Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:06

Murad Ədilovun anası: “Dedilər ki, yazmasanız, gəlini polisə aparacağıq...”


Murad Ədilov

Murad Ədilov

-

“Yeni Müsavat” yazır ki, Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan partiyalardan dördünün (KXCP, ADP, ALDP, AXP) Prezident Administrasiyası İctimai siyasi şöbəsinin müdiri Əli Həsənovla görüş istəyi reallaşa bilər. Böyük ehtimalla görüş üçün rəsmi müraciətə müsbət cavab veriləcək və hakimiyyət təmsilçisi ilə müxalifət partiyalarının görüşü baş tutacaq. YAP icra katibinin müavini Siyavuş Novruzovun noyabrın 24-də verdiyi açıqlama bunu deməyə əsas verir. S.Novruzov APA-ya deyib ki, bir qrup müxalifət partiyası iqtidarla görüş istəyib və təbii ki, görüşəcəklər.

Görüş üçün müraciət edənlərdən ADP sədri Sərdar Cəlaloğlu isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hələ müraciətə rəsmi cavab gəlməyib. Mediaya verilən açıqlamalar müsbət istiqamətdədirsə, ümid etmək olar ki, məsələ reallaşa bilər:

“Siyasi dialoq həm müxalifətə, həm də iqtidara hava-su kimi lazımdır. Müxalifət ölkədəki bir çox problemlərin həllini istəyir. O problemlərin həlli üçün mitinqlər və başqa təzyiqlər effektli deyil. Ona görə düşünürəm ki, dil tapmaq daha effektli olar. Xüsusən siyasi məhbuslar probleminin həlli məsələsində. Siyasi dialoq iqtidar üçün ona görə önəmlidir ki, beynəlxalq ictimaiyyət indiki qədər iqtidara demokratiyanın boğulması ilə bağlı güclü təzyiqlər eləməyib. Bu dialoq o təzyiqlərin bir qədər yumşalmasına xidmət eləyə bilər... Təbii ki, iqtidarda da rasional düşünən insanlar kifayət qədərdir və o insanlar ciddi şəkildə səy göstərsələr Azərbaycanda iqtidar-müxalifət dialoqunun baş tutmamasının heç bir arqumenti qalmaz. Amma müəyyən qüvvələr ola bilsin ki, ölkədə vətəndaş qarşıdurmasında maraqlıdırlar. Belələri istəyərlər ki, iqtidar daha çox sıxılsın və onlar da bundan daha çox bəhrələnsinlər. Bu cür adamlar çalışacaqlar ki, dialoqa mane olsunlar. İndi baxaq görək hakimiyyətdə hansı mövqedə olanlar qalib gələcək. Müxalifət tərəfindən siyasi dialoq məsələsində heç bir problem yoxdur”.

“DEDİLƏR Kİ, BUNU YAZMASANIZ, GƏLİNİ POLİSƏ APARACAĞIQ...”

“Azadlıq” qəzeti yazarı, həmçinin peyklə yayımlanan “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı Natiq Ədilovun, eləcə də siyasi məhbus Murad Ədilovun ata yurdundan yazı dərc edib. AXCP Gənclər Komitəsinin üzvü olan Murad Ədilov avqustun 11-də narkotik ittihamıyla həbs olunub. Hazırda Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında saxlanılır. Murada Sabirabad Rayon Polis Şöbəsində deyilib ki, həbsi qardaşının hökuməti tənqid edən fəaliyyətilə əlaqədardır.

Muradın anası Tahirə xanım o günü belə xatırlayır:

Arxiv foto

Arxiv foto

“Avqustun 11-də, günorta saatlarında həyətimizə onlarla əli silahlı mülki geyimli şəxs daxil oldu. İcazə almadan, heç bir sənəd göstərmədən evimizə girdilər. Təxminən 20-yə yaxın maşınla gəlmişdilər, maşınların heç birinin nömrəsi yox idi. Təxminən 10 nəfər eyvanımızda dayandı, 7-8 nəfər də Muradgilin otağına girdi. Gəlinim dedi ki, niyə mənim otağıma girirsiz? Əvvəlcə icazə vermədi, sonra halı pisləşdi, otaqdan çıxdı. Mən ona su gətirməyə getdim. Sonra bizi otağa çağırdılar. Döşəyi qaldırdılar, oradan guya, bir bağlama çıxartdılar. Bağlamanı açdılar, dedik ki, bu, bizə aid deyil. Götürüb bağlamanın içindəkinə baxdım, soruşdum ki, bu nədir, nanə qurusuna oxşayır? Polislər dedilər ki, sən narkotiki tanıyırsan? Dedim ki, yox, mən hardan tanıyım. Narkotiki götürəndən sonra bütün evi axtardılar, dağıtdılar. Sonra tərəzi axtarmağa başladılar ki, narkotiki çəksinlər. Elektron tərəzi gətirdilər, onu çəkdilər. Sonra bizə izahat yazdırmağa başladılar. Əvvəlcə, etiraz etdim ki, yazmayacam. Dedilər ki, yazmasanız, gəlini polisə aparacağıq. Açığı, mən də qorxdum, ona görə də yazmağa başladıq. Sonradan öyrəndik ki, Muradı 3 gün izləyiblər".

LONDONDA “BU GÜN BURADA” ADLI SƏRGİNİN AÇILIŞI OLUB

Londonda Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin “Qırmızı Kitab”ının 50 illik yubileyinə həsr edilmiş “Bu gün burada” (“Here Today”) adlı sərginin açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva mərasimdə iştirak ediblər.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib ki, bu sərgi həyatı təhlükə altında olan bütün heyvan cinslərinin gözəlliyini, onların vacibliyi və müdafiəsinin önəmini vurğulamaq üçün yaxşı bir üsuldur.

Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyə 160 ölkədən 1200 hökumət və qeyri-hökumət təşkilatı daxildir. Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin “Qırmızı Kitab”ı vəhşi təbiətin, eləcə də təhlükə altında olan növlərin qlobal mühafizəsi üzrə ən əhatəli məlumat toplusu hesab edilir. Sərgi dekabrın 17-dək davam edəcək

«HƏR ŞEY NEFTİN QİYMƏTİNDƏN ASILI OLACAQ»

Ötən həftə Milli Məclis (MM) tərəfindən 2015-ci ilin dövlət büdcəsi müzakirə olunub. Parlament deputatların verdikləri təklifləri müzakirə etmək üçün hökumətə təqdim edib. Noyabrın 28-dək hökumət MM-də qaldırılan məsələlərə münasibət bildirəcək. Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov "Bizim Yol" qəzetinə müsahibəsində dövlət büdcəsi ilə bağlı sualları cavablandırıb.

- İcmal büdcədə 5,1 milyard manat kəsir var. Amma layihədə bu, tam olaraq açıqlanmır ki, kəsir harda olacaq. Onun 1,6 milyardı dövlət büdcəsindədirsə, qalan 3,5 milyardı Dövlət Neft Fondunda gözlənilir?

- Dövlət büdcəsinin kəsiri ÜDM-də 8 faizdir. Bu, çox aşağı rəqəmdir. Dövlətlər var ki, bu hədd 30,40, hətta 50 faiz təşkil edir…

- Dövlət büdcəsindəki kəsir aydındır. Amma 3,5 milyard manatlıq kəsir barədə məlumat verilmir. Bu kəsir harda yaranır, Dövlət Neft Fondundamı?

Neft buruqları

Neft buruqları

- Dövlət Neft Fondunda kəsir ola bilməz. Neft Fondu dövlət büdcəsinə vəsait transfert edən bir təşkilatdır və neftdən gələn gəlirlərin müəyyən bir hissəsi də orada toplanır. Naxçıvan Muxtar Respublikası ilə əlaqədar müəyyən problemlər var. Onların büdcəsinə transfertlər edilir. İcmal büdcə Naxçıvanla birgə olan büdcədir. Bildiyiniz kimi, Muxtar Respublika ilə nəqliyyat və digər problemlərimiz var. Ola bilsin ki, dövlət büdcəsindən ora müəyyən transfertlər artsın.

- Bu, 3,5 milyard manat təşkil edə bilməz axı ?

- Yox, gərək rəqəmlərə baxım, yadımda deyil.

BƏDBİN PROQNOZLARA NƏ ƏSAS VERİR?

İqtisadçı ekspert Zöhrab İsmayıl “Media forum” saytına açıqlamasında gələn ilin gərgin olacağı fikirlərini bölüşür:

“Mən gözləyirdim ki, 2015-ci ilin büdcəsi qəbul edilərkən bu amillər nəzərə alınaraq qeyri-neft sektorunun inkişafı və iqtisadi diversifikasiya ilə bağlı konkret addımlar atılacaq. Amma təəssüf ki, hökumətdə vəziyyəti soyuq başla qiymətləndirə biləcək insanların sayı çox azdır, onlar da ümumi eyforiyanın və təbliğatın əleyhinə getmək iqtidarında deyillər. Dünya bazarında neftin qiymətinin 80 dollar olduğu və qiymətin daha da düşməsi ehtimalının böyük olduğu bir zamanda büdcədə qiymətin 90 dollar götürülməsi dediklərimə sübutdur.

Deyirlər ki, rezervlərimiz var, oradan xərcləyəcəyik. Birincisi, rezervlərimiz bir çox neft ölkələri ilə müqayisədə çox azdır. İkincisi isə rezervlər ölkəmizin qarantıdır. Rezervlər tükəndikcə bu, iqtisadi gözləntilərin puç olacağı fikrini formalaşdıra bilər və psixoloji amil kimi investisiyalara, sahibkarlığın inkişafına, tikinti sektoruna mənfi təsir göstərə bilər. İkincisi isə neftin ucuzlaşması ARDNŞ-yə bir çox problemlər yaşada bilər. Nəzərə almalıyıq ki, ARDNŞ Azərbaycan iqtisadiyyatı üçün mühüm faktordur”.

Günün bütün mövzuları

XS
SM
MD
LG