Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:24

Rusiya-Abxaziya müqaviləsi: İttifaq, yoxsa ilhaq?


Rusiya prezidenti Vladimir Putin və tanınmamış Abxaziyanın lideri Raul Xacimba.

Rusiya prezidenti Vladimir Putin və tanınmamış Abxaziyanın lideri Raul Xacimba.

Qərb Rusiya və Abxaziya arasında bağlanmış “strateji əməkdaşlıq müqaviləsi”ni rədd etdi.

-

Rusiya və Abxaziyanın separatçı rejimi arasında Soçi şəhərində imzalanmış müqavilədə hərbi ittifaq da nəzərdə tutur. Tərəflər “hər hansı xarici təcavüzə” qarşı birlikdə çıxış etmək öhdəliyi götürürlər.

Əksər Qərb, Gürcüstan və eləcə də bəzi Abxaziya şərhçilərinin qənaətinə görə, bu müqavilə, Moskvanın ərazini Gürcüstandan qopardıqdan sonra onu əbədi olaraq öz nüfuz dairəsində saxlamasına xidmət edir.

Abxaziyanın öz ordusu olacaqmı?

Müqavilədə iki ölkənin birlikdə təşkil edəcəyi birləşmiş qoşun hissələrinin Abxaziya ərazisində yerləşdiriləcəyi təsbit edilir.

Birləşmiş qoşun hissələri müqavilənin qüvvəyə mindiyi gündən bir il müddətində yaradılmalıdır.

Bəzi məlumatlara görə, ən maraqlı cəhət budur ki, Abxaziya gənclərinə Rusiya silahlı qüvvələrində xidmət etmək hüququ verilir, onlar “birgə qoşunlarda”, yoxsa birbaşa Rusiya ordusunda əsgərlik keçməyi özləri seçə biləcəklər. Müqaviləyə əsasən, Abxaziya-Rusiya hərbi qüvvələrə birləşmiş komandanlıq rəhbərlik etsə də, ali baş komandan Rusiyadan olacaq.

Abxaziyanın öz milli ordusunun olub-olmayacğı barədə ən azı açıqlama verilməyib.

Abxaz xalqına milyardlarla rubl “şirinlik”

Rusiyanın dövlət mediası xəbər veir ki, müqavilədə həmçinin Abxaziyada əhalinin həyat səviyyəsinin yüksəldilməsi tədbirləri nəzərdə tutulur.

Bu məqsədlə Abxaziyaya hər il Rusiya büdcəsindən 4 milyard rubl ayrılacağı bildirilir.

Xəbər verilir ki, imzalanma mərasimində 2015-ci ildə Abxaziyaya Rusiyadan 9 milyard rubl yardım ediləcəyi bəyan edilib.

Vladimir Putin deyib ki, “dövlətlərarası münasibətlərin yüksək standartlarına uyğun şəkildə imzalanmış müqavilə nəticə etibarilə insanların yaşayış səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq”.

Rusiyanın iqtisadi əlavəsi

Rusiya prezidenti bildirib ki, Rusiya artıq indinin özündə Abxaziya iqtisadiyyatında geniş mövcudiyyətə malikdir. Burada yanacaq-energetika, rabitə, kütləvi kommunikasiya, bank və turizm sahələrini təmsil edən 50-dən çox şirkət çalışır.

Bundan əlavə Abxaziya ilə Rusiyanın 30 regionu arasında iqtisadi əməkdaşlığa aid müqavilələr mövcuddur.

Vladimir Putin həmçinin bildirib ki, cari dərs ilində Rusiya Universitetlərində Abxaziyadan olan tələbələr üçün 290 yer ayrılıb.

Abxazların heç də hamısı müqaviləni bəyənmir

Bundan əvvəl müqavilənin layihəsi baxılmaq üçün Abxaziya hökumətinə təqdim olunub.

Lenta.ru saytının məlumatına görə, hökumətin layihəyə münasibəti birmənalı və mənfi olub.

Noyabrın 24-də Abxaziyanın mərkəzi şəhəri Suxumidə müqavilənin tərəfdarlarının və əleyhdarlarının iki ayrı-ayrı aksiyaları keçirilib.

Müqavilədə həmçinin Rusya və Abxaziya arasındakı sərhədin “şəffaf” olacağı nəzərdə tutulub.

Bəzi Rusiya mənbələrinin “əməkdaşlıq və inteqrasiya barədə müqavilə” adlandırdıqları sənəd Rusiya və Abxaziyanın vahid müdafiə və təhklükəsizlik məkanında birləşməsi deməkdir.

Abxaziya müxalifəti də müqavilənin imzalanmasına qarşı çıxıb. Müxalifət bildirib ki, sənəd Abxaziyanın müstəqilliyini məhdudlaşdırır.

Keçmiş DTK zabiti

Lakin prezident Xacimba bildirib ki, Rusiya ilə imzaladığı müqavilə Abxaziyanın müstəqilliyi üçün heç bir təhlükə təşkil etmir.

O deyib ki, burada söhbət “bəzilərinin dediyi kimi az qala müdafiə nazirliklərinin birləşdirilməsindən getmir”.

“Rusiya-Abxaziya sərhədi də ləğv olunmur – deyib Xacimba, - sadəcə olaraq insanların və yüklərin keçidi üçün daha da açıq olur”.

“Moskovskiy Komsomolets” qəzeti yazır ki, Abxaziya tərəfi müqavilənin layihəsinə prinsipial dəyişikliklər edib.

Məsələn müqavilənin ilkin variantında vətəndaşlıq alınması ikitərəfli qaydada sadələşdirilirdi. Yeni mətndə isə abxazların təkidi ilə vətəndaşlıq alınması prosedurunun sadələşdirilməsi üçün yalnız Rusiya tərəfinin əlavə tədbirlər barədə qanunvericilik qəbul etməsinə ehtiyac olduğu göstərilir.

Keçmiş prezident Aleksandr Ankvabanın müxalif “Amtsaxara” Partiyası bildirib ki, yeni müqavilə Abxaziyanın Rusiyanın tam himayəsinə keçməsini nəzərdə tutur və burada “bərabər partnyorluqdan söhbət gedə bilməz”.

MK yazır ki, prezident Raul Xacimba da müxalifətdə olarkən az qala millətçi kimi ad çıxarmışdı və əksinə Ankvabaya Rusiya yönlü siyasətçi kimi baxılırdı.

Rusiya qəzeti yazır: “Biz həmişə qeyd edirdik ki, keçmiş Sovet DTK-sının zabiti Xacimba heç vaxt radikal millətçi ola bilməz və onun milli kartı oynamasına səbəb hakimiyyətə gəlmək niyyətinə xidmət edir. Onun dövlət başçısı kimi ilk addımları dediklərimizi təsdiq etdi. Abxaziya ilə müqavilə tamamilə bizim milli maraqlarımıza xidmət edir”.

Qərb müqaviləni qətiyyətlə rədd edib

Qərb Rusiya ilə tanınmamış Abxaziya arasında bağlanmış statyeji əməkdaşlıq müqaviləsini tanımadığını və qəbul etmədiyini bəyan edib.

NATO-nun baş katibi Jens Stoltenberg sözü gedən müqaviləni qeyri-legitim adlandırıb və təşkilatın Gürcüstanın suverenliyinə sadiqliyini bir daha təsdiq edib.

Baş katib Rusiyanı öz qoşunlarını Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrindən çıxarmağa çağırıb.

Öz növbəsində Ağ Ev də sənədi tanımayacağını bildirib.

Estoniya hökuməti Rusiyanı Gürcüstan ərazisinin ilhaqında ittiham edib.

Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini bağlanmış müqavilənin faydalı ola biləcyinə şübhə ifadə edib və deyib ki, o, Abxaziyadakı stabilliyin pozulmasına səbəb ola bilər.

Mogherini həmçnin bildirib ki, müqavilə beynəlxalq normalara ziddir.

Putinin Gürcüstandan qisası

Qərb təhlilçiləri Abxaziya və Rusiya arasında imzalanmış müqaviləni Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamış Gürcüstana Putinin cavab zərbəsi kimi qiymətləndirirlər.

Müqavilə həmçinin Moskvanın xüsusi maraq çevrəsində olan Qara dənizdəki mövqeyini möhkəmləndirir.

Müqavilənin imzalanması Gürcüstanın hiddətli reaksiyasına səbəb olub.

Bundan əvvəl rəsmi Tbilisinin verdiyi bəyanatda sözü gedən müqavilənin Gürcüstanın tərkib hissəsi olan Abxaaiyanın Rusiya tərəfindən ilhaqı kimi qiymətləndiriləcəyi bildirilirdi.

Gürcüstanın Xarci İşlər Nazirliyi müqaviləni öz ərazilərinin de facto anneksiyası adlandırıb.

Tbilisidə müqaviləyə etiraz olaraq 30 minlik mitinq keçirilib.

Mikhaeil Saakashvilinin Birləşmiş Milli Hərəkat Partiyası Gürcüstan hökumətini Rusiyanın təcavüzü qarşısında heç nə etməməkdə günahlandırıb.

Bəzi təhlilçilər Abxaziya-Rusiya müqaviləsinin Gürcüstanın daxilindəki stabilliyi də poza biləcəyini bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG