Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:48

İki diplomlu süpürgəçi?..


Arxiv fotosu
Arxiv fotosu

-

“İki ali təhsilim var, vaxtilə kitabxana müdiri işləmişəm. 15 ildir ki, işsizəm. Prezident Administrasiyasına, Milli Məclisə, yerli icra hakimiyyətinə yüzlərlə məktub yazmışam. Nəticəsi də odur ki, məni çağırıb süpürgəçi işi təklif edirlər".

Bunu Cəlilabad sakini Elxan Həsənov deyir.Onun sözlərinə görə, vaxtilə işlədiyi idarə sökülüb və yerində hansısa iş adamı şəxsi kommersiya obyekti tikib. Əvəzində isə o və onun kimi onlarla insan işsiz qalıb.

"Çörəkpulu üçün gah Rusiyaya üz tutdum, gah da qayıdıb Bakıda tikintilərdə fəhləlik etdim. Ancaq harda işlədimsə, qazancım ailəmin ehtiyaclarını ödəmədi. İcra hakimiyyətinə üz tutanda isə ən yaxşı halda mənə süpürgəçilik təklif olundu. Halal zəhmət olan yerdə hər iş şərəflidir. Əlbəttə ki, süpürgəçilik də... Mən süpürgəçiyə məmurdan çox hörmət edirəm. Çünki süpürgəçilər səhərdən axşamadək arxamızca gəzib bizim tökdüklərimizi təmizləyirlər. Ancaq mən vaxtımı, illərimi itirmişəm, iki ali təhsil almışam - biri mühəndislik, o biri hüquq ixtisası üzrə... Niyə küçə süpürməliyəm?"

Müsahibim deyir, işsiz qalmağının əsas səbəbi kimi yaş həddini göstərirlər:

"Hansı şirkətə üz tuturamsa, deyirlər, 51 yaşın var, bizə gənc yaşlarında işçilər lazımdır. Bütün tikinti şirkətlərində həm hüquqşünas, həm də mühəndis ştatları var. Ancaq mənə fəhləlik təklif olunur. Deməli, 51 yaşında fəhlə işləmək olar, mühəndis, hüquqşünas işləmək olmaz?"

Elxan Həsənov dəfələrlə məşğulluq mərkəzinə müraciət etdiyini, ancaq buradan onu yaşadığı rayonun icra hakimiyyətinə istiqamətləndirdiklərini deyir. İcra hakimiyyəti də ona rayonun mərkəzi küçələrini süpürmək işini təklif edib.

Cəlilabad rayon İcra Hakimiyyətindən bildiriblər ki, rayonda işsizlərin işlə təmin edilməsi məsələsi diqqət mərkəzindədir. Yeni İşsizlər tikinti və sair layihələrə cəlb olunur. Elxan Həsənova mnünasib iş isə hələlik yoxdur.

Elxan Həsənovsa iki ay əvvəl işsizlik ucbatından ailəsi də dağılıb:

"Bilirsən, ailənin başçısı evə qazanc gətirməyəndə o ailədə hörməti, izzəti də qalmır. Arvad da sözə baxmır, uşaqlar da... Ailədə o qədər söz-söhbət oldu ki, yoldaşım uşaqları götürüb çıxıb getdi atası evinə..."

İkidiplomlu cəlilabadlı ailəsini geri qaytarmaq üçün hökumətdən iş istəyir.

XS
SM
MD
LG