Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:12

«Xalq Cəbhəsi»: «Fransa Minsk Qrupunun həmsədrliyindən kənarlaşdırılmalıdır»


«Xalq Cəbhəsi» qəzetindəki «Fransa Minsk Qrupunun həmsədrliyindən kənarlaşdırılmalıdır» başlıqlı məqalədə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin dünən Fransan parlamentinin qəbul etdiyi «erməni soyqrımı»nın olmadığını söyləyən şəxslərə qarşı həbs cəzası və 45 min avro məbləğində cərimə nəzərdə tutan qanun layihəsinə münasibəti dərc olunub. Millət vəkili demokratik bir ölkənin parlamenti tərəfindən belə qanunun qəbul olunmasını gözlənilməz bir hadisə kimi dəyərləndirib. Onun sözlərinə görə, bu, demokratik düşüncə tərzinə, fikir plüralizminə sığmayan bir hadisədir. Adekvat addımların atılmasını zəruri sayan BAXCP sədri, hesab edir ki, Azərbaycan təcili surətdə Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən və üzvlüyündən kənarlaşdırılması təşəbbüsüylə çıxış etməlidir.


«Ayna» qəzeti NATO-nun Brüsseldəki mənzil-qərargahına istinadən yazır ki, prezident İlham Əliyevin noyabrın 8-də Brüsselə rəsmi səfəri zamanı Azərbaycanın NATO-ya inteqrasiyası prosesi ilə bağlı mühüm siyasi bəyanatın səslənəcəyi gözlənilir. «Azərbaycan prezidenti NATO-nun baş katibi Yaap de Hoop Sxefferlə təkbətək görüşəcək. Daha sonra isə NATO-ya üzv dövlətlərin nümayəndələrinin və Brüsseldəki səfirliklərinin iştirakı ilə mühüm görüşün keçirilməsi gözlənilir. Bu təxminən 26+1 formatında keçirilən görüşə bənzəyəcək», - deyən mənbə görüşlərin sonunda İ.Əliyevin Azərbaycanın NATO-ya inteqrasiya yolu barədə bəyanatla çıxış edəcəyini deyib. Verilən məlumatlara görə, cənab Əliyevin dilindən səslənəcək bəyanat onun bu istiqamətdə əvvəllər söylədiyi açıqlamalardan kifayət qədər fərqlənəcək. Sözügedən bəyanatda Azərbaycanın NATO-ya üzv olmasına dair məqamların əksini tapması gözlənilir.


«Yeni Müsavat» qəzetindəki «ABŞ diplomatı Bakıda İrana dair danışıqlar aparır» başlıqlı məqalədə bildirilir ki, ABŞ Dövlət katibinin Yaxın Şərq regionu üzrə köməkçisi Cim Ceffinin başçılıq etdiyi diplomatik heyət ötən gün Bakıya gəlib. Məlumatda bildirilir ki, Amerika nümayəndə heyətinin Bakıya səfərində məqsəd Yaxın Şərq regionunda vəziyyəti müzakirə etməkdir. ABŞ-ın Bakıdakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik «Yeni Müsavat»a açıqlamasında bu məlumatı təsdiqləyib. Bu səfər zamanı İran mövzusunun nə dərəcədə müzakirə predmeti ola biləcəyi haqda suala cavabında ABŞ səfirliyinin nümayəndəsi bildirdi ki, Ceffinin Bakıda apardığı danışıqlarda İran məsələsi həqiqətən əsas müzakirə mövzularından olacaq. Belə görünür ki, ABŞ Azərbaycan da daxil olmaqla İranın bir sıra qonşularının Birləşmiş Ştatların Tehrana qarşı sanksiyalarda iştirakı məsələsinə dair danışıqlar aparır. Müəllifə görə, o da istisna deyil ki, danışıqlarda İrana qarşı mümkün hərbi əməliyyatlarda Bakının rolu da müzakirə olunur.


XS
SM
MD
LG