Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:10

Yəməndə ABŞ-ın uğursuz xilasetmə əməliyyatında iki girov öldürüldü


Amerikalı jurnalist Somers.

Amerikalı jurnalist Somers.

-

Reuters agentliyi xəbər verir ki, Amerika xüsusi qüvvələrinin Yəməndə əl-Qaeda girovlarını xilas etmək üçün yaxınlaşdığı anda gözlənilmədən atışma başlanıb.

Xüsusi əməliyyatları yerinə yetirən komandos terrorçuların olduqları binaya gecə yarısından az keçmiş yaxınlaşmışdı.

ABŞ və Yəmən rəsmilərinin uğursuz xilasetmə əməliyyatı barədə verdikləri məlumatda bildirilir ki, terrorçular Amerika foto-jurnalisti Luke Somers-i və Cənubi Afrikalı müəllim Pierre Korkie-ni atışma zamanı öldürməyə macal tapıblar.

Əl-Qaedanı kim xəbərdar edib?

Adının çəkilməsini istəməyən ABŞ rəsmisi deyib ki, əməliyyatın keçiriləcəyindən əl-Qaedanın necə xəbərdar edilməsi barədə heç bir məlumat yoxdur.

ABŞ dövlət katibi John Kerry və Yəmən təhlükəsizlik qüvvələrinin rəsmisi bildiriblər ki, 33 yaşlı Somers və 56 yaşlı Korkie Vadi Abadan məntəqəsində keçirilən əməliyyat başlanan kimi girovçular tərəfindən qətlə yetiriliblər.

Bu məntəqənin yerləşdiyi Şavba rayonu əl-Qaedanın Yəməndəki ən güclü istehkamlarından hesab olunur.

İt hürüşməsi yaraqlıları ayıq salıb

Xəbər verilir ki, bu, son 10 gündə Somers-in xilası üçün edilən ikinci cəhd olub. 40 nəfərlik ABŞ komandosu kiçik Dafar kəndinə təyyarə kimi uçan və helikopter kimi enən səssiz CV-22 Osprey təyyarəsi ilə yaxınlaşıblar. Əməliyyatda Yəmən nümayəndələrinin iştirak etmədikləri bildirilib.

Əl-Qaeda yaraqlılarının itlərin hürüşməsindən ayıq düşmələri güman edilir.

Yəmən Milli Təhlükəsizlik Bürosunun rəhbəri Ali al-Ahmadi deyib ki, bundan sonra başlanan atışmada 10-dək yaraqlı və bir neçə mülki şəxs həlak olub.

Girovları təyyarəyə çatdırsalar da…

Atışmaya baxmayaraq, ABŞ komandosu şəhərçiyə daxil ola bilib. Amerika əsgərləri burada çoxsaylı güllə yarası almış girovları aşkar edib təyyarəyə çatdırıblar. Lakin onlardan biri uçuş zamanı, digəri isə təyyarə kreyserə enərkən keçinib.

Bütün bunlar 10 dəqiqə çəkib.

Bu əməliyyatın Ağ Evdə müzakirə olunduğu və onun icrası üçün müdafiə naziri və prezident Obamanın komandası alındığı bildirilib.

ABŞ rəsmiləri bildiriblər ki, Yəmən prezidenti Abd-Rabbu Mansour Hadi əməliyyatı dəstəkləyib.

Reuters xəbər verir ki, bundan əvvəl Somers-in xilasına noyabrın 25-də cəhd göstərilmişdi. O vaxt əməliyyatdan xəbər tutan əl-Qaeda girovların yerini dəyişməyə vaxt tapmışdı.

7 girov əl-Qaeda çıxdı

Bununla belə, həmin reyd zamanı Hadramaut əyalətində saxlanan 8 başqa girov azad edilmişdi.

Sonradan bunlardan 7-sinin əl-Qaeda üzvü olduqları üzə çıxmışdı. Yaraqlılar onları hökumətə işlədiklərindən şübhəli olduqları üçün həbsdə saxlayırmışlar.

Reuters agentliyi bildirir ki, bu təfərrüatları Yəmən rəsmiləri versələr də, Pentaqon şərh verməkdən boyun qaçırıb.

Sözü gedən 7 nəfər – 5 yəmənli, bir səudiyyəli və bir efiopiyalı hazırda Yəmən təhlükəsizlik xidmətinin həbsxanasında saxlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG