Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:39

-

Hessenin bədii təsviri o qədər möhtəşəmdir ki, oxuduqca hadisələr ağlınızda canlanar, kitabı birnəfəsə oxuyub qurtararsınız...

Rahim Şaliyev

RƏSSAM HERMAN HESSE...

İkinci dünya müharibəsi öz yaraları ilə bərabər dünyaya bu yaraların yaşatdığı acını gələcək nəslə öz yazılarında göstərəcək yazıçılar da bəxş etdi.

Bu yazıçılar müharibəni təsvir etməklə bərabər insanın öz düşüncə və mənliyini, inamını inkişaf etdirmək üçün nələr etməli olduqlarını yazılarında sətiraltı olaraq paylaşdılar.

Haqqında yazacağım yazıçı müharibə təsvirlərinə dərindən toxunmasa da, insanın kamillik axtarışlarını öz əsərlərində dərindən təbliğ edib.

Elə bir yazıçı düşünün ki, siz kitabı oxuyanda əlinə fırça alıb fikirlərinizdəkiləri çəkməyə başlayır.

Siz yazıçının yazma metodlarını öyrənməmiş bir də görürsünüz ki, əsər çox axıcı şəkildə artıq bitibdir. Oxuduqdan sonrakı fikirlərinizlə oxumamışdan öncəki fikirləriniz arasında düşüncə uçurumu yaranır.

Özünüzü daha güclü və yaşadığınız dünyanı daha möcüzəli görməyə başlayırsınız. Yalnızlığı və düşüncə axtarışında olan bir yeri ən yaxşı təsvir edən yazıçı, şair və rəssam Herman Hesse.

Hermann Hesse-nin portreti (Müəllif: Ernst Würtenberger)

Hermann Hesse-nin portreti (Müəllif: Ernst Würtenberger)

​Sənət tarixi insanın həyatla ayaqlaşmasını göstərən çoxlu əsərlərlə doludur. Amma bəzi əsərlər insanları dərindən təsirləndirir.

Herman Hesse “Yalquzaq”, “Muncuq oyunu”, “Sidharta” kimi şedevlərlə, realist ədəbiyyatı fəlsəfə ilə birləşdirir, həyatı insanlara sevdirir, yol göstərərək ilham verir.

1877-ci ildə Almaniyada anadan olan Herman Hesse dindar ailəsinin inadcıllığına rəğmən ilahiyyat məktəbini tərk edərək əvvəlcə kitab dükanında işləmiş, daha sonra ən çox xəyalında olduğu işə – yazıçılığa başlamışdır. İlk cəhdlərində işləri heç də yaxşı getmir.

İndi dünyanın ən yaxşı yazıçılarından hesab olunan Hesse öz dövrünün ədəbi tələbatına görə ümüd vəd edən yazarlardan deyildi. Bu səbəbdən bir çox nəşriyyatlar şeir və yazılarını yayımlamadı.

Amma Hesse inad göstərərək oxumaqla bərarbər yazmağından da əl çəkmədi.

Avropada ad qazanmış bütün yazıçıların kitablarını oxuyur və öz yazı metodlarını təkmilləşdirirdi. 1899-cu ildə nəşr edilən ilk kitabı ilə yazıçılıqda ilk addımlarını atır.

Hessenin makinəsi

Hessenin makinəsi

Yazıçı öz dövründə Almanyada başlayan milliyyətçi hərəkatlara etiraz edərək İsveçrəyə köçür. Ancaq yeni gəldiyi ölkədə ailəsi ilə bağlı problemlər yaşaması Hessenin qayğılarını daha da artırır.

Lakin o, öyrənmə yolunda tərəddüd etmir və psixoanaliz elmini mənimsəyir. Romanlarında açıq izlər buraxan personajların ruhi təhlili bu elmi mənimsəməsindən qaynaqlanır.

Hesse 2-ci Dünya savaşı dövründə yazdığı “Muncuq oyunu” əsəri ilə qərb və şərq mədəniyyətlərini oxucu üçün birləşdirmişdir. Bu romanın möhtəşəmliyi yazıçıya 1946-cı ildə Nobel mükafatı qazandırdı.

“Yalquzaq” əsərində yazıçı qarmaqarışıq duyğulara toxunmuşdu. Müharibənin dəyərsizliyini anlamaq, hisslərimizin mahiyyətinə çatmaq, ruh halımızı yüksəltmək kimi düşüncələr yalqızılığa qapılmış personaj tərəfindən təsvir olunur. İnsanın öz “mən”ini tapması üçün yalqızlığa baş vurmasının vacibliyi əsərin ümumi havasında açıq-aydın görünür. Hesse bu əsərində öz həyatına aid bir-çox düşüncələrə də yer vermişdir.

“Yalquzaq” romanını “Demian” povesti ilə birləşdirən cəhətlər çoxdur. Yazıçı “Demian” povestində bir az da mistik çalarlar qataraq insanın mənəvi axtarışlarının arxasında müəmmaların olduğunu göstərməyə çalışır.

Əsərin başlanğıcı gözəl ailə təsvirlərinə bağlansa da, sonu müharibənin başlaması ilə müəmmalı şəkildə bitir. Yazıçı “Demian” povestində şərq fəlsəfəsində yiyələndiyi düşüncələri açıq şəkildə bölüşür, bu düşüncələrin qərb mədəniyyətində necə qarşılana biləcəyini təhlil etməyə çalışır.

Herman Hesse daha çox yazıçılıq məharətinə görə ad qazansa da, eyni zamanda rəssam və şair kimi fitri istedadlara da malik olub.

1920-ci ildə yayımlanan “Rəssam Şeirləri” kitabında yazdığı şeirlərlə yanaşı, şeirlər üçün çəkdiyi rəsmlər də yer almışdı. Bu rəsm əsərləri və şeirlər Viyanada “Lepold” muzeyində saxlanılır.

Rəssamlıq sənəti ilə maraqlananlar üçün də Hesse vacib şəxslərdən biridir. O, bəlkə də bədii təsviri rəssamlığa bərabər olan az tapılan yazıçılardandır.

Hessenin bədii təsviri o qədər möhtəşəmdir ki, oxuduqca onun əsərlərinə marağınız daha da artar, hadisələr ağlınızda canlanar, axıcı təhkiyə kitabı bəzən birnəfəsə bitirmənizlə nəticələnər. Əmin olun ki, yazıçının əsərləri fikirlərinizi kökündən dəyişmək iqtidarındadır.

Herman Hessenin rəsmləri (www.hermann-hesse.de)

Herman Hessenin rəsmləri (www.hermann-hesse.de)

Günün bütün mövzuları

XS
SM
MD
LG