Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:58

Anarın yeni povesti "OxuZalı"nda - [Müəllifin icazəsi ilə]


Anar
Anar

-

Müəllifin icazəsi ilə “OxuZalı”nda çap edilir

ANAR

GÖZ MUNCUĞU

(Povest)

“Əgər Allah sizin qulaqlarınızı və gözlərinizi əlinizdən alsa, ürəklərinizə möhür vursa, onları sizə Allahdan başqa kim qaytara bilər?”

QURANİ-KƏRİM. Əl Ənam surəsi. 46

«Horatsio, yerlərdə və göylərdə bir çox elə şeylər vardır ki, onlar sənin alimlərinin yuxusuna da girməyibdir. Onları bizim idrakımız bir xülya kimi belə təsəvvür edə bilmir».

U. ŞEKSPİR,

ingilis dramaturqu, «Hamlet»

(çevirəni Cəfər Cabbarlı)

“Möcüzəni inkar edən insan dərhal Allahı da inkar edəcək, çünki Allahdan çox möcüzəyə möhtacdır. Möcüzəsiz yaşaya bilmədiyi üçün özü möcüzələr uydurmağa başlayır, caduya, ovsuna, fala meyl edir”.

F. M. DOSTOYEVSKİ,

rus yazıçısı

“Allah bizi ona görə yaradıb ki, bizim vasitəmizlə Həqiqət dərk olunsun”.

CƏLALƏDDİN RUMİ,

türk şairi

“Sənət bizə ona görə verilib ki, Həqiqət bizi öldürməsin”.

FRİDRİX NİTSŞE,

alman filosofu

BİRİNCİ FƏSİL

DƏFNİMDƏN SONRA ÜÇÜNCÜ GÜN

Dünya birdən soyuyacaq,

Yuyucu tənim yuyacaq.

Axır ki, qəbrə qoyacaq,

Əcəb nola halım mənim.

Beş qarış bezdəndir donum,

İlan-çayan yeyə tənim.

Hara dönsəm daşdı yönüm,

Əcəb nola halım mənim.

YUNUS İMRƏ

«İnsan ancaq qarğıdır, təbiətdə zəiflərdən zəifdir, amma o, düşünən qarğıdır. Kainat onu məhv etmək istəsə, zora düşməz, asanlıqla öldürə bilər. Amma əgər Kainat onu məhv etsə belə, İnsan onu öldürəndən daha ləyaqətlidir, çünkü o, öldüyünü bilir, amma onu öldürən Kainat özünün bu üstünlüyü barədə heç nə bilmir».

BLEZ PASKAL,

fransız filosofu

«Ölüm bütün insanlığın ümumi xoşbəxtliyidir. Bizi O dünyada əbədi səadətmi gözləyir? Bu sualın cavabı bizi uçurum qarşısına gətirir ki, şüurumuz bu uçurumu adlayıb keçməyə qadir deyil».

SÖREN KYERKEQOR,

Danimarka filosofu

Ağrı... dəhşətli, dözülməz ağrı... Bədənimin, sifətimin hər qarışına köz basırlar. Ağrıdan qışqırmaq... səsim çıxmır

Ağrı... qaranlıq... Zil -zülmət qaranlıq. Göz gözü görmür. Gözlərim heç nə görmür. Gözlərim qapalıdır...

Ağrı... dəhşətli, dözülməz ağrı... Yavaş-yavaş yaddaşım oyanır... Yüksəklik. Çoooox-çoooox uca yüksəklik. Dağ zirvəsi? Yox, deyil. Qarşımda dibi görünməz uçurum... Uçuram...

Hündür binanın təpəsindən... Qarşımda uçurum... Uçuram...

Kimdi arxadan yaxınlaşan... Bir əli çiynimdə, bir əli belimdə... Güclü təkan. Uçuram...

Uçurumun dibi - küçə. Binalar mayallaq aşır... Saniyənin mində biri... Zərbə. İçimdə nə isə qopub tökülür... Sifətim istidən buğlanan asfalta yapışıb, fətir kimi yastılanıb. Burnum yanaqlarımın arasından harasa içəri çökür.

Ağrı ... Dəhşətli ağrı, dözülməz ağrı... Beynimdə ildırım çaxır.

Sonra... heç nə...

... nə ağrı, nə işıq, nə qaranlıq... səssizlik, sükut...

İndi ağrıdan ağrı deyildi, ağrının təsəvvürü idi. Haçansa duyulmuş ağrının yaddaşda həkk olunmuş xatirəsi...

Göz qapaqlarını güc verib ağır yük qaldıran kimi qaldırdı. Zil-zülmət qaranlıq... Bu - qapalı gözlərin içində çəhrayı, sarı, yaşıl dairələr oynaşan qaranlıq deyildi, açıq gözlərin qaranlığı idi. Bütün aləmə çökmüş qaranlıq... Heç yerdən iynə ucu boyda işıq gəlmir. Elə qatı qaranlıq idi ki, göz heç vaxt buna alışıb nəyisə seçə bilməyəcək.

Nə qədər baxırsan - bax, ətrafdakı əşyaların cizgilərini bir-birindən ayıra bilməyəcəksən. Əslində, ətrafda heç bir əşya da yoxdu. Ətrafın özü də yoxdu. Dar, qaranlıq bir torbanın içindəydi sanki.

Ana bətninin qaranlığı... bayır dünyanın rəngləri haqqında heç bir təsəvvür olmayan vaxtın qaranlığı. Ya da dünyaya, işığa çıxmısansa, yenə də anadangəlmə korun qaranlığı içindəsən.

Varlığına birdən-birə dözülməz ağrıyla bir yerdə çökmüşdu bu qaranlıq və indi ağrı hoyutqayıb canından çıxandan sonra, o qısa anın xatirəsi ağrının özü qədər göynədirdi...

Ağrı ona şüurunu qaytarırdı, şüuru damla-damla, qətrə-qətrə, misqal-misqal qımıldanmağa başlayırdı.

Kim idi itələyən onu bu yüksəklikdən? Ani uçuşdan sonra içində ani partlayış, sanki bütün içalatı qopub töküldü. Bəs bu su hardandı, leysan yağış kimi başına yağırdı. Duş,.. «duş» türklər yuxuya deyir. Bizdə duşa çilək deyənlər də var. Amma bu su duş kimi çiləmirdi, «ucundan tut göyə çıx» yağmur da deyildi. Dopdolu ləyəndən əndərilmiş kimi, başdan-ayağa bütün bədənini islatmışdı, bütün vücudunu soyuq bir gündə sızım-sızım sızıldatmışdı, ətini biz-biz etmişdi. ... Vücud... Vücudnamə. İnsanı dünyaya gəldiyi andan son dəqiqəsinəcən təsvir edən şeir. Hətta ölümündən sonra qəbirdəki vəziyyətini də... Hansı filosof deyib, ölüm anında, - bu qəfil ölümdürsə belə, - hər bir insan bütün yaşanılmış ömrünü görür, ən xırda hadisələrinədək...

Çapıq sifətli adam göründü birdən yaddaşında... nərdtaxta səsləri, atılan zərlər, şeş çahar, cüt sə pənc qoşa; Qoşa pənc daha çox qalmışdı yadında. Qocaman alim... Od içində yanır... alovdan qurtulmaqçün xalçaya bürünür, xalı da alışıb yanır... Qırmızı zolaq-zolaq xalatımı geyinmiş Zakirın bərəlmiş gözləri, çılpaq qadın belində küpə yerləri... Qaranlıq salonda ağaran qadın dizləri... Kimdi o qadın? Ölüm mələyi? Əzrayıl?

Ölüm beləymiş... Bəs o yüksəklik, uçuş, ağrının xatirəsi... Tanış sifətlər... Ölübsə, bunları necə xatırlayır? Bəlkə o dünya dedikləri budu... Nədi ölüm -həmişəlik Son ya başqa bir həyatın başlanğıcı...

Ən çox darlıqdan sıxılırdı... Əl-qol atmaq istəyirdi, əli-qolu bağlıydı... Yaddaşında bir xatirə oyandı. Misirdəydi, dar tunellə ehramlara, piramidalara tərəf sürünürdü... Birdən ürəyi sıxıldı, durmaq istədi, amma boru kimi dar tunelin içində qalxa bilməzdi, qarşısında da onun kimi sürünən turistlər, arxada da turistlər... daha nə arxaya, nə qabağa keçmək mümkün idi, başını da qaldıra bilmirdi, bax, bu saat təngiyəcək, ürəyi partlayacaq...

Partlamadı. İndi də eyni hissi keçirirdim. Amma bapbalacaydım, bir əlcə... bədənim, əllərim, ayaqlarım nəm, çiriş, yumşaq divarlara dəyir. Qanlı və duru maddədən ibarət hörrənin içindəyəm. Qaranlıq və sükut içində çox uzaqlardan bir səs eşidilir - ritmik bir döyüntü, sanki qatar səsidir, qatar harasa tələsir... Və mənim öz içimdə də bu döyüntüylə həmahəng nə isə çırpınır, gedib-gəlir...

Qarın nahiyəsindən içinə nə isə axırdı... tük ürpədən (halbuki hələ tükü də yoxdu) bağırtı... qadın qışqırtısı... Suya qərq olurdu... az qala boğulacaqdı... Hansı qüvvəsə itələyirdi onu.

Çox-çox illər sonra ucalıqdan ölümə itələndiyi kimi, indi də həyata itələnirdi... Özünün yox, kiminsə ağrısıyla, nalələriylə, fəryadlarıyla, adda-budda sözləriylə dar bir tunelə pərçim olmuşdu, qurtulmaq istəyirdi... nəfəsi kəsilirdi...

Hər həmlə, hər çığırtı onu işığa yaxınlaşdırırdı... daha bir həmlə, daha bir qışqırıq. Birdən asudəlik duydu və üşüməyə başladı. Həmin andaca özü bağıra-bağıra ağlamağa başladı.

Hardasa oxumuşdu, dünyadan gəlib keçən bütün insanlardan yalnız biri - Zərdüşt peyğəmbər anadan olanda, ağlamırmış, gülürmüş.

Niyə ağlayırdı? Canı canından, qanı qanından olan varlığın ağrılarıyla, əzablarıyla, gücənməsiylə onun içindən işığa çıxmış, gözəlim dünyaya gəlmişdi.

Gəlmişdim. Hansı filosof deyib ki, insan dünyaya səssizlik içində gəlir. Dünyaya belə gəlmişdim, dünyadan belə getməliydim - ani bir uçuşla. Yerə sərilib yaşamımı qeyb etdikdən sonra torpağa gömülməliydim. Amma bunu xatırlamırdım. Şüurum o dəhşətli uçuşla, dəhşətli ağrıyla birlikdə sönmüşdü... İndi də, təbii, torpağın altında olmalıydım.

Olmalıydı. Ölülər dünyasında. Onda bəs bu fikirlər nə idi, beyninə gilə-gilə süzülürdü, yaddaşını çeşidli səhnələrlə, səslərlə, fikirlərlə doldururdu?

Ömrü boyu materialist olmuşdu. Ölümdən sonra başqa bir həyatın mövcudluğuna heç vaxt inanmamışdı. Bəlkə, yanılırmış. Bəlkə, ömür saat kəfkiri kimi həyat və ölüm arasında o yan - bu yana gedib - gəlir. O yana - məlum. Bəs bu yana? Bu yanadamı qayıdırmış həyat kəfkiri? Bəs onda?

O dünya dedikləri buymuş - dardan dar, rütubətli, kif qoxuyan, nəm, soyuq, hənirsiz-səssiz...

Əli-qolu bağlı, hərəkətsiz uzanmışam. İndicə inkir-münkir gələcək, sorğu - suala tutacaq... Ölülər zarafat da edərmiş? Ölu olduğumu dəqiq dərk edirəmsə, bu, gerçəkdən də ölümdümü?

Elektirik cərəyanı çalmış kimi qəfil bir fikir beynimi yandırdı: ölü deyiləm.

Diriyəm... Diri-diri gömülmüşəm torpağa, və indi hansı möcüzəyləsə ayılmışam bu ölüm yuxusundan... Əlim-qolum bağlı, bütün vücudum kəfənə bükülü, sım-sıx sarılı... Deməli, məni meyit bilib basdırıblar, məzarın üstünə ağır, sal daşlar qoyub, üstünə torpaq səpiblər...

Bunu dərk etməkdən ürəyi dayana bilərdi. Kaş... Düşündü ki, bu çıxılmaz çıxmazdan yeganə çıxış olardı. Ayrı çıxış yoxdu. Kəfəni yırtıb çıxa bilsə belə, ağır sal daşları qaldırmağa, torpağı kənara atıb «xortlayıb» qalxmağa gücü çatmazdı...

Yeganə xilas yolu (xilas ha!) səbr edib, canını dişinə sıxıb, gerçək ölümü gözləməkdi... Görən neçə vaxta çatacaq məzarın havası?

Görən neçə gündür dəfn olunduğum? Hələ nəfəs alıramsa, deməli, lap yaxınlarda basdırılmışam. Gerçək ölüm son nəfəsimi kəsincə havasızlıqdan boğulacaq, işgəncələr çəkəcəyəm. Məzar qurdları kəfənimi didəcək, sonra canıma daraşacaqlar... Allah, nəydi günahım? Sənə inanmamağım? Vallah, ürəyimin dərinliyində inanırdım, intəhası, mühit, şərait eləydi ki, «inanmıram» deməliydim.

Hə, indi Allaha üz tutursan, ömrün boyu varlığını dandığın Allaha... Allaha təvəkkül... Allahdan başqa heç nəyə, heç kimə ümid yoxdu...

Məni burdan yalnız Allah adlanan Möcüzə qurtara bilər. Yox, xam xəyaldı, bəlkə, məni cəzalandıran də elə Allahın özüdür. Əlbəttə, əgər doğrudan da varsa. Deməli, yenə Onun varlığına şübhəylə yanaşırsan. Bax, budur cəzanın səbəbi. Yox, Allah, axı, xırdaçı deyil, əstafurullah, bilir ki, ona inansam da, inanmasam da həyatım boyu əməli-saleh ömür sürmüşəm. Heç kəsə pisliyim dəyməyib. Heç bir xilafi - vicdan iş görməmişəm.

Sənə elə gəlir. Sənin öz əməllərinə verdiyin qiymətdir, bəlkə, sənin Xeyir bildiyin kiminçünsə Şər imiş.

Allah varsa, deməli, O biri dünya da var. Deməli, yalnız dözüb gözləməlisən, hər bir əzaba təhəmmül göstərib Xilas kimi Ölümü gözləməlisən. Gerçək Ölümü. Ölümdən sonra, həqiqi ölümdən sonra isə başqa bir həyat başlayacaq və orada bütün cavabsız sualların cavabını tapacaqsan. Bu dünyadakı bütün haqsızlıqların əvəzi çıxacaq.

Hardan gəlib düşdü birdən beynimə KARMA sözü? Karma nə deməkdir, hansı dildədir bu söz? İndi bu qədər doğma bildiyi sözü heç cür yada sala bilmirdi. Bu mövzuda oxuduğu kitabları bir-bir yaddaşına qaytarmağa çalışırdı. Hər halda, vaxtı öldürməkçün bir məşğuliyyətdi. Həm də bu vəziyyətində ona bir az təsəllidir.

Ölümdən sonra həyat... Yenidən yaşamaq... Başqa həyat... O biri dünya...

Bir vaxtlar Daniil Andreyevin* kitabında oxuduğum və oxuduğum zaman məni mat qoyan sözlər yadıma düşdü... Daniil Andreyev yazır ki, son dəfə üç yüz il bundan əvvəl ölübmüş. Elə bir ölkədə ki, çox qədim və güclü mədəniyyəti var. İndiki həyatında Daniil ta körpəlikdən ömrü boyu o köhnə vətəni üçün qəribsəyib, çünki, dediyinə görə, o ölkədə bir yox, bir neçə dəfə yaşayıb. Ölüb, dirilib.

Bəlkə, doğrudan da belədir. Axı, yadımdadır, Mövlana da deyirdi ki, nadanlığın ən səfeh və ən alçaq şəkli bu həyatdan sonra başqa həyatı inkar etməkdir.

Sufilərin məşhur lətifəsini xatırladı. Kəpənəyi şamın odu cəlb edir. Uçub özünü alova vurub yanır. Gözləyirlər ki, dönəcək, gördüklərini danışacaq. Amma o, atəşin içində qeyb olur, nə izi, nə adı, nə ondan bir nami-nişanə qalır. Bir də, niyə qayıtsın ki, Sevdiyinə qovuşub da.

Sevdiyi - Allahdır, Sufi düşüncəsində ölüm Allaha qovuşmaqdır.

Bəs bilmirsən sənin ən böyük günahın nəydi? Heç nəyə inanmamağın yox. Allahı danmağın da yox, xeyr. Özünü Allah saymağın. Allahlıq iddian. Bəni- insana mənsub olmayan, yalnız Allaha aid əməllərlə məşğul olmağın. Fərqi yoxdur, nə məqsədlə; Xeyirəmi, Şərəmi ... Mülayim bir yay səhəri. Bakının köhnə, dar, kələ-kötür küçələrindən biri... . Birmərtəbəli evin qabağındakı səki. Daz başının gicgahları ağarmış sinli, tor maykalı kişi, tor maykasının altından pırpız tükləri görünür. Əvvəlcə səkini sulayır (qızmar asfaltdan qalxan buxar) ... Kətilin üstünə salınmış qəzet, qəzetin üstündə armudu stəkanda çay... Zəncəfil, mixək, limon qoxusu... Qırtdama qəndi stəkana batırıb ağzına aparır, çaydan bir qurtum içir...

Nədən yadıma düşdü bu? Kim idi, nəyim idi bu kişi? Heç nəyim... Səhər erkən elektrik qatarıyla Buzovnadan şəhərə qayıtmışdım, evimizə tərəf gedərkən küçədə görmüşdüm bu çay içən kişini. Tanışım da deyildi. İlk dəfə görürdüm onu. Heç bir səbəb olmadan nədən yaddaşıma əbədi həkk olunub bu səhnə?

Bəlkə, təəssüf edirdim?! Nədən onun kimi evimizin qabağındakı səkini sulamadım, kətilin üstünə qəzet sərib armudu stəkandan dişləmə qəndlə zəncəfilli, limonlu çay içmədim?

Belə ətirli çayları az içməmişdi, amma nədən bu adidən adi həyatla yaşamadı; öz xırda sevincləriylə dolu rahat, arxayın, təlatümsüz həyatla. Nədən həyatını böyük niyyətlərin girovuna çevirdi.

Deyirlər, ölüm qabağı... (kim deyir? Kim ölüb sonra qayıdıb gördüklərini danışıb ki... təsəvvüf kəpənəyi düşdü yadına), bəli, deyirlər, ölüm qabağı insanın bəsirət gözü açılır, vaxt ölçüsü dəyişir və bütün olub-keçənlər bir an içində kino lenti kimi gözünün önündən ötüb keçir. Üçüncü göz anlayışı qədim hind inanclarında da var - haçansa oxumuşdu bu barədə kitablarda. Hind Allahlarından Şıva üçüncü gözünü açanda rəqibini baxışıyla yandırıb külə döndərir.

Kürəyimi zolaq-zolaq göynədən qırmanclar. Bədənimin ağrıları. Bu xatirədən qurtulmaq istədim. Çim-yaş bədənimin üşüməsi. Soyuqdan titrəyirdim. Qaçmaq... tez qaçmaq, bu anılardan qaçıb qurtarmaq.

... Qürub çağı dənizə tərəf sürdüyüm üstü açıq maşın. Buludlar badımcan rəngindədir... Qərib Abşeron axşamının kövrək qüssəsi... Külək yanımda oturan gözü qəm dolu qızın qumral saçlarını üzümə çırpır, saçlar yanaqlarımı döyəcləyir, ağzımın içinə dolur... Ən böyük istəyim... kaş bu yol heç vaxt bitməsin, kaş dəniz uzaqlaşdıqca uzaqlaşsın, kaş gecə düşməyincə düşməsin...

Kimin misralarıdır bu, birdən yadına düşdü: Uzun ömrün sonunda, ümidsizlik anında... Gəlib bu qəfil sevinc...

Narın yağış çisələməyə başladı, damlalar alnıma, yanaqlarıma iynə-iynə sancılır, amma bu islanmaq xoş idi, başına əndərilən su kimi sop-soyuq deyildi, istiydi... İsti yağış? İsti yağış olurmu?

Gecə birdən düşdü. Ay çıxdı, bədirlənmiş, dolğun Ay, dənizləri qabartdı, axsaq küləyi, - axsaq da külək olurmu? - axsaq küləyi kəməndə saldı... sonra buludlar Ayın qabağını tutdu... Ay işığı itən kimi qumral saçlı qız da qeyb oldu...

Ay qız, ay qızı... Somnambula. Bu adda bir italyan operası da var, deyəsən, - Rossini, Bellini, Donisetti, hansınındır? Ay adamı - somnambula -ruslar onlara lunatik deyirlər.

Allah, bu nə zülümdür belə, öldürürsən öldür, daha bu işgəncə nəyə gərəkdir? Ölümə məhkum məhbus edam gününü, saatını gözlərkən, heç olmasa kamerada havasızlıqdan boğulmur. «Canlı meyit». Tolstoy. Ölülərin dirilməsi. Şeyx Nəsrullah. Mirzə Cəlil... Beynimdə anımların basabası, fikirlərin tünlüyü... Nə etməli? Nə etməli! Lenin... Çernışevski... Heç hənanın yeridi? Üzeyir bəy... Məşədi İbad. Beynimi başqa şeylərlə qatmaq istəyirəm ki, dəli olmayım.

Bəlkə, Xilas - dəli olmaqdır?!

Şüurun dumanlanması, heç nəyi hiss etməmək, heç nəyi dərk etməmək... Adam öz istəyiylə dəli ola bilərmi? Bəlkə, ölümü yaxınlaşdırmaq üçün (ayrı heç nəyə ümid yoxdur) nəfəsini kəsəsən, nəfəs almayasan.

Bir neçə an nəfəsini qısdı, sonra, iradəsindən asılı olmayaraq, köksünü ötürdü, nəfəsini dərdi.

Niyə bu qəbir darlığında məhz haçansa gecə-gündüz mütaliə etdiyi hind kitabları düşür yadına. Dünyanı yaradan Braxma yumurtanın içində əmələ gəlib, amma şüurunun gücüylə yumurtanı iki bölüb, bir tərəfindən səma, o biri tərəfindən yer əmələ gəlib. Bu lətifədə indi onu cəlb edən düşüncənin gücüylə nə isə dəyişmək, üstələmək fikri idi. Bəlkə, o da zehninin, ağlının gücüylə xilas ola bildi. Amma necə? Yox, insan buna qadir deyil. Ümid yalnız Allahadır.

İlahi, bir yol göstər, ya xilas et, ya tez öldür. Xilasa gümanım yoxdu, möcüzə baş versə, burdan çıxa bilsəm, ömrüm boyu Sənin xidmətində duraram.

Yenə də bir vaxtlar aludə olduğu kitabları xatırladı. Buddanın təlimi yadına düşdü, elə bil kimsə sözləri bircə-bircə diqtə edirdi ona. Budda deyir: «Allahlara yalvarmayın. Səssizlikdən heç nə ummayın, o nə danışa bilir, nə də dinləyə».

Dayan, dayan, deyəsən, axı, Allah diləyimə məhəl qoydu... Get-gedə daha çətin nəfəs alıram, boğuluram. Az qalır Sona. Sona? O qızın adı Sona idi? Yox, adı ayrı idi. Nəydi, yada sala bilmirəm.

Bir az da döz. Ayrı çarən yoxdu. Kəfənin içində nə qədər vurnuxursan - vurnux, çabalayırsan - çabala, xeyri yoxdu... Bəlkə, Allah insafa gəlib səni tez öldürdü...

Amma, bəlkə... bəlkə, yuxudu bu... Hamısı yuxudu, vahiməli yuxu... Qarabasma. Dədə Qorqud demiş, yuxu da kiçik ölümdü axı...

Yuxudumu, ölümdümü? Gözlərimi qapayıram. Gözlərim qarşısında sarı, çərhayı, yaşıl dairələr. Dairə içində dairə, görünür, sonra uzaqlaşıb itirlər. Bəlkə, uzaq planetlərdir bu. Bəlkə, oralara uçuram. Uçuram, Bəlkə... bəl...

İKİNCİ FƏSİL

YAMAN GÖZ

“Çox vaxt yaman göz başqasına ağır təsir edir”.

İbn Sina, «Təbiət haqqında»

“Təxəyyülün gücü - xüsusi həssaslıqlarına görə ən çox gözlərdə əks olunur. Yaman göz ətrafındakı havaya da yoluxur və zilləndiyi sağlam adamlara xələl gətirir. Yaman göz güzgüyə baxanda güzgü tutqunlaşır”.

Y. Şprenger, Q. İnstitoris,

XV əsrin xristian rahibləri

A cıdan acı külək adamın iliyinə işləyirdi. Düymələri düşmüş, yaxası açıq, yamaqlı, nimdaş pencəyini az qala dartıb əynindən çıxaracaqdı külək. Darvazadan həyətdəki evlərinin qapısınacan iyirmi addımdı - dönə - dönə saymışdı. Külək kürəyindən vurduğundan, bu məsafəni - iyirmi addımı - həmişəkindən də tez qət edə bilərdi... Qət edəcəkdi. Üşüyə-üşüyə, sazaqdan titrəyə - titrəyə...

Darvazadan evlərinə qədər məsafəni niyə qaça-qaça keçməsinin səbəbini heç kəs bilmirdi, bir özündən, bir anasından, bir də Nəsibdən başqa. Heç atası da bilmirdi, ona deməmişdilər ki, gedib mərəkə qoparmasın. Bəlkə də yuxarı mərtəbədəki qonşularından hansısa pəncərədən bunu görmüşdü, diqqət eləmişdi, amma vecinə almamışdı, bəlkə də heç kim gorməmişdi.

Tez ev qapılarına çatmalıydı, qapını döyən kimi anası tələsik qapını açacaqdı, axı bilirdi... Bəlkə də artıq açmışdı, gözləyirdi.

Qapılarına çatmağa bir addım qalmış sop-soyuq su başına çırpılıb bütün vücudunu islatdı. Başına endirilən suya alışıqlı olsa da, bədənini diksindirdi. Boynunun, kürəyinin, qollarının, biləklərinin hər hücrəsinə iynə-iynə batan sazağı duydu. Küləkli havada su bədənini elektrik cərəyanı kimi gizildətdi. Əli qapılarına dəyən kimi bayaqdan qapı dalında dayanan anası onu içəri çəkdi.

- Can bala, - deyə səkkiz yaşlı çim yaş oğlunu bağrına basdı. - Görüm balama zülm eləyənlər bir udum suya həsrət qalsın...

Allahın ver günü, oğlu məktəbdən qayıdanda Mənzər yuxarı mərtəbədəki ailəyə qarğış edirdi. Hər ikisi - Əhliman da, Mənzər də bilirdilər ki, suyu üçüncü mərtəbədən atan hansı idarəninsə böyüyü Qasımın oğlu Nəsibdir.

Mənzər tələsik oğlunu soyundurdu. Əhliman anasının hər gün eyni saatda ütüləyib hazır qoyduğu quru paltarlarını geydi, alt və üst paltarlarını dəyişdi. Əhədin işdən gəlməyinə hələ iki-üç saat vardı, amma bərayi-ehtiyat, Mənzər oğlunun yaş paltarlarını gizlətdi, gecə hamını yuxuya verəndən sonra pıçıltıyla qarğış edə - edə qurudub ütüləyəcəkdi. Elə əcaib qarğışlar tapırdı ki... «Görüm balama zülm edən qotur olsun, dırnağı olmasın».

Əhliman hələ də tir-tir titrəyirdi.

- Gəl otur, bala, gəl otur, bu saatca xörəyini qızdıracam.

Neçə ay bundan əvvəl Qasımgilin qulluqçuları eyvanlarındakı gülləri sulayarkən sərpic əlindən çıxmışdı və su həyətdən keçən Əhlimanın başına tökülmüşdü. Onun çığırtısını Nəsib də eşitmişdi və bundan böyük həzz almışdı. Əhlimanla Nəsib məktəbdə bir sinifdə oxuyurdular. Məktəbdən atasının maşınıyla evə daha tez çatır və Əhlimanın dərsdən gəlməsini güdürdü ki, başına bir ləyən su əndərsin. Bütün keyf də ondaydı ki, su kənara tökülməsin, düz Əhlimanın başına axsın.

Əhliman əvvəl bunu təsadüf, sonra şit zarafat bildi, sonrasa qəsdən edildiyini anladı. Amma nə olsun, nə edə bilərdi. Özündən qat - qat cüssəli, güclü, qolu zorlu, adına hamının qoçu dediyi, həm də rəis oğlu Nəsibə kim gözün üstə qaşın var deyə bilərdi? Kimə şikayət edəcəkdi? Hansı müəllim onun sözünə inanardı, inansaydı belə, kim bu işə baş qoşub pis düşmək istərdi? Nəsib bütün məktəbin ərköyünüydü, hətta bəzən müəllimləri də atasının maşınına mindirərdi.

Mənzərin bir qorxusu vardı ki, bircə Əhəd bilməsin. Dəlisoyun biridi, düşər sərxoş vaxtına, rəis-məis tanımaz, gedər o gədəçəni salar təpiyinin altına, tutub xuliqanlıq üstə basarlar dama.

Əhlimanın məktəbdə ayamasını da elə Nəsib qoymuşdu - Əhriman. Hardasa oxuyubmuş ki, Əhriman Şər allahıdır. Hətta müəllimlərdən bəziləri də Nəsibə xoş gəlməkdən ötrü Əhlimana irişə-irişə Əhriman deyirdilər.

O vaxt küçələri bir erməni inqilabçısının adını daşıyırdı: Ara Qardaşyan. Amma küçənin adı yazılmış lövhələr köhnəlib oxunmaz olmuşdu, hamı bura Ara Qarışdıran küçəsi deyirdi.

Bəlkə, oxuduğu yeganə kitabdan Əhrimandan başqa Xeyir Allahı Hörmüzdün də adını bilmişdi və Əhlimana: bax, sən Əhrimansan, mən Hörmüzd -deyirdi.

Bir dəfə Əhlimanı maşınlarına dəvət etdi. Onda hələ bu su məsələsi yoxuydusa da, Əhliman imtina etdi.

-Evə getmirik? Gəl maşınla gedək də...

Çox təkid edəndən sonra Əhliman maşına mindi. Nəsib sürücüyə:

-Sür Keşləyə, - dedi.

Əhliman təəccüblə:

-Keşlədə nə işimiz var? - deyə soruşdu

-Görəcəksən.

Keşlə Ara Qarışdıran küçəsindən tam əks istiqamətdə idi, bir şəhər boyda araları vardı.

Keşləyə çatar-çatmaz Nəsib sürücüyə:

- Saxla, - dedi.

Maşın dayandı

-Düş, sənə söz deyəcəm.

Düşdülər.

-Bura gəl.

Gəldi, maşından uzaqlaşdılar. Birdən Nəsib tələsik maşına tərəf getdi, mindi, qapını bağlayıb, düyməni basdı.

Əhlimanın cibində bir qəpik yox idi və Nəsib bunu bilirdi.

Maşın hərəkətə gələndə Əhliman şüşədən Nəsibin ona baxıb dişlərini ağartdığını gördü.

Onda da soyuq bir gündü, bəlkə də Nəsib bu oyunu çıxartmaqçün qəsdən belə soyuq gün seçmişdi.

Əhliman payi-piyada bütün şəhəri keçib evlərinə çatanda şər qarışmışdı. Axşam qızdırması qalxdı. Soyuq dəymişdi, sətəlcəm olmuşdu. On gün xəstə yatdı.

Çöl qapısı taqqıltıyla açıldı. Əhəd içəri girdi - üz-gözündən zəhrimar yağırdı. Sözünü də elə zəhirmarla başladı:

-Yeməyə nə zəhirmarın var?

-Bu saat qayğanaq bişirim, bilmədim belə tez gələcəksən.

-Qayğanağı apar gorbagor dədənin qəbrinə qoy. Tez gəldim, gec gəldim, sənin nə borcuna.

Gedib dolabı açdı.

-Araq hanı?

-Dünən içmədin, başına dönüm?

-Mən, bəyəm, bilmirəm nə içmişəm, nə içməmişəm, ağlım başımdan çıxıb deyirsən, - arvadına tərs bir şapalaq çəkdi.

-İtin qızı, mən gedəndən sonra arağı töküb zaxoda, şüşəsini də atıb ki, duyuq düşməyim.

Əlbəttə, dünən şüşəni dibinəcən içdiyi yadındaydı. Cibindən əzik-üzük pullar çıxarıb Əhlimana uzatdı.

-Get Sadıqdan bir araq al, - dedi, Əhlimanın yeməyə başladığı qayqanağı öz qabağına çəkdi. - Nə baxırsan bu zəhrimara, küçük, anan indi də belə cücə - plovdan bişirib sənin də qabağına qoyacaq dana, zalımın qızı bu zəhrimara bir çimdik duz da səpməyib.

Əlini duza uzadanda boşqaba dəydi, boşqab yerə düşüb çilik-çilik oldu, qayqanaq yerə dağıldı.

Əhəd indi də oğluna yağlı bir qapaz vurdu:

-Nə pis gözün var, itin balası, tez ol itil gözümdən.

Montyor işləyən Əhədi bu gün sərxoş olub qəza törətdiyi üçün növbəti işindən qovmuşdular. Onsuz da zəhər tuluğu olan kişi acığını çıxmağa adam axtarırdı. Dilsiz-ağızsız ailə üzvlərindən münasib hədəfi harda tapacaqdı.

Mənzər:

- İndi dükan bağlı olar, - dedi, - qoy yarım saatdan sonra getsin, bu saat ikinizə də qayqanaq bişirim.

-Mənə moizə oxuma, sürük burdan.

