Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:14

Qəbələdə inək yola çıxanda sahibi cərimə olunur...


Qəbələ rayonu, Nic kəndi

Qəbələ rayonu, Nic kəndi

-

Gülmari Ardiom Qəbələdəki Nic qəsəbəsinin Falçuli məhəlləsinin sakinidir. Azərbaycanda yaşayan milli azlıqlardan olan udin millətinə məxsusdur. Deyir ki, 95 yaş ömür sürmüş babası da elə bu məhəllədə, öz babasının evində yaşayıb.

İndi Gülmari baba evində yaşamır, ancaq bütün qohumları ilə qonşudur. Həyətindəki odunları qırır, dolanışıqlarından danışır:

«ƏSASƏN ÖZ DİLİMİZDƏ - UDİN DİLİNDƏ DANIŞIRIQ»

Gülmari Ardiom

Gülmari Ardiom

«Burda ancaq kənd təsərrüfatıdır. Fındıq, qoz və şabalıddır. Mal qara da saxlayırıq. Düyəm var naxırdadır. Mənim babam 95 il yaşayıb. Bu ərazidə. Onun babası da burda yaşayıb. Mən də onların nəslindənəm. Evimiz kənardadır, mən sonra köçmüşəm bura. Əsasən öz dilimizdə - udin dilində danışırıq. Ancaq məktəbi rus dilində oxumuşuq və Azərbaycan dilində də az çox danışırıq. Bəlkə nitqimdə qüsur olur, amma danışıram».

Nic qəsəbəsində ümumilikdə 16 məhəllə var. Bunlardan cəmi 2-də azərbaycanlılar yaşayır. Qalan 14 məhəllənin sakinləri udinlərdir. Sakinlərdən Falçaria Aqada isə deyir ki, rus dilində məktəbin olması azərbaycanlılarla ünsiyyətə kömək olur:

«Burda İlham Əliyev məktəb açdırıb, rus dilində, bizim uşaqlar təhsil alırlar. Özümüz də öyrənmişik, beləcə ünsiyyət qura bilirik. Amma daha çox udin dilində bir-birimizlə söhbətləşirik».

​Gülmari Ardiom deyir ki, azərbaycanlılar da onlardan az-çox udin dilini öyrənib. Münasibətləri də yaxşıdır. Əlavə edir ki, hüquqi durumları əvvəlki illərə baxanda xeyli yaxşılaşıb:

AZƏRBAYCANDA MEHRİBANLIQ ŞƏRAİTİNDƏ YAŞAYIRLAR...

«Kənddə yerli azərbaycanlı uşaqlar bizimlə ünsiyyətdədirlər. 25 il qabağa baxanda yaxşıdır. Pasport yoxlaması yoxdur. Köç vaxtı olmuşdu».

Gülmari Ardiomi fərqli adətlərindən də danışır. Deyir qəsəbədə azərbaycanlılar cəmi 1 gün toy edirlər. Ancaq udinlər toya əvvəlki gecədən başlayırlar. Toy ərzində çox az vaxt yeməyə sərf edilir. Əsasən müxtəlif milli rəqslər təşkil olunur.

UDİNLƏRİN FƏRQLİ ADƏTLƏRİ...

Qəbələ

Qəbələ

«Bizdə toy axşamüstü başlayır. Gənclər səhərədək rəqs edirlər. Hind toyuğu fırlaması var ki, ancaq bizdədir. Təndirdə fırlama edirik. Azərbaycanlıların çoxu bizə sifariş verirlər. Bunu babam mənə söyləyib, mənim də yadımda qalıb».

Qəsəbədə söhbətləşdiyim digər udinlər də danışırdılar ki, yanacaq sarıdan əziyyət çəkirlər:

«QAZ YOXDUR»

«Odun qırıram. Qaz yoxdur. Gəlib gedən hamısı söz verib, çıxır gedir. Hər seçkiqabağı söz verib çıxıb gedirlər. Gəlib çatmır bu qaz bizə. Yəqin yolu uzundur».

Nic qəsəbəsinin başqa etnik kökdən olan sakinləri də eyni problemdən gileylənirlər. Sakinlərdən Akif Qəmbərov danışır ki, soyuq aylarda odun almalı olurlar. O da od qiymətinə:

«300 MANATA OLAN BİR MAŞIN ODUN BU İL 350-400 MANATDIR»

«Qaz yoxdur, odunu birtəhər alırıq. Hər fəsildə odun alırıq. O da 300-350 manat edir, ala bilmirik. Bura gətirib dəmirləri, boruları tökürlər, sonra götürüb aparırlar. Söz verirlər amma əməl edən yoxdur. Odun bahadır. Bir maşın odunla çatmır. Fındıq sobaları var, fındıq qabığı ilə qızdırılır, kimi də odunla. Amma odunun qiyməti qalxıb deyə fındıq qabığının da qiyməti qalxıb. Keçən il 300 manata olan bir maşın odunun qiyməti bu il 350- 400 manata qalxıb. Fındıq qabğının da əvvəl maşını 100 manat idi indi bahalaşıb».

Başqa sakin Bəhman Əhmədov:

«Burda heç vaxt qaz olmayıb. Borular isə yola qədər gəlib, amma kəndin içinə çəkilməyib».

Aslan Novruzov

Aslan Novruzov

Nic qəsəbəsində demək olar ki, hər kəsin qapısında fındıq ağacları var. Lakin bu heç də dolanışıqlarını asanlaşdırmır. Qəsəbə sakini Aslan Novruzov deyir ki, Qəbələdə çoxlu sayda müəssisələr, tikilməkdə olan binalar olsa da xarici vətəndaşların işlə təmininə üstünlük verilir:

İŞSİZLİKDİR...

«Sürücülük sənətim var, qaynaqçıyam. İş axtarıram, tapmıram. Çoxlu tikililər aparılır, amma gedib görürük ki, işləyənlər başqa dövlətlərdən gələnlərdir. Onları işə götürürlər, bizi yox. Bizdən də bacarıqsızdırlar. Onlara yaxşı da maaş verirlər. Təsərrüfatla məşğuluq, amma ona da ot lazımdır. Satırıq pula getmir. 500 manatlıq danaya 200 manat verirlər. Niyə bilmirik? Ət 8 manatdır amma bizim heyvanı ucuz alırlar. Cəmi 300 kilo fındıq olur. Onun da pulunu nəyə verək, uşağa dərslik alaq, xeyrə, şərə verək, oduna verək? Neyləyək?»

QƏBƏLƏDƏ İNƏK YOLA ÇIXANDA SAHİBİ CƏRİMƏ OLUNUR

Kamran adlı başqa bir sakin isə deyir ki, orta yaşlı insanlara iş tapmaq lap çətindir:

«Biz orta yaşlı adamları işə qəbul eləmirlər. Mən bir neçə yerə getmişəm iş üçüm, amma götürməyiblər. Təsərrüfat üçün də, mal-qara saxlamaq üçün də örüş olmalıdır. Yola çıxır, gəlib cərimə edirlər. İş yeri olsa gedib pulumuzu qazanarıq».

Yol kənarında addım başı fındıq qəbulu yazılı stendlər var. Bundan başqa yay ərzində evlərdə hazırlanan mürəbbələr, tutmalar da yolçular üçün satışa çıxarılır. Satıcı Ayaz Abbasov danışır ki, fındığın 1 kiloqramını 2 manat 80 qəpiyə alsa da çox baha sata bilmir.

Nic qəsəbəsində ümumilikdə 6 min təsərrüfat var.

63 KƏNDDƏN 21-DƏ QAZ VAR...

Qəbələnin Nic kəndi

Qəbələnin Nic kəndi

Qəsəbədə heç sovet dövründən mavi yanacaq olmayıb. Bunu Qəbələ rayon Qaz İstismarı İdarəsinin baş mühəndisi Elbrus Məmmədov da təsdiqləyir. Deyir ki, rayonda qazlaşmayan kənd xətt çəkilənlərdən daha çoxdur.

Nic qəsəbəsinin sakinlərinin şikayətinə gəldikdə isə baş mühəndis deyir ki, ümumi daşıyıcı xətt çəkilib. Ancaq kəndlərə paylanış xətləri yoxdur. Baş mühəndis deyir ki, bunun üçün Azəriqazın layihəsini gözləyirlər. Layihə təqdim edilən kimi xətlər çəkiləcək.

Qəbələ rayonunun 63 kəndinin cəmi 21-i mavi yanacaqla təmin olunub.

XS
SM
MD
LG