Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:42

“48 ildən çoxdur ki, bu ərazilərdə yaşayıram. Vaxtilə buradan Binəqədi kəndinə gedən yolu su basırdı, maşınlar keçə bilmirdi. 5-6 ay əvvəl rayonun icra hakimiyyəti su-kanalizasiya kollektorunu təzələdi”.

"Stroydetal" sakini Qəzənfər Hacıyev

"Stroydetal" sakini Qəzənfər Hacıyev

"BU GÜN NƏDƏN YAZACAQSAN" SUALININ CAVABI...

Binəqədidəki “Stroydetal” deyilən ərazidə yaşayan Qəzənfər Hacıyev azı bir ildir hər səhər gördüyü mənzərədən ümidləndiyini deyir. Burada hər səhər ağır texnika, küçələrdə qalaq-qalaq asfalt, torpaq, çınqıl, bir də çoxlu fəhlə diqqət çəkir. O, hər səhər evdən ümidlə çıxdığını, nəhayət, abadlıq adıyla başlanan bu işlərdən bir kar aşacağını düşündüyünü bildirir.

Qəzənfər Hacıyevin bu narahatlığı – Binəqədi yollarının, küçələrin durumu son vaxtlar sosial şəbəkələrdə də geniş müzakirə mövzusuna çevrilib. Belə bir təsəvvür yaranır ki, hər hansı qəzet və ya xəbər portalı redaktorunun “bu gün nədən yazacaqsan” sualına müxbirlər düşünmədən “Binəqədinin yollarından” deyə bilər. İnternet istifadəçiləri Binəqədi küçələrində yağışdan sonra peyda olan cürbəcür gölməçə fotolarını elə bir ucdan paylaşırlar.

“Stroydetal” ərazisinin bir başqa sakini Miradəm Abbasov buradakı kanalizasiya probleminə diqqət çəkir:

"DÜZDÜR, İŞ GÖRÜLÜR, AMMA..."

“Binəqədinin bu tərəfində problemlər bitib-tükənmir. Burda kanalizasiya sisteminin yenilənməsinə ehtiyac var. Düzdür, suçəkən nasoslar quraşdırılıb, ancaq onların gücü çatmır... Ehtiyac var ki, ya bu nasosların sayı artırılsın, ya da kanalizasiya sistemi köklü yenilənsin. Bu ərazilərdə qurunt suyu yerin səthinə yaxındır. Bir az yağış yağınca həyətyanı sahələrdə də problemlər yaranır. Düzdür, işlər görülür, sözyox... Ancaq yaxşı olar ki, əsas diqqət kanalizasiya sisteminin yenilənməsinə yönəlsin”.

Keçmiş ABU-nun qarşısı

Keçmiş ABU-nun qarşısı

Firəngiz Xanməmmədova da Binəqədi sakinidir. O, ayaq saxladığı yeri – keçmiş ABU-ya gedən yolu göstərir. Bu yol avtobusların çətinliklə hərəkət etdiyi yoldur. Payız gələndən ta yağmur kəsilinədək işə hər səhər bu zığ-palçıqdan keçib getdiyini söyləyir:

"ELƏ BİL BU SAAT AVTOBUS AŞACAQ"

“Gedib-gələrkən çox əziyyət çəkirik. Elə bil bu saat avtobus aşacaq. Bilmirik bura kimə aiddir ki, ona şikayətimizi bildirək, tədbirini görsün. Ətrafda yalnız yaşayış binalarıdır. Özünüz baxın yola... Bu yollar bütün qurub-yaradılan bütün gözəlliklərin də üstündən xətt çəkir...”.

Sakin gileylərini AzadlıqRadiosu kamerasının yaddaşına köçürən vaxt Binəqədi rayon icra hakimiyyətinin nümayəndələri bizə yaxınlaşır. Deyir, qüsurları çəkdiyiniz kimi, görülən işləri də çəkin...

Binəqədi, "Elit" t/m qarşısı

Binəqədi, "Elit" t/m qarşısı

"NƏDƏNSƏ HAMI PROBLEMİ GÖRÜR"

Beləcə,ərazini birlikdə dolaşmalı oluruq. Yolboyu dediyi bu olur ki, nədənsə hamı problemi görür, ancaq görülən işləri yox...

Məlumat verir ki, son iki ildə rayon ərazisində 19 xeyir-şər evi istifadəyə verilib, 14-ü əsaslı təmir edilib. 68 binanın fasadı təmir olunub. 476 binanın girişi, 318 binanın zirzəmisi, 112 binanın da dam örtüyü təmir edilib. 790 liftdən 128-i yenilənib. 157-i təmir edilib. 27 məhəllə abadlaşdırılıb. 24 xırda park salınıb. 11 park təmir olunub. Rayona bütövlükdə 912 min 300 m2 asfalt döşənib.

Danışa-danışa gəlib çıxırıq Əhməd Rəcəbli küçəsinə – ELİT ticarət mərkəzinin önünə. Yolboyu çoxlu texnika, fəhlələr var – asfalt döşənir...

İCRA HAKİMİYYƏTİNİN NÜMAYƏNDƏSİ DEYİR Kİ...

Nümayəndə deyir, keçmiş ABU-ya gedən yolda – sakin Firəngiz Xanməmmədovanın şikayətçi olduğu ərazidə də asfaltlanma işləri aparılacaq. Ancaq daha öncə “Azərsu” ASC yeraltı su və kanalizasiya xətlərini yenidən qurmalıdır...

Binəqədi şosesində yağış sularının axıdılması illərdir həllini gözləyən bir problemdir. İcra hakimiyyəti nümayəndəsinin sözlərinə görə, onların təşəbbüsüylə “Azərsu” ASC əraziyə uyğun kanalizasiya xətti çəkib. Yeni nasos stansiyası da istifadəyə verilib...

SAKİN AĞ GÜNDƏN DANIŞIR...

Binəqədi sakini Qəzənfər Hacıyevsə, burada yaşayan başqa sakinlər kimi, toz-torpaq və palçığın əlindən qurtarıb ağ günə çıxacaqları zamanı səbrsizliklə gözlədiyini söyləyir və hələ üzgüldürən bir nəticənin olmamasından yana-yana danışır...

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG