Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:30

Qazağın mağaza reklamlarından «türk» sözü silinir…


Adından «türk» sözü silinmiş mağazanın reklamı
Adından «türk» sözü silinmiş mağazanın reklamı

-

Qazax rayonunda artıq bir neçə gündür ki, reklam stendlərindən «türk» sözünü silirlər. Dükan sahibləri deyir ki, bunu edənlər Qazax şəhər bələdiyyəsi və icra hakimiyyətinin işçiləridir. Sahibkarların sözlərinə görə, onlar hər gün gəlib stendlərdən «türk» sözünü silməyi tapşırırlar. Dükan sahibləri bildirirlər ki, bu sözü silmədikləri təqdirdə gecə gəlib onlar özləri silirlər. Səbəb kimi də prezidentin hansısa sərəncamı göstərilir. Mağaza sahibi Həcər Məmmədova:

«GƏLİB GÖRDÜM Kİ, GECƏYLƏ SİLİBLƏR...»

«Öncə bələdiyyənin sədri Oktay müəllim gəlib mənim üstümə dirəndi ki, stenddən «türk» sözünü sil. Daha sonra bir neçə nəfər gəlib özlərini bələdiyyənin işçiləri kimi təqdim etdilər. Heç bir əsas göstərmədilər. Bildirdilər ki, prezidentimizin qərarıdır. Zamanında ulu öndərimiz Heydər Əliyev demişdi ki, biz bir millət, iki dövlətik. Başa düşə bilmirəm prezident niyə belə qərar verib? İnandırıcı deyil. Bu bütün Qazax rayonundakı dükanlara şamil olunub. «Avropa», «Rusiya» adlarını başa düşdük, axı, «türk» adını silmək kimə lazım? Mən silmədim. Bir də tezdən gəlib gördüm ki, gecəylə siliblər...»

Digər sahibkar Bayramov Arzu da Həcər Məmmədovanın dediklərini təsdiqləyir. O da deyir ki, bu addımın hansı məqsədlə atıldığını başa düşmürlər:

«BU TAPŞIRIĞI İCRA NÜMAYƏNDƏLƏRİ VƏ BƏLƏDİYYƏ İŞÇİLƏRİ VERİR»

Qazax
Qazax

«Bizə gəlib məsləhət görüblər ki, «türk» sözünü silin. «Türk uşaq-qadın geyimləri» cümləsindən «türk» sözünü silin. Bu nə ilə əlaqədardır, biz də bilmirik. Yəqin yuxarıdan belə bir tapşırıq var. Bizə bu tapşırığı icra nümayəndələri və bələdiyyə işçiləri verir. Bu müvəqqəti haldır, yoxsa daimidir onu da bilmirik. Güman ki, yuxarıdan göstəriş var, biz də ona əməl edirik».

«BUNDA MƏQSƏD…»

Qazax rayon icra hakimiyyəti başçısının müavini Tahir Musayev də baş verənlərə münasibət bildirib. Müavin deyib ki, bunda məqsəd rayona gətirilən çin mallarının «türk malı» adı ilə satılmasının qarışını almaqdır:

«Satıcılar Bakıdan Çin mallarını alıb «türk» malları adı ilə satırlar. Kəndlərdən gələn insanlar bu ikisinin arasındakı fərqi bilə bilmirlər. Odur ki, bu addım atılır»

XS
SM
MD
LG