi problemlər yaradacaq: etimadı, mühiti, həmrəyliyi zədələyəcək. Siyasi institutlar kim gəldi, onunla əməkdaşlıq edəcək. Siyasi institutlar sıradan çıxsa, etnik, milli, dini qruplar dövriyyəyə buraxılacaq. Bu, çox qorxuludur. Beynəlxalq təşkilatlardan da hər gün təzyiq, tənqid eşitmək, onlara cavab vermək xoşagələn iş deyil. Ona görə də, Xədicə İsmayıl və başqaları təcili həbsdən buraxılmalı, barələrində qaldırılan cinayət işlərinə xitam verilməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG