Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:23

«İnanmıram ki, soyqırımı inkar edəni Fransada həbs etsinlər»


Fransanın Ankaradakı səfirliyi qarşısında etiraz. 10 oktyabr 2006
Fransanın Ankaradakı səfirliyi qarşısında etiraz. 10 oktyabr 2006

Oktyabrın 12-də Fransa qanunvericiləri erməni soyqırımı iddialarını tanımayan vətəndaşların cəzalandırılması ilə bağlı qanun layihəsini müzakirə edəcəklər. Bu ərəfədə Fransanın Azərbaycandakı səfiri Bernard du Şafo jurnalistlərlə görüşüb və həmin qanun layihəsinin qəbul olunacağı halda Fransa-Azərbaycan münasibətlərinin olduğu kimi qalacağına ümidvar olduğunu söyləyib. Səfir dönə-dönə vurğulayıb ki, bu qanun layihəsinin müəllifi Fransa hökuməti yox, məhz müxalifətdə olan Sosialist Partiyasıdır.



«Ümid edirəm ki, iki ölkənin münasibətlərində heç nə dəyişməyəcək. Çünki, bu qanun layihəsini təklif edən müxalifət partiyasıdır. Hökumətin təklif etdiyi qanun layihəsi deyil. Bu üzdən o, hökumətin rəsmi mövqeyi kimi qəbul oluna bilməz.


Yerli ekspertlərdən bəziləri güman edir ki, erməni soyqırımı iddialarını qabartmaqla Fransanın bəzi müxalifət partiyaları prezident və parlament seçkisi öncəsi xal qazanmağa çalışır
Bir də mən şübhə edirəm kimsə erməni soyqırımını inkar etsə Fransada ədliyyə orqanları onu həbs etsinlər».

Azərbaycanda isə parlamentdən başqa heç bir rəsmi qurum Fransada müzakirə olunan qanun layihəsinə münasibət bildirməyib. Oktyabrın 10-da Milli Məclisin Fransa Senatına ünvanladığı müraciətdə deyilir ki, belə bir sənədin qəbulu Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın obyektivliyini şübhə altına salacaq. Səfir Bernard du Şafo isə bu fikirlə razı deyil: «Minsk qrupundakı həmsədr Fransa dövlətini təmsil edir, Fransa parlamentini yox. Həmin sənədi də dediyim kimi hökumət yox, müxalifət partiyası hazırlayıb. Fransa əvvəldən münaqişənin həlli üçün ədalətli yol tapılmasına çalışıb. Qanun qəbul olunsa da, olunmasa da cənab Fasye eyni çəkidə vasitəçilik missiyasını davam etdirəcək. Tərəfkeşlik və ədalətsizlik etmədən».


Səfir Beranrd du Şafo deyilənlərə onu da əlavə edir ki, indiyədək Azərbaycanın nə prezidenti, nə də xarici işlər naziri bu məsələylə bağlı narazılıqlarını ifadə etməyib. Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə isə bu qənaətdədir ki, sözügedən layihə daha çox Türkiyə-Ermənistan münasibətlərinə aiddir. Azərbaycanı bu işə qatmaq düz olmazdı.


Rəsmilər yetərincə ehtiyatlı tərpənsələr də, yerli ekspertlər güman edirlər ki, qanun layihəsi qəbul olunduğu halda Fransa Türkiyə münasibətləri kimi Fransa Azərbaycan münasibətləri də gərginləşə bilər. Xüsusən də, Qarabağ münaqişəsi ilə bağlı Fransanın tutduğu xətt indidən yaxşı gələcək vəd etmir. «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ona diqqət çəkir ki, Fransa tərəfi Türkiyədən Ermənistanla sərhədi açmağı tələb edir. Ekspertə görə, Bakı Ankara qədər açıq mövqe tutmasa, Türkiyə ilə münasibətlərə xələl gətirəcək. Eyni zamanda, özünün də itirdiyi məqamlar çoxdur: «Fransa vasitəçi dövlətdir. Amma Fransa prezidentinin Ermənistana səfəri və parlamentdə bu cür müzakirələr bu ölkənin neytrallığını itirdiyini göstərir. Azərbaycan rəhbərliyi bunu nəzərə alıb Fransa ilə münasibətlərdə korrektlər etməlidir...»


Politoloq Zərdüşt Əlizadəyə görə isə, Azərbaycan parlamentinin müraciəti bu vəziyyətə bir balaca düzəliş gətirir. Düzdür, bu gecikmiş addım olsa da, lazımlı jestdir. Azərbaycan Türkiyəyə bu məsələdə dəstək olmaqla yanaşı həm də öz məsələsini yada salmış olur. Sadəcə, Bakı həmişə olduğu kimi qabaqlayıcı informasiya siyasəti aparmaqda yubanır.


Fransa səfiri isə qanun layihəsinin qəbuluna şübhəylə yanaşdığın gizlətmir. Diplomatın fikrincə, qanun oktyabrın 12-də qəbul olunmasa bu məsələ birdəfəlik qapanacaq. Çünki, Fransada qarşıdan yeni prezident və parlament seçkiləri gəlir. Səfirə görə, bu qanun layihəsi ilə Fransa hökuməti heç nə qazanmayacaq. Ona görə də hökumət onu rədd edib.


Elə yerli ekspertlərdən də bəziləri güman edir ki, erməni soyqırımı iddialarını qabartmaqla Fransanın bəzi müxalifət partiyaları seçki öncəsi xal qazanmağa çalışır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG