Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:24

Balakənə çatanda səhər tezdən idi. Ancaq kiçik rayonda həyat artıq başlamışdı. Uşaq-böyük, kişi-qadın hamı harasa tələsirdi. Baxmayaraq ki, Balakəndə də iş yerləri azdır, ancaq hamı nəyləsə məşğul olmağa çalışır. Rayonun mərkəzində rastlaşdığım 40-45 yaşlarında olan Əsmər xala ailəsini «peraşki» bişirib satmaqla dolandırır. Qazancından o qədər də qədər narazı görünmür:


«- Alver gedir?


- Pis deyil, yaxşıdır.


- Saat neçədən neçəyə qədər işləyirsiniz?


- Səhər 7-dən axşam 4-ə, 5-ə qədər.


- Adamların alıcılığı necədir?


- Pis deyil yaxşıdır. Satırıq də, köhnə pulla gündə 130-150 min manat olur».


Balakəni «ağ gün»ə çıxaran fındıq


Balakənli üçün bağçasında fındıq kollarının olmaması dolanışığın sıxıntılı keçməsi deməkdir. Fındığın olması isə oğul-uşağa toy eləmək, yeni ev tikmək, Bakıda oxuyan övladının kirayə pulunu ödəmək, müalicə olunmaq, bir sözlə yaşayışı təmin eləməkdir.


Sakinlər deyirlər ki, «fındıq bol-bərəkətdir. Balakəni «ağ gün»ə çıxaran fındıqdır».


Sakinlər deyirlər ki, «fındıq bol-bərəkətdir. Balakəni ağ günə çıxaran fındıqdır».


Fındıq kolları Balakənin əksər kəndlərində olduğu kimi Kortala kəndində də yetişdirilir.


Kənd sakinlərindən biri, İsrafilin həyətində də bağ boyu uzanan fındıq kolları var. Hamının özünün həyətində məhsul olsa da bu yerli camaatın bir adəti var. İstər kollara qulluq vaxtı, istərsə də yığım dövründə qonşular bir-birinə əl tutur.
Fındıq kolları, sentyabr 2006
Keçən il kəndlilər fındıq bağlarından bol məhsul götürüblərmiş. Bu il isə havanın quraq keçməsi məhsuldarlığa da təsir edib.


İsrafil deyir ki, fındığı əhalidən Zaqatalada yerləşən zavod alır: «Dolanışığımızın 90 faizi fındıqdan çıxır».


Balakənin kəndləri qayğılarına, yaşayış tərzinə görə bir-birinə çox oxşasa da özünəməxsusluqları da var. Bunu daha çox adamların özünə peşə seçmələrində görmək olar. Hənifə kəndində də əhalinin çox hissəsi əkin-biçinlə, maldarlıqla məşğul olsa da mən buradakı qadınları daha çox çörək bişirib satan gördüm. Qadınlar deyirlər ki, 10 ildir bu işlə məşğuldurlar, əvvəllər isə rayondakı konserv zavodunda işləyiblər.


İşsizlikdən əziyyət çəkən kişilərin çoxu isə üz tutublar Rusiyaya. Qalanlar da özləri dedikləri kimi birtəhər dolanırlar: «Burda cavanlara iş yoxdur. Hərə bir yerə gedib, boş-bekar gəzib neyləcəklər».


Bahalı Zaqatala mehmanxanaları


Balakən Rayon İcra Hakimiyyəti başçısının iqtisadi məsələlər üzrə müavini Mehparə Nəcəfova isə deyir ki, rayonda iqtisadiyyat inkişaf etdikcə Rusiyaya gedənlər də qayıdır:


«Artıq Rusiyaya gedənlərin qayıtması tendensiyası hiss olunur. Orada olanlar da soruşub maraqlanırlar ki, qayıtsaq iş yeri olacaq, yoxsa, yox».


Regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində Balakənə yeni iş yerlərinin açılması planlaşdırlır. Yeni infrastrukturun qurulması, obyektlərinin tikilməsinin 2008-ci ilə qədər başa çatdırılması nəzərdə tutulur.


Dağlar qoynunda yerləşən Balakən rayonu təbiətinin zənginliyi, meşə qatının sıxlığıyla da seçilir. Zaqatala Dövlət Qoruğunun böyük hissəsini Balakən dağları əhatə edir. Təbiətin möcüzəsi sayılan Katex şəlaləsi burdadır. Ərazi turizm üçün çox əlverişli sayılsa da, hələ ki, bu yerlərin əhalisi bundan faydalana bilmir. Bunu Balakənin Bakıdan 500 km-dən uzaqlıqda yerləşməsiylə izah edənlər də var. Ancaq, yolun uzaq olması daha çox bəhanə kimi səslənir. Burda turbazalar, mehmanxanalar, istirahət kompleksləri yoxdur, mehmanxanada qalmaq istəyirsənsə, Zaqatalaya getməlisən. Burdakı qiymətlər isə adamı təəccübləndirir - bir gün qalmaq 50-60 dollara başa gəlir.


Balakən İcra Hakimiyyətində şöbə müdiri işləyən Mürsəl Mikayılov deyir ki, rayonun zəngin təbiəti ilə yanaşı zəngin faydalı qazıntı yataqları da var: «Rayon xammal ehtiyatları ilə zəngindir. Filiz, prometal yataqları, mis, qurğuşun, qızıl, gümüş kimi qiymətli metallar var. Filizçay ehtiyatlarına görə Avropada ən iri yataqlardan biri sayılır. Bunlar hamısı elmi cəhətdən sübut olunub. Bizdəki yataqlar iqtisadi əhəmiyyətinə görə neft-qaz yataqlarından sonra ikinci yerdədir». Ancaq, Balakənin ən zəngin ehtiyatı isə buranın insanlarıdır. Rayon əhalisi etnik baxımdan çox rəngarəngdir. Burada azərbaycanlılar və avarlarla yanaşı saxurlar, ingiloylar, ləzgilər yaşayır.


Balakən rayonu təbiətinin zənginliyi, meşə qatının sıxlığıyla da seçilir, sentyabr 2006
Avarların sıx yaşadığı Buçeqar kəndində təmiz küçələr, səliqəli həyətlər gördüm. Qapıların bir hissəsi isə bağlıydı. Balakənin, elə Azərbaycanın başqa rayonlarının kəndləri kimi bu kənddə də əhalinin böyük hissəsi qadınlar, uşaqlar və yaşlı kişilərdir. Ancaq kənddən gedənlər ara-sıra qohumlarına baş çəkməyə də gəlirlər. Feyzulla Xocaxov da ailəsinə baş çəkməyə gələnlərdəndir: «Gənclər hamısı Rusiyadadır. Orada işləyirlər, Rusiyada onlara rahatdır. Bura unudulub». Kənd sakinləri deyirlər ki, su problemindən daha çox əziyyət çəkirlər. Qadınlar su gətirmək üçün uzaq yol qət etməli olurlar. «Su yoxdur, yolları özümüz düzəltmişik, qadınlar səhəng götürüb 1 km yol gedirlər, ya da suyu arabayla daşıyırıq. Yolu da camaatın özü pul yığıb düzəldib. Yenə yaxşıdır, son vaxtlar işıq verməyə başlayıblar».


«Biz oynayanda meydan dağılmalıdır. Bizim rəqslər sümük oynadandır, necə deyim, avar oynayırsa, ayaqları göydə olmalıdır»


Kənd camaatı məktəbdə avar dilində dərs saatlarının olmasını arzulayır. Məktəbdə dərs saatı olmasa da bu kəndin camaatı ana dilini bilir. Məhəmmədrəsul kişi deyir ki, uşaqlar özləri avar dilini öyrənirlər: «Biz avar dilini bilirik, uşaqlar isə öyrətməsən də olar, özləri öyrənirlər Azərbaycan dilini məktəbdə öyrənirlər. Zaqatalada məktəbdə avar dili keçsələr də, burada belə şey yoxdur».


«Biz oynayanda meydan dağılmalıdır»


Balakəndə az qala hər küçədən musiqi səsi gəlir. Azərbaycan, avar, ləzgi mahnılarını hər yerdə eşitmək olur. Bu musiqiləri toplayıb satmaqla pul qazananlardan biri də Nazimdir. Özü Gərəkli kəndində yaşayır. Danışır ki, avar musiqisini daha çox toylarda çalırlar, o da həmin şənlikləri bir-bir gəzib mahnıları yığır. Əsas da rəqs musiqilərini. Onu da deyim ki, Balakəndə musiqini sevdikləri qədər rəqs etməyi də sevirlər: «Biz oynayanda meydan dağılmalıdır. Bizim rəqslər sümük oynadandır, necə deyim, avar oynayırsa, ayaqları göydə olmalıdır».


Rəqs etməyə meylli olmalarına baxmayaraq, balakənlilər dolanışığın çətinliyindən şikayətlənirlər. Bunu mağazalardakı bir-birinin üstünə qalaqlanmış nisyə dəftərlərindən də görmək olur. Belə mağazaların satıcılarından olan Leyla deyir ki, artıq buna həm o, həm də alıcılar öyrəşib: «Pulu, imkanı olmayan nisyə alır, sonra ödəyir. Gəlir deyir, siqaret ver, biri deyir qənd-pesok, biri çörək istəyir. Pensiyaçılar var ki, pensiayadan-pensiyaya ödəyirlər, borc aşağı olanda tez ödəyirlər, 50-60 min manata çatanda gec ödəyirlər».


Balakənin bazarına da baş çəkdim. Bazar böyük olsa da, burda pendirdən tutmuş paltara qədər hər hey satılsa da, satıcılar alıcılardan çox idi.


XS
SM
MD
LG