Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:18

Avtomobillərə aksiz vergisi nə vəd edir?


Aksiz vergisi bütün avtomobillərə tətbiq ediləcək

Aksiz vergisi bütün avtomobillərə tətbiq ediləcək

Gələn ildən Azərbaycana idxal edilən avtomobillərdən aksiz vergisi tutula bilər. Belə bir təkliflə Vergilər Nazirliyi çıxış edir. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Fariz Səmədovun dediyinə görə, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə bu məsələ öz əksini tapıb və həmin təkliflər baxılması üçün artıq Nazirlər Kabinetinə təqdim olunub. Cənab Səmədov deyir ki, nazirlik aksiz vergisinin avtonəqliyyat vasitələrinin mühərrikinin həcmindən asılı olaraq tətbiq edilməsini təklif edib. Belə ki, mühərrikinin həcmi 3 min kubsantimerə qədər olan avtomobillər üçün vahid, bundan yuxarı olanlar üçünsə müxtəlif qiymətlər tətbiq ediləcək. Hazırda aksiz vergisinə cəlb olunan mallar siyahısına neft məhsulları, alkoqollu içkilər və tütün məmulatları daxildir. Nazirlikdə təkliflərin detallarından açıq danışılmasa da, yerli televiziyaların Maliyyə Nazirliyinə istinadən yaydığı məlumatlara görə, hökumətə təqdim edilən təklifə görə, mühərrikinin həcmi 3 min kubsantimetr olan avtomobillər hər kub santimetrə görə 50 qəpik aksiz vergisinə cəlb olunacaq. Mühərrikinin həcmi 3 mindən 4 min kubsantimetr arasında olan avtomobillər üçün 50 qəpikdən əlavə, hər kubsantimetrə 2 manat aksiz vergisi tutulacaq.
«Avtomobil bahalaşırsa, deməli, ehtiyat hissələri də bahalaşacaq, bundan başqa, xidmət də əvvəlki kimi qalmayacaq. Bir sözlə, bundan sonra Azərbaycanda maşın almaq, maşın sürmək bahalı bir işə çevriləcək»
Mühərrikinin gücü 4 min kubsantimetrdən yuxarı olan avtomobillərdən isə hər kubsantimetrə görə 4 manat aksiz vergisi tutulacaq. Mühərrikin həcmi artdıqca bu məbləğ də artmaqda davam edəcək. Məsələn, aksiz vergisinin tətbiqindən sonra indiyə qədər Almaniyadan Azərbaycana gətirilən «Mersedes-600» markalı avtomobillərin qiymətində 1000, «QAZ-31» markalı avtomobillərin qiymətində 900, «VAZ-2106» avtomobillərin qiymətində isə təxminən 800 manata qədər bahalaşma olacaq.

«Avtomobilaz» qəzetinin əməkdaşı Emin Şərifov deyir ki, belə bir vergi daha çox avtosalonların gətirdiyi, işlənmiş avtomobillərə tətbiq olunacaq. Qaldı ki, birbaşa zavodlardan gətirilən maşınlara, cənab Şərifov hesab edir ki, həmin zavodların Azərbaycanda rəsmi distrübüterləri olduğundan onlardan çox güman ki, belə bir vergi tutulmayacaq.


Amma Vergilər Nazirliyində hesab edirlər ki, aksiz vergisi təzə və köhnəliyindən asılı olmayaraq, xaricdən gətirilən bütün avtomobillərə tətbiq ediləcək. Belə bir qaydanın ölkəyə gətirilən yük maşınları və avtobuslar üçün tətbiq ediləcəyi isə hələ gündəlikdə deyil.


İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə hesab edir ki, akzis vergisinin tətbiqi əslində, bu sahədən dövlət büdcəsinə daxilolmaların artmasına yönələn bir addımdır. Amma cənab İbadoğluna görə, bu verginin tətbiqindən sonra bahalaşma təkcə avtomobillərin qiymətində deyil, avtomobillə bağlı digər sahələrdə də özünü göstərəcək: «Avtomobil bahalaşırsa, deməli, ehtiyat hissələri də bahalaşacaq, bundan başqa, xidmət də əvvəlki kimi qalmayacaq. Bir sözlə, bundan sonra Azərbaycanda maşın almaq, maşın sürmək bahalı bir işə çevriləcək».


Aksiz vergisinin digər ölkələrdə də tətbiq olunduğunu deyən cənab İbadoğluna görə, həmin ölkələrdə bu, büdcəyə daha çox vəsaitlərin cəlb edilməsilə yanaşı, həm də daxili istehsalın qorunmasına xidmət edir. Gəncədəki Çin maşınlarının quraşdırılmasını çıxmaq şərtilə, Azərbaycanın daxili bazarında belə bir problemin olmadığını deyən Qubad İbadoğlu, hesab edir ki, burda əsas məqsəd büdcəyə daha çox vəsaitin cəlb olunması ilə bağlıdır. Azərbaycanda gömrük sisteminin təkmil olmadığını deyən mərkəz rəhbəri, həmin vəasitlərin ciddi rəqəmlərlə ifadə olunacağına da inanmır.


XS
SM
MD
LG