Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:26

"Heydər Əliyevin adına şəhər olacaq"


Heydər Əliyevin monumenti.Bakı
Heydər Əliyevin monumenti.Bakı

-

“Azadlıq” qəzeti yazır ki, Azərbaycanda hökumət müstəqil medianı susdurmaq istiqamətində növbəti addımı atıb. Belə ki, kütləvi informasiya vasitələrinin istehsalına və yayımına xitam verilməsi qaydası dəyişdirilir. Milli Məclisdən “Trend”ə verilən məlumata görə, “Kütləvi informasiya vasitələri haqqında” qanuna təklif olunan dəyişikliklərə əsasən, media orqanı il ərzində məhkəmənin qərarı ilə iki dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Hazırkı qanunda iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı üçə bərabərdir. Dəyişiklik barədə qanun layihəsini Milli Məclisə prezident təqdim edib. Layihə dekabrın 16-da parlamentin iclasında müzakirəyə çıxarılacaq.

Media eksperti Ələsgər Məmmədli bildirir ki, kütləvi informasiya vasitəsinin bir il ərzində üç dəfə məsuliyyətə cəlb edilməsinin özü beynəlxalq hüquqa, həmçinin ölkə daxilində konstitusion normalara uyğun deyil:

"Əslində, bu norma 6 mart 2009-cu il tarixdə qanunvericiliyə daxil edilib. Lakin bir fərq vardı - ”il ərzində iki dəfə" yox, üç dəfə idi. İndi kəməri bir az da sıxmağa qərar verirlər. Bu normanın daha öncə qanunvericiliyə salınması da, indi daha da məhdudlaşdırılması da Azərbaycanın qanunlarının tabe olduğu üstün hüquq normalarına ziddir. Azərbaycan dövləti Avropa Şurasına daxil olarkən Avropa İnsan Hüquqlarına dair Konvensiyanı ratifikasiya edib, onun ölkədə birbaşa hüquqi qüvvəsini tanıyıb. Ayrıca, Konstitusiyanın 151-ci maddəsi Konvensiyanın qanunlardan üstün olduğunu qəbul edir. 2002-ci ildə ölkədə insan hüquq və azadlıqlarının tənzimlənməsinə dair Konstitusiya Qanunu qəbul edildi. Bunu vurğulamaqda məqsədim millət vəkillərinin diqqətini bu məqama çəkməkdir ki, nə Konstitusiyanın özündə, nə də Avropa Insan Hüquqları Konvensiyasında Kütləvi informasiya azadlığını məhdudlaşdıran əsaslarda “bir ildə 2 dəfə cərimələnmək”- şərti yoxdur".

“AZƏRBAYCANI NARAHAT EDƏN MƏSƏLƏLƏRLƏ BAĞLI ONLARIN MÖVQEYI VICDANSIZDIR”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Yeni Müsavat” qəzetinə müsahibə verib. Qəzet xatırladır ki, parlamentin son iclasında anti-Qərb mövqeyindən çıxış edən həmkarlarına xitabən Əli Hüseynli Avropanı islah etmək üçün səyləri davam etdirməyə çağırmışdı.

- Belə bir yanaşma da var ki, Qərbə ünvanlı sərt ritorikanı Rusiyaya münasibətdə görmürük və sanki Azərbaycan Qərbi tənqid edəndə daha cəsarətli olur, nəinki Rusiyanı. Belədirmi?

- Bu, tam yanlış mövqedir ki, Azərbaycan hansısa dövlətə münasibətdə daha ehtiyatlı, liberaldır, kiməsə münasibətdə daha sərtdir. Məncə, bu, vəziyyətin düzgün qiymətləndirilməməsindən irəli gəlir. Əgər Rusiyaya qarşı eyni mövqe yoxdursa, deməli, bu, daha çox Rusiyanın öz davranışlarında ehtiyatlı olmasından irəli gəlir.

- Yəni Rusiya Azərbaycana münasibətdə ABŞ-a nisbətdə daha ehtiyatlıdır?

- Daha ehtiyatlı yox, daha düzgün dəyərləndirmə mövcuddur. Xüsusən də son dövrlər biz onu müşahidə etdik. İndiki böhran vəziyyətində Rusiya tərəfdaşları ilə münasibətlərinə yenidən baxır. Bu formatda Azərbaycan çox ciddi bir tərəfdaş kimi göründü. Ona görə ki, Azərbaycan bölgədə suveren və müstəqil dövlətdir, öz davranışlarına və qəbul etdiyi qərarlara cavabdehlik daşıya bilən ölkədir. Əlbəttə ki, bu, ölkə prezidentinin siyasəti, onun qətiyyəti, lider keyfiyyətləri nəticəsindədir. Həm də xalqımızın alicənab keyfiyyətləri ilə bağlıdır. Bu mənada əlbəttə ki, Rusiya bunu daha düzgün dəyərləndirməyə başladı. Hətta ən anti-Azərbaycan mövqeyindən çıxış edən siyasət adamları, məsələn, LDPR rəhbərliyi nitqlərində, davranışlarında korrektə ediblər. Bu, ona görə baş vermir ki, biz bunu daha çox arzulayırdıq, ona görə baş verir ki, onu Rusiya daha çox arzulayır. Bu baxımdan istərdim ki, “Azərbaycanın ehtiyatlı mövqeyi” anlayışından imtina edəsiniz. Burda ehtiyatlı yox, daha çox özünəgüvənlik anlayışından istifadə etmək yerinə düşər.

TİKİNTİ BAZARINDA QİYMƏTLƏR ÜÇ SƏBƏBDƏN BAHALAŞIR

“Bizim Yol” qəzeti Azərbaycanda müxtəlif sahələrdə baş verən qiymət artımının tikinti bazarına da təsir etdiyini yazır. Bu barədə Bakının ən böyük inşaat materialları bazarlarından biri sayılan Bakı-Sumqayıt yolunda "Eurohome" tikinti materialları bazarından reportaj hazırlayan əməkdaşımıza satıcılar bildiriblər. Qiymət artımlarına səbəb kimi tikinti mövsümü əsas gətirilsə də, sahibkarlar hesab edirlər ki, daşınma və icarə haqqının artırılmasının təsiri daha çoxdur.

...Həmsöhbətimiz deyir ki, qiymət artımı onların marağında deyil:

"Biz də başa düşürük ki, qiymət artımı olanda alıcı qıtlığı olur. Qiymət artımına səbəbkar sahibkarlar deyillər. Baxın, seçki ilində, yəni prezident seçkisində, parlament seçkisində qiymətlər artmır. Əksinə aşağı düşür. Deməli, hökumət qiymət artımına təsir edə bilir. Buna səbəb odur ki, daşıma üçün maneələr azaldılır. İcarə haqqının qiyməti tez-tez qalxmır. Yoxlamalar olmur. Bir sözlə bizi incitmirlər. Biz də məhsulların qiymətini keyfiyyətinə uyğun satırıq, yəni qiymətləri qaldırmağa məcbur olmuruq. Həm biz qazanırıq, həm də alıcılar”.

ƏLİ KƏRİMLİNİN QAYINI BİRGƏ QRUPA MÜRACİƏT EDİB

AXCP sədri Əli Kərimlinin qayını, “Texnikabank” işinə görə məhkum olunmuş Elnur Seyidov və vəkilləri İnsan Hüquqları üzrə Birgə Qrupa müraciət ediblər. Vəkil Fəxrəddin Mehdiyev “Media forum” saytına deyib ki, “Texnikabank” işi üzrə cinayət məsuliyyətinə cəlb olunmuş 25 nəfərdən yalnız Elnur Seyidov və daha bir nəfər həbsdədir:

"Biz Birgə Qrupa təqdim etdiyimiz müraciətdə Elnur Seyidovun ağır xəstə olduğunu, heç kimə maddi ziyan vurmadığını, onunla birlikdə tutulan şəxslərin azadlığa buraxıldığını yazmışıq. Xahiş etmişik ki, bu halları nəzərə alıb Elnur Seyidovun azadlığa buraxılmasına kömək etsinlər”.

“Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini Elnur Seyidov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmü Bakı Ağır Cinayətlər Məhkəməsi çıxarıb, Bakı Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb. Elnur Seyidov dələduzluq, vəzifə saxtakarlığı kimi cinayətlərdə təqsirli bilinib.

"HEYDƏR ƏLİYEVIN ADINA ŞƏHƏR OLACAQ"

"Gələcəkdə ölkəmizdə iki iri şəhər kompleksi layihəsi nəzərdə tutulub. Onlardan biri Ələtdə, digəri isə indiki Şabran rayonu ilə Siyəzən rayonu arasında olacaq. Bu layihələr reallaşdırılsa, onlara Ulu öndər Heydər Əliyevin adı veriləcək".

Bunu Aktual.az-a YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, bu gün ən iri layihələrin Ulu öndərin adı ilə bağlı olması təsadüfü deyil:

"Avropa İttifaqının ən iri layihəsi olan Bakı-Tiblisi-Ceyhan boru kəmərinə də ulu öndərin adı verilib. Bununla yanaşı, dəfələrlə belə bir fikir səslənib ki, böyük bir şəhər yaradılsın və ona Heydər Əliyevin adı verilsin. Naxçıvan Muxtar Respublikasında bir sərhəd bölgələrindən gələn qaçqınlar üçün tikilmiş qəsəbəyə Heydər Əliyevin adı (Heydərabad) verilib. Gələcəkdə də Azərbaycanın hansısa bir iri yaşayış mərkəzinə, yeni salınacaq şəhərə mütləq Ulu öndərin adı verilməlidir. O cümlədən, Azərbaycanın ən uğurlu, aparıcı kompleksləri Heydər Əliyevin adını daşımalıdır".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG