Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:00

Heç vaxt doğulmayıb, heç vaxt ölməmiş Osho - filosof yoxsa fırıldaqçıydı...


Hind filosofu və ruhani lideri Osho.
Hind filosofu və ruhani lideri Osho.

Şübhəsiz ki, Osho çağdaş zamanımızda dünyada ən tanınan mənəvi ustadlardan biridir. Ezoterika və mənəvi axtarışa yüngülcə baş qoşmuş hər kəs onun haqda eşidib. Osho özündən sonra böyük irs qoyub gedib (nitqləri və dialoqları, kitab və videoyazıları, mənəvi inkişafa hesablanmış çoxlu sayda praktiki vəsaitləri).

Chandra Mohan Jain 1931-ci il dekabrın 11-də doğulub. Yetmişinci illərdə Baghvan Shri Rajneesh adıyla, bir az sonra isə Osho (hind dilində okeanda olan, okeana hopmuş anlamına gəlir) adıyla məhşurlaşmışdır. Sağlığında çoxları (həmçinin Hindistanın özündə belə) Oshonu qəbul etməyib, onu yalançı ustadad və araqarışdıran adlandırırdılar. Doğurdan da Osho bir çox tərəfləri ilə fitnəkar və həm də böyük zarafatçıydı (o bəzən tamamilə cəfəngiyyat olan şeyləri ciddi-ciddi əsl Həqiqət kimi təqdim edirdi). Onun provokativ sözləri və hərəkətləri həmişə gözlənilmədən ortaya çıxırdı, təliminin bir parçasına çevrilirdi.

O 80-ci illərdə ABŞ-a köçür və orda beynəlxalq Rajneeshpur qəsəbəsini salır. Oshonun burdakı fəallığı yerli hökümətinin xoşuna gəlmir, tezliklə xüsusi xidmət orqanları ona qarşı bir neçə provokasiya törədib, həbs edir və həbsdə zəhərlənir (Osho özü belə iddia edirdi),1985-ci ildə isə o ölkədən deportasiya edilir. Bu hadisələr dünyada geniş rezonans doğurur. Bu azmış kimi, dünya səyahətinə çıxmağa qərar verən Oshoya 21 ölkə viza verməkdən imtina edir, belə olan halda o doğma vətəni Hindistana üz tutur, amma burda da onun günü xoş keçmir, daim hakimiyyətlə problemləri olur. 1990-cı ildə 51 yaşında dünyasını dəyişən Osho, ölümündən az sonra dünya şöhrəti qazanır, elə günü bu gün də ona böyük ehtiramla yanaşan insanlar az deyil, onun yaratdığı meditasiya texnikasından çoxlu davamçıları geniş istifadə etməkdədir. Oshonun məzarı üstdə nə vaxtsa özünün dediyi sözlərdən bir sitat verilib: “Osho. Heç vaxt doğulmayıb, heç vaxt ölməyib, yalnız 1931-ci ilin 11 dekabrından, 1990-cı ilin 19 yanvarına qədər bu dünyada qonaq olub”.

Oxu Zalı Oshonun heç vaxt yazmadığı ancaq tələbələrinə söhbətləri vasitəsilə çatdırdığı ideylarından sitatları təqdim edir:

*

Hindistanda Oshoya qoyulan heykəl.
Hindistanda Oshoya qoyulan heykəl.

Sözün hər mənasında ruhani birisi deyiləm. Ömrüm boyu ayağım nə məbədlərə, nə kilsələrə dəyib, dini kitabları əlimə alıb oxumamışam, həqiqət axtarışlarına qapılmamışam, nə Tanrıya inanmışam, nə də ibadət etmişəm. Belə şeylər mənlik deyil. Bununçün də məni tanıyanlar dinlə, allahla aram olmadığını deyə bilər. Mənimçün ruhanilik tamam başqa bir şeydir. O sadəcə dürüstlükdür. O heç bir asılılığı sevmir. O nəyin bahasına olursa olsun azadlığa can atır, azadlığın özünə. Ancaq rühanilik kütləylə birlikdə deyil, təklikdə ortaya çıxır. Axı, həqiqəti ancaq təklikdə tapmaq olar.

Buna da bax: Osho, Krishnamurti, Əli Şəriəti... Bizə hansı yol göstərə bilər...

*

Bədəninizə göz qoymağa başlayın, gəzərkən, oturarkən, yatarkən, yeyərkən ona diqqət kəsilin. Əvvəlcə bunu ən bəsit şəkildə edə bilərsiniz, zamanla bu işdə kamilləşərsiniz. Növbəti mərhələdə fikirlərinizin axınına müşahidə edin. İnsan fikir axınını duymaqda kamilləşdikcə, keçirdiyi hissləri duymağa başlayır. Bunun ardınca hisslərinizə nisbətən daha dərin bir müşahidə qabiliyyəti tələb edən əhvalınıza nəzər yetirin.

Möcüzəni öz gözünüzlə görəcəksiniz, bədəninizi müşahidə etdikcə daxili müşahidəçiniz daha da güclənəcək, fikirlərinizi müşahidə etdikcə o daha da güclənəcək, hisslərinizi müşahidə etdikcə o ən böyük gücünü toplayacaq. Əhvalınızı müşahidə edəndə isə daxili müşahidəçiniz o qədər güclənəcək isə, siz təkbaşına qalıb, bir şam kimi nəinki ətrafınızdakı məkanı, həm də daxilinizi işıqlandıra biləcəksiniz.

Bütün kamiliyyi ilə daxili müşahidəçiyə sahib olmaq ən böyük mənəvi nailiyyətdir, çünki müşahidəçi öz içinizdədir - o sizin ruhunuzdur, müşahidəçi içinizdədir – o sizin ölümsüzlüyünüzdür. Ancaq heç bir anda belə, “Bu işin öhdəsindən gəldim”, deməyin, çünki elə o andaca inkişafınız dayanacaq, geriləyəcəksiniz.

Müşahidə sonsuz prosesdir, siz hər gün daha dərinlərə gedirsiniz, amma heç vaxt dibə çatmırsınız, “Bu işin öhdəsindən gəldim” deyə bilmirsiniz. Nə qədər dərinə getsəniz, o qədər çox dərk edirisiniz, əbədi prosessdə o qədər çox iştirak edirsiniz. Unutmayın, bu prosesin nə əvvəli, nə də sonu var.

Nədənsə insanlar ancaq başqalarını müşahidə edirlər və özlərini müşahidə etməyə ərinirlər. Hər kəs müşahidənin ən səthi formasıyla məşğuldur, ancaq başqaları nə etdiyi, əyninə nə geyindiyi, necə göründüyü ilə maraqlanırlar. Hər kəs, özünə gərəkli olmayan müşahidələr aparır. Sadəcə həmin müşahidəni dərinləşdirmək və bir ox kimi özünə, öz fikirlərinə, öz hisslərinə, öz əhvalına, ən son nəticədə özünə yönləndirmək lazımdır.

*

Özünüzü necə var eləcə qəbul etmənizi istəyirəm. Yaradan sizi məhz belə görmək istəyib. Siz ki, özünüz özünüzü yaratmayıbsınız, belə olan halda təbii ki, bütün cavabdehlik yaradanın üzərində qalır və görünür ona məhz sizin kimi birisi gərəkliymiş, əks halda siz heç mövcud olmazdınız.Yaradan sizi olduğunuz kimi görmək istəyir.

“Günah” sözü ilkin mənada unutqanlıq demək idi. Onun bizim vərdiş etdiyimiz günah anlayışı ilə heç bir əlaqəsi olmayıb. Özünü unutmaq yeganə günahdır. Özünü dərk etmək isə yeganə savabdır.

*

Osho Amerikanın Oregon ştatındakı məbədində öz Rolls-Roycesində, 1982.
Osho Amerikanın Oregon ştatındakı məbədində öz Rolls-Roycesində, 1982.

Tanrı göydə bir yerlərdə deyil. Onun ayağına getmək, zəvvarlıq etmək lazım deyil. Tanrı sənin olduğun hər yerdədir. Sən Tanrının sayəsində varsan. Tanrı sənin nəfəsindədir, o sənin həyatındır. Həyatdan başqa bir Tanrı da mövcud deyil.

O burda, quşların nəğməsində, ağacların yaşıl, qırmızı və qızılı yarpaqlarındadır. O uçaq quşlardadır... O hər yerdədir. O sizin gizli mahiyyətinizdir, sizin substratınızdır, varlığınızın özüdür. Məgər onu gözləməkmi lazımdır? Bu okeandakı balığın okeanı gözləməsi kimi bir şey olardı, ağlasığmazdır.

*

İnsanlar yaşamaq gərəkdiyini tam unudublar. Kimin buna vaxtı var ki? Hər kəs başqasına necə olmaq gərəkdiyini öyrədir, ancaq heç kim heç vaxt həyatından razı kimi görünmür. Əgər insan yaşamaq istəyirsə bir qaydanı rəhbər tutmalıdır: hər şeyi olduğu kimi qəbul etmək və özünü olduğu kimi qəbul etmək. Yaşamağa başlayın. Gələcəkdə hardasa sizi gözləyən gözəl bir həyat üçün özünüzü hazırlamayın.Dünyadakı bütün əzablar insanın yaşamağı tamam yaddan çıxardığı üçün var. Görmürsünüzmü ki, siz yaşamaqdan başqa hər işlə məşğul olursunuz.

Buna da bax: Filosofla sosial şəbəkələr, şərq fəlsəfəsi, müasir həyatın sürəti haqda söhbət

*

Həqiqi ruhani adamın ilk prinsipi özünü olduğu kimi qəbul etməkdir. Sizin əsl zəvvarlığınız elə burdan başlayır.

*

Əzab çəkmək üçün böyük əzmkarlıq göstərmək lazımdır. Elə buna görə üzünüzdən yorğunluq yağır.

Əzabları qoruyub saxlamaq həqiqətən də müşkül işdir. Çünki bununla siz Təbiətin əleyhinə gedirsiniz. Həyatınızı gözəl olan şeylərə həsr edin. Onu çirkinliklərə xərcləməyin. Axı vaxtınız elə də çox deyil. Həyatı kədərə, qəzəbə, nifrətə və qısqanclığa sərf etmək ağılsızlıqdır. Həyatı Sevgiyə həsr edin, yaradıcılığa həsr edin.

*

Bütün o dinlərin işi-gücü düşüncənizi sıradan çıxarmaqdır, ona görə də onlar sizə ətrafdakıların fərqində olmağı, anlamağı öyrətməyib. Bütün bunların yerinə qəzəbin pis bir şey olduğunu öyrədib, vəssalam. Qəzəblənib mühakimə etməyə başlayanda isə, artıq şüurunuzda müəyyən önyarqılar yaranmağa başlayır. Sənin öz rəyin formalaşır, belə olan halda min də çalışsan dərk edə bilməzsən.Dərk etmək üçün mühakiməsizlik vəziyyətinə düşmək vacibdir. Bütün dinlər isə insanlar nəyin yaxşı, nəyin pis, nəyin günah, nəyin savab olduğunu öyrətməklə məşğuldur, bütün bunlar yüz illərdir insan ağlını zəncirdə saxlayan cəfəngiyyatdır. Siz nəyə baxsanız dərhal içinizdə onula bağlı mühakimə yürüdürsünüz. Siz ətrafınıza bir nəzər salıb, ötüb keçə bilmirsiniz, bir güzgü kimi, heç nə dillənmədən sadəcə hər şeyi əks etdirə bilmirsiniz.

Siz ancaq güzgüyə çevriləndə dərk etməyə başlayacaqsınız.

Mən sizə hansısa əxlaqi qaydaları diktə etmirəm. “Nəyin yaxşı, nəyin pis, nəyin əxlaqi, nəyin qeyri-əxlaqi olduğunu” demirəm. Sizə bircə kriteriyanı öyrədirəm: dərk etmək.

Bir işi dərk edərək görürsünüzsə, o doğru iş olmalıdır, axı şüurlu başla səhv heç nə edə bilməzsiniz.

*

Xoşbəxtlik əldə olunmalı bir şey deyil. O artıq mövcuddur, siz doğulanda sizinlə gəlir. Biz onu itirməmişik, sadəcə onun yanından ötüb özümüzü belə unutmuşuq. O sadəcə arxada qalıb, yüngülvari dönüş etsəniz, böyük inqilablar baş verər.

*

Osho öz məbədində davamçıları ilə birlikdə.
Osho öz məbədində davamçıları ilə birlikdə.

Ancaq bir başlanğıc qorxu mövcuddur. Bütün qalan qorxular həmin başlanğıc qorxudan doğub. Bu başlanğıc qorxunun adı özünü itirmək qorxusudur. Fərqi yoxdur ölüm olsun, sevgi olsun, qorxu həmin qorxudur.

Siz özünüzü itirməkdən qorxursunuz. Ən qəribəsi isə artıq özündə olmayanlar özünü itirməkdən qorxurlar. Özünü tanıyan və bilənlər isə bu qorxunun nə olduğunu bilmir.

*

Sizi olduğunuz kimi qəbul edirəm, amma bu o demək deyil ki, həmişə olduğunuz kimi qalmalısınız. Sizi olduğunuz kimi sevirəm, sizi belə böyük potensiala, böyük imkanlara görə sevirəm, ona görə sevirəm ki, azca səy göstərsəniz öz daxilinizdəki işığı üzə çıxara bilərsiniz.

Kim olursunuzsa olun, bundan zövq alın. İndi olduğunuzdan böyük mənsəblər də var, onlara da can atmaq lazımdır. Siz pilləkanın ilk pilləsindəsiniz və bu əla bir şeydir, axı əgər ilk pilləyə ayaq qoymasanız, ikinciyə necə keçəcəksiniz, sonuncuya, ən yuxarıya necə çıxacaqsınız?

*

Özbaşınıza olmağa çalışın vəssalam. Unutmayın: özbaşına olmağı bacaran adam heç vaxt təklikdən əziyyət çəkmir.

Buna da bax: "Dəliliyin tarixi"ni yazan Michel Foucault onu öz tərcümeyi-halı adlandırırdı...

*

Əgər elə bu dəqiqə dəyişməsən, heç vaxt dəyişməyəcəksən. Özünə sonsuz vədlər vermək lazım deyil... Sən ya dəyişəcəksən, ya da yox, ancaq bu işdə də dürüst olmaq lazımdır.

*

Sən ya həqiqəti bilirsən, ya da bilmirsən. Onun haqda fikir yürütmək, onu fəlsəfi analiz etmək mümkünsüzdür. Bu tam absurd və boş işlərdir. Bu lap korun işıq haqda düşünməsi kimidir, bu düşüncələr koru işığa çıxarmayacaq. İstəyir o dahi olsun ya da böyük məntiqçi olsun, heç bir xeyri yoxdur. Burda məntiq və dahiliyin bir faydası yoxdur: işığı görmək üçün sadəcə gözə ehtiyac var. İşıq haqda düşünmək faydasızdır, onu sadəcə görmək lazımdır. İşığın haqqında düşünmək deyil, onu duymaq lazımdır.

*

Sənə bir əxlaq qaydası öyrədəcəm: heç vaxt öz təbiətinə qarşı getmə. Qoy bütün zamanların, bütün buddaları və xaqları sənə etiraz etsinlər, fikir vermə. Onlardan sənə nə. Onlar özləri üçün doğru bildiklərini edirlər, sənsə özün üçün doğru bildiklərini et. Bəs onda doğru olan nədir? Bunu heç bir müqəddəs mətn bizə deməyib. Bunu heç bir zahiri kriteriyalarla izah etmək mümkün deyil. Artıq anla ki, cəmi bir daxili kriteriya var: səni xoşbəxt edən hər şey yaxşıdır.

*

Özünlə harmoniyada olmaq baş verəcək hər şeylə barışmaq deməkdir.

*

Özünü olduğun kimi qəbul et, “olmalı” olanların hamısını at getsin. Heç bir “olmalı”nı özünə yaxın buraxma. Sən başqası olmaq üçün doğulmayıbsan.

Hazırladı: Namiq Hüseynli

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG