Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:08

Ekspert: «Azərbaycanda böhranın yetişdiyini... bəzi rəsmilər də dilə gətirir»


Ərəstun Oruclu
Ərəstun Oruclu

-

Gözlə

No media source currently available

0:00 0:03:52 0:00
Direct-ə keçid

– AXCP-yə qarşı hücum...

– Yeni həbs dalğası...

– Hakimiyyət mitinqlərdən qorxdu...

Son həbslər sosial şəbəkələrdə belə və bənzər şərhlərə yol açıb. Hərə bir cür yanaşsa da, həbslərin ssenari və nəticələri bir-birinə oxşayır. Öncə fəallar «oğurlanır» və onların yeri bildirilmir, sonradan da məlum olur ki, onlar həbs ediliblər...

Bir misal: noyabrın 3-də Naxçıvanda AXCP fəalı Hicran Qurbanov yoxa çıxır, bir neçə gündən sonra ailəsinə məlumat verilir ki, o, 2 ay müddətinə həbs olunub.

«ETİRAZLARIN QARŞISINI ALMAQ...»

Başqa misal: noyabrın 18-də AXCP təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu narkotik maddə ittihamı ilə 3 ay müddətinə həbs edilir. Jurnalist Natiq Ədilov öz «facebook» hesabında bu barədə belə yazır:

«Rafiq Daşdəmirli niyə hədəf seçilib? O, AXCP təşkilat şöbəsinin rəhbəridir. Milli Şuranın son iki mitinqinin əsas təşkilatçısı da elə AXCP idi. Görünür, bu mitinqlərin təşkilinə görə Rafiq bəyin rolu hakimiyyətdə narahatlıq doğurub və onu sıradan çıxarmağa qərar veriblər. Hələ son mitinq zamanı ona hədələr gəlmişdi».

Rafiq Daşdəmirli oğlunun həbsindən öncə ona xəbərdarlıq edildiyini söyləyir və düşünür ki, geri çəkilmədiyini görüb oğlunu tutublar:

«Fəaliyyətimdən geri çəkilmədiyimi görüb, oğlumu həbs etməklə məni cəzalandırmağa qərar veriblər. Mən oğluma inanıram. O, nəinki narkotik, heç ən yumşaq pis əməllə də məşğul ola bilməz».

BİR GÜNDƏ İKİ HƏBS...

Daha iki misal: noyabrın 25-də sürücünün mağazadan qayıtmasını maşında gözləyən AXCP sədrinin müşaviri Asif Yusifli yoxa çıxır. Yaxınları DİN-in 102 xidmətinə məlumat verirlər. Polis A.Yusiflidən xəbərləri olmadığını bildirir. Ertəsi gün onun 4 ay müddətinə həbs edildiyi açıqlanır. Demə, dələduzluq və sənədlərin saxtalaşdırılmasında ittiham olunur...

Asif Yusiflinin yoxa çıxdığı gün daha bir nəfər həbs edilir – vəkil Elçin Namazov. Məhkəmə «polisin qanuni tələbinə əməl etmədiyinə görə» ona 15 sutka həbs cəzası kəsib.

Həbsləri Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi gerçəkləşdirib.

«HAKİMİYYƏTİN İKİ HƏDƏFİ...»

«Proses iki xətt üzrə gedir: xəttin biri ölkədə müstəqil və müxalifdüşüncəli kəsimə təzyiqi gücləndirməkdir. İkinci xətt bu mövzuları gündəmə gətirməklə ölkədə iqtisadi böhranı arxa plana keçirməkdir».

Siyasi şərhçisi Ərəstun Oruclu son olayları belə qiymətləndirir. Onun fikrincə, son həbslər Azərbaycan hakimiyyətinin yeritdiyi siyasətin tərkib hissəsidir:

«Azərbaycanda sosial-iqtisadi böhran yetişir. Neftin ucuzlaşması ilə yanaşı, neft-qaz enerji siyasətində uğursuzluqlar yaranır, əhali sürətlə müflisləşir, beynəlxalq təzyiqlər güclənir, xarici siyasətdə hansı xəttə üstünlük verilməsi qeyri-müəyyən qalır. Bütün bunlar ciddi böhran doğurur və daxili siyasətdə özünü büruzə verir. Ölkədə ticari dövriyyə, hətta ərzaq dövriyyəsi aşağı düşür. Bu, olduqca pis haldır. Azərbaycan hakimiyyəti bunu bilir, özü də bizdən daha yaxşı bilir. Axı malı satan da, gətirən də özləridir. İstənilən iqtisadi-siyasi böhran öz ardınca siyasi böhranı gətirir. İndiki şəraitdə hakimiyyətin atdığı addımlar həbs, təzyiq və şantajlarla cəmiyyəti hədələyib qorxu içərisində saxlamağa və insanların diqqətini gözlənilən iqtisadi-siyasi böhrandan yayındırmağa hesablanıb».

SİYASİ-İQTİSADİ BÖHRAN...

Ə. Oruclu deyir ki, böhranın yetişdiyini, dolayısıyla da olsa, ayrı-ayrı rəsmilərin özü də dilə gətirir. Belə olan halda hakimiyyəti ölkədə insan haqlarının durumu ilə bağlı tənqidi baxışlar o qədər də maraqlandırmır:

«Hakimiyyət ölkəni gözləyən iqtisadi-siyasi böhranda daha çox cəmiyyəti idarə oluna bilən şəkildə saxlamağı düşünür. İnsan haqlarının durumu barədə beynəlxalq təşkilatların sərt mövqeləri onları o qədər də maraqlandırmır».

Ə.Oruclunun fikrincə, Azərbaycan kənardan Rusiyanın yandaşı kimi görünür, ancaq bu, sadəcə, imitasiyadır. Neftin ucuzlaşmasından yaranan durum göz önündədir. Ekspert onu da əlavə edir ki, indi Azərbaycan hakimiyyətinin hansısa xarici siyasət xətti yoxdur:

«Xarici siyasətdə həm Rusiya, həm də Qərblə məsafə saxlanır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG