Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 03:46

YAP üzvü həyatına görə narahatdır


Şikayətçi Şahin Məmmədov
Şikayətçi Şahin Məmmədov

-

Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsində məsləhətçi vəzifəsində çalışmış YAP üzvü Şahin Məmmədov AzadlıqRadiosunun "Qaynar xətt"inə yenə müraciət edib. O, xatırladıb ki, işlədiyi idarədə korrupsiya əleyhinə çıxdığı üçün vəzifəsindən azad olunub. İndiyə qədər dəfələrlə aidiyyatı orqanlara müraciət etməsinə baxmayaraq, şikayətinə baxılmayıb.

Şahin Məmmədov başına gələnləri danışır:

“Göygöl rayon İcra Hakimiyyəti bilərəkdən rayonun Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın qanunsuz fəaliyyətini ört-basdır edir. Korrupsiya faktları barədə müraciətlər etdiyimə, dövlət büdcəsindən ayrılan vəsaitlərin bədxərcliklə xərcləndiyini bildirdiyimə, dövlət mənafeyini müdafiə etdiyimə görə Ş.Hümbətovanın heç bir qanuna əsaslanmayan, şər-böhtanla dolu təqdimatı əsasında 17 iyul 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə dövlət qulluğuma xitam verildi. Bir dəfə də olsun xəbərdarlıq almamışam. Maliyyə Nazirliyinə bu barədə müraciət etmişdim. Cavab aidiyyatı üzrə icra hakimiyyətinə göndərilmişdi. Həmin müraciət əsassız hesab olundu. Deməli ölkədə korrupsiyaya qarşı aparılan mübarizə əsassızdır? Bilərəkdən korrupsiya faktlarının üzərindən keçilir".

"OĞLUNU VƏZİFƏYƏ TƏYİN ETDİRİB"

Şahin Məmmədov deyir, Şərqiyyə Hümbətova oğlu Ceyhun Hümbətovu rayonun Gənclər və İdman İdarəsində məsləhətçi vəzifəsinə təyin etdirib:

"Halbuki, oğlu tarix fakültəsini bitirib. Heç bir imtahan vermədən həmin vəzifəni tutub. Bütün bu hallara isə yerli icra hakimiyyəti göz yumur".

Şahin Məmmədovun barəsində şikayət etdiyi ikinci şəxs isə Göygöl rayon İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin baş mühasibi Fəridə Allahverdiyevadır. Deyir, Fəridə Allahverdiyeva həm də "ƏDİRƏF" MMC-nin sahibidir. "ƏDİRƏF" MMC rayonun Mədəniyyət və Turizm Şöbəsi ilə daim alqı-satqı müqavilələri imzalayır. Həmin müqavilələrdə bilərəkdən qiymətlər artıq yazılır. Dövlət vəsaiti israf edilir. Bildiyiniz kimi, “Dövlət qulluğu haqqında” Qanuna görə, dövlət qulluqçusu sahibkarlıqla məşğul ola bilməz. Bütün bunları ifşa etdiyim üçün vəzifədən azad edildim”.

Şikayətçi Şərqiyyə Hümbətova tərəfindən məhkəməyə verildiyini də qeyd etdi:

“Şərqiyyə Hümbətova məni xüsusi ittiham qaydasında məhkəməyə verib. Səbəb KİV-də ona rüşvətxor deməyimdir. Hazırda proses gedir. Nəticəni bilmək olmaz. Mənə qarşı irəli sürülən ittihamın geri götürülməsi ilə bağlı vəsatət vermişəm. 10 gün əvvəl “Təzadlar” qəzetinə verdiyi müsahibədə mənim barəmdə “dəlidir, psixdir, başı çatmır” ifadələrini işlədib. Mən də onu ittiham qaydasında məhkəməyə vermişəm. Hazırda Şərqiyyə Hümbətova müraciətlərimi davam etdirdiyimi görüb, məni birdəfəlik susdurmaq üçün barəmdə Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət işinin açılması üçün məhkəmədə iddia qaldırıb. Mənə bildirir ki, iddiasını bir şərtlə geri götürə bilər. Gərək mən onun barəsində etdiyim çıxışlarla bağlı təkzib verəm və işə bərpa olunmağımla bağlı verdiyim məhkəmə iddiasını geri götürəm. O, bilir ki, məni əsassız olaraq işdən azad etdirib. Mənə atdığı şər-böhtana görə cavab verməli olacaq. İşçilərə təzyiq edib, əleyhimə akt yazdırmağı üzə çıxacaq. Necə olur ki, məzuniyyətə çıxarkən özü mənə mükafat yazır, məzuniyyətdən qayıdan kimi işdən azad edilməyimə çalışır? Məzuniyyətdə olan birisi necə oldu ki, verilən tapşırıqları yerinə yetirmədi?"

"BASIB GÖZÜNÜ ÇIXARARAM"

Şərqiyyə Hümbətova ittihamların şər-böhtan olduğunu bildirdi:

“Bu barədə “Təzadlar”a fikrimi demişəm. Yazılanların hamısı böhtandır. Onun şikayəti əsasında nazirlikdən yoxlama gəlib. Bütün aidiyyatı orqanların yoxlaması aparılıb. Günahım olsaydı, çoxdan cəzamı alardım. Günahkar Şahinin özüdür ki, işdən azad olunub. Onun dedikləri yalandır. Onun yazdıqlarının heç biri öz təsdiqini tapmayıb”.

Yazıda adı çəkilən Fəridə Allahverdiyevanın isə münasibəti belə olub:

“Mən onu tanımıram. Əlimə keçsə, boğub, yerə vuraram. Onu axtarıram. Məni haradan tanıyır ki, haqqımda boş-boş danışır. Onun Şərqiyyə ilə prinsipi var. Bunun mənə nə dəxli var? Heç salamım belə, yoxdur. Adamın boğazını üzərlər. Onun basıb, gözünü çıxararam”.

YAP üzvü Şahin Məmmədov prezidentə də mürqciət edib.

XS
SM
MD
LG