Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:58

-

Çingiz Əlioğlu

***

boşalmış bədən satılır…

ruhun tərk etdiyi can

icarəyə verilir.

necə mat qalmasın adam

Bakıda

bakirə çıxır

bəlkə də

onuncu kərə

kirayə verilən əndam…

Avqust, 2008

***

Kimlər ki, sənin

Al qanından içiblər,

Daha səndə işləri yox,

Təqsirindən keçiblər.

Kimlərə ki, sən

Qan uddurmusan,

Rahat yata bilərsən, –

Günahından keçiblər.

Kimlər ki, səni

Min kişidən seçiblər,

Əmin ola bilərsən,

Kəfənini biçiblər…

Avqust, 2008

***

Qarabağım - qara bağrım

O dağlara sarı

gedən o uşaqların

toylarına çox vardı,

toy yaşına çatmadılar.

O dağlara sarı

gedən o uşaqların

ana gözü oxşayan

boylarına çox vardı hələ.

öz boylarına çatmadılar.

Nə deyib getdilər,

niyə getdilər?..

And içmişdilər

Halal südə, halal çörəyə.

And içmişdilər

ayaqlarının altındakı ana torpağa,

quma, kəsəyə,

çınqıla, daşa.

Belə müqəddəs and olan yerdə

kimdi baxan boya,

kimdi məhəl qoyan yaşa?..

Getdilər, getdilər

dağlara sarı.

Getdilər

yanar kökslərində,

odlu sinədə

qərənfil bitirməyə, gül bitirməyə.

Getdilər ulu, əbədi dağlardan

əbədi ölümsüzlük gətirməyə...

may, 1988

***

Yaşayam gərək

Əlhəd daşı - baş qardaşı,

Sirdaşım bir yorğun ürək.

Bu ürəklə mən bu daşı

Daşıyam, daşıyam gərək.

Söz bülövdü, qələm hanı? -

Qələm dedim, xışı tanı.

Bu bülövlə bu kotanı

Qaşıyam, qaşıyam gərək.

İynə ilə gor qazıram,

Bir gün ölsəm də razıyam.

Mən ki bir dastan yazıram,

Yaşayam, yaşayam gərək...

1990

"Ulduz", "Azərbaycan"

Günün bütün mövzuları

XS
SM
MD
LG