Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:03

Praqada “Azərbaycan Möcüzəli Odlar Yurdu” sərgisi açıldı


Azərbaycan sərgisi, Çexiya

Azərbaycan sərgisi, Çexiya

-

Praqadakı Çexiya Milli Muzeyinin binasında “Azərbaycan Möcüzəli Odlar Yurdu” (“Azerbaijan–magical land of fire”) adlı sərginin açılış mərasimi keçirilib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Azərbaycanın Çexiyadakı səfirliyinə istinadla yaydığı xəbərə görə, tədbir AMEA Milli Azərbaycan Tarixi Muzeyinin, Çexiya Respublikası Milli Muzeyinin təşkilatçılığı və Çexiyadakı Azərbaycan səfirliyinin dəstəyi ilə reallaşıb.

Açılışda Çexiya Milli Muzeyinin direktoru Mixal Lukeş, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və Azərbaycanın bu ölkədəki səfiri Fərid Şəfiyev mədəni əlaqələrin inkişaf etdirilməsinin ölkələr və xalqlar arasında körpü rolunu oynadığını söyləyiblər.

Tədbirdə Çexiya Respublikasının xarici işlər, mədəniyyət nazirlikləri və digər dövlət qurumlarının nümayəndələri, eləcə də, bu ölkədə akkreditə olunmuş diplomatik korpusların təmsilçiləri, çex və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Çıxışlardan sonra, səfirliyin əməkdaşları Nigar Əfəndiyeva və Tural Gəncəliyevin Üzeyir Hacıbəylinin “Sənsiz” romansını tar və fortepianoda canlı ifa etməsi iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonra tədbir iştirakçıları üçün Azərbaycan milli mətbəxinin yeməkərindən ibarət ziyafət verilib.

Çexiya Milli muzeyində Azərbaycan tarixi və mədəniyyətinə aid eksponatlar, milli musiqi alətləri, geyim və zinət əşyaları, arxeoloji tapıntılar, habelə qədim pul əskinazları və digər dəyərli əşyalar nümayiş etdirilib.

Sərgiyə gələn iştirakçılar üçün Azərbaycanın mədəniyyəti və tarixi haqqında müxtəlif nəşrlər, o cümlədən çex dilində nəşr edilmiş “İrs” jurnalı, digər məlumat kitabçaları və broşürlər paylanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG