Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:06

Vladimir Putin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini dedi


Rusiya və Fransa prezidentləri Moskvanın "Vnukovo" hava limanında görüşüblər.
Rusiya və Fransa prezidentləri Moskvanın "Vnukovo" hava limanında görüşüblər.

-

Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Francois Hollande-la “Vnukovo” hava limanındakı görüşündə deyib ki, Moskva Ukraynanın şərqində atəşin dayandırılmasına dair qərarın tezliklə qəbul ediləcəyinə ümid edir.

Cənab Hollande Qazaxıstana səfərindən Parisə qayıdarkən yolüstü Moskva limanında enib.

Mətbuat xəbər verir ki, Putinlə Hollande arasında danışıqlar planlaşdırılmamışdı və bu görüş barədə qərar son bir neçə saat ərzində qəbul edilib.

Görüş başlanan kimi Fransa prezidenti Ukraynada yaranmış vəziyyətin müzakirəsini təklif edib.

“Moskva üzərindən uçurdum, dedim...”

“Mən Moskva üzərindən uçurduim və qərara gəldim ki, burada dayanıb sizinlə Ukrayna böhranı ilə bağlı ən mühüm problemləri müzakirə edim” - deyib Francois Hollande.

O deyib ki, bu böhrandan Ukrayna xalqı, Avropa İttifaqı və Rusiya əzab çəkir.

Fransa prezidenti bildirib ki, Rusiyanın Qərb ölkələri ilə münasibətləri açıqlıq üzərində qurulmalıdır.

“Biz bizi ayıran yeni divarların yaranmasına yol verməməliyik, - deyib Fransa lideri, - Müəyyən bir anda özümüzdə iradə tapıb maneələri aşmalı və qərar qəbul etməliyik” – deyib Hollande.

Bir saata qədər çəkən danışıqlardan sonra Vladimir Putin jurnalistlərin suallarına cavab verib.

Ukraynanın ərazi bütövlüyü

Prezident Putin Ukrayna rəhbərliyini “ölkənin şərqini blokladaya salan elementləri” ləğv etməyə çağırıb və deyib ki, bunlarsız Ukraynanın ərazi bütövlüyünü təsəvvür etmək çətindir.

Vladimir Putin bəyanatına aydınlıq gətirərək bildirib ki, o blokada elementlərinin qaldırılmasını dedikdə, normal təsərrüfat həyatının bərpasını da nəzərdə tutur.

Rusiya prezidenti deyib ki, Moskva Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

Putin həmçinin bildirib ki, Ukraynadakı münaqişənin çözümünə dair Minsk razılaşmasının bütün müddəaları yerinə yetirilməlidir, lakin bu şərtlər hələlik hər iki tərəfdən pozulur.

Rusiya prezidenti deyib ki, “Ukraynadakı hazırkı situasiya vəziyyətin yaxın vaxtda yaxşılaşacağına ümidlər yaradır”.

Fransa ya gəmiləri, ya da pulları verməlidir

Jurnalistlərin sualalrına cavab verərkən Putin həmçinin bildirib ki, Rusiya üçün Fransada tikilən helikopterdaşıyan “Mistral” kreyserlərinə dair kontraktın şərtlərinə əməl ediləcəyinə ümid edir.

“Ortada hüquqi sənəd – kontrakt var, - deyib Vladimir Putin, - biz inanırıq ki, ona əməl ediləcək”.

Putin əlavə edib ki, “əgər istəmirsə Fransa “Mistral” gəmilərini Rusiyaya verməyə bilər, lakin bu halda onların tikintisinə ödənmiş pulları qaytarmalıdır.

Bununla belə, Rusiya prezidenti jurnalistlərə deyib ki, Francois Hollande-la danışıqlarda “Mistral” gəmiləri məsələsinə ümumiyyətlə toxunulmayıb.

Ötən ay Fransa prezidenti Ukraynada yaranmış vəziyyətlə bağlı gəmilərin Rusiyaya təhvil verilməsini qeyri-müəyyən müddətə saxlayıb.

Sülhün əldə edilməsi üçün

Vladimir Putin həmçinin Donbasda təmas xətti boyunca artilleriya və raket qurğularının geri çəkilməsinə çağırıb.

O əlavə edib ki, bu barədə tərəflər arasında, ümumiyyətlə fikir ayrılığı olmayıb və saziş müddəası yerinə yetirilməlidir.

Vladimir Putin bildirib ki, atəş tezliklə dayandırılmalı, insanların öldürülməsinə son qoyulmalıdır.

Onun sözlərinə görə bunlarsız hər hansı siyasi prosesin başlanacağına ümumiyyətlə ümid etmək olmaz.

Krımın ilhaqından sonra birinci qonaq

Qərb mətbuatı diqqəti belə bir məqama çəkir ki, beləliklə, Francois Hollande Krımın ilhaqından sonra Rusiyada Vladimir Putinlə görüşən ilk Qərb dövlət başçısı olub.

O, öz növbəsində görüşdən sonra Fransa televiziyasına şərhlərində bildirib ki, “sabah, ola bilsin birisi gün atəşkəs baş versin”.

Prezident bu barədə “Vnukovo” görüşü zamanı əldə olunmuş razılaşmanın təfərrüatlarını açıqlamayıb.

Yeni danışıqlar dekabrın 9-da ola bilər

Bu arada Ukrayna paytaxtı Kiyevdə prezident Poroshenko deyib ki, 5 sentyabr atəşkəs sazişinin icrası üçün danışıqlara başlanması barədə ilkin razılaşma əldə olunub.

Reuters agentlityi yazır ki, Poroshenko, Hollande və Putinin eyni razılaşmadan danışıb-danışmadıqları bəlli deyil.

Poroshenko-nun sözlərinə görə, yeni danışıqlara dekabrın 9-da başlanacağı gözlənilir.

Reuters həmçinin qeyd edir ki, Krımın ilhaqı faktı ortada ola-ola, Vladimir Putinin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi barədə bəyanatı çətin, Kiyevi və ya ABŞ-ı qane etsin.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG