Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:03

-

Gəncədə tanınmış nəsil olan Şeyxzamanlıların üzərindən xalq düşməni damğası 1998-ci ildə götürülüb. Həmin vaxtdan Gəncədə Şeyxzamanlılarla yanaşı cümhuriyyətin qurulmasında rolu olan bir neçə nəsil ailəni «cümhruiyyət qurucuları» adı ilə mükafatlandırdılar.

Nizami Gəncəvi

Nizami Gəncəvi

Gəncədə Şeyxzamanlılar deyəndə ilk olaraq Nizami Gəncəvi yada düşür. Nizami Gəncəvi öz əsərlərində də Şeyxzamanlılardan geniş bəhs edib. Məlumata görə, Nizami Gəncəvi Şeyxzamanlıların 12-ci nəsli hesab edilir. Bu barədə «Nağı bəy Şeyxzamanlının xatirələri» adlı kitabda da bəhs edilib.

Şeyxzamanlı nəslinin 3 davamçısı yaşadıqları dövrdə Azərbaycan Cümhuriyyəti uğrunda fədakar mübarizə aparıblar.

Onlardan ortancıl qardaş İsrafil bəy Şeyxzamanlının hazırda tarixi hadisələrin baş verdiyi qədim mülkdə yaşayan qız nəvəsi Sevda Qurbanova danışır:

«MƏN SƏNƏ OĞUL BƏXŞ EDƏ BİLMƏDİM, İSTƏYİRSƏN EVLƏN»

«Bu ev çox qədimdir. Evin 200 ildən çox yaşı var. Bu evdə Saleh bəy Şeyxzamanlı ilə xanımı Məşədi Rüqəyya Şeyxzamanlının 9 qızları olur. Onların bir neçəsi dünyasını dəyişir. Rüqəyya xanım Saleh Şeyxzamanlının çox fikir etməsini, nəslinə davamçı istəməsini görüb,- «mən sənə oğul bəxş edə bilmədim, istəyirsən evlən»- deyir. Lakin Saleh bəy bununla razılaşmır. Sonra Allah onların səsini eşidir və bir-birinin ardınca 3 oğul bəxş edir. Məmmədbağır, İsrafil və sonuncu Nağı Şeyxzamanlı».

Sevda Qurbanova bu nəsil haqqında xatirələrə ara vermir:

«AĞIR VAXTLAR İDİ...»

Sevda Qurbanova

Sevda Qurbanova

«Böyük qardaş Məmmədbağır Şeyxzamanlı həyat yoldaşı Həcər xanımla Gəncədə xeyriyyəçiliklə məşğul olur. Gəncədə qızlar məktəbinin yaradılması istiqamətində fəaliyyət göstərirlər. İmamzadə türbəsi İsrafil bəy Şeyxzamanlıya məxsus olub. Ailənin işləri İsrafil bəyə həvalə olunmuşdu. Həmin vaxt inqilab baş vermişdi, Türk ordusu gəlirdi, ermənilərdən ibarət silahlı qüvvələr bizim ordunun əsgərlərini öldürürdü...ağır vaxtlar idi».

TARİX ŞƏKİLLƏRDƏ...

Evdə də o illəri əks etdirən, əsrlərin üstündən ötdüyü, köhnə böyüdülmüş şəkillər var. Bir tərəfdə Nağı bəyin digər tərəfdə qardaşlarının şəkilləri saxlanılır. O illərdən xatirə qalan köhnə lampa da öz yerini qoruyub saxlayıb.

Sevda Qurbanova anası Rəna Şeyxzamanlının xatirələrinə əsaslanaraq deyir ki, ailənin savadlı oğulları siyasi iradələrini layiqincə yerinə yetiriblər. Bu səbəbdən böyük qardaş Məmmədbağır Şeyxzamanlı Cümhuriyyət dövründə Milli Təhlükəsizlik Komitəsinin əks inqilabla mübarizə şöbəsinə rəhbər təyin edilir. Lakin xaraktercə ürəyi yumşaq olan Məmmədbağır Şeyxzamanlı bu vəzifəni bacarmadığını deyir. Sonra bu vəzifə Difai partiyasının üzvü olmuş qardaşı Nağı bəy Şeyxzamanlıya həvalə edilir. Bu təyinat Nağı bəyə çox ağır başa gəlir:

«MƏMMƏDBAĞIR BƏY GÜLLƏLƏNİR, İSRAFİL BƏY SÜRGÜN EDİLİR, NAĞI BƏY MÜHACİRƏTƏ GEDİR»

Arifə Şeyxzamanlı

Arifə Şeyxzamanlı

«Nuru Paşa ən ağır bir əməliyyatı ancaq Nağı bəyə tapşırır. Çox zülmlər görür. Sonra ailədə bir sürgünlük dövrü yaşanır. Məmmədbağır bəy güllələnir, Nağı bəy məcburi mühacirətə gedir. Ən ağır günlər İsrafil bəyə qismət olur. Onu sürgün edirlər. Onun şəhər meydanında edam olunmasını tələb ediblər. İnsanlar toplaşıb etiraz ediblər ki, o edam edilsə üsyan qaldıracaqlar. Günlərcə belə dirəniblər. Onu edam etməyiblər. Ancaq bu da ona asan başa gəlməyib. Anam o günlər barədə danışanda gözündən yaş axıdırdı. Sonra sürgündən qayıdıb, ancaq daha da ağır günlər keçiriblər. Anam danışırdı ki, hər gecə 3-də, 4-də atam sonuncu dəfə olduğu kimi hamımızla görüşürdü ki, bir də qayıtmayacağam. Səhərə yaxın gətirib qapının ağzına atırdılar. Sürgün vaxtı evdə heç nə qoymamışdılar. Bircə stol var idi, çarpayı da qoymadılar. Sürgünlüyü çox çəkmədi, əhali onu geri istədi».

Ağır itkilər olsa da ailə ayaq üstdə qalıb dirənib və yaşayıb. Digər nəvə Arifə Şeyxzamanlı deyir ki, sovet dönəmində uzun illər anası, babası və əmiləri barədə gənc nəsildən hər şeyi gizlədiblər:

«BİZ UŞAQ VAXTINDAN QORXU İÇİNDƏ YAŞAMIŞIQ»

«Biz uşaq vaxtından qorxu içində yaşamışıq. Az danışmağa çalışmışıq. Valideynlərimiz bizdən hər şeyi gizlədirdilər. Biz yaxınlaşan kimi sakit danışırdılar. İstəmirdilər ki, biz bilək. 1998-ci ildə Heydər Əliyev fərman verdi, babalarımızın adları reabilitasiya olundu. Artıq biz xalq düşməninin nəvələri kimi yox, Cumhuriyyətin qurucularının nəvələri kimi tanındıq. Son illər babamın quru canı olub, amma bütün xalq ona hörmət edib. Babam o vaxtlar ərzaq səbətini dul qadınlara göndərirdi, amma deyirdi deməyin mən göndərmişəm».

Bütün bu hadisələr böyük bir ziyalı nəsli pərəm-pərəm salıb. Arifə Şeyxzamanlı danışır ki, atalarının 4 bacısı sağ qalıb. Digərləri vaxtsız vəfat ediblər. Ancaq indi onlardan da bir xəbər-ətər yoxdur:

«HAMIMIZ PƏRƏN-PƏRƏN DÜŞMÜŞÜK»

Abdullah Gülün həmin evi ziyarət etdiyi zaman.

Abdullah Gülün həmin evi ziyarət etdiyi zaman.

«Hamımız pərən-pərən olmuşuq. Bir-birimizi tanımırıq. Anamı Bakıda həkimə aparanda səs düşürdü ki, Şeyxzamanlı gəlib. Deyirdilər Nizami Gəncəvinin qohumusunuz? Türkiyənin Bakıdakı səfiri, tur generallar, Abdulla Gül və digər qonaqlar gəlib evi ziyarət ediblər. Bu nəsil dahilər yetirmiş nəsildir».

BU NƏSLİN QƏBİRLƏRİ DƏ MƏHV EDİLİB...

Onların bir gileyi də İmamzadə türbəsində olan Şeyxzamanlıların sərdabəsinin yerlə yeksan edilməsidir:

«Qohum əqrəbalarımızı itirmişik, o öz yerində. Üstəlik də qəbirlərini itirmişik. Əziz günlərdə bilmirik onları harada ziyarət edək. İmamzadədə nəslimizin qəbirləri var idi. Anamın, babamın, dayılarımın, bibilərimin qəbirləri idi. Hamısını yox ediblər. Orda da kimsəmiz qalmadı, yox elədilər».

Şərhləri göstər

XS
SM
MD
LG