Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:47

“Putinin Pugachev-u” İnterpolun axtarışına verildi


Vladimir Putin və Sergei Pugachev, 28 iyun, 2000-ci ildə.

Vladimir Putin və Sergei Pugachev, 28 iyun, 2000-ci ildə.

Britaniya mətbuatı yazır ki, bir vaxtlar "Rusiya prezidentinin bankiri” kimi tanınan Sergei Pugachev-un adı İnterpolun axtarış siyahısına daxil edilib.

Britaniya mətbuatı xəbər verir ki, bir vaxtlar Rusiya prezidenti “Putinin bankiri” kimi tanınan Sergei Pugachev-un adı İnterpolun axtarış siyahısına daxil edilib.

Bu da xəbər verilir ki, Rusiya liderinin müttəfiqindən onun düşməninə çevrilmiş Pugachev hazırda Londondadır və hələ də bank hesabından pul çıxarmaq imkanı var.

“The Guardian” qəzeti yazır ki, sərvəti “Forbes” jurnalının varlılar siyahısında 2 milyard dollar civarında göstərilən Sergei Pugachev-un İnterpolun siyahısına düşməsinə,mühacirətdə yaşayan oliqarxla onun Kremldəki himayədarlarının arasında baş vermiş ixtilaf səbəb olub.

O Rusiyadan, biznesinin zorla əlindən alınması üçün cəhdlər edildiyini bildirərək qaçmışdı.

Lakin Pugachev ölkədən qaçdıqdan sonra nəinki susmayıb, əksinə, son həftələrdə Vladmir Putin-i və Rusiyanın siyasi sistemini kəskin tənqid edən müsahibələr verib.

10 min funt sterlinq “cib xərci”

Rusiya oliqarxının hazırda Londonda olduğu güman edilir. Ötən iyul ayında London məhkəməsi Rusiya təsviyyəçisi ilə Pugachev arasındakı çəkişmənin nəticəsi olaraq oliqarxın mülkiyyətinin dondurulması barədə qərar vermiş, lakin Pugachev-a öz hesabından həftədə 10 min funt sterlinq “cib xərcliyi” çıxarmaq icazəsi vermişdi.

Mətbuat yazır ki, əvvəllər Rusiyanın keçmiş prezidenti Yeltsin-lə yaxın olmuş Pugachev sonradan Putinin də yaxın çevrəsinə daxil ola bilmişdi.

Onun maraqlar paketi tikinti, bank və gəmiqayırma kimi sahələri əhatə edir.

Yeni Pugachev “üsyanı”

Lakin bir müddət də senator olmuş Pugachev-un bəxti 2010-cu ildən tərsinə dönməyə başlayıb.

Həmin vaxt onun sahibi olduğu bank borca düşmüş və lisenziyasından məhrum edilmişdi.

Rusiya prokurorluğu Pugachev-u bank hesabından şəxsi məqsədləri üçün vəsait oğurlamaqda ittiham edir.

Pugachev bu ittihamları rədd edir və bildirir ki, ona qarşı ittihamlar mülkiyyətinin əlindən alınması üçün qondarılıb.

“Bu gün Rusiyada xüsusi mülkiyyət yoxdur.Orada yalnız Putinə məxsus təhkimlilər var” – deyib Pugachev “Financial Times” qəzetinə verdiyi müsahibədə.

Putin “istəyirəm” deyirsə...

“Time” jurnalına verdiyi başqa bir müsahibədə isə oliqarx belə deyir: “Əgər Putin deyirsə ki, nəyisə “almaq istəyirəm”, sən ona deyə bilməzsən ki, “mən həmin şeyi satmıram”. O deyəndə ki, “mən bunu almaq istəyirəm”, sən gərək deyəsən ki, “çox sağ ol ki, əlimdən zorla almırsan”.

Bu ay Pugachev-un vəkilləri Londonda Ali Məhkəməyə bildiriblər ki, oliqarxın mülkiyyəti dondurulandan sonra onun ixtiyarında yalnız 70 milyon dollar vəsaiti qalıb.

İnterpolun saytındakı elanda deyilir ki, Pugachev Rusiya hakimiyyət orqanları tərəfindən qanunsuz mənimsəməyə görə axtarışa verilib.

Uzaqbaşı Londonda dükan işlətmək olar

Bununla belə, “The Guardian” yazır ki, Britaniya cətin, oliqarxı İnterpolun tapşırığı ilə həbs və ya Rusiyanın tələbi ilə ekstradisiya etsin.

Rusiyanın belə ricaları əvvəllər də bir qayda olaraq “siyasi motivli” kimi rədd edilib.

Buna misal olaraq Putin-in daha qüdrətli müttəfiqi olmuş mərhum Berezovsky-nin ekstradisiya tələbinin rədd edilməsini göstərmək olar.

Rusiya həmçinin ölkədən qaçmış mobil telefon maqnatı Yevgeny Chichvarkin-i Londondan geri ala bilməyib.

Biznesinin Rusiyada korrupsiyalı məmurlar tərəfindən əlindən alındığını iddia edən Chichvarkin hazırda Londonun bahalı Meyfeya hissəsində lüks şərab mağazasını işlədir.

Daha bir tarixi soyad - Tolstoy

Britaniya mediası yazır ki, Pugachev-ə gəldikdə isə,o, Rusiyada hakimiyyətə son dərəcə yaxın olsa da, adətən mətbuatdan gizlənib və diqqətdən yayınıb.

Bununla belə, onu əsasən qatı pravoslav baxışlarına və BBC-nin keçmiş televiziya aparıcısı və məşhur romançının törəmələrindən olan Alexandra Tolstoy-la əlaqələrinə görə tanıyırlar.

Pugachev Alexandra ilə görüşməyə başlayanda hələ evli idi. Elə Alexandra-nın da kazak atlarının təlimçisi olan keçmiş əri aparıcını onu Moskva mənzilindən çıxarmağa cəhd etdiyinə görə məhkəməyə vermişdi.

Prezidentin iqtisadiyyatdan başı çıxmır

İndi isə Rusiya hakimiyyətinin gözündən tamamilə düşmüş Sergei Pugachev Kremlin və Putin-in qatı tənqidçisinə çevrilib.

O mətbuata müsahibələrində prezident Putin-in “zehni qabiliyyətini” dolamaqdan çəkinmir və onun “iqtisadiyyatdan başı çıxmayan birisi” olduğunu söyləyir.

“Vladimir Putin iqtisadiyyatdan heç nə qanmır. Hesabatları oxumaq onun üçün maraqsızdır. Onun aşkar şeylərdən xoşu gəlir: “Rusiya irəliləyir və ya hər şey yaxşıdır”. O baş verənlər barədə dərin anlayışa malik deyil – deyir Pugachev “Times” müxbirinə, - Putin-in həndəvərindəkilər bilirlər ki, o yaxşı xəbərləri xoşlayır və onlar da ona həmişə yaxşı xəbərləri gətirirlər. Nə baş verirsə, hamısı yaxşıdır. Təki onun kefi kök olsun”.

Putin televizora baxmağı xoşlayır

“The Guardian” yazır ki, Pugachev Putin-i, o hələ 1996-cı ildə prezident administrasiyasında işləmək üçün Sankt-Peterburqdan paytaxta gətiriləndən tanıyır. Pugachev deyir ki, “o vaxt bu çəlimsiz bürokratın Rusiyanın hakimi olacağını ağla belə gətirmək mümkün deyildi”.

“Onun masasının üstündə həmişə iti yonulmuş karandaşlar, ağ vərəq və qəzet olardı, - deyə xatırlayır oliqarx, - Masanın üstündə bircə dənə də olsun sənəd görməzdin. Mən on ildir ki, siyasətdəyəm və çox vəzifəli adamlar görmüşəm. Onların masalarının üstündə tonlarla kağız-kuğuz olurdu. Onlar həmişə nə isə edirdilər. Bu isə sakitcə otururdu, tək-tənha. Nə bir iclas, nə bir yığıncaq. Bütün günü oturub televizora baxırdı. Televozora baxmağı doğrudan da çox xoşlayır”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG