Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:30

Ermənistan «Böyük sülh sazişi» ilə bağlı təşəbbüsü ciddi şəkildə nəzərdən keçirməlidir


Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev
Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev

-

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin 4 dekabr tarixli birgə bəyanatı ilə bağlı AzərTAc-a müsahibə verib:

- ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatını necə şərh edərdiniz?

- ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən dövlət başçıları və digər səviyyələrdə verilmiş bəyanatlarda daim vurğulanıb ki, mövcud status-kvo qəbuledilməzdir. Bu Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı nəticəsində yaranmış vəziyyətdir. Beləliklə, mövcud status-kvo Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması, işğal və təcavüz faktının aradan qaldırılması ilə dəyişdirilə bilər.

Hərbi helikopterin vurulmasının qaçıla bilən fəlakət olması barədə bəyanatda yer alan məqama münasibətdə qeyd etmək lazımdır ki, prezidentlərin Soçi, Uels və Paris görüşlərindən sonra danışıqlarda müşahidə olunan müsbət irəliləyiş fonunda Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində lüzumsuz genişmiqyaslı hərbi təlimlər keçirilməsəydi və Ermənistan silahlı qüvvələrinə məxsus helikopterlər Azərbaycan qoşunlarının ön döyüş xətti üzərində təhrikedici döyüş və hücum hərəkətləri etməsəydi, bu insident də baş verməzdi.

- Bəyanatda ən qısa zamanda «Böyük sülh sazişi» üzərində danışıqlara başlamaq barədə tərəflərə çağırış da edilib.

- Prezidentlərin Paris görüşündən dərhal sonra Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də dəstəklənən «Böyük sülh sazişi» üzərində işləməyə hazır olduğunu bəyan etmişdi. Xarici işlər naziri Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində Bazeldə keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasında çıxışı zamanı «Böyük sülh sazişi» üzərində işləmək üçün Azərbaycanın hazır olduğunu bir daha vurğulayıb. Nazir Elmar Məmmədyarov çıxışında bildirib ki, Ermənistan bu önəmli təşəbbüsü ciddi şəkildə nəzərdən keçirməlidir. Göründüyü kimi, Azərbaycanın mövqeyi bu məsələdə də tam şəkildə aydındır. İndi bu çağırışı adekvat şəkildə cavablandırmaq üçün bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

MİNSK QRUPU DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI BƏYANAT YAYIB

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Bazel şəhərində keçirilən 21-ci iclası çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat yayıblar.

AzərTAc ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Con Kerri və Fransanın Avropa işləri üzrə dövlət katibi Harlem Desir tərəfindən imzalanan bəyanatda həmsədr ölkələrin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyə tam sadiq olduqları bildirilir. Tərəflər zorakılıqdan çəkinməyə və münaqişənin qəti həlli üzərində fəal çalışmağa çağırılır, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində zorakılıq hallarının artmasından narahatlıq ifadə olunur. Bildirilir ki, iyul və avqust aylarında hərbi fəaliyyətlər ciddi itkilərə səbəb olub, gərginliyi artırıb və qarşılıqlı etimadsızlığı dərinləşdirib. Tərəflərin atəşkəs rejiminin möhkəmləndirilməsi məqsədilə əlavə tədbirlər görməsinin və sülh danışıqlarının inkişafı üçün əlverişli mühit yaratmalarının vacibliyi qeyd edilir. Bildirilir ki, noyabrın 12-də hərbi helikopterin vurulması gələcəkdə bu cür hadisələrin baş verməməsi üçün gərginliyi azaldacaq və etimadı bərpa edəcək tədbirlərin görülməsinin zəruriliyini göstərdi.

Bəyanatda tərəflər humanitar problemləri 2010-cu ilin oktyabrında Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxan görüşünün yekun bəyanatının ruhuna uyğun həll etməyə çağırılır. Qeyd olunur ki, Azərbaycan və Ermənistan prezidentlərinin 2014-cü ildə Soçidə, Nyuportda və Parisdə keçirilmiş görüşləri tərəflər arasında ən vacib kommunikasiya kanalını canlandırıb.

Bəyanatda deyilir:

«Biz prezidentlərin gələn il dialoqu fəallaşdırmaq bərədə Parisdə əldə etdikləri razılığı alqışlayırıq. Tərəflərin fikir ayrılıqlarını aradan qaldırması, etimadı bərpa etməsi və öz öhdəliklərini yerinə yetirərək münaqişənin yekun həllinə gətirib çıxaracaq danışıqlar prosesinə başlaması üçün fürsət yaranıb. Onların münaqişənin hərtərəfli həlli üçün ABŞ, Rusiya və Fransa prezidentlərinin birgə bəyanatlarında əksini tapmış, xüsusən Paris görüşündə müzakirə olunmuş prinsip və elementlərin əsas kimi götürülməsini qəbul etmələri gözlənilir».

Bəyanatda hərtərəfli sülh razılaşması üçün danışıqların mümkün qədər tez başlamasının zəruriliyi diqqətə çatdırılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG