Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:31

-

Əslində bu mahnı sözlərinin nədən belə quru, soyuq, mənasız olmasının səbəbi gün kimi aydındır – Səmimiyyətsizlik, sevgisizlik...

NAHİD

SEVGİSİZ “QARABAĞ”

Xalq olaraq “ev mədəniyyəti”mizdə ən çox bəyəndiyim -dəhlizdə, eşiyə açılan qapının yaxınlığında mütləq aynanın olmasıdır.

Öz otağında, hamamda, mətbəxdə fərq etməz, hansı otağın aynasında özünə baxırsan bax, yenə də qapıdan çölə çıxdığında dayanıb dəhlizdəki aynada görünüşünə təkrar baxıb, özünə son dəfə əl gəzdirirsən.

Bunu simvolik olaraq çox mənalara yozmaq olar. Lakin uzunçuluğu sevmirəm. Bizim oxucular da mətni gördüyündə, öncə mətnin həcminə baxır, sonra oxuyub-oxumayacağına qərara verir. Bax belə virtual oxu mədəniyyətimiz də var.

Cəmiyyətimizdə istər mədəni, istərsə də başqa sahələrdə çalışanların çoxunun elə bil aynaya baxmaq məcburiyyətləri yoxdu.

Burda “baxmaq” sözünü cismani mənada yox, daxili mənada işlədirəm.İnsan bir şeir, bir mahnı, bir ixtira, bir verliş və s. ərsəyə gətirəndə öncə özündən ayna kimi istifadə etməlidir. Nə deyirəm, nə deyilir və necə başa düşüləcək və s. kimi öz-özünə suallar verməlidir.

Bu bir daxili qınaqdır.

Sən öncə daxili qınağının sorğu-sualından keçməlisən ki, cəmiyyətə təqdim etdiyin hər nədirsə sevgidən, səmimiyyətdən əziyyət çəkməsin. Ancaq bir çoxları əziyyət çəkməkdən çox, əziyyət çəkdirmək missiyasını daşıyırlar. Beyninə, ürəyinə, cisminə, dilinə, inancına, sevincinə əziyyət bəxş edirlər.

“Avrupa, Avrupa, duy sesimizi

Bu gelen Cimbomun ayaq sesleri”

Və ya

“Nasılkı bu milletin tacıdır yıldızla ay,

Yüksel ta arşa kadar,

Şanlı Qalatasaray”

Bu “təzahürat” yəqin ki, hər kəsə bəllidir. “Qalatasaray”ın azarkeşlərinin komandaya dəstək marşıdır. Nə mahnı bəstələnib, nə də mahnıya sözlər yazılıb. İçdən, sevgidən yaranıb.

“Ey Qarabağ atları, şahə qalxın meydanda

Vur qapıya qolları Qa-ra-bağ!!!

Azərbaycan igidləri qələbə əzmiylə

Fəth edir zirvələri, Qa-ra-bağ!!

Bu isə Qarabağ futbol klubumuzun dırnaq arası himnidir. O himn ki sözləri düşünülərək yazılıb, bu sözlərə mahnı bəstələnib. Bu “təzahürat” “mahnı”sının sözlərini yazana, bunu bəstələyənə böyük bir AYNA almaq istərdim. Çünki, düşünürəm ki, bu marşı yazan kimdirsə, televiziyadan braziliyalı Reynaldonu Qarabağ atı kimi görür. Ancaq “aynalar yalan söylemez” prizmasından ona həqiqəti göstərmək istəyirəm ki, bənzətmən yanlışdır, uğursuzdur, utancvericidir.

Əslində bu mahnı sözlərinin nədən belə quru, soyuq, mənasız olmasının səbəbi gün kimi aydındır – Səmimiyyətsizlik, sevgisizlik. Allah bizə səmimiyyət, sevgi bəxş etsin. Etsin ki, nələrisə kiminsə, nəyinsə xatirinə yox, sevgimizin xatirinə edək. SEVGİMİZİN.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG