Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:53

Natiq Güləhmədoğlu: «Ramiz Mehdiyevə şəksiz təşəkkür düşür»


Natiq Güləhmədoğlu
Natiq Güləhmədoğlu

-

“Azadlıq” qəzetində Natiq Güləhmədoğlu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “beşinci kolon” barədə məqaləsindən yazır.

“Ramiz Mehdiyevə imza atdığı bu məqaləyə görə şəksiz təşəkkür düşür. Çünki o bizə, bu gedişlə Azərbaycan hara gedir sualına rahatca cavab tapmaq imkanı verib. Fəqət bu məqalə açıq deyim ki, məni qorxutdu. Nə qədər sadəlövhlük olsa da mən Azərbaycanı idarə edən bir adamın bu qədər dağıdıcı bir təfəkkür yiyəsi olduğuna inanmazdım. Amma belə imiş. Mən bu məlum məqaləni oxuyanda dövlət siyasətini və eləcə də işi-gücü müxalifətə, azad düşüncə tərəfdarlarına qarşı kampaniya aparanları bir-bir göz önündən keçirdim. Necə də oxşar dəst-xətt! Necə də oxşar ifadə-tərzləri, hakimiyyətə biət etməyənlərə qarşı nifrət, kin-küdürət!

Qocaman filosof kəlmə başı təhqiramiz ifadələr işlədir, yürüdülən siyasəti bəyənməyənləri satılmış, agent və s. adlandırır. Onun agent çıxardığı təşkilatlarda cəmləşən adamların sayın hesablasaq məlum olar ki, respublika əhalisinin azı 15-20 faizi Azərbaycana qənim kəsilən dairələrə işləyir. Bu yerdə izacə verin, sual edək. Hörmətli akademik, siz ciddisinizmi? Ciddisinizsə, bir bizi başa salın, bu necə uğurlu daxili və xarici siyasət yürüdən ölkədir ki vətəndaşının önəmli kəsimi düşmənlərə meyl salıb?”

ABŞ-AZƏRBAYCAN SAVAŞI – KRİTİK DÖNƏM BAŞLADI

“Yeni Müsavat” yazır ki, Son vaxtlar Azərbaycan - ABŞ diplomatik əlaqələrinin mövcud olduğu 22 il ərzindəki ikitərəfli münasibətlərdə ən gərgin mərhələ yaşanmaqdadır. Vaşinqtondan rəsmi Bakıya ünvanlanmış sərt tənqidlərə Azərbaycan hakimiyyətinin dərhal və daha sərt dildə cavab verməsi iki dövlət arasında “soyuq müharibə”nin hökm sürdüyü qənaətini yaradır.

"Əslində iki ölkə arasında nə baş verir" sualının cavabında politoloq Zəfər Quliyev qeyd edir ki, Azərbaycanla ABŞ arasındakı bu gərginliyin əsas səbəbi heç də insan haqlarının durumu deyil:
“Əsas səbəb Vaşinqton üçün Azərbaycanın geosiyasi baxımdan mövqeyinin aydın olmamasıdır. Vaşinqton çox narahatdır ki, Azərbaycan Qərbə doğru inteqrasiya xəttindən imtina edir və Moskvanın təzyiqi nəticəsində Rusiya ilə yaxınlaşır. Yəni insan haqları, korrupsiya kimi arqumentlər çox vaxt Qərbin əlində Azərbaycana qarşı təzyiq üçün sadəcə vasitə rolunu oynayır. Azərbaycan əvvəlki kimi bütün sahələrdə Qərbin istədiyi xətti tutsaydı, mən əminəm ki, bu təzyiqlər dərhal gündəmdən çıxa bilərdi”.

Deməli, bir müddət öncə Milli Məclisin komitə sədri Səməd Seyidovun ABŞ-a səfəri iki ölkə arasında “buzları” əritmək üçün yetərli olmayıb və hakimiyyət Avropanın müxtəlif qurumlarının ardınca ABŞ-dan da təpkilər görməkdədir.

SƏNƏDSİZ EVLƏRİN «QORDİ DÜYÜNÜ» AÇILACAQMI?

“Bizim Yol” sənədsiz evlərin problemini araşdırıb. Ölkə başçısı İlham Əliyev 2011-ci il martın 9-da Bakı şəhər İcra Hakimiyyətində keçirdiyi müşavirədə Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sənədləşdirilməsinə dair mexanizmin hazırlanması barədə şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq verib. Tapşırıqdan üç il ötsə də icrası gerçəkləşdirilməyib. Üstəlik, Prezident 2012-ci il iyunun 27-də "magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft-qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi üçün komissiya yaradılması" haqqında sərəncam imzalayıb. Bununla bağlı komissiya da yaradılıb. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrlik etdiyi komissiyanın tərkibinə hökumət nümayəndələri daxil idi. Komissiya sərəncamda göstərilən torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələləri araşdırıb. Ancaq iqtisadi, sosial və hüquqi aspektlərin qiymətləndirilməsinin nəticələrinə əsaslanan təklifləri üç ay ərzində Prezidentə təqdim etməli olduğu halda, təkliflər hələ təqdim edilməyib.

ƏLİ HƏSƏNOV IV İSLAM HƏMRƏYLİYİ OYUNLARINDAN DANIŞIB

Dekabrın 3-də Tehranda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin informasiya nazirlərinin 10-cu iclası başlayıb. İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edib. O, qeyd edib ki, Azərbaycan Respublikası dünyada İslam həmrəyliyinin gücləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi işinə həmişə öz töhfəsini verib və bundan sonra da bu sahədə qarşısında duran vəzifələri tam icra etmək əzmindədir.

“Hesab edirik ki, 2017-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan IV İslam Həmrəyliyi Oyunları da ümumi mənafelərimizə xidmət edəcək. Artıq Azərbaycan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübə qazanıb. Çalışacağıq ki, IV İslam Həmrəyliyi Oyunları həm də İslam dünyasının zəngin potensialının, müsəlman ölkələri arasında dostluq və həmrəyliyin təcəssümü kimi bütün dünyanın diqqətini özünə cəlb etsin. İnanırıq ki, bu, bütün müsəlman ölkələrinin media nümayəndələri üçün də əlverişli fürsət olacaq”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG