Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:45

-

«Bu, qışdır, ətrafda da qarı görürsüz. Belə havada qazı söndürərlər? Nə ilə bağlıdır, bilmirəm, həftədə azı iki dəfə sönür. Bu kəndin xəstəsi var, qocası, körpəsi var... Camaatın odun, yanacaq ehtiyatı yoxdur».

Qubanın Susay kəndinə qar yağıb. Kənd sakini Eyvaz Əfəndiyev deyir, nə qaz var, nə də odun almağa pul...

Rayon mərkəzindən 30 km məsafədə, Şah dağının ətəyində yerləşən kəndin qışı sərt keçir. İki ilin tamamına bir neçə ay qalır ki, bu kəndə qaz xətti çəkilib.

Kənd sakini Nizami Səfərov evlərdə istiliyin yetərincə olmamasından şikayətlənir:

«SOYUQDAN ƏZİYYƏT ÇƏKİRİK»

«Soyuqdan əziyyət çəkirik. Qaz kəsiləndə bu uşaqların canını necə isitməliyik?»

Susay ərazidə ən böyük kəndlərdən biri hesab olunur. Kənd sakinləri heyvandarlıqla məşğuldur. Kənddə qaz istifadəçisi kimi ilkin olaraq 170-dən çox abonent qeyd olub. İndi bu rəqəm artıb.

Hələ sovet dönəmindən ev-eşiyi odunla qızdıran kəndlilər 2 il əvvəl qaz xətti çəkilməsi xəbərini alanda qollarını çirmələyib bu işə həvəslə kömək ediblər. Sakinlər deyir ki, hər dəfə qaz kəsiləndə onlara xəttdə təmir işləri aparıldığı bildirilir:

«TƏMİR İŞLƏRİNİN DƏ ÖZ VAXTI VAR»

«Təmir işlərinin də öz vaxtı var. Bu işləri yayda görsünlər. Mən özüm o sahənin adamıyam, yaxşı bilirəm ki, təmir işləri nə vaxt görülməlidir».

Kənd bələdiyyəsindən isə mavi yanacaq sarıdan problem olmadığını bildiriblər.

YOLLARDA TEZ-TEZ QƏZALAR OLUR...

Qazın tez-tez kəsilməsi bu kəndin yeganə problemi deyil. Bir də qardan sonra kəndin yolları keçilməz olur. Bəyaz, təmiz, xışıltılı qarı zəhlətokən palçıq əvəz edir. Kənd dağın ətəyində yerləşdiyindən və yollar yararsız olduğundan tez-tez qəzalar baş verir.

6 saylı Quba yol istismar idarəsinin rəisi Bilal Sultanov belə hava şəraitində fiziki avtomobillərin yollara çıxmasını məsləhət görmür:

«Belə hava şəraitində fiziki nəqliyyatdan imkan daxilində az istifadə etsinlər. İctimai nəqliyyata üstünlük versinlər. Belə havada avtomobil idarə etmək yüksək peşəkarlıq tələb edir».

XS
SM
MD
LG