Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:42

-

Vəkillər Kollegiyası vəkil Xalid Bağırovun vəkillik fəaliyyətinə xitam verilməsinə dair məhkəməyə müraciət edib.

Bu barədə Xalid Bağırovun özü AzadlıqRadiosuna məlumat verib. Düşünür ki, belə bir addımda əsas məqsəd onu susdurmaqdır.

«Qərarı bu günədək olan fəaliyyətimə verilən mükafat kimi qəbul etdim.Təbii ki, hər hansı bir məsələ ilə bağlı verilmiş qərar deyil. Bu, Xalid Bağırovun bütün son dövrlərdəki fəaliyyəti ilə bağlı qəbul edilmiş qərardır. Məqsəd məni susdurmaqdır».

Vəkilin dediyinə görə, ona hazırki müştəri ilə müqavilələrini də başa çatdırmağa imkan verilməyib. Kollegiyanın qərarında bildirilir ki, məhkəmə hökm çıxaranadək Xalid Bağırov vəkillik fəaliyyətini dayandırmalıdır:

«Bütün işlərim yarıda qaldı, əlimdəki müqavilələri davam etdirməyə də imkan vermədilər. Müştərilərimin müdafiə baxımından kifayət qədər problemi yaranacaq. Ən çox Arif Yunusa görə narahatam. Onun tək vəkili mən idim. Özü də MTN də, daha təcrid olunmuş vəziyyətdə saxlanır. Bəzilərində başqa vəkillər də var, heç olmazsa onlar əvəzləyəcəklər».

Xalid Bağırov vəkillər kollegiyasının müraciətinə məhkəmədə ədalətli baxılacağına da inanmır:

«Hesab etmirəm ki, bu, vəkillər kollegiyasının qərarıdır və məhkəmə buna ədalətli baxacaq. Bu daha yuxarı instansiyalarda qəbul olunmuş qərardır və məhkəmələr də analoji yanaşacaq. Məhkəmə yekunlaşsın və biz də bütün pozuntulara adekvat cavab verəcəyik».

Xalid Bağırov daha çox siyasi məhbusların vəkili kimi tanınır. Hazırda onun müdafiə etdiyi şəxslər sırasında Arif Yunus, İlqar Məmmədov, Yadigar Sadıqlı, bəzi NİDA-çı gənclərin vəkili idi. Bir müddət əvvəl Leyla Yunus və İntiqam Əliyevin müdafiəsindən uzaqlaşdırılmışdı. Bir gün əvvəl isə Xədicə İsmayılla onun müdafiəsi ilə bağlı müqavilə imzalamışdı, bu gün jurnalistlə istintaq təcridxanasında görüşməli idi.

XS
SM
MD
LG