Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:28

-

Azərbaycan ədəbiyyatını harasından vərəqləsən nifrətlə doludur:

Müsəlmana nifrət, erməniyə nifrət, dəyərlərə nifrət, siyasətçilərə nifrət, farsa nifrət, rusa nifrət...

Rahim Şaliyev

100 İLLİK NİFRƏT

“Qonağı geyiminə görə qarşılayıb, başına görə yola salarlar” deyimi əslində bizim ölkədə kütləvi şüurun bir cümləlik ifadəsidir.

Problem ondadır ki, ağıllı insanlar çox zaman geyimə önəm vermir. Heç hansısa alimin dəblə geyindiyini eşitmisiz? Geyim, bər-bəzək insana öz şüur və mənəvi qüsurlarını örtməyə yarayır. Bəlkə də bu səbəbdəndir ki, insanları geyiminə görə qarşılayan bizim cəmiyyət öz zövqlərincə olmayan insanların ağlına qiymət vermək imkanı qazanmayıb.

Azərbaycan cəmiyyətində ada, şana, şöhrətə, xarici görünüşə önəm verilməsinə hələ məktəb illərindən şahid olmuşam.

Özümdən uydurduğum fikirləri hansısa məşhur yazıçıdan sitat kimi gətirəndə maraq oyadardı, amma gəl ki, fikirləri özümünkü kimi təqdim edəndə heç bir maraq olmazdı.

Bir dəfə yazıçı Tomas Vulfun adından əslində öz düşüncə məhsulumu sitat gətirmişdim. “Nifrəti nifrətlə məhv etmək olmaz. Bu zaman məhv etdiyiniz düşməndəkindən daha böyük nifrətə sahib olarsız və bu nifrət məğlubedilməz düşmənə çevrilər”.

Bu yazını yazmazdan əvvəl Əli Əkbərin “Qan*ıq ulaşması” yazısını oxuyarkən yenidən illər əvvəl Tomas Vulfun adından dediyim fikirləri xatırladım və uzun düşüncənin ardından ədəbiyyatımızda son bir əsrdə böyük bir nifrət topasını görə bildim.

Əli Əkbər yazısında suda batarkən saman çöpündən yapışmış insan təəssuratını yaratmışdı. Yazdıqca tükəndiyi, ona önəm verməyən insanların marağını çəkmək üçün ən ucuz ifadə tərzlərinə keçdiyi aydın görünürdü.

Daha əvvəl Günel Mövlud da “a”-sından “z”-sinə qədər qıt bilgili olduğu futbol mövzusunda yazarkən özünü beləcə batırmışdı. Sevinməyə bir əsasımız yoxdur. Böyük ümüdlər bəslədiyimiz yazarlar beləcə sıradan çıxırlar. Heç onlara fiziki təzyiq etmək, hədə-qorxu gəlmək, sürgünə göndərmək də lazım deyil. Onlar sadəcə öz nifrətlərinin repressiyalarına məruz qalıblar. Bəs bütün bunlar necə başlandı?

Tarixə yaxşı baxın. Zəncirvari nifrət halqası çox aydın görünəcək.

Mirzə Cəlil, Axundov kimi yazarlar bizim ilk müasir yazarlarımızdan sayılır və onların bütün seçmə əsərləri dini pisləmək, din üzərində nifrət yaratmaqla başlamışdı. Açığı, həmin dövrün dini xürafatı buna layiq idi. Lakin, ədəbiyyatımız bu mövzudan qopa bilmədi. Ardıcıl gələn gənc ədiblər əsas yol kimi dini nifrət obyektinə çevirməyi əsas bildi.

Sovetlərin ölkəmizdə hakimiyyət qurmasından sonra ədəbi mühit də dəyişdi. Dinə nifrət aşılamaq yeni hakimiyyətə sərf etdiyindən bəzi yazıçılara toxunulmadı. Lakin, nifrət elə bir şeydir ki, özünü əvvəl-axır hansısa başqa yöndə də göstərəcəkdi. 1937-ci il faciəsində siyasi səbəblərin rolu böyük olsa da, qatil və qurban rolunda oynayanlar öz ədiblərimiz idi və bütün siyasi motivlərin arxasında ədəbiyyatda yaranan nifrətin şəxsi münasibətlərə yansıması da vardı.

Bir əsrlik nifrətin üçüncü mərhələsi çox qəribə alındı. Sovet məktəbinin, ideologyasının yetirmələri olan ədiblər (Çingiz Abdullayev istisnadır) ölkə müstəqillik qazandıqdan sonra birdən-birə keçmiş rejimi pisləməyə, nifrət obyektinə çevirməyə başladılar, yeni hakimiyyətin yaltağına, quluna çevrildilər. Erməniləri təhqir etməyi vətən, xalq sevgisi sandılar. Ədəbiyyat yenə də arxa planda qaldı.

AYB daxilində nifrət o qədər böyük amilə çevrildi ki, yeni gənc yazarlar bu nifrət torundan geri qaça bilmədilər.Onlar özləri də bilmədən köhnə tələyə düşdülər. Seymur Baycan ədəbiyyatda “Anara nifrət” mövzusundan ayrıla bilmədi. Anara nifrət az sonra cəmiyyətin ən sadə dəyərlərinə nifrətə çevrildi. Günel Mövlud özünün aid olmadığı nudizm fəlsəfəsini, Əli Əkbər yeri gəldi-gəlmədi söyüşlü jarqonlarını ədəbiyyat kimi sırımağa çalışdı insanlara.

Azərbaycan ədəbiyyatını harasından vərəqləsən nifrətlə doludur: Müsəlmana nifrət, erməniyə nifrət, dəyərlərə nifrət, siyasətçilərə nifrət, farsa nifrət, rusa nifrət... Son bir əsrdə formalaşan ədəbiyyat nifrət amilindən qopa bilmədi.

Ədəbi təsvir, romantika, xüsusi ilə də fantastika arxa plana keçdi, ucuzluq kimi baxıldı. Ədəbiyyatda gözəllik təsviri görmədik. Cəmiyyətin boğazına bağlanmış nifrət zənciri gündən-günə uzanır, qollarını, ayaqlarını da bağlayır artıq.

Hər yeni yazıçı köhnələrin səhvini təkrarlayaraq bu zəncirin bir halqasına çevrilir. Yazıçıları əvvəlki kimi sürgünlərdə, ideoloji düşüncə maşınlarında məhv etməyə ehtiyac da qalmayıb. Onları öz eqoları, içlərindəki nifrət yıxır.

Yeni yollar tapmağın vaxtı çatmadımı? Hələ də nifrət etməyə dəyərmi?

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG