Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:57

Göylər kəndinin yollarından şikayət var


Arxiv fotosu
Arxiv fotosu

-

Şamaxının Göylər kəndinin sakinləri 12 kilometrlik yolun, daha doğrusu, bu yolu düzəltməli olan yerli qurumların əlində əsir-yesir qalıblar.

Kənd sakinləri rayonla kəndi birləşdirən yolun bərbadlığından narazıdılar. Deyirlər, yağış yağanda, qar yerə qoyanda Göylərə gediş-gəliş iflic vəziyyətə düşür:

“Prezidentin sərəncamı var ki, bütün rayon, kənd yolları təmir-bərpa olunsun. Ancaq bu sərəncam, deyəsən, hələ də Göylərə gəlib çıxmayıb. Yayda birtəhər keçinmək olar. Ancaq qış gələndə yollar keçilməz olur. Yağış yağanda 10-12 dəqiqəlik yolu ən azı saat yarıma gedirik. Bəzən xəstəni rayon mərkəzindəki xəstəxanaya çatdıra bilmirik, yolda keçinir. Hamilələr elə yolda doğur”.


ƏVVƏL DƏ SÖZ VERMİŞDİLƏR...

Göylər sakini Baba Hüseynov deyir, 600-dən çox ailənin yaşadığı kəndin saysız-hesabsız problemlərindən danışa bilər. Ancaq o, yol problemini bunlardan ən vacibi hesab edir. Onun dediyinə görə, kəndin problemlərinin həllinə birbaşa aidiyyəti olan bəzi məmurlar elə bu kənddən çıxıblar, ancaq bir işə yaramırlar.

Müsahibim yol probleminin kəndlilərin iqtisadi durumuna vurduğu zərərdən də danışır:

“Hamı bilir ki, bu kənddə yaşayanlar maldarlıqla, əkinçiliklə dolanır. Ancaq yol bərbaddır deyə, heç bir müştəri bu kəndə gəlmək istəmir”.

Şamaxı rayon İcra Hakimiyyətindən bildiriblər ki, rayonda yol çəkilişi regionların iqtisadi inkişafı proqramına uyğun və növbəli şəkildə aparılır. Rayon mərkəzi ilə Göyləri birləşdirən yolda bir qədər əvvəl müvəqqəti təmir işləri aparılıb. Növbəti il yol kökündən təmir-bərpa olunacaq.

Göylər sakini isə bu vəddən hər il eşitdiklərini deyir:

“Əvvəl də söz vermişdilər. Gətirib yolun başlanğıcına bir-iki maşın qırabil töküb getdilər”.

XS
SM
MD
LG