Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:41

Əli Bayramlı şəhəri iflic vəziyyətinə düşüb


Təbii fəlakət Əli Bayramlıya təxminən 20 milyon yeni manat məbləğində ziyan vurub
Təbii fəlakət Əli Bayramlıya təxminən 20 milyon yeni manat məbləğində ziyan vurub
İki gündür yağan güclü yağışdan və leysandan sonra Əli Bayramlı şəhəri iflic vəziyyətinə düşüb. Şəhərin küçələrini basmış suyun bir hissəsi təmizlənsə də palçıq dizdəndir. Ən pis vəziyyət fərdi evlərdədir. Əli Bayramlının özündə də, kənarlarında bəzi evlərin damı uçub, bəzilərinin divarlarında çoxlu çatlar yaranıb. Ən yaxşı halda bina evləridir, onların da zirzəmiləri su içindədir.

Əli Bayramlının kənarında, bağ evləri deyilən ərazidə yaşayan Gülayə İbadovanın evinə palçıqdan girmək mümkün deyil. Bu qadın iki gündür evindəki suları qonşularla birlikdə vedrəyə daşıdığını deyir: «Ev bərbad gündədir. Suyu özüm daşımışam. Borc pula müşəmbə almışam ki, evin üstünə çəkim, bələdiyyə də, İcra Hakimiyyətinə də getmişəm, deyirlər baxarıq».


Şəhərin qəsəbə deyilən bir başqa ərazisində isə bir neçə evin sakini elə küçədə oturmuşdular. Sakinlər bildirilər, gecəni də çöldə qalıblar: «Gecəni yatmamışıq, küçədə oturmuşuq, su boydan idi, dəlib çəkiblər, ancaq hər şey yararsızdır».


Küçələrdə Mülki Müdafiə Alayının əsgərləri işləyir. Alayın xilasedici taborunun komandiri Rauf Əhmədov deyir ki, vəziyyət saatbasaat yaxşılığa doğru dəyişməkdədir: «İndi artıq yaxşılığa doğru gedir. İşləyirik, hazırda əsas işlərimiz evlərdədir, iri nasosla işləyəndən sonra kiçik nasoslara keçmişik».



Gülayə İbadovanın evinə palçıqdan girmək mümkün deyil
İcra Hakimiyyəti başçısının müavini, şəhərin fövqəladə hallar komissiyasının sədri Samid Abıyevin verdiyi məlumata görə, təbii fəlakət nəticəsində 300 fərdi yaşayış evinə ziyan dəyib, 200 ictimai binanın zirzəmisinə su dolub, Hacıqabul-Əli Bayramlı dəmiryol xəttinin 100 metrə yaxın hissəsi sıradan çıxıb. Ancaq, cənab Abıyev əmin edir ki, 3-4 günə vəziyyət tam normallaşacaq: «Fəlakətin aradan qaldırılması üçün 40-dan artıq texnika cəlb olunub, Mülki Müdafiə Alayının 100 nəfərdən artıq şəxsi heyəti sel sularının təmizlənməsiylə məşğuldur. Həmin sular Şirvan kanalına və Hacıqabul gölünə axıdılıb. Hazırda fərdi evlərin təmizlənməsiylə məşğuluq».


Bu günlər Əli Bayramlının İcra Hakimiyyətinə gələnlərin də ardı-arası kəsilmir. Onlar komissiya üzvlərinin vəziyyətləriylə maraqlanmadığını deyirlər: «Hardadır o komissiya üzvü, səhərdən onu axtarıram. Heç olmasa gəlib o suyu çəksinlər».


Şəhərin fövqəladə hallar komissiyasının sədri Samid Abıyev isə deyir ki, zərər dəymiş bütün ailələr qeydə alınacaq, yardıma ehtiyacı olanlara yardım olunacaq: «Əlbəttə, ehtiyacı olanlara yardım veriləcək».


Əli Bayramlının «elektrikşəbəkə» adlanan ərazisində yaşayanlar isə deyirlər ki, gəlib baxanlar onların ad-soyadlarını yazmaqla kifayətlənirlər, iki gündür vəziyyət dəyişməz olaraq qalır: «Nə olsun gəlib baxırlar, dəyişən ki heç nə yoxdur. Evə girə bilmirik qonşuda qalırıq, uşaqlarımız məktəbə gedə bilmir».


Fövqəladə hallar komissiyasından verilən məlumata görə Əli Bayramlıya təbii fəlakət nəticəsində təxminən 20 milyon yeni manat məbləğində ziyan dəyib.


Oktyabrın 11-dən başlayaraq Əli Bayramlıda qazın, işığın və suyun bərpasına başlanıb. Ancaq, tam yox. Evi tamam uçan üç ailədən ikisi üçün də çadır qurulmağa başlayıb, üçüncü isə hələ qohumlarının evində yaşayır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG