Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:58

Sahilə İbrahimovanın yeni romanından [Parça]


Sahilə İbrahimova
Sahilə İbrahimova

-

"Çəkim azdı, boyum da balaca, gödək qadınlar hündürlərə nisbətən cavan qalır.

Bizi çevrilişdə ittiham edirdilər. Məni, ərimi, bir də şairi..."

Gənc yazar Sahilə İbrahimovanın yeni çapdan çıxmış "Çevriliş" romanından parça

Səni sevmək çətindir, Vətən
Bilirsən səni sevmək
bu saat nəyə bənzər?
Zorlanmış bir qızı sevməyə bənzər.
O sevgidən için-için
gizlicə yanar adam.
Amma açıb deməyə
qorxar, utanar adam.

Ramiz Rövşən


Otuz altı yaşım tamam olsa da, qızlığımdan çox şey saxlamışdım. Çəkim azdı, boyum da balaca, gödək qadınlar hündürlərə nisbətən cavan qalır.

Bizi çevrilişdə ittiham edirdilər. Məni, ərimi, bir də şairi. Bir də deyirdilər Brandonu mən öldürmüşəm.

Niyə şübhəli bilinmişdik? Necə olmuşdu yaşadığımız həyat bizi üsyankara
çevirmişdi? Hər şeyi yada salmaq, uyğunlaşdırmaq üçün qeydlər edirdim, yaxşı alınırdı.

Yox, yazıçı olmağa cəhd eləməmişəm. Həmişə yazıçıların qabağına keçib,
“bir müddət dayanın, heç nə yazmayın, kitabxanalarda qalaqlanan kitabları oxuyub qurtaraq, sonra davam edərsiz” - demək istəmişəm. Yeni yazıçıların peyda olmağına qarşı çıxa-çıxa özüm necə onların sırasına qoşula bilərdim? Məndən şair də çıxmazdı.

Gözdən iraq dənizlərin fırtınasından, heç vaxt ayaq basa bilməyəcəyim ölkələrin sərt küləyindən götürüb içinə bir çimdik sevinc, qucaq-qucaq insan əzabı töküb şeir yazacaq istedadım yoxdu. Di gəl, yazmaq həmişə xoşuma gəlib. Yeni əsər yazmadan yazana çevrilməyin ən yaxşı yolu çevirən olmaqdı.

Bu səbəbdən şair narıncı üzlü nazik kitabı azərbaycandan ingilisə çevirmək üçün mənə verəndə, həvəslə razılaşdım. Çevriliş o biri üzün üzə çıxmağıdır.

Çevrilib çevirici üzümü üzə çıxartdım. Dindirmədə dəqiq suallara cavab verməli olurdum:

"O gün nə işlə məşğul olmusan? Saat neçə idi? Saat, saat neçə idi? Xatırlamağa çalış, bu ondan əvvəl oldu, yoxsa sonra? Günün hansı vaxtında, saat neçədə?" Əvvəlcə dəqiq suallar qarşısında özümü itirir, sonra çətinliklə yaddaşımı eşələməyə girişirdim. Bəzən saat məsələsi məni hirsləndirirdi. Laklı dırnaqlarımın kənarlarını didişdirə-didişdirə "bilmirəm, xatırlamıram, axı mən tərpənən kimi saata baxmırdım. Iki dəqiqədən bir saata niyə baxmalı idim ki? Sizin məntiqinizə görə mən bir az yaşayan kimi saata baxmalı idim! Bir az yaşayırsan, saata baxırsan, yaşayırsan saata baxırsan…" - deyə çəmkirirdim.

Tez-tez sinəmi qaşıyır, yanağımdakı xırda sızanağı əlləşdirirdim. Başımı tərpətdikcə, boynumun ardına vurduğum Casamorati ətrinin vanilli şirin iyi ətrafa yayılırdı. Güclə özümü sakitləşdirib yenidən təmkinlə suallara cavab verməyə davam edirdim. Danışdıqca sol qaşım fasiləsiz qalxıb-enir, yanaqlarım pörtür, dodaqlarım istidən qızarır, daha dolğun görünürdü.
Hərdən dindirmənin ortasında baxışlarımı pəncərədən görünən həyata sarı yönəldirdim: göydə konturları dəqiq bilinən günəş olardı, elə bil Tanrı onun şəfəqlərini ovuclayıb saxlayardı. Quşların işi çox idi. Çalışıb yuva tikir, içinə yem yığırdılar. Sonra bala çıxaracaqdılar. Sonra balaları ilə birgə uçub, onlara sərbəst yaşamaq öyrədəcəkdilər. Fəhlələr əlcəklənmiş barmaqları ilə daşları, qum kisələrini bir-birinə ötürür, kasıb məhəllənin bitişik evləri sıralanardı. O evlərdə yaşayanların vaxtında sevinib, vaxtında kədərlənən, zamanında
evlənib uşaq dünyaya gətirən, çox güman, elə vaxtında - nə tez, nə gec, öləcək adamlar olduğunu yəqinləşdirmişdim.

Quşlara bənzəyirdilər. Yuva qurur, uşaq dünyaya gətirirdilər. Bircə, övladlarının çox uzağa getməsindən ehtiyatlanır, yanyörələrində dolanmalarını arzulayırdılar.

Cığallıq eləmirdilər. Allah onlardan arxayın idi, hoqqa çıxarmayacaqlarını bilirdi.

Mən də belə bəndələrdən idim? Mənim də səsim bərk çıxmırdı, mən də çox
şey istəmirdim. İndinin özündə də hər şeyi yavaş eləyirəm. Yavaş danışıram, yavaşyavaş sevirəm, yavaş-yavaş kimisə, nəyisə sahiblənirəm.

...deyiləm. Allahın arxayın olduğu bəndələrdən deyiləm. Heç vaxt olmamışam.
Çarpaz dindirilirdim. Çarpaz dindirmədə həyatın altını üstünə çevirirlər. Başdan başladım. Çoxdankı mənlərdən danışdım.

XS
SM
MD
LG