Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:16

Metroda kart sisteminə keçidin problem yaratmayacağı deyilir


10 minə yaxın sərnişin isə artıq plastik kartlardan istifadə edir
10 minə yaxın sərnişin isə artıq plastik kartlardan istifadə edir
«İlk dəfə kart alarkən 10 min manata 20 dəfəlik gediş doldurmuşdular, müraciət etdim, dedilər, belə şey ola bilməz. Salamatı jetondur, pulunu verib alırsan...»

İsmayıl deyir ki, Bakı metropolitenində gediş haqqının ödənilməsi üçün plastik kartlardan istifadə daha rahat olsa da, bəzən problemlər yarandığından jeton almağa üstünlük verir. Bakı metropoliteni artıq bu ilin martından gediş haqqının plastik kartlarla ödənilməsi sisteminə keçib.


Metropolitendən verilən məlumata görə, indiyə qədər bəzi stansiyalarda Ukraynanın «Lot» şirkətinin istehsalı olan 64 turniket quraşdırılıb. 10 minə yaxın sərnişin isə artıq plastik kartlardan istifadə edir. Metronun «Sahil» stansiyasının qarşısında söhbətləşdiyimiz sərnişinlərin əksəriyyəti isə hələ də jetondan istifadə etdiklərini deyirlər. Səbəb isə kartdan istifadəyə dair kifayət qədər məlumatlarının olmamasıdır.


Amma bir neçə ay sonra - 2007-ci ilin yanvarından Bakı metrosunda ödəniş yalnız kartlarla olacaq, jetonlar tamamilə yığışdırılacaq. Kartların istifadə müddəti isə 10, ən çoxu isə 200 dəfə metrodan istifadə haqqı qədərdir. Kartı ilk dəfə alanda əlavə 2 manat da pul ödənilməlidir, bu pul girov kimi saxlanır, sərnişin istədiyi vaxt metronun istənilən stansiyasının kassasına kartı təhvil verib 2 manatını geri ala bilər. İsmayılın da üzləşdiyi problem ortaya çıxmasın deyə, hər bir stansiyanın kassası yaxınlığında gediş haqqının miqdarını göstərən xüsusi aparat quraşdırılıb. Kartı doldurduqdan sonra orada neçə dəfəlik gediş haqqı olduğunu həmin aparatda yoxlamaq olar.


Metropolitenin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəzakət Tarıverdiyeva deyir ki, metropolitendə çalışan bütün kassirlər xüsusi kurslar keçiblər və onlar müraciət edən sərnişinlərə kart sistemi ilə bağlı bütün məlumatları verə bilərlər. Xanım Tarıverdiyevanın dediyinə görə, kart sisteminə keçid metrodan az istifadə edən sərnişinlər və ya şəhərin qonaqları üçün də problem yaratmayacaq. Belə sərnişinlər kartı alıb istifadə etdikdən sonra, hətta onu kassaya verib həm kart üçün qoyduğu iki manat girovu, həm də istifadə etmədiyi gediş haqlarını geri ala bilər.


Yeni ildən metroda gediş haqqının dəyişib-dəyişməyəcəyinə gəlincə, metropoliten bir neçə ildir ki, buna çalışır. Metropoliten rəhbərliyi bildirir ki, bir nəfər sərnişinin daşınması onlara 35 qəpiyə başa gəlir, amma indiki gediş haqqı 5 qəpikdir. Buna görə də hər il dövlət büdcəsindən metropolitenə əlavə pul ödənilir. Nəzakət Tarıverdiyeva bildirir ki, yeni ildə metroda gediş haqqının qalxıb-qaıxmayacağını indidən deyə bilməz, amma metropoliten rəhbərliyi hələ də o fikirdədir ki, gediş haqqı qaldırılmalıdır.


XS
SM
MD
LG