Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:54

-

QANUNSUZ TİKİLƏN EVLƏR SÖKÜLÜR

Gəncənin yeni salınan qəsəbələrində qanunsuz zəbt olunan ərazidə tikilən evlərin sökülməsinə başlanılıb. Buna səbəb, şəhərin baş planına uyğun olaraq infrastruktur layihələrinin icrasıdır. Gəncə şəhər Dövlət torpaq və xəritəçəkmə komitəsinin və memarlıq idarəsinin birgə apardığı araşdırmalar zamanı yeni salınan qəsəbələrdə, şəhərin baş planına və şəhərsalma qaydalarına uyğun olmayan qanunsuz tikililər aşkar edilib. Xəbəri Kəpəz.tv yayıb.(Bizim Yol)

Qadağan olunan yerlərdə inşa edilən belə evlər həmin ərazilərdə yol və digər infrastruktur layihələrin həyata keçirilməsinə ciddi maneə törədir. Şəhər icra başçısının göstərişinə əsasən Gəncənin Cavadxan qəsəbəsində aşkar olunan bu kimi qanunsuz tikililərin sökülməsinə başlanılıb. Bununla yanaşı, qəsəbədə bu günədək sənədləşdirilməyən evlərdə yaşayan vətəndaşlara da xəbərdarlıq edilib. Bildirilib ki, ən qısa müddət ərzində evlər sənədləşməlidir. Bunun üçün aidiyyatı qurumlara lazımı şəraitin yaradılması üçün tapşırıq verilib. Evlərin siyahıya alınması üçün ərazidə operativ qeydiyyat məntəqəsi yaradılıb.

"HAKİMİYYƏT ABŞ-LA KÖRPÜLƏRİ TAM YANDIRIR"

“Azadlıq” qəzeti: ABŞ-ın “Peace Corps” (“Sülh Korpusu”) təşkilatı Azərbaycandakı fəaliyyətini dayandırır. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan deyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti, respublikada 11 ildir fəaliyyət göstərən “Peace Corps” humanitar təşkilatının bundan sonrakı fəaliyyətinə ehtiyac görmədiyini bildirib:

“Biz təbii ki, təəssüflənirik, ancaq ”Peace Corps" təşkilatına 11 il boyunca qapılarını açan Azərbaycan hökumətinə və xalqına minnətdarıq", - deyən D.Hoqan, ABŞ ilə Azərbaycan arasında humanitar sahədə əməkdaşlığın bundan sonra da davam edəcəyini vurğulayıb. (“Bizim Yol”).

“Peace Corps” Azərbaycanda fəaliyyəti dayandırılan ilk beynəlxalq təşkilat deyil. Daha öncə də ölkədə fəaliyyət göstərən xarici təşkilatlar, o cümlədən Qərb dairələri ilə qrant sazişləri əsasında əməkdaşlıq edən bir sıra QHT-lərin fəaliyyətinə son qoyulub. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, hakimiyyət artıq xarici donorların Azərbaycandakı fəaliyyətinin arzuolunmaz olduğu siyasətini bəyan edib. R.Mehdiyevin də məqaləsində bu məqamların əksini tapdığını deyən F.Qəhrəmanlı bildirdi ki, hakimiyyət xarici donorlardan maliyyələşən yerli QHT-lərə, o cümlədən beynəlxalq təşkilatlara xarici ölkələrin kəşfiyyat şəbəkəsi kimi yanaşır. Hakimiyyət bu təşkilatları ölkədə sabitliyi poza biləcək potensial təhdid mənbələri kimi təqdim etməyə çalışır:

“O cümlədən ”Sülh Korpusu"nun fəaliyyətinə də eyni yanaşma var. Azərbaycan hakimiyyəti artıq bütün vasitələrlə ABŞ-la Azərbaycan arasında humanitar sahədə olan əməkdaşlığı maksimum məhdudlaşdırmağa çalışır. Elə bir təsəvvür, yanaşma var ki, sanki humanitar fəaliyyət adı altında ölkədə hansısa potensial destabilizasiya elementləri formalaşdırılmağa çalışılır. O baxımdan “Sülh Korpusu”nun fəaliyyətinin dayandırılması Azərbaycanın anti-Qərb kursunun, Amerika ilə “soyuq müharibə” dövrünün başlanılması əlamətlərindən biridir".

F.Qəhrəmanlının qənaətincə, Azərbaycan hakimiyyəti bununla eyni zamanda onu göstərir ki, Qərblə əməkdaşlıqda maraqlı deyil. Əksinə bu əməkdaşlığa özünün gələcəyini təhdid edən, təhlükə altına alan qorxunc bir proses kimi baxır.

“Amma hakimiyyət ABŞ-a nə qədər təhlükə mənbəyi kimi yanaşsa da, buna paralel olaraq Rusiyanı özünün himayəçisi kimi seçir. Hakimiyyət Rusiyaya bir sıra jestlər edərək, Moskvaya yaxınlaşma kursu götürür. ”Sülh korpusu"nun fəaliyyətinin dayandırılması hakimiyyətin anti-Qərb siyasətinin növbəti mərhələsidir. Çünki bu ABŞ ilə münasibətlərimizə təsir göstərən mənfi bir qərardır".

ƏFV KOMİSSİYASI YAXIN GÜNLƏRDƏ TOPLAŞACAQ

“Yeni Müsavat”: İnsan hüquqları üzrə Birgə Qrupun fəaliyyətinin bərpasından sonra da siyasi həbslər davam etdi. Birgə Qrupun bərpası siyasi dustaqların sayının azalması istiqamətində pozitiv nəticələr əldə olunacağına ümid yaratmışdı. Amma hələ ki ortada real bir nəticə yoxdur. AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın həbsindən sonra isə belə fikirlər səslənir ki, hüquq müdafiəçiləri Birgə Qrupu tərk etsinlər. Eyni zamanda son vaxtlar həyata keçirilən həbslər dekabrda əfv fərmanı veriləcəyinə ümidləri azaldıb.

Ombudsman Elmira Süleymanova, hüquq müdafiəçiləri dekabra əfv gözlənildiyini bəyan etsələr də, bəziləri hesab edir ki, bu həbslərdən sonra əfv verilməyəcək. Birgə Qrupun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı “Yeni Müsavat”a bildirdi ki, Əfv Komissiyası toplanacaq və ərizələrə baxılacaq. Hüquq müdafiəçisinin sözlərinə görə, komissiya müraciətləri gözdən keçirəcək və prezidentə təqdim olunacaq:
“Əfv fərmanı vermək prezidentin səlahiyyətidir və ümid edirik ki, dekabrın sonunda əfv olacaq. Birgə Qrupda da müzakirələr gedir və güman edirik ki, əfv veriləcək”.

PARİSDƏ AŞPA-NIN KOMİTƏ VƏ BÜRO İCLASLARI KEÇİRİLİB

Avropa Şurasının Parisdəki ofisində AŞPA-nın siyasi məsələlər və demokratiya komitəsinin və bürosunun iclasları keçirilib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AzərTAc-a müsahibəsində iclaslar barədə deyib:

“Siyasi məsələlər və demokratiya komitəsinin iclası bizim üçün çox vacib idi. Ona görə ki, bu iclasda Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı təyin olunmuş məruzəçi britaniyalı deputat Robert Walter öz ilkin təqdimatını keçirdi və komitə üzvləri qarşısında qısa, amma çox mühüm məlumatlar verdi. O, Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirdiyini diqqətə çatdırdı. Ən əsası odur ki, məruzəçi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşü barədə komitə üzvlərini məlumatlandırdı. A.Kaspşik bu görüş zamanı onun AŞPA-da məruzəçi kimi fəaliyyətə başlamasının Minsk qrupu tərəfindən dəstəkləndiyini bildirib. Bununla da Ermənistan nümayəndə heyətinin dəfələrlə AŞPA-da qaldırdığı məsələ - “AŞPA Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirməklə Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə mənfi təsir göstərəcək” fikri tamamilə ifşa olundu. Bu, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan məsələ idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG