Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:57

Bıçaqlanmış qələm, AYB və YAP...


Elshan Boyukvand
Elshan Boyukvand

-

Öldürülmək yazarın son hekayəsi idi, bunu qələmsiz və kağızsız etdi.

Elşən Böyükvənd

(İran)

BIÇAQLANMIŞ QƏLƏM

Jacques Derrida üçün hazırlanmış sənədli filmdə filosof, Heideggerin dili ilə belə bir söz deyir; “Aristotel doğuldu, düşündü və öldü”.

J.P.Sartr isə “bulantı” romanında “insan yazar, ya da yaşayar, ancaq, hər iki işi bir yerdə görə bilməz” yazır.

Düşünmək və yazmaq, yazar və ziyalını kütlədən ayıran və fərqləndirən özəllikdir.

Axundzadədən günümüzə qədər ziyalılıq tariximiz sual soruşmaq, diskurs mədəniyyətinə keçmək, köklü dəyişikliklər yaratmaq, reformçuluq, sekyularizmə keçiş, ideologiya belindən gəlmiş insan tipi doğmaq, sol və sağ ideologiyalara qulluq etmək, islam və millətçilik axımlarının axınından yaranmış fərqli-fərqli cərəyanlara qoşulmaq və doğu insanın problemlərini çözmək kimi məsələlər üstə qurulub.

Batı düşünərləri səviyyəsində mütəfəkkirimiz olmasa da İran və doğu ölkələrində düşünmək və düşündürmək mədəniyyətinin özülünü qoymuş aydınlar və yazarlarımız olub.

Çağdaş dövrdə güneyli-quzeyli ziyalı və yazrlarımız İran və Doğu ölkələrinin düşüncə zalı və düşüncə bulağı rolunu oynayıbdılar. Axundzadə, Məmmədquluzadə, Hacıbəyov, Rəsulzadə, Bərahəni, Bəşiriyyə və yüzlərcə Azərbaycanlı şəxsiyyətlərimiz “doğulub, düşünüb və yazıbdılar”.

Bu prosesin qabağını əngəlləyən totalitar, avtoritar rejimlər, krallar və qeyri-demokratik dövlətlərlə yanaşı islam fundamentalizmi və gələnək-xürafə ovsunu ovcunda sıxılıb-əriyən yığın olub.

Yalnız modernlik iddiasında olmaq kifayət deyil, sovet ideologiyası da modern dünyanın məhsulu idi. Faşizm və nazismin bir ayağı ənənə qutsallığında və bir ayağı da modernizm bulağında idi.

Liberalizm, praqmatizm, dəyərlərin nisbiliyi, mədəni bərabərlik, anayasa hakimiyyəti, İnsan haqları, müasir Avropa demokratiyası, fərdi azadlıqlar, söz və vicdan azadlığı, düşüncə əlvanlığı və plüralizm kimi dəyərlərin daşıyıcısı olan doğu ölkələrinin yazar və düşünərlər yolunu dustaq, ölüm və işgəncə gözləyir.

Doğu və qeyri-demokratik ölkələrdə “doğulub, düşünüb və ölmək” poetik səslənməklə bərabər, baxımlı və möhtəşəm tragediyaları xatırladır. Nəsimi, Cavid, Söhrəvərdi, Əhməd Kəsrəvi, Müşfiq, Əhməd Cavad, Xiyabani və Bıçaqlanmış Qələm “doğulub, düşünüb və ölmək” üçün öldürülübdülər. Burada düşüncə əlvanlığı və fikir ayrılığının cəzası dustaq, işgəncə, ölüm və hərtərəfli zorakılıqlara məruz qalmaqla verilir. Düşüncə əlvalnlığını soyuqqanlıqla qarşılamayınca durum belə olaraq qalacaqdır.

İndi zaman keçib, dövran dəyişib, KQB-nin yerini MTN tutub, totalitar rejimin yerinə avtoritar rejim gəlib.

SSRİ-nin ideologiyası pislənilir, qəbahət sayılır, tənqid olunur, amma yerini tutmuş YAP ideologiyası tənqid olunmaz, qutsal və xalq qurtarıcısı kimi göstərilir. Hər iki ideologiyada insan haqları kobud şəkildə pozulur, dəyərsizləşdirilir. Söz və vicdan azadlığı rəsmi ideologiyaların qutsallığı, qurtarıcılıq missiyası və çatışmazlıqlarını darmadağın etdiyini üçün qiymətləndirilmir, əli-qolu qandallanır.

Lenin və Stalinin yerinə Orta Asiya və Qafqazdakı diktatorlar yüksəldi, boy atdı və qol-budaq verdi. Stalin və Leninə həsr olunan şeir, poema və musiqilər Heydər Əliyev və başqa respublika başçılarına yazıldı və bəstələndi.

Sovet yazarlarının yerini AYB tutub. Onlar Sovet ideologiyasına qulluq edirdilər, bunlar da YAP-çılığa. Yazar və şairlərin siyasi görüşlərini tənqid etmək onların ədəbi əsərlərinin keyfiyyətsizliyi anlamına gəlməz.

Azərbaycan sovet totalitarizmindən YAP avtoritarizminə keçib. Sovet yazarlar birliyi adət-ənənələrini yaşadan AYB doğulub. Bax, bunu düşünən birinci şəxslərdən biri Bıçaqlanmış Qələm idi.

Ölüm yazarın son əsəridir. Şirazlı Hafizin həyatı və ölümü hamını maraqlandıran bir mövzu olub. Qapalı sirr kimidir Hafiz. Təzkirələrin onun həyatı haqda yazdığı kifayət deyil, yetərli deyil.

Çünki Doğu oxucuları yazarın əsəri çox, onun yaşamı və ölümü ilə maraqlanırlar.

Nəsimi və Söhrəvərdinin ölümü poetikdir, Həbib Sahirin özünü asmağı kimi şeirsəl və faciəvidir.

Bıçaqlanmış Qələmin yaşam və həyatının kökü Nəsimi, Cavid, Söhrəvərdi otu üstə bitibdirsə, düşüncə və qələminin kökü Derrida demişkən “doğulub, düşünüb, ölmək” otu üstə göyərmişdi. O, yazıçılıqla yaşamağı birlikdə qabağa aparmaq istəyirdi, görünür Sartrın sözü düz çıxdı.

Qələm bəy yalnız yaza bildi. Öldürülmək yazarın son hekayəsi idi, bunu qələmsiz və kağızsız etdi.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG