Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:58

Paolo Coelho: «İçimdəki qadın enerjisindən istifadə edirəm»


Paolo Coelho

Paolo Coelho

-

“Mən yazı yazmaq üçün daim kompüter qarşısında ola bilmərəm. Onda həyat arxa plana keçər. Halbuki mənim üçün əsas olan yaşamağın özüdür.”

Kimsə Paulo Coelho-nu yazıçı saymaya bilər, amma bu faktdır ki, milyonlarla insan onun kitablarından mənən güc aldığını, həyat haqda çox şey öyrəndiyini deyir.

Amma oxumayanlar Coelhonun son kitabı olan “Xəyanət”i adına görə ailə-məişət, sevgi-məhəbbət romanları olan rəfə də qoya bilər.

“Xəyanət” bir isveçrəli jurnalist qadın haqdadır. O, içindən gələn istəyi xoşbəxtlikdən üstün tutan bir yazıçıdan müsahibə alandan sonra öz həyat prinsiplərini sorğulamağa başlayır.

Ailəli olsa da, uşaqlıqdan tanıdığı bir oğlanla görüşməyə başlayır. Bu onun həyatına sevinc də gətirir, qəzəb də, ümidsizlik də. Amma sonda onu mənən möhkəmləndirir, böyüdür.

Hazırda İsveçrədə yaşayan Coelho Cenevrədə “Reuters” agentliyinə müsahibə verib.

İçindən gələn istəyi xoşbəxtlikdən üstün tutan yazar siz özünüzsünüzmü?

Bəli. Şübhəsiz. Xoşbəxtlik elə bir mərtəbədir ki, ora çatırsan və daha eləyəcəyin bir iş qalmır. Darıxmağa başlayırsan. İstək isə attraksion kimidir, enişi də var, yoxuşu da və mənim üçün bu daha maraqlıdır.

Siz əvvəllər də qadın qəhrəmanın dilindən əsər yazmısınız. Bu, kişi qəhrəmanın dilindən yazmaqdan daha çətindirmi?

Coelho-nun ən məşhur romanı

Coelho-nun ən məşhur romanı

Məncə, kreativlik qadınlığa xas bir prosesdir. Əminəm ki, bizim hamımızın iç dünyasının həm qadın, həm də kişi yönləri var. Və sonucda incəsənətin, yaxud kreativliyin istənilən növündə nəsə yaratmaq üçün sən həmişə iç dünyanın bu qadın enerjisindən istifadə edirsən. Baş qəhrəmanım qadın olanda yazmaq mənim üçün daha çətin olmur. Yox. Hətta baş qəhrəmanım kişi olanda da mən bu qadın enerjisindən istifadə edirəm.

“Xəyanət” romanınızın qəhrəmanı elə bir həyat yaşayır ki, az qala hamı ona qibtə edə bilər. Amma buna qane olmur. Siz düşünürsünüz ki, insan dinclik və firvanalıq dövrünü uzun müddət qoruyub saxlamağın öhdəsindən gələ bilməz?

O baxır sənin öz iç dünyana nə qədər enməyinə. Onlar dinclik və firavanlığı qoruyub saxlaya bilərlər. Sadəcə, məsələ ondadır ki, əgər sən bunun həmişəlik olmasını istəyirsənsə, işin çətinə düşür. Çünki, bildiyiniz kimi, daimi xöşbəxtlik mümkün deyil. Beləcə, insanlar gələcəkdə də öz dinclik və xoşbəxtliyini qoruyub saxlamaq üçün divarlar arxasında yaşamağa və bugünün sevincini məhv etməyə başlayırlar.

Belə görünür ki, kitabda nikahdan kənar intim münasibət qadının dəyişməsi üçün təkan olur.

İnsanı üç şey dəyişə bilər: Sevgi, əzab və sevinc.

Bəs şəxsən siz xəyanət haqda nə düşünürsünüz?

Mən buna belə baxıram ki, başqa birisi ilə bir gecə vaxt keçirmək üçün ailələrini dağıdanlar az deyil. Fransızlar demiş, "C'est ne pas grave."* Bunu eləmək asan deyil. Amma eyni zamanda qəfil nəyinsə baş verməsi uzun müddət davam edən münasibətlərə son qoymağa da haqq qazandırmır.

________

*Qeyri-ciddi məsələdir.

Amma mən kitabı yazanda məqsədim xəyanət edənləri mühakimə etmək deyildi. Məqsəd bəzi mühüm məsələlərə işıq salmaq idi… Kitab o haqdadı ki, insan üzləşdiyi çətinliklərin, şəxsi problemlərin öhdəsindən necə gəlməlidir.

Siz oxucularınızın istədiyini yazmaq basqısı hiss edirsinizmi? Yoxsa sadəcə, öz istədiyinizi yazırsınız?

Əgər belə bir basqı hiss etsəydim, “Xəyanət” adında kitab yazmazdım. Bir çox oxucular şokda idi, çünki başqa tip kitablara öyrəşiblər… Mənim cavabım budur ki, yox. Basqı olsaydı, mən onların alışdıqları mövzularda yazardım. Və bu mənim karyeramın sonu olardı. Çünki özümü, yazıçılıq həzzindən məhrum etmiş olardım.

Hazırda hansısa əsər üzərində işləyirsinizmi?

Yox. Bilirsiniz ki, mən iki ilə bircə kitab yaza bilirəm. İşə başlayanda sürətlə yazıram. Amma hər gün yazan yazarlardan da deyiləm. Bu müsahibəni mən sizə pauervokdan (yerişin bir növü – red) qayıdaraq verirəm. Mənim müxtəlif şeylərlə, məsələn, təbiətlə təmaslara ehtiyacım var. Mən yazı yazmaq üçün daim kompüter qarşısında ola bilmərəm. Onda həyat arxa plana keçər. Halbuki mənim üçün əsas olan yaşamağın özüdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG