Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:54

Töküm, bir sevgi çayı iç...


Türkan Urmulu
Türkan Urmulu

-

Arazın o tayından

Türkan Urmulu

YENİ ŞEİRLƏR

Ürəyimin çağrılmamış qonağı

Xoş gəlibsən

Buyur əyləş bu evin ən yuxarı başında!

Gözlərində sərhəd

Gülüşündə özgürlük izləri var

Belə gərib bir haldasan

Bir az vətən, biraz gurbət qoxursan

Elə bil ki 101 ildir tanışsan!

Yorğunmusan?

De! Necə əzizləyim səni?

töküm bir sevgi çayı iç

Sonra da köksümə qoy başını

Ürəyimin çağrılmamış qonağı

Amandı tez getmə qal

Istərsən al

Evimin-eşiyimin

səndə qalsın var yoxumun açarı...

***

Parça-parça deyil
Büsbütün mənim olmalısan
Günəş kimi aydın
Şərab kimi çılxa
Gözlərim kimi olmalısan sevgilim
Gözlərimə baxdığın kimi dəli, dəlim!
Qatqısız ...
Çılpaq ...
Sevgimin bitdiyi yerdir
Səni bir an belə paylaşmaq...

***

Zır dəli mən
səni bir az ağıllıca sevmliyəm!
Qış gəlmədən üşüməyə başlamışam
yadlaşmış baxışların
bir az da qansızlamışam
hər ay gəlib keçən qırmızı günlərimdə günah
qadınlığımın üzü ağ olsun...
itələmə sənə sarılan ürəyimi
heç yün yorğanıma da elə sarılmadım qarlı gecələrdə
onun sənə sarıldığı kimi
sənə doğru baxmadığıma baxma
böyüklük et
amandır çox uzaqlaşma...

***

Səni necə tanımaq olar, bəy?

hansı kitabda

hansı əlifbayla

Hansı dildə yazılmışsan?

Tarixin açılmamış o gizli səhifələrinə bənzəyirsən

Bir millətin gerçəyini köksündə daşıyan kətibə kimisən

Od, su, torpaq dadındadır dodaqların

Bilmirəm heç oxuyan oldumu gözlərini indiyə qədər?

çoxdan varaqlanmamış əski bir şeir

bəlkə də hələ yazılmamış

yaşam fəlsəfəsi kitabına bənzəyirsən

səni necə tanımaq olar, bəy?

Orxun abidələrinə baş vurmağım gəlir

Ya da məni özlüyümə götürən

hər hansı kəşf olunmamış

bir şeylərə

bir yerlərə

səni necə tanımaq olar, bəy?

getməliyəm

bu zamanın ötəsində bir gerçəyə

bəlkə gələcəyə

bəlkə də çox çooox əskilərə ...

***

Almanı...
Almanı...
Almanı atdın haraya
küçəndə oldum avara
düşdüm bəladan-bəlaya
A tirmə sevgim,
sarı dərdim,
bəyim, haralısan?!

Gəlin gedək bizim bağa
hərə dalaq bir xəyala
vurulmuşam igid yara
A doğma ruhlum, al baxışlım
bəyim, haralısan?!
a könlü göyçək,
sözü gerçək,
sən el dayağısan...

***

Burax,

payızın ilk günündə

Bir xəzan da mən yaşayım

Səndən öncəki hər kəsi

Bütün xəzəlləri atım...

Burax,

Sənə bir şeir sunum

Səndən öncə yazılmlş bütün sevgi şeirlərini

Yarpaq yarpaq qoparıb

Pəncərəndən savurum...

Payızın ilk günündə burax

Mən də bir ağac olum

Çırıl-çılpaq soyunub

Çırıl-çıplaq sevginlə

Yep-yeni bir bahara

gözlərinlə qovuşum...

Burax məni,

Burax,

səndə arınım ...

***

Çox da rəngsiz keçməyir

Sənsiz uzaq gecələr

Nar dənəlirəm

Ürəyinin sağlığına...

O, ana südündən də halal gözlərin

Təkrarlanır gözlərimin önündə

Qıp-qırmızısan!

Istədiyin qədər yasaq ol

Sən xəyalımın şah əsəri

Könlümün tək durağısan...

***

Nə günah

nə savab etmək

nə sevişmək

nə təvaf etmək

gecələrimi, gündüzlərimi süsləyən

ey qapqara bəmbəyaz bəy

payızın yazın

özgür əsir yarpaqlarındaki rəngə çalır

uzaqlığın yaxınlığın

kədərim sevincim

gəl gəlmə...

sənə qarşı səndən yana olan bu duyğu bu ağıl

gəlişinlə gedişinlə

səninlə

sənsiz belə

əzilməz büzülməz ...

***

Qanad-qanad yüksələrək

Ulduzları tumarlayıb

Aydan ışıq borc alacaq

çox da gözəl olacaq!

Sevgimiz

Ət köynəyini sarıyıb

Ruhla birgə

barış

ilqar

inam deyib

Ürək kimi çarpacaq...

Kədərlənmə, sevgilim

Çox da gözəl sevgimiz

Həvəs deyil, ancaq nəfəs olacaq...

***

Nə ana dili qaldı artıq

nə də ana...

kimlik

vətən

millət

torpaq

kimin umurunda!?

qutu qurumuş bir qələm qaldı əlimizdə

ondan da ancaq

həsrət şeirləri axacaq...

burası zülmət

burası qürbət

nə olarsam olum

sonsuza dək ürəyim iltica qoxacaq ...

***

Bulantı

Ancaq sevgi deyən

Dəp dəli bir ürəklə

Siyasət masasının arxasında oturmaqdır,

Bardaq bardaq

Güc

Qayda qusan

politik bəylərin huzurunda...

mas mavi özgürlük aforizmlərini düşünərək

məni qurtaran

əlində dırmıqla buğda biçən

gözəl bir qız şəklidir

bu yarış alanının duvarında...

***

Şərabın

bardaqlarda donduğu o gecə

bu sevginin gerçəkliyinə inandım

ağlayaraq

donmayan göz yaşlarını

əllərimlə silərkən ...

***

Çox tez axşam olur

Çox da gec səhər

Sənsizlikdənmidir soyuq qaranlıqların belə uzun keçməsi!?

***

Şallaq,
Batum,
Qandal,
Dustaq...
Yasaq dili yaşatmaq
Aclıq edən tox aydınlar...
İşıq üçün qaranlıqlarda tutsaq
Yəni əsir bir torpaq
O torpaq...
Aldanmayın gülüşümə
Ondan uzaq,
Yediyim içdiyim danlaq...
Yasaq
Yasaq...
Yasaq ömür yaşamaq!
yaxşı deyib o şair:
"Yasaq bir dildə yazmaq, qan ilə qan ovlamaq"

XS
SM
MD
LG