Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:43

Naxçıvanlı fəalın xanımı: “Qorxmuram, geri çəkilmək fikrim yoxdur!..”


Hicran Qasımov

Hicran Qasımov

-

AXCP fəalı Hicran Qasımovun xanımı Səadət Qasımovanın AzadlıqRadiosuna müsahibəsi.

Naxçıvanda həbsdə olan AXCP fəalı Hicran Qasımovun polisdə saxlanan anası və xanımı noyabrın 24-də gecə saatlarında sərbəst buraxılıblar. Cəbhəçi fəalın xanımı Səadət Qasımova AzadlıqRadiosuna müsahibə verib.

- Səadət xanım, nə baş verdi ki, sizi polisə apardılar?

- Hicran həbs olunandan bəri onunla görüşə icazə verməmişdilər. Ona işgəncə olunmasından şübhələnirdik. Düşünürdük ki, işgəncə izlərinin itməsini gözlədikləri üçün görüşməyə icazə vermirlər. Dəfələrlə nazirliyə getsək də, bizi qapıdan qovurdular.

Noyabrın 24- də qaynanamla qərara gəldik ki, Ali Məclisə gedək, sözümüzü Vasif Talıbova deyək. Getdik, bizi arxa qapıdan aparıb bir nəfərlə görüşdürdülər. O, bizə dedi ki,siz mətbuata müsahibələr verib aləmi bir-birinə qatmısız, kömək edə bilməyəcəyik.

Bildirdi ki, gedin sizə Avropa Məhkəməsi, müsahibə verdiyiniz mətbuat kömək etsin. Mən də dedim ki, biz görüş istəyirik. Aramızda mübahisə yarandı. Sonra çıxdıq oradan. Məqsədimiz o idi ki, nazirliyə gedib görüş alanadək qapıda oturaq. Bir az aralanmışdıq ki, polis maşını yanımızda saxladı. Bizə dedilər ki, şəhər polisinin rəisi sizinlə görüşmək istəyir. Mən şübhələndiyimdən razı olmadım. Qaynanamı aldadıb apardılar.

-Bəs sizi necə apardılar?

- Şəhərdə gəzirdim ki, görüm, bu işin axırı necə olacaq? Baxdım ki, 8 polis məni izləyir. Bir-iki saat belə davam etdi. Sonra mənə yaxınlaşıb bir də təklif etdilər ki, onlarla gedim. Razı olmadıqda məni zorla, sürüyə- sürüyə maşına basıb apardılar Naxçıvan Şəhər Polis Şöbəsinə. Gördüm ki, qaynanamı salıblar bir otağa. Məni də onun yanına salıb qapını bağladılar.

- Sizdən nə soruşurdular? Polisə gətirilməyinizə səbəb nə idi?

- Bir onu deyirdilər ki, niyə Ali Məclisə şikayətə getmisiniz? Dedim ki, şikayətə gedəni polisə aparmalıdırlar? Dedilər ki, guya biz narkomaniyaya qarşı mübarizəyə mane oluruq. Guya Hicran narkotik alverçisidr və biz onu müdafiə etməməliyik. Dedim ki, elə narkotikin başında siz özünüz durur, sonra camaatın cibinə atıb şərləyirsiniz. Mən yoldaşımla görüş istəyirəm. Məgər bu cinayətdir? Gecə saat 12-dək saxladılar polisdə. Telefonun siqnalını kəsmişdilər deyə, heç yerə məlumat verə bilmədim.

- Polisdə sizə təzyiq olmadı?

- Psixoloji təzyiq göstərdilər. Bir də 13 saat bizi bir otaqda saxladılar. Nəinki yemək, bir stəkan su da vermədilər. 75 yaşlı qaynanam güclə dözürdü. Bu hansı vicdana sığar? Belə insafsızlıq olar? Biz haqqınızı tələb edə bilmərik?

- Bəs necə oldu ki, sizi buraxdılar?

- Daxili işlər naziri Əhməd müəllim gəldi, dedi, buraxın bunları. Görünür, bizim saxlanmağımız haqda məlumat mətbuatda yayılandan sonra narahat olublar. Nazir bizə dedi ki, buraxıram, gedin... ancaq, bir də ayağınız Naxçıvan şəhərinə dəysə, tutub basacağam dama. Qaynanamın vəziyyətini nəzərə alıb, orada susdum. İndi mətubat vasitəsi ilə nazirə çatdırıram: Qorxmuram, geri çəkilmək fikrim yoxdur. Haqqımızı tələb edirəm. Hicranla görüşməyənədək əl çəkməyəcəyəm.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG