Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:28

Milorad Paviç: 'Pis şeyləri tez unudan uşaqlar kimi olmalıyıq'


Serb yazıçısı Milorad Pavic

Serb yazıçısı Milorad Pavic

-

Milorad Paviç: «Pis şeyləri tez unudan uşaqlar kimi olmalıyıq»

«Gecə vaxtı yataqda yazıram»

Ustadın çalışdığı Serbiya Elmlər və Sənətlər Akademiyası Belqradın mərkəzi küçəsində yerləşir. Qədimi binanın girişindəki lövhələrə çoxsaylı akademiklərlə yanaşı Paviçin də adı həkk edilib. Moskvada isə daha irəli gediblər – serb yazıçısına bu yaxınlarda heykəl qoyublar. Paviçin mədəniyyətə töhfəsini belə qiymətləndiriblər – axı «Xəzər sözlüyü» onlarla dilə, o cümlədən rus dilinə tərcümə olunub.

Nəhəng kabinetində yazıçını dərhal tapmaq olmur: yazı masası boşdur; yumşaq kürsülərlə əhatələnmiş ikinci masa da boşdur. Qədimi mebel, heykəllər, kitab şkafları – bax, elə bu şkafların birinin önündə yazıçı kitabları yerbəyer edir.

Milorad Pavic iş otağında.

Milorad Pavic iş otağında.

Milorad Paviç qəlyan çəkərək xatirələrə dalır: «Mənim uşaqlığım İkinci dünya müharibəsinə təsadüf edib. Aclıq idi. Belqradda çoxlu kafe və restoranlar olan bir küçə var idi, həmin küçə boyu tramvay keçirdi. Tramvay kafe və restoranlara o qədər yaxından keçirdi ki, sərnişinlər boşqablarda yeməkləri görə bilərdilər. Biz dostlarla tez-tez bu tramvaya minərdik – yeməklərə doyunca tamaşa etmək üçün. Sonra almanlar bizim şəhəri işğal etdilər. Bir dəfə evdən çıxarkən sənədləri götürməyi unutmuşdum, buna görə az qala məni güllələyəcəkdilər.

Buna da bax: "Bir günün içində ən çox oxunan yazara çevrildim”

Həyatım boyu iki müharibədən keçmişəm. Xoşbəxtlikdən, heç birində əlimə silah almalı olmamışam. Birinci müharibə zamanı çox gənc idim, ikincisində isə artıq qocalmışdım».

Mən dünyanın ən nifrət edilən xalqının ən məşhur yazıçısıyam.

Dərhal anlayıram ki, yazıçı on il əvvəl NATO tərəfindən Belqradın bombardmanından danışır. Düz bir ay serblərin üzərinə fasiləsiz yağan bombaların izlərinə şəhərdə indi də rast gəlmək olar. «Mən dünyanın ən nifrət edilən xalqının ən məşhur yazıçısıyam», – Paviç ürəyində deyəcək. «Siz amerikalıları əfv etmisiz?» – «Bir dəfə almanlar az qala məni öldürəcəkdilər, bir neçə onillik sonra isə mən onlarla alman şəhərində öz kitablarımın təqdimatını keçirirdim. Pis şeyləri tez unudan uşaqlar kimi olmalıyıq».

Rus tazısının küçükləri

«Gəncliyimdə günün istənilən saatı yaza bilirdim. İndi daha çox yataqda, gecə vaxtı, fikrimdə yazıram. Bəzən bir uğurlu cümləni, bədii tapıntını unutmaqdan qorxuram, dərhal yerimdən qalxıram, onu karandaşla dəftərə yazıram ki, daha sonra kompüterə köçürüm».

Paviçin romanlarının birinin qəhrəmanı XX əsrdə yaşayır, amma öz ruhuna görə heç də yaşadığı zəmanəyə uyğun gəlmir. Ona görə bütün günlərini kitabxanada, XIX əsrin tozlu qəzetlərini oxuyaraq keçirir və bu yolla özünü xoşbəxt hiss edir. Paviç də ömrünün ilk yarısını ruhuna heç uyğun olmayan kommunist Yuqoslaviyasında yaşayıb, ona görə günlərini kitabxanalarda, intibah və barokko dövrünün serb ədəbiyyatını araşdırmaqla keçirib. Daha sonra Paviç serb ədəbiyyatının bu dövrlərindən nəinki öz ölkəsində, həm də Fransanın Sorbonn universitetində böyük uğurla dərs deyəcəkdi. Yazıçının xəzərlərə marağı da məhz bu zaman yaranıb.

Milorad Pavicin Azərbaycan dilinə çevrilmiş "Xəzər sözlüyü" kitabı.

Milorad Pavicin Azərbaycan dilinə çevrilmiş "Xəzər sözlüyü" kitabı.

Paviçin sözlərinə görə «Xəzər sözlüyü» az qala iyirmi il onun fikirlərində yaşayıb, növbəti yeddi ildə romanı kağıza köçürüb, əlyazma isə 1984-cü ildə artıq hazır idi. Romandakı əksər məqamlar yazıçı təxəyyülünün məhsuludur. Məsələn, «Xəzərlərin paytaxtında bir məkan var idi; əgər iki yad insan burada biri-birinin yanından keçsəydi, sanki öz aralarında papaqlarını dəyişirmiş kimi öz adlarını və talelərini dəyişərdilər və başqasının həyatını yaşamağa davam edərdilər».

Paviç əlyazmanı öz ölkəsində altı nəşriyyata təqdim etmişdi və onlardan yalnız biri kitabı dərc etməyə razılaşmışdı. «Və inanılmaz hadisə baş verdi, – yazıçı nəql edir. – Kitab rəflərdən yoxa çıxdı. İkinci tiraj çap olundu, o da satılıb qurtardı. Bu, yeddi dəfə təkrarlandı və bir gün mən yuxudan məşhur yazıçı kimi oyandım». Tezliklə New York Times iki bütöv səhifəsini «Xəzər sözlüyü»nə həsr edəcəkdi. Fransızların Paris Match jurnalı da öz heyranlığını gizlədə bilmirdi. «O, bizim yuxularımız kimi yazır!» – tənqidçilər bir ağızdan deyirdilər.

Buna da bax: Milorad Paviçin əsəri Azərbaycan dilində

«Amerikalı jurnalistə verdiyim ilk müsahibə yadıma gəlir. O, ABŞ-dan zəng etmişdi və məndən soruşdu: «Siz indi nə işlə məşğulsuz?» Mən də cavab verdim: «Elə indicə evimdəki rus tazısı balalayıb, ona mamaçalıq edirdim. Bax, heysiz ana burada uzanıb, yanında da səkkiz küçüyü qaynaşır». Müxbir xeyli təəccübləndi, ancaq dediyim kimi də yazdı. Elə həmin il iri amerikan nəşriyyatı mənimlə müqavilə bağladı. Onların emblemi bilirsiz nə idi? Rus tazısı! Yazıçı məni kitab şkafına tərəf aparır, «Xəzər sözlüyü»nün ilk ingilisdilli nəşrini götürür və mən kitabın üzərində qıvraq rus tazısının siluetini görürəm.

Tox sənətkar

Yazmışdım ki, macarlar dünyanın ən oğru xalqıdır. Sonra Macarıstana kitabımı təqdim etməyə getdim və elə ilk gün portmanatımı oğurladılar.

Paviç öz həyatında gerçək faktlarla özünün uydurduğu əhvalatların necə qaynayıb-qarışdığına hər zaman təəccüblənir. Bəzən bu, yumoristik ton da alır: «Yazmışdım ki, macarlar dünyanın ən oğru xalqıdır. Sonra Macarıstana kitabımı təqdim etməyə getdim və elə ilk gün portmanatımı oğurladılar». Yaxud da mistik: «Romanlarımın birində Serbiyanın məşhur qadın monastırlarından biri haqqında yazmışdım, guya Şeytan monastıra girib. Əslində mən o monastırda heç vaxt olmamışdım. Şeytan məsələsini də özüm uydurmuşdum. Bir dəfə həyat yoldaşım Yasmina ilə ölkə boyu səyahət edirdik. Təsadüfən həmin monastıra gəlib çıxdıq. Ehtiyatla darvazanı döydüm. Bizi baş rahibə qarşıladı, məni tanıdı, monastıra qonaq dəvət etdi. Eyvanda çay içirdik ki, qəfildən rahibələrdən biri dedi: «Baxın, bu daşı görürsüz? Şeytan orada oturmuşdu»».

Öz ikinci nikahından – gənc yazıçı Yasmina Mixayloviç ilə evliliyindən Paviç əsl centlmen kimi xəsisliklə danışır, təfərrüatlara varmır: «Xanım qız mənim haqqımda kitab yazmaq istəyirdi, beləcə də tanış olduq». Yasmina isə əksinə, emosiyalarını gizlədə bilmir. Yasmina avtobioqrafik romanında (Paviç mənə bu kitabı hədiyyə edir) Parisə səfərlərini təsvir edir: «Mən M. (Milorad Paviç. – red.) ilə mağazaya daxil olanda, satıcı qızlar bizi mənalı-mənalı süzürdülər, istehza ilə dodaqları qaçırdı. Onlar bizi qoca sponsor və onun cavan məşuqəsi hesab edirdilər. Mən onlara nə deyə bilərdim? Necə deyərdim ki, mən serb yazıçısıyam, 32 yaşım olanda başqa bir serb yazıçısına dəlicəsinə aşiq olmuşam? O da məndən 31 yaş böyükdür? Biz on üç ildir ki, Belqradda xoşbəxt ailə həyatı yaşayırıq? Bu gənc fransız qızlar bir kənara, bunu hətta serblər də başa düşmür!» Elə həmin kitabda Yasmina ötəri qeyd edir ki, Parisdəki mənzillərini böhran səbəbindən satmalı olublar. «Mən naşükür deyiləm, mənim hər şeyim var, – Paviç deyir. – Amma məşhur yazıçıların sərvəti haqqında şayiələr çox şişirdilmiş olur. Bir dəfə kitab yarmarkası zamanı əcnəbi naşirlərim məni şam yeməyinə dəvət etdilər. Və orada mənə dedilər: «Dünya şöhrəti sənin, pullar isə bizim»».

İnanın, sənətkar tox olsa, çox yaxşı olar. Ən yaxşısı, siz bunu müzakirə edin: sənətkar ailə qurmalıdır, ya yox.

«Bəs rusiyalı naşirlər necə?» – soruşuram. «Ah, onların pulu olanda mənə də qonorar verirdilər. Sonra ödənişlər dayandı, amma kitablarımın çapı davam edirdi. İndi isə mən etibarlı nəşriyyatla əməkdaşlıq edirəm. Bir də Rusiya teatrları mənim pyeslərimə görə yaxşı pul verirlər».

«Biz Rusiyada tez-tez müzakirə edirik: sənətkar ac olmalıdır, yoxsa tox?» Paviç gecikmədən cavab verir: «İnanın, sənətkar tox olsa, çox yaxşı olar. Ən yaxşısı, siz bunu müzakirə edin: sənətkar ailə qurmalıdır, ya yox. Bu məsələdə əmin deyiləm. Bəli, mən öz həyat yoldaşımı çox sevirəm, amma mənim həyatımda ədəbiyyat birinci yerdə dayanır».

Müsahibə: Mariya Pozdnyakova,

Mənbə: АиФ​

Günün bütün mövzuları

XS
SM
MD
LG