Sonra gözünü oğluna ağartdı:

-Kimə deyirəm, becid ol, qırışmal.

Əhliman pencəyini çiyninə atıb həyətə çıxdı, qeyri-ixtiyarı üçüncü mərtəbənin eyvanına baxdı. Pencərə kip bağlıydı. Nəsibin xəbəri olsaydı zarafatından qalmazdı.

Yenə də vərdişi üzrə həyətdən qaça-qaça keçdi. Həyətin o tay bu tayında içində sıçanlar, sıçovullar oynaşan zibil qutuları düzülmüşdu, həyətin ortasından lehim axırdı. Haçansa bu həyətdə kiçicik təmiz sahə tapıb qonşu uşaqlarıyla futbol oynayardılar. İndi Nəsibin ucbatından daha futbol da oynamırdılar.

Dükan bağlıydı. Qapısında «fasilə» yazılmışdı. Yarım saat gözləməli idi. Əli boş qayıtsaydı, ağına-bozuna baxmayan dədəsi kötəkləyəcəkdi. Son dəfə üç gün əvvəl döymüşdü Əhlimanı. Əliylə vururdu, əli yorulanda meşin kəmərini açıb qırmanclamağa başlayırdı. Qırmancların zolaq-zolaq göynərtisi hələ də Əhlimanın kürəyindən keçməmişdi.

Külək elə bil bir az da şiddətlənmişdi, soyuqdan uşağın dişi-dişinə dəyirdi. Darvazanın qapısında Nəsibgilin maşını dayanmışdı.

Bir azdan xəz yaxalığı olan qalın, isti paltoda Nəsib göründü, şofer əlindən tutmuşdu. Əhliman kənara çəkildi ki, Nəsib onu görməsin. Baxışları toqquşsaydı Nəsib onu istehzayla süzəcəkdi, bəlkə, bir hoqqa da çıxaracaqdı.

Əhliman par-par parıldayan qara maşına baxırdı. Nəsibin qara xəz yaxalıqlı paltosuna, qulaqlı papağına baxdıqca, elə bil öz yuxa geyimi içində bir az da üşüyürdü. Bir an bu xəzli paltonun, qulaqlı papağın, meşin əlcəklərin, yun şalvarın istisini təsəvvür etdi və daha da üşüdü.

Nəsib saymazyana ətrafa göz gəzdirib - yəni görürsüz də məni - şoferin açdığı qapıdan maşına oturdu.

Maşın yerindən tərpəndi. Əhliman maşının ardınca yaş asfaltda qırmızı lent kimi sürünən arxa faraların işığına baxırdı.

Qəflətən böyük sürətlə tindən burulan alabaş qara maşını qabağına qatıb xeyli sürüdü, divara çırpdı. Bir-birinə dəyən metalın tükürpərdici xırçıltısı eşidildi. Qara maşın xıncım-xıncım olmuş, qarmon kimi sıxılmışdı.

Küçədəkilər yüyürüb birtəhər maşının pərçim olmuş dal qapısını açdılar, üz-gözü qan hörrəsindən tanınmaz olmuş Nəsibin cəsədini çıxardılar.

ÜÇÜNCÜ FƏSİL

ŞEYX NƏSRULLA DÜZ DEYİRMİŞ

“Həyat haqqında nə bilirsiniz ki, ölüm haqqında da nəsə biləsiz”.

KONFUTSİ

“Məşhədi-müqəddəsdə bir abid peyda olub, bunun ismi-şərifi Şeyx Nəsrullahdır. Qəbristana əhli qübür ziyarətinə gəlib, başlayıb bir dua oxumağa və sonra uca səslə deyib: Durun ayağa, ey Allahın mömin bəndələri. Bu səsi eşitcək cəmi ölülər Allahın qüdrətilə bir hərəkətə gəldilər”.

M. C. MƏMMƏDQULUZADƏ, «ÖLÜLƏR»

N əsrulla və Fazil qəbrin üstündəki son iki kürəklik torpağı da kənara atdılar. İndi məzarın dərinliyiylə yer üzü arasında yalnız iki sal daş qalırdı. Nəsrulla 50 - 55 yaşlarında qəbirqazandı. Saqqal saxlamırdı, amma kim bilir neçə gündən bəri üzünü qırxmadığından bütün sifətini, boğazını ağ tüklər tikan - tikan basmışdı. Qalın qaşları qap-qaraydı.

25-26 yaşlarında Fazil azca aralıda dayanmış alabaşın sürücüsüydü, çəlimsiz bir oğlandı, palaz qulaqları, sivri burnu vardı, çox arıqdı, ordu - orduna yapışmışdı. Nəsrulla beli yerə qoyub köksünü ötürdü.

-Of, kələyimiz kəsildi, - dedi, - bir hovur dincimizi alaq.

Sürtülmüş, qarasından ağı çıxmış çantasından qəzet götürüb yerə sərdi, üstünə iki çapma stəkan və kolbasa düzdü, cib bıçağıyla kolbasanı doğramağa başladı.

-Qaqaş, - dedi, - gətir görək o aslan südünü.

Fazil şüşəsi yaşıla çalan yarımlitrlik araq butulkasını maşından götürüb gətirdi.

Nəsrulla:

-Süz, - dedi.

Fazil:

-Day-day, bəlkə, işimizi qurtarıb sonra içək, - dedi.

-Yox, - dedi Nəsrulla, - sən cavansan, belə şeyləri bilməzsən. Başımın tükü sanı qəbir açmışam, - qeyri-ixtiyari əlini daz başına çəkdi. - Meyiti gorbagor etməkdən qabaq gərək möhkəm horradasan.

Fazil:

- Day - day, çox meyit çıxarmısan qəbirdən?

- Oxartana... Yaxşı, vur görək. Ölülərə rəhmət, dirilərə cansağlığı. Canımız - başımız sağ olsun.

Şər qarışırdı.

Nəsrulla cibindən eşmə papiros çıxarıb bükdü, kibritlə odladı, bir qullab alıb Fazilə uzatdı.

-Al, bir qullab da sən al.

-Nöşün?

-Nöşün ki, lazımdı.

Fazil bir qullab alıb:

-Nəşədü? - deyə xəbər aldı.

-Bəli, araqnan nəşənin özgə keyfi var, begem bilmirdün?

Fazil bir qullab da alıb çeçədi.

Nəsrulla:

-Ver bura görüm, - dedi, - besindü...

Fazil:

- Day- day, çatacayıq? - dedi.

-Çatacayıq, lap o yana da keçəcəyik. Çapıq 9 - da gələsidi, iki saatımız var, əlbəttəkin çatarıq.

-Day-day, allahhaqqıçın qanmıram, bu meyit Çapığın nəyinə gərəkdi?.

-Göyçaylısan?

-Hardan bildün?

-Göyçaylılar allahhaqqüçün deyirlər. Qoşumuz göyçaylıydı.

Fazil:

- Anam göyçaylıdı, - dedi, - atam bakılı.

-Sağdılar?

-Həri

-Allah saxlasın.

-Day-day, demədin axı, bu meyit Çapığın nəyinə lazımdı?

-Onu bir xudavəndi - aləm bilər. Əstafürullah. Bir də Çapığın özündən alayı heç kəs bilməz. Süz görək. Albinos nədi eşitmisən?

-Yox, kimdi, ingilisdi?

- Avam ki, avam... Albinos bizim dildə sarışqa adamlara deyirlər də, hər yeri sap-sarı olur onların e - saçı-saqqalı, qaşı, gözü.

-Nə olsun?

- Demə yapon alimləri tapıb ki, bu sarışqa adamların tükü də, sümüyü də dərmandı, odu ki, onlar xosumvay olanda qohumlarıyla dil tapıb sövdalaşırlar. Əvvəl - əvvəl kamal - ədəblə basdırırlar ölülərini, sora da xəlvətcə qəbirdən çıxarıb satırlar xaricə.

Fazilin ağzı açıq qalmışdı:

- Gör e, dünyada işlər var ki, heç şeytanın ağlına gəlməz. Deyirsən yəni bu Çapıq da yaponlarla əlbirdü.

Nəsrulla başını buladı:

- Onu deyə bilmərəm, mənə atçet verməyib ki... Deyib flankəsi qəbrdən çıxart, haqqını al. Vəssəlam. Neynir bu meyiti, öz işidü, nə borcuma?

Stəkanı qaldırıb tost dedi:

-Ölüb qəbirdə rahat yatmaq da halva deyil e. Yaxşı, içək o sağlığa ki, ölüb gedəndən sonra heç kəs bizi gorbagor eləməsin...

İçdilər.

Alatoranlıq ətrafı həzin rənglərə boyayırdı, bu fonda qəbir daşlarının qara siluetləri aydın seçilirdi.

Nəsrulla aşağıda haranısa göstərib soruşdu:

- Ora bilirsən haradu?

- Göldü də, day- day.

- Hələm - mələm göl döyül e... Qanlı göldü. Bəs bilirsən ora nöşün qanlı göl deyiblər?

- Yox, nə bilim.

- Otuzuncu illərdə GPU adamları güllələyib bu gölə atırmış.

- GPU kimdi, day-day, o da yapondu?

- Çüşka ki çüşka... Ə.. sən lap görkəzməsənmiş ki... GPU bilmirsən? Çeka da, enkivede...

Fazil maddım - maddım baxırdı.

- Qaqaş, incimə, lap bisavadsızsan e... Təhlükəsizlik idarəsi demirlər? O vaxtlar belənçiynə adlanırmış da. Qan eləyirmişlər, Ətağa cəddi. Güllələri qurtaranda adamların əlin-qolun bağlayıb boyunlarına iplə daş salıb diri-diri atırlarmış gölə.

-Vay anasını...

Nəsrulla bir qullab da vurdu.

-Bəli, cavan oğlan, belə vaxtlar da olub e... Şükür bu günümüzə...

-Bə sən hardan bilirsən buları?

-Dədəm danışardı.

-Dədən də qəbirqazan olub?

-Dədəm də, babam da. Bütün əbavü - əcdadımız binayi - qədimdən bu qəbristanlıqda ömür sürüb. Babam mollalıq da edərdi, amma sovetin vaxtında qorxdu, oldu qəbirqazan, hərdən gizlində yasin oxuyardı. Yaxşı səsi vardı. Süz görək.

-Bəlkəm, bəsdü? Mən axı, hələ gərək maşın sürəm, meyiti aparam.

-Darıxma, necə ki, lazımdu elənçiynə aparacaqsan Çapıq deyən yerə..

- O biri meyitləri də Çapığın sözüylə çıxarmısan qəbirdən?

-Yox, hərəsinin bir zakazçiki vardı. Eh, ay qaqaş, mən bildiyimi, gördüyümü danışsam, tükün biz - biz olar.

Arağı başına çəkib «papirosdan» bir qüllab da vurdu.

-Deyəcəm, inanmazsan. Hər cümə günü cinlər bu Qanlı gölün yanında bir mərəkə çıxarırlar, gəl görəsən.

Fazilin hələ də ağzı açıq qalmışdı:

-Neynillər ki?

-Neyniyəcəklər, çalıb - oynayırlar. Özü də heç bizim yerin havalarına oxşamır çaldıqları. Bir - iki dəfə məni də çağırıblar, getməmişəm, bir dəfə uzaqdan durub baxdım, görüm axı bunlar nə oyun çıxarır. Həngaməymiş, əşi, deməklə olmur... Amma mənim nə borcuma, getmədim, nə işim var onların məclisində ki, hökümətə çuğullasınlar, işdən qovdursunlar məni...

Fazilin gözləri bərəlib az qala hədəqəsindən çıxasıydı, başı get- gedə dumanlanırdı.

O biri tərəfdən də düşünürdü ki, vaxt keçir, bir azdan Çapıq gələcək, dediyini etmədiyimizi görəcək, qazancımız əldən çıxacaq. Zəif bir təşəbbüs etdi:

-Day-day, bəlkə, açaq qəbri?

-Hara tələsirsən e, elə bilirsən, meyit ordan qaçacaq?

-Yox, deyirəm Çapıq gələnə qədər görək işimizi, axı dedi, qəbri onun yanında açmayaq.

-Yaxşı, sən deyən olsun, bunu da içək, başlayaq işimizə. Bunu da vuraq ... ölülərin sağlığına. Çörəyimiz onlardan çıxır.

İçdilər. Qaqaşın başı tamam dumanlanmışdı, gözləri axırdı...

Nəsrulla elə bil heç nə içməmişdi, çəkməmişdi. Durub qəbir üstündəki daşın bir tərəfindən yapışdı.

-Tut görüm o biri ucundan. Qovraq ol əldən.

-Ya Allah, - gücənib bir həmləylə sal daşı qaldırdılar. Nəsrulla çirkli qırış-qırış dəsmalını çıxarıb boynunun, alnının tərini sildi.

-Hə, qaqaş, güc ver görüm.

İkinci daşı da qaldırdılar, qırağa qoydular.

Nəsrulla nəfəsini dərib:

- Əlli qramımız qalıb, onu da gillədək, - dedi, - meyiti sonra çıxararıq.

Nəsrulla arxası açıq məzara tərəf oturmuşdu, arağı stəkanlara özü süzdü.

-Görürəm yaxşı, yeyib-içən cəyilsən, xoşum gəldi sənnən, - dedi, - içirəm sənin sağlığına.

Stəkanı ağzına yaxınlaşdıranda Fazilin sifətində dəhşət ifadəsini gördü. Stəkan Fazilin əlindən düşdü, araq qəzetin üstünə dağıldı, qəzet səhifəsi yaş olub qaraldı.

-Nədi? - Nəsrulla Fazilə baxdı

-o... o... ra... bax...

Nəsrulla başını çevirib qəbrə tərəf baxdı.

Ağ kəfən içində çabalayan meyit qəbirdən çıxmağa çalışırdı.

Fazil dəli kimi yerindən sıçrayıb maşina tərəf qaçdı, ayağı büdrədi, yıxıldı, durdu, özünü bir təhər alabaşa çatdırıb motoru işə saldı, maşın hərəkətə gəlib anında uzaqlaşdı.

Nəsrulla arağı başına çəkib qəmli-qəmli gülümsündü, öz-özünə, ya Allah bilir kiməsə:

-Uşaq ki, uşaq, - dedi, - guya heç ömründə xortdayan ölü görməyib.

MÜƏLLİFDƏN:

Diri-diri basdırılmış «meyiti» ölü bilib məzardan çıxarılmasının müxtəlif səbəbləri ola bilər. Məsələn, tutalım, qəbir yerini başqasına satıblar, bu sahibsiz meyiti də maşınla aparıb kürədə yandıracaqlar.

Yaxud hələ sağlam qalmış orqanlarını satmaq üçün, ya qızıl dişlərini çıxarmaq üçün bu əməliyyata qurşanıblar. Bəlkə, hansı düşmənisə dirisiylə bacarmayıb, ölüsündən bu sayaq qisas almaq istəyib... Ola bilsin ki, qəbirqazanın albinoslar haqqında dedikləri də cəfəngiyyat sayılmamalıdır, ola bilsin hardasa belə bir söhbət eşidib, əməlli-başlı qanmayıb.

Bəlkə də, bəzi inanclara görə, insan beynində yerləşən üçüncü gözün - bəsirət gözünün olub - olmamasını elmi cəhətdən araşdırmağa cəhd edirlər.

Müəllif bu ya buna bənzər başqa səbəblər də tapa ya uydura bilərdi, amma bu versiyaların heç biri süjetin irəlidəki inkişafı üçün önəmli deyil. Müəllif üçün vacib olan diri - diri yer altına gömülmüş insanın oyandığı zaman keçirdiyi halların təhlili və möcüzəvi şəkildə sağ qalıb, «xortlayıb», qəbirdən çıxan «ölünün» onun kim tərəfindən qətlə yetirildiyini bilmək üçün axtarışlar aparmasıdır.

DÖRDÜNCÜ FƏSİL

QEYB OLMUŞ QARAJ

“Məgər kiminlə danışdığımı bilmirəm? Sənə demək istədiyimi sən artıq bilirsən, bunu gözlərindən oxuyuram. Sirrimi səndən gizləyə biləcəyəmmi? Bəlkə, sən bu sirrimi öz dilimdən eşitmək istəyirsən? Onda bil: Biz səninlə yox, Onunlayıq”.

F. M. DOSTOYEVSKİ,

«Karamazov qardaşları»

“Əgər göz yaddaşı pozulmasaydı psixoloji korluq, yəni gördüyün obyektləri tanımamaq kimi bir fəsad da olmazdı. Göz yaddaşının korşalması psixoloji korluğa səbəb olur. Bəzi insanlar nəsnələri daxili baxışla görürlər, amma açıq gözlə onları tanıya bilmirlər”.

ANRİ BERQSON,

fransız filosofu, «Yaddaş və beyin»

Süpürgəçi Dadaş hövlnak evinə gəldi, əl-üzünü yumamış:

-Arvad, tez bir çay, - dedi, - sənə elə şey danışacam ki, tüklərin biz-biz olacaq.

Kiçikxanım piltənin yanında çay dəmləyənə qədər Dadaş kişinin səbri çatmadı, arvadının dalıycan mətbəxə gəldi.

- Bizim bu həyətdə, tualetin yanında qaraj var ha...

- Orda, bəyəm, qaraj var? - deyə xəbər aldı arvadı.

- Var, var, tualetin o yanında. Mən də indiyəcən görməmişdim. Həyətə girəndə görünmür.

- Var, var da... nə olsun?

- Qulaq as, bu yuxarıdakı qonşumuz var ha...

-Hə... Sözünün canını de.

-Bu günnərsi maşını sürüb gəldi o qarajın qabağına.

-Onun, bəyəm, maşını var?

- Varmış demə.

- Yaxşı, nə olsun? Var, var da...

-Düşdü maşından, qarajın qapısın açdı. Mən də o vaxt elə oraları süpürürdüm. Gözucu baxdım qarajın içinə. Nə görsəm yaxşıdı?

-Nə gördün, de da, ürəyimizi üzmə.

Dadaş arvadının süzdüyü çaydan bir qurtum içib:

-Gördüm ki ...

-Həəə...

-Gördüm qarajın bir tərəfinə cürbəcür aparatlar düzülüb. Özü də heç yerdə, heç kinoda da belə aparatlar görməmişdim - dürbündü, projektordu, nədi, iri şüşələr olur e... ona nə deyirlər?

-Hansı şüşələr?

-Nə bilim, kitab oxuyanda alimlər baxırlar e...

- Mikroskop?

- Nə? Ulduzlara da onunla baxırlar?

-Yox, o teleskopdu. Yaxşı, nə olsun?

-Hər tərəfdə irili - xırdalı güzgülər.

-Kişi, deyən sənin işin-gücün qurtarıb. Güzgü güzgüdür də.

-Dayan, sözümü kəsmə, - çaydan bir qurtum da içdi. - Güzgülərin altında, üstündə, böyründə böyük-balaca göz müncuqları asılıb. Sən televizor alanda birin alıb asmışdıq e üstündən.

-Yəqin, o da asıb ki, maşınına göz dəyməsin də. Zaqraniçnı maşındı?

-Mən nə bilim, maşın maşındı da... evimizdə bişməyib, qonşudan gəlməyib... Dayan, pəstəha hələ qabaqdadı.

- Oyunun olsun, kişi, bir kəlmə söz deyincə ürəyimizi çəkdin...

- Otur görüm stula, yıxılmayasan.

-...

-Maşından bir torba çıxardı, torbanın ağzını açdı, yalançılar sözü olmasın, qaraja əlli-altmış sıçan buraxdı.

-Nə? - bu səfər Kiçikxanımın doğrudan ağzı açıq qaldı.

-Nə danışırsan, kişi, bəlkəm dəlidi?

Dadaş söhbətinin arvadına belə təsir etməsindən məmnun qalmışdı.

-Bəli, - dedi, - balaca-balaca sıçanlar.

-Bəs sonra neylədi?

-Sonrasın görə bilmədim, tez bağladı qarajın qapısını.

-A kişi, - dedi Kiçikxanım, - bəlkəm orqanlara xəbər eləyəsən, sonra şipion-zad olar, bəlkə, sıçanların əliylə camaatımızı qırmaq istəyir.

-Boş-boş danışma arvad, sıçanın əli olur?

- Əli yox, ayağı olsun. Bəlkəm, camaatımıza bu sıçanların vasitəsiylə xəstəlik-zad yoluxdurmaq istəyir başı batmış.

- Yaxşı, nə deyirsən, arvad, indi neyləyək bu işi. Bəlkəm, sən demiş, doğrudan şifyon zaddı, adamlarımızı zəhərləmək istəyir. Yoxsa bu qədər sıçan nəyinə gərəkdi?

- Özü də hardan yığıb bu qədər sıçanı e... Yox, sən hökman çatdır böyüklərə bu məsələni.

- Bu gün daha gecdi, sabah gedərəm hara lazımdı, ora.

Bütün gecə ər də, arvad da qarışıq yuxularında siçanları görürdülər, siçanlar pəncərədən içəri girərək evlərinə doluşmuşdular.

Siçan Kiçikxanımın üzünü cırmaqlayanda (yuxuda, əlbətdə) qışqırıb yerindən sıçradı.

-A kişi, dur, atan-anan behiştlik. Tez ol, hara lazımdı xəbər elə, sonra başımıza iş açarlar...

Dadaş kişi tələsik geyindi. Heç çay içib çörək də yemədi, həyətə düşdü. Həyətə çıxanda tərs kimi qabağına qəribə qarajın yiyəsi çıxdı. Süpürgəçiyə uzun-uzun elə zəndlə baxdı ki, elə bil onu ilk dəfə görürdü, heç salamını da almadı, çevrilib uzaqlaşdı.

Dadaşın yadına düşdü ki, çay içməyib, çörək yeməyib. Təzədən evinə qayıtdı.

Kiçikxanım:

-Getdin? -deyə soruşdu

-Hara getməliydim ki?

-Demirdin böyüklərin yanına gedəcəm?

-Böyüklərin yanında nə işim var?

-A kişi, dünənnərsi demirdin ki, böyüklərin yanına gedib əhvalatı danışacam?

-Hansı əhvalatı, ay arvad, nə hətərən-pətərən danışırsan.

-Hətərən-pətərən danışan sənsən, o siçan əhvalatın danışan sən deyildin?

-Nə siçan, arvad, başına at təpib?

-Day sənə sözüm yoxdu. Dünənnərsi töyşüyə-töyşüyə gəldin ki, yuxarıdakı qonşumuz qarajına siçanları doldurub. Mən də bütün gecə yuxuda siçan görmüşəm.

- Arvad, vallah, sənin başına soyuq dəyib. Bir çildağa get.

- Çildağa sən gedəsisən, kişi. Dünənnərsi sən deyildin cürbəcür nağıllar danışan, bir torba siçan, flan.. nə bilim daha nə?

Dadaş əlini arvadının alnına qoydu:

-Yox, qızdırman yoxdu, bə niyə sayıqlıyırsan?

-A kişi, məni dəli edəcəksən, sən deyildin deyən ki, qonşunun qarajında..

-Hansı qarajda?

-O tualetin yanındakı qarajda...

-Orda, bəyəm, qaraj var?

BEŞİNCİ FƏSİL

DƏFNİMDƏN ÜÇ GÜN ÜÇ SAAT SONRA

“Varlıq axınını adlayıb keçərkən Keçmişdən imtina et, Gələcəkdən imtina et, onların arasında qalandan da imtina et. Əgər zehnin azaddırsa, nə olur-olsun, yenidən doğulmayacaqsan və qocalmayacaqsan”.

Dhammapada (miladdan öncə III ya IV əsrlərdə Hindistanda yaranmış buddist ədəbi abidəsi)

“Çoxsaylı örnəklər məni inandırdı ki, insan təbiət dünyasından ruh dünyasına keçərkən hər şeyi özüylə aparır, tək bir bədənindən başqa”.

E. Svedenborq,

İsveç mistiki

Kəfənin içində çabalayır, səsim gəldikcə bağırırdım:

-Ey, kim var orda? Çıxarın məni burdan, imdad!

Bir az sonra kiminsə yaxınlaşdığını duydum.

-Tez ol, aç məni, çıxart burdan.

Hiss etdim ki, kimsə kəfənimi dartır, sifətimi açır.

Saf hava sərin külək kimi üzümə çırpıldı. Qaranlıqda gözüm heç nəyi seçmirdi, amma burnuma ucuz araq iyi, bir də şirintəhər bir qoxu çaldı.

-Tez ol, aç əlimi - qolumu.

Boğuq bir səs eşitdim:

-Səbrin olsun, açıram da... qədeş, amma öz aramızdı, sən heç sarışqa deyilsən ki...

Kəfən açıldıqca əzalarımda gərnəşmək ehtiyacı hiss edirdim. Bir yandan da mat qalmışdım ki, məni beləcə xilas edən adam - kim olur olsun- dirilməyimə, loru dillə desək «xortdamağıma» zərrə qədər təəccüb qalmayıb.

-Çıxar məni burdan.

-Ver əlivü görüm.

Əlimdən tutub dartdı. Əli qaba, qabarlı, cod, həm də çox güclüydü.

Bu an, bu yerdə qəribədən qəribə səslənən sözlər dedi:

-Xoş gördük.

-Sən kimsən?

-Kilimçi. Nə işüvə...

Bir kənara atılmış beli gördüm.

-Qəbirqazansan?

-Elə deyillər.

-Bəs mənim dirilməyimə heç təəccüb eləmədin?

-Nöş təəccüb edim? Eşitməmisən: flankəs kəfənin yırtıb çıxdı, sən də olardansan da...

Danışdıqca araq iyini və şirintəhər qoxunu (tütün, tənbəki?) daha yaxından duyurdum, ürəyim bulanırdı.

- Məni haçan dəfn ediblər? - deyə soruşdum və sorumun nə qədər absurd səsləndiyinin fərqinə vardım.

-Gavar şənbə günüydü, - sonra nəyisə yada salıb. - Həri, düzdü, - dedi, - üç gün bundan qabaq.

-Heç diri-diri basdırarlar adamı?

-Olan işdi, olanda olur da...

-Məndən savayı da qəbirdə dirilən görmüsən?

-Oxartana...

Tam açılmamış kəfənin içində lüt-ətcəbalaydım. Utandığımdan kəfənlə qabağımı tutmuşdum.

- Soyun, - dedim.

Qəbirqazan buna da təəccüb qalmadı. Dinməz-söyləməz şalvarını, köynəyini çıxardı. Bunu o qədər adi, sıradan bir iş kimi görürdü, sanki hər gün üst-başını çıxarıb qəbirdən dirilib çıxan «ölülərə» verirdi. Get-gedə gözlərim qaranlığa alışırdı.

Bez köynəyi qurumuş, tərdən qaysaqlanmışdı. Tozlu-palçıqlı çəkməsinin altı aralanmışdı, ordan görünən xırda mismarcıqlar timsah cəhəngini andırırdı. Balağı bükülüb corabının içinə salınmış yamaq-yırtıqlı, rəngi bilinməyən şalvarı sidik iyi verirdi. Bütün bu iylərə açıq məzardan gələn rütubət qoxusu da qarışırdı. Ürəyim qalxır, öyüyürdüm, qusmaq istəyirdim. Bir təhər özümü ələ aldım. Olanlar hələ də mənə yuxu kimi gəlirdi. Amma qarşımda bir alt tumanında qalmış adam canlıydı, yuxu deyildi, it iyi verirdi. Hər halda, nə olur olsun, bu adam mənim xilaskarım idi.

-Burdasan? -deyə xəbər aldım, - iki-üç saata sənə qət təzə paltar alıb gətirərəm.

İlk dəfə təşvişlə:

-Yox, yox, - dedi, - bu saat burdan sivişib gedirəm. Çapıq gələr, sənin çıxıb getdiyini biləndə dərimə saman təpər, - birdən gözlənilməz sual verdi:

-Akademiksən?

-Yox

-Professor?

-Yox, bunu hardan çıxardın?

-Nə bilim, sir-sifətindən alimə-zada oxşayırsan.

-Maraqlı adamsan, - dedim. - Sənə borcluyam. Elə böyük borcum var ki... Bəs səni hardan tapım?

-Axtaran tapar, - dedi, - sonra dibində bir az araq qalmış stəkanı mənə uzatdı:

-Bəlkəm, gillədəsən...

-Yox, üç gündü dilimə bir tikə dəyməyib. Ürəyim qalxar.

-Özün bilən yaxşudu. Dedim, bəlkə, o dünyadan gəlməyinin sağlığına vurasan.

Arağı stəkanın dibinəcən içdi.

-Andıra qalsın bunu icad edəni, - dedi. Bir azdan xorultu səsi gəldi. Qəbirqazan başını sinəsinə sallayıb yuxuya getmişdi. Heyf, ondan soruşmalı o qədər sualım vardı ki... Birdən xorultu kəsildi, qəbirqazan gözü yumulu soruşdu:

-Gedirsən?

-Hə, - dedim - sənə çox minnətdaram, məni o dünyadan qaytardın.

Gözlərini açmadan «Hamlet»dəki məzarçılar sayağı fəlsəfi bir kəlam söylədi:

-O dünya, bu dünya... elə bilirsən, böyük təvafütü var? Orda ölülər diri kimidi, burda dirilər ölü kimi.

-Salamat qal, - dedim, - Bəlkəm, bir də görüşdük, - sonra mən də onunsayağı əlavə etdim: - ya bu dünyada, ya o dünyada...

-İnşallah, - dedi.

Mənə elə gəlirdi ki, yüksəklikdən kəllə-mayallaq aşanda, zərblə torpağa yapışanda burnum yanaqlarımın arasından harasa içəri çökmüşdü, üzüm fətirə dönmüşdü. Əlimi sifətimə çəkdim - burnım, ağzım, hamısı cabəca yerindəydi, fətir-flan da olmamşdı.

Qəbirlərin arasından dolanbac çığırlarla hadırlaya-hadırlaya küçəyə çıxdım. Ömrüm boyu Bakıda yaşamışdımsa da, bu həndəvərə yolum düşməmişdi. Amma nədən bu əyri-üyrü dalanlar yaman tanış gəlirdi mənə? Elə bil haçansa nəinki bu küçələrdən keçmişəm, hətta uzun zaman buralarda yaşamışam da.

ALTINCI FƏSİL

ŞERŞE LA FAMM*

“Əgər bir insan ömründə qadın görməyibsə və qadınla cinsi əlaqənin nə olduğunu bilmirsə, şəhvani yuxu görən zaman ehtiras odu duyacaq, amma dərk etməyəcək ki, bu, cinsi əlaqə istəyidir və bu alovu söndürməyə qadir qadın haqqında da təsəvvürü olmayacaq”.

Əl Qəzali, İran filosofu, sufizmin nəzəriyyəçisi. «İnam elminin dirçəlişi» kitabından

“Sufilər üçün Qərbdə Freydin və Yunqun psixoloji nəzəriyyələri yenilik deyildi. Sufi şeyxi Əl Qəzalinin 900 il bundan əvvəl yazdığı əsərlər göstərir ki, seks haqqında çox sonralar Freydin gəldiyi nəticələr müsəlman alimlərinə yaxşı məlum imiş”.

İDRİS ŞAH (XX əsr, sufizm tarixçisi),

«Sufizm» kitabından

H ələ tələbəlik illərindən Əhliman tay-tuşlarıyla oturub-durmağı xoşlamazdı. Bəlkə, səbəb orta məktəbdə aldığı mənəvi zədələr idi. Evdə də, siniflərində də daima pisikdirilməsi, alçaldılması, ələ salınması onda kəmlik kompleksi yaratmışdı, insanlardan qaçırdı, adamayovuşmaz olmuşdu. Tələbəlikdə bu cəhətləri daha da qabardı. Kurs yoldaşları arasında həmişə sıxılırdı.

Təsəllisini Mövlananın bir fikrindən alırdı. Mövlana deyirdi ki, elmi - sözlər vasitəsiylə dərk edirsən, sənəti - qəlbinlə duyursan, tənhalığını isə, adamların içində olanda hiss edirsən.

Deyib-gülən, zarafatlaşan, bir-birinə ərklə sataşanların arasında qaş-qabaqlı, qara-qabaq, içinə çəkilmiş insan təsiri bağışlayırdı hamıya. Kurslarındakı qızlardan mümkün qədər gen durmağa çalışırdı. Bəzi həddən artıq zirək oğlanların qızlarla açıq-saçıq söhbətləri onu daha da sıxırdı. Ədəb-ərkan cızığını aşan söz mazaxlaşmaları (kim bilir, bəlkə, bu söz mazaxlaşmalarının arxasında şəhvət oyunları da dururdu) Əhlimanı dərin depressiyalara salırdı, rüh düşgünlüyünə yuvarlayırdı. Kurslarında oğlanlar qızlar haqqında pıs danışardılar. Bəziləri hansısa qızın hansısa oğlanla, hətta yaşlı kişiylə yaxın olduğundan qeybət edir, bəziləri özlərinin hansı qadınlasa intim əlaqələrindən ağzı sulana-sulana, olanın üstunə beş qoya-qoya danışırdı. Əhliman belə söhbətlərdən xoşlanmasa da, onları dinləməkdən də çəkinmirdi. Oğlanlar tək öz kurslarındakı deyil, yuxarı kurslarda oxuyan qızların, hətta cavan müəllimələrin seksual üstünlüklərini yerli-yataqlı müzakirə edirdilər. Məhz yerli - yataqlı, yəni kimin yataqda necə davranması ayrıntılarla araşdırılırdı. Hansısa qadının əzalarının ölçüləri, ekstaz və orqazm məqamları, erogen sahələri, kimin kimlə və neçə dəfə - bu cür söhbətlər bitib tükənmirdi. Hər biri də özünü yataq qəhrəmanı kimi qələmə verirdi. Bir gecədə neçə orqazm yaşayan və yaşadanların sözünə inansan, fantastik rəqəm alınardı. Bu sayın fantastik olduğunu Əhliman çox-çox sonralar başa düşdü. O vaxtlar isə, seksual təcrübəsi sıfra bərabər idi, bütün bu erkək qürrələnmələrini həqiqət kimi qəbul edir və bunlardan məhrum olduğuna görə özünə acıyırdı. Bu söhbətlərdən öyrənirdi ki, demə bəzi qadınlar intim anlarda töyşüyür, bəziləri tərləyir, bəziləri şeir deyir ya mahnı oxuyur, bəzilərinin qışqırığı ərşə çıxır. Bəziləri yaşlandıqca şəhvətə daha çox həris olurlar. Bu cavanların hamısı özünü daha təcrübəli Don Juan sayırdı. Daha çox mübahisə etdikləri məsələ hansı qadının döşlərinin hələ də dik qalması ya düşməsi idi.

Güzgü qabağında ya işığı keçirmədən sevişmələr, le amur de trua* ... bəlkə də bilərəkdən onun yanında xüsusi bir əzazilliklə aparılan söhbətlər gecələr Əhlimanın yuxusunu ərşə çəkirdi. Cavan, sağlam bədənini çuğlayan, əzalarını tarıma çəkən təsəvvürlərdən və təsirlərdən qurtulmaq üçün nə edəcəyini bilmirdi, erotik mövzulardan uzaq kitablarla qatırdı başını. Çox vaxt gecə çırağının işığında oxumağa başladığı kitabı səhərin günəş şüaları altında bitirirdi. Tay- tuşları onun bu qayğılarına bələd idilər və yeri gəldi - gəlmədi, fərasətsizliyini lağa qoyurdular.

Kitablar qaçmaz - deyirdilər- kitabları qocalanda oxuyarsan. Dünyanın ləzzəti qadınların qıçlarının arasındadır. Ha. ha. ha.

Amma adi vaxtlarda ona yuxarıdan - aşağı, yüngül rişxəndlə, istehzayla baxanların çoxu imtahan ərəfəsində Əhlimanın yardımına möhtac qalırdı. Onun mükəmməl biliklərinə, savadına, dərs əlaçısı olduğuna yaxşı bələd idilər. İmtahana müəllimlərdən artıq hazırladığı Sədi:- Əkbərovun imtahanından salamat çıxaq, - dedi, - sənə əmiri sürprizim olacaq...

Fəlsəfə imtahanına Əhliman onu elə hazırladı ki, Sədi əla aldı.

-Mən sözümün ağasıyam, - dedi Sədi. Sabah axşam gəl bizə. Bizimkilər bağdadı. Sənə boyun olduğum sürprizdən razı qalacaqsan. Amma bax, üzünü yaxşı-yaxşı qırx, səliqəli geyin. Al, bu odekalonu da vurarsan.

Səhərisi gün axşam düz 8-də Sədigilin Beşinci mikrorayondakı mənzillərinə gəldi. Masanın üstünə bir şüşə şampan və meyvələr düzülmüşdü. Təzəcə əyləşmişdiər ki, o biri otağın qapısı açıldı və 23-24 yaşlarında, çiyinləri açıq sarı paltar geymiş bir qız masaya yanaşdı. Qızın şəffaf paltarının altından bikinisi aydın görünürdü.

Sədi:

-Cikini-bikini bildik, - deyə irişdi, - içək sənin sağlığına.

İçdilər. Sonra iki qədəh də - birini Əhlimanın, birini də Sədinin sağlığına içdilər.

Sədi maqnitofonu qurub həzin bir rəqs çaldırmağa başladı.

Qız ayağa durub ərklə Əhlimanın əlindən tutdu:

-Rəqs edək?

Əhliman rəqs etməyi yaxşı bacarmırdı, amma yox deməyə utandı, ayağa durub qollarını qızın çiyinlərinə qoydu.

Sədi telefonu götürüb harasa zəng elədi, dəstəyə: yaxşı, yaxşı, hirslənmə, indi gətirərəm, - dedi.

Dəstəyi asıb rəqs edənlərə müraciətlə:

-Vay, vay, tamam unutmuşdum, - dedi, - atamın dərmanını aparmalıyam bağa, kişi çıxıb özündən. Bir az yubansam, gedəndə işığı söndürüb, qapını çırparsınız.

Sədinin qapını çırpıb evdən çıxmasıyla qızın Əhlimana sıxılıb dodaqlarından öpməyi bir oldu. Diliylə Əhlimanın dodaqlarını aralayıb dilini yalamağa başladı. Əli şalvarının düymələrinə tərəf uzandı.

Sonrası Əhlimana yuxu kimi gəlirdi. O biri otağa haçan və necə keçmişdilər, necə soyunub yatağa girmişdilər... Sonralar bu anları duman içində xatırlayırdı, bəzən hətta şübhələnirdi, bütün bunlar doğrudanmı olub?

Qız təcrübəli əlləriylə, çevik bədəniylə tək özünün yox, Əhlimanın da hərəkətlərini tənzim edirdi və elə hey: «da, da... » - deyirdi...

Sonra ləzzətin zirvəsi - birgə boşalma və rahatlıq anı. Sanki qarınlıq bir dərinliyin içinə yuvarlanmışdı, qəşş etmiş kimiydi sanki. Yuxu bir neçə an içində aparmışdı onu.

Səhər oyananda qız artıq yoxdu, onu durğuzmadan səssizcə çıxıb getmişdi.

Əhliman nədənsə qəhərləndi, gözləri yaşardı. İçindən ağlamaq gəlirdi. Bu gecə 22 yaşında axır ki, kişi olmuşdu. Ürəyində bir təlaş da oyanmışdı. Bəlkə bu, məkrli bir oyundur. Bəlkə, bu qızı ona ərə vermək niyyətləri var. Bəlkə, qız «uşağa qalmışam» deyib onu şantaj edəcək. Ya, bəlkə, iraq-iraq, ona bir xəstəlik yoluxduracaq... Gecədən yadında qalan ağrı dolu bir həzzdi, amma qızın sifəti yadında qalmamışdı. Heç adını da bilmirdi.

Tanış olanda niyə adını söyləmədi? Bəlkə, bu da konspirasiya üçündü. Nə adı, nə telefonu, nə ünvanı... Elə bil heç yoxmuş, Əhlimanın gözünə görünüb ... Şampanın ya şampana qatılan hansısa həbin təsirindəndir bütün olanlar, gerçək deyildi, xəyalən təsəvvür olunmuş əlaqəydi. Amma əzik-üzük döşək, mələfənin üstündə ləkələr real idi axı... Əhliman doğrudan doğruya çarpayıdan durub tualetə getməli, bayıra çıxmalı, əl-üzünü yuyub paltarını geyinməliydi.

İnstituta girər-girməz Sədi elə qapıda onu gülə-gülə qarşıladı:

-Necəsən, karanoy? - dedi, - razı qaldın? Gördün də, lələşün havayı söz danışmır.

Əhliman qıp-qırmızı qızardı, heç nə demək, bunu müzakirə etmək istəmirdi.

Amma ona elə gəlirdi ki, dünən gecəki vaqiədən hamının xəbəri var və indi tələbələr də, müəllimlər də ona ayrı gözlə baxırlar. İstehzayla baxan kim, məzəmmətlə baxan kim, rəğbətlə baxan kim, hətta həsədlə baxanlar da var ... Ya ona elə gəlirdi.

Yox, deyəsən, zənnində yanılmırmış. Nədənsə ondan xoşu gəlməyən Firuz bu səfər yanından keçərkən göz vurub qulağına pıçıldadı:

-Da... da... - və şaqqanaq çəkib güldü.

Əhliman diksindi. Deməli... deməli nə? Bunu heç ağlına gətirmək istəmirdi. Axır dözmədi, Sədini bir qırağa çəkib:

- O qız, - deyə sözə başlamaq istəyirdi ki, Sədi bic-bic gülümsündü.

-Nədi, xoşun gəldi? Yenə istəyirsən?

- Yox, - dedi və deyən kimi dərk etdi ki, bu «yoxu» cürbəcür anlaşıla bilər. - Sən bu barədə Firuza bir şey demisən?

-Firuza? Yox, nədi ki..

-Firuz o qızı tanıyır?

-Onu kim tanımır ki...

Ani tərəddüddən sonra soruşdu:

- Sən də olmusan onunla?

Sədi güldü:

-Nə işinə? Yoxsa aşiq oldun ona? Çox bilsən, tez qocalarsan. Mənə qulaq as. İşində ol. İstəsən sizi yenə görüşdürrəm. Amma bizdə yox, ayrı yerdə, atamgil sabah bağdan gəlir. - Sonra dünyanın hər üzünü görmüş ağsaqqal sayağı məsləhət verməyə başladı. - Dünya beş gündü, kefini çək, ayrı məsələlər nə borcuna? Beyninə salma heç nəyi.

O gündən Əhliman özünə söz verdi ki, tövbə, bir də heç vaxt, heç bir qadınla əlaqəsi olmayacaq. Yenə kitablarla xilas olacaq.

Amma aylar keçdikcə vədinə əməl etmək çətinləşirdi. İstər-istəməz o gecənin ləzzəti bədən yaddaşına hakim kəsilmişdi. Həyatına üç-dörd başqa qadın da daxil oldu, ailə qurmaq fikri yoxdu, bütün qadınlara pis gözlə baxırdı, az qala hamısını əxlaqsız, satılmış sayırdı. Bir həftə, on gün əlaqədə olduğu qadınlardan da şəhvətdən başqa heç nə ummurdu. Nə sevgi, nə nəvaziş, nə etibar... Dünən ağuşuna aldığı qadının sabah öldüyünü eşitsəydi, vecinə olmazdı. Qəribə o idi ki, Əhlimanla əlaqədə olan bu qadınların hərəsi bir bəlaya düçar olurdu. Ərli bir qadın Əhlimanla on gün yaşayandan sonra qəza nəticəsində beş yaşında uşağını itirdi.

Ağlaya-ağlaya: - mənim günahlarımın nəticəsidir, - deyirdi, - qarşıma çıxdı.

Başqa bir qadın Əhlimanla ən uzun - yarımaylıq yaxınlıqan sonra xərcəng xəstəyinə tutuldu, iki ayın ərzində əriyib getdi. Üçüncü qadın mühasib işləyirdi, dələduzluq üstündə 5 il həbs cəzasına məhkum edildi.

Dördüncü qadın... dördüncü qadın yoxdu.

Daha doğrusu, vardı, amma Əhlimanın olmadı... Yaxınlıq etdiyi qadınların faciəvi aqibəti Əhlimanı ürküdürdü. Bu bəlalalara məhz ondan ayrılandan sonra düçar olduqlarını bildiyi üçün daha heç kəsi bədbəxt etmək istəmirdi.

Sən saydığını say, gör fələk, ya qədim yunanların Kupidon aldandırdıqları sevgi mələyi başına nə tələ qurur.

Əgər doğrudan da ilk baxışdan aşiq olmaq mümkündürsə, Əhliman Rübabəni birinci dəfə görən kimi, «bu qadın mənim olmalıdır, hökman da mənim olacaq», - deyə düşündü. Rəssam Pərvizin sərgisində tanış olmuşdular. Rübabənin rəssama qohumluğu çatırdı. Rəssam Əhlimanın portretini çəkmişdi, qəribə portret idi, ona ani baxan kimi adamın ilk nəzərinə çarpan iri gözləri idi. Rəssam çəkdiyi portretin qarşısında onları tanış edəndə:

-Rübabə xanım bibim qızıdır, - dedi, - Əhliman müəllim də modelim.

Rübabə:

- Gözəl portretdir, - dedi, - amma Pərviz gözlərinizin ifadəsini dəqiq verə bilməyib.

Pərviz:

-Düşmən ocaq başında olar, - deyə onun sözlərini zarafata saldı, - nə ifadə var ki, gözlərində, verə bilməmişəm?

Rübabə Əhlimanın düz gözlərinin içinə - portretdə yox, həyatda, real gözlərinə baxaraq:

- Çox qorxunc gözləriniz var, - dedi. - Bir az sirli, bir az məşum, biz az təhlükəli... Əhliman bu sözlərin fərqinə varmadan Rübabənin boynuna baxırdı; saçlarını təpəsinin üstünə yığmışdı, uzun boynu tamamilə açıq qalmışdı - «durna boyu» sözləri gəlmişdi ağlına.

Yaşıl lopa-lopa paltarının dərin dekoltesindən iri döşləri sezilirdi. Çox- çox illərdən sonra Əhliman yenidən bir qadına şəhvət və istək dolu bir hiss keçirirdi, amma bu səfər bu duyğulara bir nəvaziş ehtiyacı da qatılırdı. Rübabəni gözləriylə soyundururdu, əlləri boynunu, çiyinlərini, sinəsini tumarlaya-tumarlaya, sıxcalaya-sıxcalaya bədənində gəzirdi. Düm-düz hamar kürəyiylə aşağı sürüşürdü, bu dolu əndamlı qadını lüt soyundurub yatağa uzandırırdı, boynunu öpüşlərə qərq edirdi. İlk seksual təcrübəsindən qalan peşmançılıqla deyil, sonralar qazandığı sevişmək məharətiylə kam verib, kam alırdı. Rübabənin iri ala gözlərinin düz içinə baxırdı, bu gözlərdə də, aralanmış dodaqlarında da ağrı görürdü, bu şəhvət anlarının ağrısıydı və bu ağrı hər ikisini həzzin zirvəsinə aparırdı.

Sərginin qalabalığında (hətta hardasa kvartet musiqi çalmağa başlamışdı), yalnız Rübabənin xəyali iniltilərini və çılğın pıçıltılarını eşidirdi.

Rəssam müxbirlərin əhatəsində müsahibəyə başı qarışdığından, Əhliman cəsarət edib Rübabənin telefonunu istədi. Rübabə əsla özünü naza qoymadan balaca, üstü muncuqlu qara redikülündən vizit kartını çıxarıb Əhlimana uzatdı.

O gündən zəngləşməyə başladılar. Rübabə haqqında heç nə bilmirdi, bilmək də istəmirdi. Bilmirdi ərdədir ya subaydı, ərindən boşanıb ya, bəlkə, dul qalıb? Hər halda, istədikləri vaxt zəngləşə bilir və saatlarla maneəsiz danışa bilirdilər. Hər şeydən danışırdılar - kitablardan, teatr tamaşalarından, musiqi və rəsm əsərlərindən, filmlərdən. Rübabə hansısa bəstəkarı və aktyoru tərifləyəndə Əhliman narahat olurdu. Ürəyinə dammışdı ki, heç vaxt o rəssam ya artistin şöhrətinə sahib ola bilməyəcək. Bu qısqanclıq rəqabət hissi deyildi, sadəcə, aşiq olduğu qadının yanında özünün, Əhlimanın ona sahib olması üçün heç vaxt müəyyən səviyyəyə çata bilməyəcəyindən doğan əzab idi və bu taleyindənmi, qismətindənmi, qəzavu qədərdənmi öc almaq istəyini oyadırdı. Daha yaxın olmaları üçün Əhlimanın köməyiylə eyni elmi idarədə işləməyə başladılar...

Bir dəfə Rübabə dəbdə olan filmdən söz açanda, filmi görmədiyini, amma hamının o barədə danışdığını deyəndə, Əhliman: - gəlin sabah gedək baxaq, - dedi.

Səhərisi gün axşam 8-ə on beş dəqiqə qalmış “Nizami” kinoteatrının qarşısında görüşməyi qərarlaşdırdılar. Əhliman yarım saat tez gəldi, kassadan axırıncı sıraya bilet istədi. Onun öz niyyəti vardı.

Rübabə danışdıqları vaxt gəldi. Vurduğu fransız ətirlərinin qoxusu özündən qabaq çatdı Əhlimana.

İçəri keçdilər, axırıncı sırada əyləşdilər. Salon qaranlıqlaşıb film başlayanda Əhliman Rübabənin əllərini əlinin içinə aldı. Şahadət barmağıyla Rübabənin ovcunu sığallamağa başladı. Qadın əlini çəkmirdi. Hansı məqamdasa Rübabə başını Əhlimanın çiyninə qoydu. Əhlimana elə gəldi ki, bu, ən yaxın zamanda baş tutacaq intim təmaslarına bir işarədir, ismarışdır. Ekranda tam qaranlıq kadrlar görünəndə və salon da təbii zülmətə qərq olanda, Əhliman sol əlini Rübabənin sağ dizinin üstünə qoydu, yavaş-yavaş yuxarı tərəfə sürüşdürməyə başladı. Rübabə sanki birdən - birə ayılmış kimi Əhlimanın əlini itələdi, yerindən sıçrayıb iti addımlarla salondan çıxdı.

Əhliman da tez durub onun ardınca getdi... Rübabə pilləkanlara tərəf tələsirdi. Əhliman:

-Rübabə, Rübabə xanım, bağışlayın, siz Allah, - deyə çığırsa da, qadın məhəl qoymadı, qanrılıb geri baxmadan uzaqlaşdı.

Yeyin addımlarla pilləkanlarla enməyə başladı... Əhliman onun düm-düz şümal kürəyinə, belindən aşağı, yumru çiçəsinə, yuvarlaq budlarına, dolu baldırlarına, alaaçıq çəkmələrindən görünən topuqlarına baxırdı...

Rübabənin qəflətən ayağı büdrədi, üzüqoyulu pilləkanlara yıxıldı, iki - üç dəfə mayallaq aşdı.

Əhliman və qapıda dayanan biletkəsənlər ona tərəf qaçdılar. Rübabə zarıyırdı. Sol ayağı sınmışdı... Üç ay xəstəxanada, gips içində qaldı.

YEDDİNCİ FƏSİL

DİRİ BABANIN SORAĞINDA

“Xudavəndi - aləm insanın qəlbində müəyyən bir sirr də yerləşdirib.

Atəş dəmirdə ya daşda gizləndiyi kimi, bu sirr də orda gizli qalır. Ancaq dəmir çaxmaq daşına çırpılanda qıgılcım çıxır”.

ƏL QƏZALİ

“Dzen təcrübəsində gözün, baxışın rolu çox önəmlidir. Gözlər açıq olanda fikir ətraf, görünən mühitə yönəlir və bu, daxili düşüncələrə əngəl törədir”.

SEKUDİ KATSUKİ,

«Dzen təcrübəsi»ndən

T ələbəlik illərində cəmisi iki nəfərlə dostluğum vardı, naxçıvanlı Möhsünlə və şəkili Zeynalla. Bəlkə, bu yaxınlığın bir səbəbi də, başqa oğlanlardan fərqli, onların abırlı davranışları idi, heç vaxt heç bir qadına pis gözlə baxmaz və axvayı sözlər danışmazdılar. Özləri də can bir qəlb dost idilər, amma elə hey bir-birilərinə sataşardılar, Zeynal Möhsünə:

-Əzizim “ÇAY”, “ÇAY”, yadında saxla “çay”, “say” niyə deyirsən?

-Bəs onda çələmə nə deyək?

Zeynal uğunub gedir, mənə göz vururdu:

-Demə “ç” hərfini kələm sözüyçün saxlayıbmış e...

Möhsün:

-Buna bax e, mənə dil öyrədir. Bir dəfə Şəkidəydim, radioyla bir şair şeir oxuyurdu:

Dağlara qar yağıtdı,

Külək gəldi dağıtdı... ha - ha- ha. Buna nə deyirsən?

Amma Möhsünün ən çox qürur duyduğu Naxçıvanın möcüzələri idi.

-Dünyanın tarixi Naxçıvandan başlayıb, bunu, bəyəm, bilmirsiz? Nuhun gəmisi Gəmiqayada lövbər salıb da.

Zeynal:

-Gəmi o dağ başına necə dırmaşıb? - deyə məsumcasına soruşurdu.

Möhsün:

-Ay bisavad, bəs eşitməmisən ki, bir vaxtlar oralar dənizmiş, orda hətta bir qayaya balıqqulağı da pərçim olub. Ora qalxa bilsəniz görəcəksiniz ki, daşların üstündə kosmosla bağlı şəkillər var.

-Bəlkəm, sən özün də elə kosmosdan təşrif gətirmisən yer üzünə?!

Möhsün Zeynalın sözünə məhəl qoymadan davam edirdi:

-Nuhun qəbri orda. Vaxtıyla Bəhruz Kəngərli çəkib bu qəbrin şəklini. Canım sənə desin, Əshabi - Kəf orda. Qurani-Kərimdə bəhs olunur e Əshabi - Kəfdən.

-Ora Əshabi - Kəf deyil, osobı kefdi, - deyə ona sataşdı Zeynal.

Möhsün yenə şəkili dostunun atmacasını qulaqardına vurub Xımraddan danışmağa başladı.

-Xımrad deyilən yerdən bir fəvvarə fışqırır, saatını onunla qura bilərsən, düz hər saatdan bir, əqrəb əqrəb üstünə gələndə yerdən göyə qaynar su fışqırır. Bu sizin Soyuq bulaq deyil e, Zeynal, elə bil yerin dibində birisi oturub saatla suyun yer üzünə çıxmasını idarə edir. Bu möcüzə deyil, nədi?

Möhsün söhbətləriylə məni elə ovsunlamışdı ki, ilk fürsətdə heç vaxt olmadığım bu əfsanəvi diyara baş çəkmək istəyirdim. Amma, doğrusu, məni Xımrıd çağlayanından və Gəmiqayadan daha artıq, Möhsünün dilindən düşməyən Diri Baba cəlb edirdi. Mərəzədə Diri Baba türbəsini görmüşdüm.

Bu barədə el arasında gəzən əfsanəni də eşitmişdim; guya ki, Diri Baba mömin bir övliya imiş, vəfat edir, basdırırlar, səhərisi gün gəlib görürlər ki, həmin bu türbəsində dip-diri namaz qılır. Adı da o vaxtdan Diri Baba qalır. Belə bir söhbəti Dərbənddə də eşitmişdim. Dərbənddə məşhur Qırxlar qəbiristanlığı var, qırxlar qırx islam şəhididir ki, başlarını kəsiblər. Sonra cəsədlərini arabalara yığıb məzarlığa aparanda bir də görüblər ki, qırxı da sap-sağlam, at belində, arabaların qabağında çapır. Bir vaxtlar ölümdən sonra həyat, ölüb dirilmək məsələləriylə çox maraqlanırdım, bu əfsanələri də özümçün nağıl kimi yox, gerçəklik kimi izah etməyə çalışırdım. Naxçıvandakı Diri Baba haqqında söhbətlər də məni ilk öncə elə adına görə cəlb etdi. Kim idi bu adam, niyə ona DİRİ deyirdilər? Məsələ ondaydı ki, heç Möhsünün özü də onu görməmişdi, ancaq haqqında söylənənləri eşitmişdi.

Deyilənə görə, o da övliya, pir imiş və 150 yaşı varmış. Necə deyərlər, Nadiri taxtda gorüb, Qacarı qundaqda...

Möhsün etiraf edirdi ki, Diri Baba haqqında söhbətləri əsasən atasından və babasından eşidib, amma onların heç özləri də görməyiblər onu. Deyilənə görə, Xaraba Gilan deyilən qədim şəhərin viranələrində bir hücrədə tək-tənha yaşayırmış. Nə yeyirmiş, nə içirmiş, - heç kəsin xəbəri yoxmuş. Yalnız bir nəfər, bircə nəfər, - onun da yaşı doxsanı çoxdan ötmüşdü, - ayda bir dəfə Diri babanın ziyarətinə gedərmiş. Onun məsləhətlərini, tövsiyyələrini camaata çatdırarmış. Bəziləri elə güman edirmiş ki, ümumiyyətlə, belə bir adam yoxdu, əfsanədi, nağıldı, kimsə bunu hansı səbəbdənsə uydurub camaat arasında yayıb.

Möhsünə dedim ki, Naxçıvana yolum düşsə mütləq onunla görüşməliyəm.

Zeynal dərhal:

- Ay hay - dedi - Diri Baba elə yüz əlli il oturub səni gözləyirmiş.

Amma qəribə də olsa, Möhsün bu istəyimə daha ciddi yanaşdı. İş elə gətirdi ki, Universitetlərlə mübadilə sazişinə görə, məruzə etməkçün Naxçıvana getməli oldum. Əvvəlcə Möhsünün mənə qoşulmaq fikri yoxdu.

-Bax, - dedim, - Mirzə Cəlil rəhmətliyin Qurbanəli bəyi kimi elə hey məni qonaq çağırırdın, indi mənimlə getməsən, adını Qurbanəli bəy qoyacam.

Bir az nəm-num edəndən sonra Möhsün, demə, elə bir himə bəndmiş kimi, razılaşdı və Zeynal da, təbii ki, can-başla bizə qoşuldu.

Uzun sözün qısası, ilıq bir sentyabr günündə Naxçıvana uçduq. Möhsün, doğrudan da, çox qonaqpərəst imiş. Özü də, maşallah, xeyli qohum-qardaşı varmış, bu gün bu evdə ziyafət, sabah başqa yerdə... Xalxal meşəsi, Batabat, Ordubadın bağları, nehrəmlilərin xüsusi mehribançılığı... Ömrümdə ilk dəfə daddığım təamlar - Ərzuman küftəsi, soğan dolması, ballı qayğanaq... Amma mənim fikrim-zikrim Diri Babanı görmək idi. Bunun bir yolunu tapmalıydım. Möhsün yazığın zəhləsini o qədər tökürdüm ki, deyəsən, ümumiyyətlə, bu Diri Baba söhbətini mənə danışmağından peşman olmuşdu. Amma mən də əl çəkən deyildim. Oxu atmısan, yayı gizlətmə. Belə mistik əhvalatlar həmişə məni qeyri-adi cazibə qüvvəsiylə özünə çəkirdi, qəribə, özümün də tam dərk edə bilmədiyim hallara düşürdüm. Xəstəlik kimiydi bu, mütləq istədiyimi bulub şəfa tapmayınca sakit olmayacaqdım... O qədər inad elədim ki, axırda bir vasitəçi vasitəsiylə o biri vasitəçiyə, onun vasitəsiylə başqa birisiylə əlaqə yaradıb, belə ötürə-ötürə gəlib o doxsan yaşlı adama çıxdıq.

Nə görkəmində, nə hərəkətlərində, nə danışıqlarında heç bir qeyri-adilik, qəribəlik yoxdu. Haçansa gəncliyində sürücü işləyib. İyirmi ildi təqaüdə çıxıb, yaşı da doxsan yox, cəmisi 82 idi.

Yalnız tək bir qəribəlik oldu. Məni görəndə diqqətlə üzümə baxıb:

- Deyəsən, səni hardasa görmüşəm, - dedi.

Məlum oldu ki, ömrü boyu Naxçıvandan çıxmayıb, mən də ilk dəfə gəlmişəm bura, məni harda görə bilərdi?

Bir qəribə sual da verdi:

-Yanında şəklin var?

-Pasportumdakı şəklimdən başqası yoxdu yanımda.

-O tində fotoqraf Mürsəl var, ver böyütsün.

Bunun nəyə gərək olduğunu bilmədən, hər halda, dediyinə əməl etdim, şəkli böyütdürdüm.

Şəkli aldı, uzun zaman baxıb cibinə qoydu. Heç nə demədi və heç nə boyun olmadı.

Bakıya qayıtmağıma iki gün qalırdı. Daha Diri Babanı görəcəyimə heç bir ümidim qalmamışdı.

Axırıncı gün Möhsüngilin güllü-çiçəkli həyətlərində kömürlü samovardan süzdükləri pürrəngi çayı içərkən - axır ki, Möhsün çaya çay deməyə öyrənmişdi - darvaza döyüldü.

Şəklimi cibinə qoyan qoca gəlmişdi. Məni qırağa çəkdi, pıçıltıyla qulağıma:

-Sabah Diri Babanın ziyarətinə aparacam səni, - dedi, - amma heç kəs bilməsin.

- Axı, sabah tezdən Bakıya uçuram.

-Biletini dəyiş. Belə fürsət yüz ildə bir düşər. Amma məbadə kiməsə bir şey deyəsən.

-Bəs mən Möhsüngilə nə deyim, niyə bileti qaytardım, səninlə hara gedirəm.

-Narahat olma. Onlar heç nə hiss etməyəcək.

SƏKKİZİNCİ FƏSİL

DİRİ BABA VARMIYDI, YOXMUYDU?

“Bəziləri elə zənn edirlər ki, sufilərin gizli bir qüdrəti var, bəzən hətta danışırlar ki, sufilər bir baxışla kimləri isə ağır mərəzdən sağalda ya həyatını dəyişə bilir”.

İDRİS ŞAH. «Sufizm» kitabından

“Dzen - mistikdir - ayrı cür ola da bilməzdi, ona görə ki, dzen Şərq mədəniyyətinin təməlidir. Məhz bu mistisizm Qərbin Şərq zehniyyyatını anlamağına mane olur. Çünki Qərb zehniyyatının əsas cəhəti məntiq və məntiqi təhlildir. Şərq mistisizmi isə, bu sayaq məntiqi qəbul etmir”.

D. T. SUDZUKİ (XX əsr yapon alimi),

«Dzen buddizmin əsəsları» kitabından

“Ekzistensializm - özünün bütün səylərini Allahı inkara xərcləmiş ateizm deyildir. O, başqa bir həqiqəti bəyan edir: Allah vardırsa belə, bu heç nəyi dəyişmir. Bu o demək deyil ki, biz Allaha inanırıq. Məsələ Allahın olub - olmamasında deyil. Məsələ ondadır ki, insan özü özünü yaratmalıdır. Allahın varlığı təsdiq olunsa belə, bu, insanı özündən xilas edə bilməz. Bu mənada ekzistensializm - nikbinlikdir, insana inamdır və insanı hərəkətə sövq etməkdir”.

JAN POL SARTR (XX əsr fransız filosofu və yazıçısı) «Ekzistensializm - humanizmdir» essesindən

S əhər 9-da Möminə Xatun məqbərəsinin yanındaydım. Özü qəsdən elə yer nişan vermişdi ki, asan tapım. 82 yaşlı əski sürücü yük maşınının sükanı arxasında məni gözləyirdi. Bu yaşda maşın sürməsinə təəccüb qaldım.

Yol boyu ikimiz də susurduq. Naxçıvanın əsrarəngiz mənzərələri, hər nöqtədən görünən İlanlı dağ, insan əliylə yaranmamış, amma çağdaş mücərrəd sənət nümunələrini - modernistlərin heykəllərini andıran qalaq-qalaq qayalara, rəng verib - rəng alan dağlara heyran olmamaq mümkün deyildi... Əfsanə - insanla görüşün həyəcanı və təlaşı içindəydim. Bir yandan, Diri Baba haqqında söhbətlərdən sonra onunla görüşmək ən dəruni istəyim idi, bir yandan da, bu görüş xoflandırırdı, qorxudurdu məni. Ürəyimə dammışdı ki, bu görüş bütün həyatımı dəyişəcək.

Maşın enişli-yoxuşlu yollarda atılıb - düşdükcə içimdə nəsə sanki qırılıb tökülürdü. Həm də bu, fiziki əzaların sarsılması deyildi, elə bil ruhumda nə isə amansız zəlzələnin baş verəcəyinin önduyumu idi.

Qədim bir insan məskəninin xərabələri göründü. Damları dağılıb yalnız iki-üç uçuq divarı qalmış evlər... Ancaq bir qapı və iki pəncərə yeri qalmış ev... daşları dişlər tək tökülmüş hasar, bir hissəsi yerin dibinə çökmüş barı... Maşınımız bu viranəlik içində az -çox salamat qalmış bir daxmanın önündə dayandı. Sürücü maşından düşdü, işarə etdi ki, mən də düşüm. Qapını göstərdi, hər şeyi yalnız işarələrlə göstərirdi, elə bil danışmaqdan, səsini çıxarmaqdan qorxub çəkinirdi.

Qəribə bir iş etdi, cibindən qara günəşlik çeşməyi çıxarıb mənə uzatdı:

-Tax, - dedi, mən də bunun səbəbini soruşmadan tilsimə düşmüş kimi, onun dediyinə əməl etdim, eynəyi taxdım.

Özü çöldə qaldı, mən başımı əyərək göstərdiyi dar, alçaq qapıdan hücrəyə girdim. Hücrənin ala-qaranıq içərisi yalnız öləziyən şamla işıqlanırdı. Qara eynək taxdığımdan hər yan daha da qaranlıq görünürdü. Otaqda - əgər bura otaq demək olardısa - yalın-yalçın çılpaq divarlar arasında döşəməyə həsir salınmışdı. Həsirin o başında döşəkcənin üstündə bardaş qurub oturmuş adamı zorla sezə bildim...

Ona qoca da demək olmazdı. Sanki Zamanın özü qocalıb bu qarabəniz adamın əsmər sifətinə çökmüşdü. Hindli gözləri kimi dərin və qəmli gözləri baxdığı adamın içinə nüfuz edirdi. Dümağ saçları və bəyaz saqqalı az qala zənci sifəti rəngində siyah üzüylə təzad yaradırdı.

Gavar Diri Baba dedikləri bu adam elə bu idi... Bir an mənə elə gəldi ki, qarşımdakı canlı insan deyil, müqəvvadır, yalnız zil qara gözlərinin ifadəsindən diriliyi bəlli olurdu.

Susurdu. Mənə elə gəldi ki, bütün görüşümüz elə bu cür sükut içində keçəcək və bir müddət bir-birimizi uzun-uzadı seyr etdikdən sonra durub getməli olacam.

Amma elə bu an Diri Baba fikirlərimi oxumuş kimi boğuq, sanki əsrlərin dərinliklərindən gələn səslə:

-Xoş gəldin, Hörmüzd, - dedi.

«Nədən mənə Hörmüzd dedi, - deyə düşündüm, - mənim ki, adım başqadır? Yəqin, məni kiminləsə çaşdırıb»

-Adım... - deyə sözə başlamaq istəyirdim ki, sözümü ağzımda qoyub:

-Sənin adın Hörmüzd olmalıdır, - dedi. Elə qəti səslə dedi ki, etiraz etməyə iradəm çatmadı.

«Hörmüzd! Yaxşı, qoy olsun Hörmüzd. Bəs mən ona necə müracit edim? Diri Babamı? Övliyamı? Pirmi?»

Ən asan yolu buldum:

-Baba, - dedim, - sənin sirrin nədədi?

-Sirləri bilən tək Allahdır, - dedi. - Həzrət əleyhissəlama buyurub ki, sənə ancaq ismarışımızın bir hissəsini açdıq, başqa hissələri də var ki, onlardan xəbər tutmayacaqsan. Rəsul əleyhissalam da tapınanlara deyir ki, mən sizə demədim ki, bütün sirləri bilirəm. Mən yalnız mənə nazil olanı sizlərə çatdırıram.

-Hər halda, belə həyat sürməyinizin bir səbəbi var, - dedim, - nədir bu səbəb?

Vaxt hissini itirmişdim, bilmədim on dəqiqəmi, bir neçə saatmı sürən sükutdan sonra elə bir sual verdi ki, şok vəziyyətinə düşdüm.

-Dədəm Qorquddan xəbərin var?

Udqundum.

-Əlbəttə, - dedim.

-Təpəgöz yadındadı?

Kim idi qarşımdakı adam - sirli, əfsanəvi, inanılmaz bir qoca? Ya, bəlkə, min yaşlı Dədəm Qorqudun özü? Cavabı gözləmədən yeni bir sual verdi:

-Kimdi Təpəgöz?

-Kimdi ki? - suala sualla cavab verdim.

Sualıma məhəl qoymadan:

-Niyə intihar etmək istəyir? - deyə soruşdu.

Məktəb illərində oxuduğum «Kitabi-Dədəm Qorqud»u xatırlamağa çalışdım. Deyəsən, mətndə Təpəgözün özünü öldürmək istəməsi haqqında anlaşılmaz bir yer vardı. Birdən-birə elə bil beynimin içində işıq yandı, dastandakı o parça söz-söz, cümlə-cümlə yaddaşıma qayıtdı.

-Bildin niyə öldürmək istəyir özünü?

-Yox.

-Çünki Təpəgözdü.

Yenə bir şey başa düşmədim.

Qoca yenə fikirlərimi oxuyaraq:

-İnsanın iki gözü olar, - dedi, -Seçilmişlərin qafasının içində üçüncü göz də var - bəsirət gözü. Bu gözüylə başqalarının görmədiyini görür. Üçüncü göz o adamların kəlləsinin içindədir. Amma Təpəgözün tək gözü alnındadır, çöldədir. Bu gözlə dünyanın bütün murdarlığını görür, amma bəla ondadır ki, dünyanın murdarlığına, Şərinə Şərlə qalib gəlmək istəyir. Yer üzündə bütün Şəri, Bəlanı törədən insanlığın kökünü kəsmək istəyir, bunu edəndən sonra dünyada tək qalıb, tənhalığa dözməmək üçün intihar etmək fikrinə düşür.

«Əcəb işə düşdük, - deyə düşündüm. - Mən sirli, əfsanəvi bir varlığı görməyə can atırdım, bunun yerində folklorşünaslıq haqqında mühazirə dinləməli oldum».

Bu dəfə də fikrimi oxuyub:

-Tələsmə, Hörmüzd, - dedi. Bu səfər səsi arxamdan gəlirdi, halbuki, önümdə əyləşmişdi.

- Haçansa gələcəyini bilirdim. Gözləyirdim. Sənin gözlərinin sirri var, şəklinə baxan kimi gördüm bunu. Şəkildə hər şeyi dəyişmək olur, amma gözün ifadəsi təkrarsızdır, barmaq izləri kimi, gözün baxışı da yalnız tək bir şəxsə mənsubdur, başqa heç kəsə, - səs indi də yan tərəfdən gəlirdi, elə bil otağa müxtəlif səmtlərdə qoyulmuş dinamiklər vardı, Diri Babanın danışdıqları hər dəfə ayrı yandan eşidilirdi. Adama elə gəlirdi ki, danışan əfsanəvi qoca yox, bu qaranlıq hücrənin özüdür, divarlarıdır, döşəməsidir, tavanıdır. Divarlar, tavan soruşurdu:

- Dünyanın bəlası nədi?

-Mən nə bilim, o qədərdir ki, dünyanın bəlası.

- Bəla odur ki, dünyada pis göz, yaman göz yaxşı gözdən çoxdur və güclüdür. Yaxşı gözün yüz baxışla edə bilmədiyi yaxşılığı yaman göz bir anın içinə darmadağın edə bilir. Göz dəymək, gözə gətirmək, gözdən salmaq, gözü götürməmək deyirik, gözü düşmək, gözüm su içmir deyirik... Göz, göz, göz... Nədən belə deyirlər? Çünki hamısı gözdəndi. Xeyir də, Şər də, Hörmüzd.

-Mənə nədən Hörmüzd deyirsən, baba?

-Sən Hörmüzdsən, hələ özün bunu bilməsən də. İnsan özü özünü yaradır, istəsə, özünü Hörmüzd kimi, istəsə, Əhriman kimi yetişdirə bilər. İnsanın içində hər ikisi var - Hörmüzd də, Əhriman da...

Birdən başqa gözlənilməz sual verdi:

- Allaha inanırsan?

-Allaha? -bilmirdim bu suala necə cavab verim ki, qocanı narazı salmayım. Mənim yerimə özü cavab verdi:

-İnanırsan, amma Allaha çoxlu sualların da var. Necə olur ki, müsəlmanların da, isəvilərin də, musəvilərin də qadir Allahı dünyada bu qədər ədalətsiliyə, haqsızlığa, zülmə yol verir, yəni şeytanın öhdəsindən gələ bilmir heç cür? Doğrudur, ərənlər deyib ki, gərək qəlbində Allaha o qədər məhəbbətin olsun ki, orda İblisə yer qalmasın. Amma Şeytan, İblis kimdir ki, Allahın yaratdığı dünyada belə at oynatsın? Bu sualına bilirmisənmi kim səlis cavab verib?

-Bilmirəm.

-Hardan biləsən... hələ də qəflət yuxusundasan. Bəşərin bu ən böyük sorusuna babamız Zərdüşt cavab verib. Zərdüşt, bax, bu torpaqda basdırılmış Nuh peyğəmbərin nəvəsi, mənim də uludan ulu babamdır.

Yenə də başımdakı fikri oxuyub.

-Yox, dəli olmamışam, - dedi. - Zərdüşt babamız öyrədir ki, dünyanı iki qüvvə idarə edir - Xeyir və Şər. Xeyri ya Şəri seçmək isə, insanın özündən asılıdır... Bu gün də dünyada Hörmüzdlə Əhriman bir-biriylə çarpışır, cəng edir. Gah o üstün çıxır, gah bu... Sənin gözündə Hörmüzd işığını gördüm. Amma qarşına çox sınaqlar çıxıb və çıxacaq. Əhriman hər zaman səni öz tərəfinə çəkməyə çalışacaq. Ta uşaqlıqdan ömrün boyu rastlaşdığın ədalətsizlikləri, təhqirləri, incikliklərini bir-bir yadına salacaq, bunların qisasını almağa təhrik edəcək səni. Amma bilməlisən ki, Şərə qarşı Şər üsullarıyla savaşmaq Şəri artırmaqdır... Qələbə nifrət yaradır. Məğlub öc almaq ehtirasıyla yaşayır. O da intiqam alıb qalib gələcəksə, bu zənciri heç vədə qırmaq mümkün olmayacaq. Hüzura qovuşmaq qələbədən də, məğlubiyyətdən də imtina etməkdi. Birisi döyüşdə min adama qalib gəlibsə, başqa birisi yalnız öz üzərində zəfər çalıbsa, məhz odur ən böyük qalib.

«O məni təhqir etdi, alçaltdı, incitdi». Bu fikirləri içində saxlayan adamın kini-küdurəti azalmır. Belə fikirlərdən azad olan insanın nifrəti bitir, içi asudələşir. Dünyada heç vaxt nifrət nifrətlə məğlub edilmir.

Qədim çinlilər daha müdrik idilər, deyirdilər ki, nə Xeyrin, nə Şərin tərəfində dur. Hələ Xeyirlə Şərin çarpışdığı dünyaya gəlməmişdən öncə necəydinsə onu yadına sal, o cür ol. Çinlilərə görə, əslində, nə Xeyir var, nə Şər. İkisi birdir.

-Onda bəs bəd əməlləri savab işlərdən necə ayırasan, baba?

-Qəlbinin səsiylə. Qəlbini dinlə. Doğru seçimi qəlbin edəcək. Allah qəlbinin içindədi. Dədəm Qorqudu sal yadına. «Çox cahillər səni göydə arar, yerdə istər, Sən xud mömünlərin könlündəsən».

Diri Baba əlini uzadıb divardan iri bir şey götürüb mənə uzatdı, baxdım ki, göz muncuğudu. Heç vaxt bu yekəlikdə göz muncuğu görməmişdim.

- Evində asarsan. Zərdüşt babamızın əyyamından nəsil-nəsil gəlib mənə yetişib. Bu göz muncuğu səni Əhrimanın fitnələrindən qoruyacaq. Sən də insanları Əhrimandan qoruyacaqsan.

Döndüyün şəhərdə bir alim var, dünyanın ən qədim xalçası onun əlindədi. Bu xalçanın naxışlarında kainatın bütün sirləri, dünyanın əvvəli və axırı barədə bilgilər toxunub. Onları da yaman gözdən qoruyacaqsan. Əshafi kəfə çıxarsan. Ondan sonra nə olacağını demirəm. Özün görəcəksən.

Diri baba haçan susdu, haçan qeybə çəkildı, bilmədim. Bütün varlığım sanki müc olub qalmışdı. Otaqda bir mən idim, bir çılpaq divarlar, həsir üstündə boş qalmış döşəkcə, bir də öləziyən, amma hələ də sönməyən şam. Şamın işığı da titrəyib söndü. Göz-gözü görməyən zifiri qaranlığa qərq oldum. Birtəhər qapını tapıb çölə çıxdım. Çöl də zil zülmət idi. Cecə haçan düşmüşdü, yəni doğrudanmı bütün günü burda olmuşdum?

Məni bura gətirən yuk maşını da yoxdu. Gecə yarısı, bayquşlar ulayan, əcaib kölgələr dolaşan bu vahiməli yerdən necə qurtulacaqdım?

O gündən, o gecədən neçə illər keçib, amma hələ də dəqiq deyə bilmərəm, bu görüş doğrudanmı baş vermişdi, ya mənə elə gəlmişdi, yaxud da yox, diri gözlü sayıqlamalarımda görünmüşdü mənə, gerçəklikdə yaşamamışdım bunların heç birini? Bilmirəm, hələ də bilmirəm.

Xaraba Gilandan yenidən Möhsüngilə necə qayıtmışdım, niyə onlar neçə vaxt harada olduğumu soruşmamışdılar, heç buna təəccüblənməmişdilər də. Belə çıxır ki, bütün bunlar mənim qızdırmalı xəyallarımdır, xəstə beynimi doldurmuş fantaziyalardır. Olsun, qoy lap belə olsun. Çox əcəb...

Bəs onda evimin divarından asılmış o iri göz müncuğu hardandı? Mən ki, onu heç vaxt, heç yerdən almamışdım.

DOQQUZUNCU FƏSİL

KEFLİ İSGƏNDƏR DƏ DÜZ DEYİRMİŞ

“Ölülər! Şeyxin sözünə əməl eləməyiz, dirilməyiniz.. İndi siz burada rahatca yatıbsınız. Heç dünyadan xəbəriniz yoxdur. Axı diriləndən sonra bu qəbiristanlıqda ki, qalmayacaqsınız: istəyəcəksiniz ki, dağılasınız evlərinizə. Çox əcəb. Dağıldınız. İndi bir deyin ki, sizi hələ evə qoyacaqlarmı? Gedib görəcəksiniz ki, evlərinizin qapıları bağlıdır. - Aç qapını! Mən bu evin sahibiyəm. -Sənin burada heç zadın yoxdur! Qardaşın Hacı Fərəc arvadını alıb, evinə də sahib çıxıb. İtil cəhənnəmə!”

M.C. MƏMMƏDQULUZADƏ, «Ölülər»

M əhəlləmizə yaxınlaşdıqca dua edirəm ki, kaş heç kəsə, heç bir tanışıma-bilişimə rast gəlməyim. Yox, yırtıq - yamaqlı şalvarımdan utanmırdım. Ondan qorxurdum ki, məni görüb tanıyanların ürəyi gedər. Axı, basdırılmış meyitlər üçləri çıxar - çıxmaz şəhərin küçələriylə veyillənmirlər. Bir yandan baxanda da, bu axşam vaxtı, qaranlıq küçələrdə kimdi məni tanıyan? Şükür, heç kimə rast gəlmədən mənzilimə çatdım. Liftə girib 3-cü mərtəbənin düyməsini basdım. Mənzilimin kodunu - 346-nı yığırdım ki, qəflətən gözüm qapının üstündəki lövhəyə sataşdı:

PSİXOLOJİ ARAŞDIRMALAR VƏ YARDIM MƏRKƏZİ,

ZAKİR ZAKİROV.

Ayağımın altından yer qaçdı. Birtəhər özümü ələ alıb qapını açdım. Qapını açıb otağa girməyimlə qadın qışqırığı eyni ana düşdü.

Torşerin zəif işığında ancaq onu gördüm ki, yazı masamın üstündə uzanmış çılpaq qadın lüt kişini itələyib sıçradı, o biri otağın qapısına tərəf qaçdı. Qadının çılpaq belində göyümtül, yumru-yumru küpə izlərini də gördüm.

Zakir yerə atdığı xalatını - xalatımı tələsik qapıb ayıb yerlərini örtdü.

-Kimsən? - deyə baxdı. Deyəsən, hələ gözlərinə inanmırdı. Sonra bir an içində tok vurmuş kimi yerə çökdü. Arxasını divara söykəyib yavaş-yavaş döşəməyə sürüşdü. Dili topuq çala-çala:

-S... i... z.. - deyə bildi.

Bərələ gözləri meyit gözləri kimi donub qaldı. Sanki gözləri məchul bir nöqtəyə zillənmişdi.

- Bəli, mənəm, - dedim, - sənin kimi nankorun şefi və elmi rəhbəri...

Zakirdən səs-səmir çıxmırdı. Nə deyəcəkdi axı, nə deyə bilərdi? Dəfnimdən üç gün keçməmiş ən istəkli tələbəm, az qala, bütün bildiklərimi beyninə doldurduğum nanəcib mənzil-ofisimi mənimsəmiş, qapıda adım yazılmış lövhəni qoparmış, öz adını yazmış (yeni lövhə sifariş edib asmağı nə tez bacarıb), hələ üstəlik, qırmızı zolaqlı xalatımı da mənimsəmişdi.

Arxasında yuxusuz gecələr keçirdiyim yazı masamın üstündə atılıb-düşürdü, guya elə bu otaqda divan, o biri otaqda çarpayı yoxdu... Yoxsa, bu da bir növ sapıq keyfidir?

Arxadan görsəm də, xanımın kim olduğunu zənn etmişdim. Dəfnimdən bir-iki gün qabaq eşitmişdim ki, sətəlcəm olub, belinə küpə saldırıb. Rübabəydi. Çox uzaqlarda qalmış illərdə mənim də xoşum gəlirdi ondan. Mənim yeganə qarşılıqsız məhəbbətimdi. Əlimi dizinə qoymağa izn verməyən, demə, ayağı sürüşgənin, gözü dağınığın biriymiş.

-Səndə heç vicdandan əsər - əlamət yoxdu, Zakir? Gözləyəydin, qırxım demirəm, heç olmasa yeddim çıxaydı da...

Çömbəlib oturmuş Zakirdə heç bir həyat əlaməti qalmamışdı. Prostratsiyada idi. Mən də sözlərimi sanki boşluğa deyirdim:

-Buna görəmi məni itələyib öldürmək istədin, Zakir? Evimi, işimi mənimsəmək üçün, tamamladığım araşdırmamı, kəşfimi öz adına çıxmağçün? Mənzilimi qəhbəxanaya çevirməkçün? - qəhər məni boğurdu, - mənim övladım yoxdu, səni doğma oğlum bilirdim. Qəbirdə yatanda da ağlıma gəlməzdi ki, məni arxamdan vurub üçüncü mərtəbədən küçəyə itələyən sənsənmiş.

Zakirin ağ appaq ağarmış üzü meyit sifətiydi. Yazığım gəldi ona hətta.

Stulun üstünə qoyduğu şalvarını, köynəyini üstünə atdım:

-Geyin, itil gözümdən, - dedim. - Gedəndə lövhəni də qapıdan qopart...

O biri otağa keçdim. Rübabə əlləriylə üzünü örtüb için-için ağlayırdı. Geyinmişdi. Mənim xoşladığım püsteyi-yaşıl paltarında idi.

İçəri girdiyimi duyub başını qaldırdı. Elə bil heç nəyə təəccüb qalmamışdı, hər şey elə belə də olmalıydı. Üç gün əvvəl basdırdıqları adamın indi bu əcaib qiyafədə görünməsi adidən adi bir şeydi sanki...

Elə ancaq yavaş səslə:

-Bağışlayın, bağışlayın, - deyirdi.

-Bağışlamalı bir şeyim qalmayıb, - dedim, - dur çıx get burdan.

Rübabə dinməz - söyləməz otaqdan çıxdı, bir azdan çöl qapısının çırpıldığını eşitdim.

İş otağıma keçdim. Zakir orda yoxdu. Haçan getmişdi? Qapı səsini eşitməmişdim, görünür, lap ehmallıca örtüb çöl qapısını.

ONUNCU FƏSİL

ƏSHABİ - KƏF

“Mağaraya sığınmışdı o cavanlar. Dedilər: Rəbbimiz, dərgahından bir rəhmət bəxş elə və bir çıxış yolu tap düşdüyümüz bu işdən... İllərlə yatızdırdıq mağarada onları. Sonra da oyatdıq ki, iki dəstədən hansı biri yatdıqları müddəti daha düz hesablayacaq. - Nə qədər yatdınız, - dedi birisi, - yatdığımız bir gün, ya bir gündən də az olar, - dedilər.

Ğ Mağarada üç yüz il qaldı onlar. Qaldıqları müddəti Allah daha yaxşı bilir. Göylərin, yerin görünməzliyini təkcə O bilir... ”

QURANİ - KƏRİM. Kəhf surəsi (18)

Çevirən Nəriman Qasım oğlu

“Qəribədir ki, Ruh öz vətənini və doğulduğu yerləri xatırlamır. Buludlar ulduzları örtüb gizlətdiyi kimi, Dünya da Ruhun gözlərini qapadan yuxudur”.

CƏLALƏDDİN RUMİ

“Onu anlamalıyıq ki, dünya bizim qavraya biləcəyimizdən daha genişdir. Bizə dünyanı görməyi və anlamağı öyrədiblər. Amma onu deməyiblər ki, gördüyümüz reallıq dünyanı dərk etməyin vasitələrindən ancaq biridir... Avropa zehniyyatı yalnız gözün beynə ötürdüklərini qəbul edir. Bir dünyadan başqa, pünhan dünyaya keçməkçün gördüklərinin dışında olmağı bacarmalısan”.

KARLOS KASTANEDA,

Amerika etnoqrafı və yazıçısı,

«Başqa dünyanın qapıları» kitabından

B ileti dəyişəndən sonra bütün günü şəhərdə veyilləndim. Mirzə Cəlilin, Hüseyn Cavidin muzeylərinə getdim. Səhərisi gün də Möhsünün dayısı Mədət kişinin «Jiqulisi»ndə Əshabi - Kəfə yollandım. Əshabi - Kəfin ətəyində Mədət kişinin bir balaca çayxanası vardı. Mədət kişi:

-Dağa dırmaşmadan bir bizim çaydan nuş elə, - dedi.

Yenə buğlanan samavar, armudu stəkanlar, xoruz quyruğu məxməri çay, lumu, yenə ceviz mürəbbəsi...

Möhsün:

-Bax, qaqaş, - dedi, - dağa özün dırmaş, mənim elə hövlüm yoxdu. Bax, bu çığırı görürsən, tut ucunnan aparıb səni düz Əshabi - Kəfə çıxaracaq. Lap kəllə çarxa çatanda görəcəksən -bax Əshabı Kəf oradı. Dağyunus əhvalatını eşitmisən?

-Eşitmişəm, - desəm də Möhsün danışmağa başladı:

-Səyyahlar ora çıxıb, bir hovur dincəlmək istəyiblər, yuxuya gediblər. Oyananda görüblər ki, itlərinin skeleti qalıb, sonra da məlum olur ki, üç yüz il keçib. Qurani - Kərimdə deyilir: Haqq - təala Əshabi - Kəfdə yatanları sağa-sola çevirir ki, ətlərini torpaq yeməsin. Bax ha, orda yuxuya - zada getmə.

Yoxuşu qalxmaq doğrudan da kələyimi kəsirdi. Ağır-ağır qalxsam da töyşüyürdüm. - Ay səni, - deyə özümü məzəmmət edirdim, - 25 yaşında dağa belə çətinliklə çıxırsan, əllində neyləyəcəksən?

Möhsün elə ətraflı təsvir etmişdi ki, Əshabi - Kəfi o saat tanıdım. Dörd tərəfdən qayalar baş-başa vermişdi, amma bir-birinə kip yapışmamışdılar, aralarında Səmaya xeyli yer qoymuşdular. Elə bil təndirin içindəydin, istisinə görə yox, quruluşuna görə. Qəribə aurası vardı bu yerin. Ya, bəlkə, Dağyunus əfsanəsinin təsirindən idi - burda sanki Zaman dayanmışdı, Vaxt yox olmuşdu. Elə bil bura bütün ötüb - keçən ömrünü, bütün gördüyün yerləri unutdururdu. Nə əvvəli - nə axırı olan sonsuzluğa qovuşurdun burda. Ucsuz-bucaqsız kainatda bir zərrəcik olduğunu burda daha aydın hiss edirdin. Baş -başa vermiş qayalar göylərə pəncərə saxlamışdılar. Pəncərə ya bəlkə də Haqqın dərgahına açılan qapı.

Bir hovur nəfəsimi dərmək üçün quru yerə oturdum. Belimi qayaya söykədim. Gözlərimin ağırlıq çökmüş qapaqları qapanmağa başladı. Yuxudamı eşidirdim bu səsləri.

-Harda qaldı qonağın? - Mədətin səsiydi.

-Harda olsa gəlib çıxar, - bu da Möhsünün səsiydi.

Yuxudamı, oyaqlıqdamı eşidirdim bu danışıqları?! Halbuki, mən dağın başında, onlar ətəyində, uzaqlarda idi, hələ üstəlik, başqa səslər də qarışırdı bu danışıqlara... çay istəyən kim, hesabımızı çək deyən kim, borclu borclunun sağlığın istər - deyən kim.

Gözümü açanda gecə düşmüşdü. Əshabi - Kəfin «tavanında» görünən ulduzlar elə yaxın idilər ki, sanki ovcunun içinə ala bilərdin. Heç vaxt, heç yerdə bu irilikdə ulduzlar görməmişdim.

Durub gərnəşdim. Vücudumda əvvəllər hiss etmədiyim bir şeylər hiss edirdim, elə bil ağırlaşmışdım, bir az da yorulmuşdum.

Mağaramıydı bura, kahamı, hər nəydisə, Əshabi - Kəf adlanan bu yerdən çıxanda mat qaldım. Dağın lap ətəyindən düz bura pilləkan qalxırdı. Aman Allah, haçan qurdular bu pilləkanı cəmisi bir neçə saat ərzində? Əvvəldən vardısa, mən niyə görməmişdim? Möhsüngil də deməmişdi, min əziyyətlə dağa dırmaşmaqdansa, pilləkanla rahatca qalxardım.

Pilləkanlarla enməyə başladım. Aşağıda da hər şey dəyişmişdi. Çayxananın yerində təzə qəşəng pavilyon tikilmişdi. Piştaxtanın ardında elə həmin Mədət kişi dayanmışdı.

Ona yanaşdım:

- Salam, Mədət dayı, - dedim.

Təəccüblə mənə baxdı:

-Haçandan dayın oldum? Elə bir yaşda olarıq da.

-Mədət deyilsən?

-Mədətəm. Nə olsun? Sən kimsən?

-Məni tanımadın? Bəs Möhsün hardadı?

-Hansı Möhsün?

-Necə yəni hansı Möhsün? Bayaq birlikdə gəlmədik bura? Bibin oğlu deyil Möhsün?

Mədət qaş-qabağını salladı:

-Möhsün bibioğlu beş il bundan qabaq rəhmətə getdi.

-Necə yəni rəhmətə getdi. Dəli olmusan? Məni dolamısan? Piyan deyilsən ki...

-Piyan özünsən ki, belə-belə zarafatlar edirsən.

-Sən Möhsünün dayısı Mədət deyilsən?

-Dayısı mənim atam idi, o da bu il rəhmətə getdi.

-Səni ona oxşatdım.

-Hə, hamı deyir ki, atama yaman oxşayıram. Elə bil bir almanı iki bölüblər - deyillər. Atamı tanıyırdın?

-Tanıyırdım, - dedim, - Dağyünus əfsanəsi?

-Nə?

-Heç.

Küncdəki masadan çığırdılar:

-Mədət, çayın nə oldu?

Divara üç rəngli bayraq asılmışdı.

-Bu nə bayraqdı belə?

Mədət maddım-maddım üzümə baxdı:

-Sən hardan gəlmisən, a kişi, fil qulağında yatmısan?

-Yox, - dedim, - Əshabi - Kəfdə yuxuya getmişdim.

Mədət heç nə demədi, üzümü çevirəndə güzgüdə gördüm ki, şəhadət barmağını gicgahına qoyub fırlayır. Bir az aralı 50 -55 yaşlarında bir kişi də dayanmışdı. Üzü mənə tanış gəlirdi.

Birdən ağlıma gəldi ki, bu da, yəqin, mənəm.

ON BİRİNCİ FƏSİL

QIRMANC

“Əgər bir dəfə kiminsə qəlbini incitmisənsə, sonralar bu adama yüz yaxşılıq elə, yenə də o incikliyinin qisasını alacaq səndən. Çünki ox yaradan çıxarılır, amma yara özü qalır axı... ”

SƏDİ ŞİRAZİ

Ə hliman O günə xüsusi hazırlaşmışdı. Üç ay qabaqdan aldığı qara kostyumu O günə qədər bir dəfə də geyməmişdi. İki gün əvvəl isə, ağ köynək, məndilli qırmızı saya qalstuk, çəkmə və hətta təzə corab almışdı.

Dünən saçını vurdurmuş, bu gün səliqəylə üzünü qırxmış, duş qəbul etmiş, odekalonla ətirlənmişdi. Geyinib- kecinib bədənnüma güzgünün qabağında duranda özü-özünü bəyənmişdi, «düşmənlərin gözü çıxsın» - deyə məmnun - məmnun gülümsəmişdi.

Əlbəttə, düşmənlərinə göz dağı onun pal-paltarı deyil, bu gün şəksiz-şübhəsiz qazanacağı elmi qələbəsiydi. O qədər paxılları, həsəd çəkənləri, gözü götürməyənləri vardı ki. Əslində, onun özünün də gözü götürmədiyi adamlar az deyildi. Bu gün hamısının xoruzlarını qoltuqlarına verəcəkdi.

Düzdü, danılmaz elmi dəlil-sübutlara rəğmən, 8 şura üzvündən üçü - ən qatı yağıları əleyhinə danışacaqdılar. Qalanların elmi vicdanlarına inanırdı. Rübabə də onların sırasındaydı. Əslində, Rübabə Elmi şuraya elə Əhlimanın tövsiyyəsiylə salınmışdı. Doğrudu, bu, “Nizami” kinoteatarındakı o bədnam əhvalatdan qabaq olmuşdu. O vaxt Rübabədən yaman kəsirdi. Elə indi də kəsir. Amma o “Nizami” kinosundan sonra araları bir az soyumuşdu. Rübabənin ayağı sınıb xəstəxanada yatanda heç ona baş da çəkməmişdi. Üzü gəlmirdi.

Sonralar tez-tez bir-birləriylə qarşılaşsalar da, heç vaxt o kinoteatrdakı məsələylə bağlı anlaşmağa çalışmamışdılar. Nə Rübabə, nə Əhliman... «Qəribədir bu qadınlar, - deyə düşünürdü, - böyük iş olub, əlimi dizinin üstünə qoymuşam. Əslində, qadın fəxr etməlidir ki, seksual cəhətdən cazibəlidir. Bizim qadınlar isə, sanki bundan utanırlar, xəcalət çəkirlər ki, kiminsə onlara tamahı düşüb. Riyakarlıq, tam bir riyakarlıq».

Axı, qadınların doxsan faizi - Freydin və freydist alimlərin təcrübələrindən də bəlli olurdu bu- şüuraltı istəklərində üstlərində erkək yükünü hiss etməyi arzulayırlar. Bu ifadənin hər mənasında. Ya da əksinə, erkəyi öz yuküylə yükləməyi.

Kitabxanasının rəfləri arasında saxladığı, ara-sıra vərəqlədiyi özəl kitabların illüstrasiyalarında erkək-qadın ilişgilərinin yüz cür ağlasığmaz pozaları vardı.

Hər nəysə, indi beynini bu gərəksiz şeylərlə doldurmamalıdır. Görünməmiş elmi zəfəri arzuladığı qadınların da qəlblərini onun üzünə açacaqdı.

Hər şey düşündüyü və planlaşdırdığı kimi gedirdi. Məntiqinin və bəlağətinin bütün imkanlarını işə salaraq parlaq bir çıxış etdi. Bəlkə də ilk dəfə Elmi şurada məruzədən sonra uzun zaman susmayan gurultulu alqışlar qopdu. Qocaman alim Qafarzadə çıxışında:

-Çox dəyərli tədqiqatdır, - dedi, - ilk dəfə okkultizmə belə ciddi münasiət sərgilənir. Sovet dönəmi olsaydı, bunu idealizm, xurafat kimi damğalayardılar. Amma indi, şükür ki, hər məsələyə elmi cəhətdən yanaşır, ayıq gözlə baxa bilirik.

Hamı bir-bir yanaşıb əlini sıxır, təbrik edirdi, daha məhrəm olanlar ziyafətin ünvanını soruşurdu.

Səsvemə gizli idi və yarım saatdan sonra sayıcı nəticəni elan etdi: 8 nəfərdən səkkizi də əleyhinə səs vermişdi. Yəqin ki, hər birisi düşünürmüş: mən pozum, qurdumu öldürüm, o birilər pozmaz, inşallah, ziyafətdən məhrum olmarıq.

Hamıdan çox tərif deyən qocaman alim Qafarzadə də pozmuşdu onu, Rübabə də... Şuraya saldırdığı Rübabə!

Səsvermənin nəticələri elan olunan anda Əhliman birdən kürəyində acıdan - acı ağrı hiss etdi. Bu göynəm-göynəm göynədən, yandırıb yaxıcı qırmanc zərbələrinin ağrısıydı. Atası dəmir blyaşkalı meşin kəməriylə balaca Əhlimanın kürəyini qırmanclayanda eynən belə ağrı hiss edərdi. Atası onu kəmərlə, anasını yumruqla, şilləylə döyərdi. Anası yalvarardı: qurban olum, vurma, qabağında ölüm, vurma. Özü döyüləndə də, oğlu döyüləndə də bu sözləri deyərdi. Yalvarışları hələ də Əhlimanın qulağındaydı. Balaca Əhliman isə, çıqqırını da çıxarmazdı. Bu, atasını cin atına mindirirdi:

-Nə zilləmisən gözünü üzümə, küçük... -Kəmər kəmər dalınca («vurma, qurbanın olum, balacadı, tifildi, bilməyib, qələt eləyib, yazığın gəlsin, day eləməz, vurma»).

Zolaq-zolaq olmuş körpə kürəyi.

-Nə baxırsan üzümə, qancığın törəməsi... nə pis gözün var ə sənin, sən bunun hikkəsinə bax e, səsini də çıxarmır. Al gəldi köpək oğlu...

O vaxtdan hər ikisinə nifrət edirdi, atasına əzazilliyinə görə, anasına mütiliyinə görə...

Ağrı atasının qırmanclarını yada saldığı kimi, başqa uşaqlıq xatirələrini də canlandırırdı və ona elə gəlirdi ki, yuxarı mərtəbədən başına su əndərirlər, amma uşaqlığındakı kimi soyuq yox, qaynar su.

Heç kəsin riyakar təsəllisini, yalandan ürək-dirək verməsini istəmirdi. Hamısını bir-bir nifrətlə süzərək, heç kəslə görüşmədən, vidalaşmadan çıxıb getdi. Yol boyu rast gəldiyi hər adamı - tanışı oldu, olmadı, boğub öldürməyə hazır idi.

Evinə gəldi. Soyuducudan araq şüşəsini çıxardı, bir - iki qədəh vurub hər şeyi unutmaq istədi.

Qədim bayatı düşdü yadına: «içdim qəmim azalsın, daha da qəm çiləndi». Sonra bayatının əvvəlki misrası da düşdü yadına: «səməndim qəmçiləndi».

Qəmçiləndi, qırmanclandı... Yox, təslim olmaq olmaz. İçib hər şeyi unutmaq zəiflikdir. Tövbə, içməyəcəm. Hamsından bircə - bircə heyfimi çıxacam.

Telefon zəng çaldı. Dəstəyi qaldırmadı. Bilirdi, ya kimsə: - fikir eləmə - deyəcək ya da - «nə oldu umsuq qaldın?!» - deyə yanıq verəcək. Tüpürüm hər ikisinə. Toplantıdakıların sifətləri bir-bir gəldi gözlərinin qabağına: «Adlarını alim qoyublar, o yekəburun meşədən dünən çıxıb gəlib Bakıda adam olub, indiyəcən «çünkiyə» «künçü» deyir. O biri də - ruskoyazıçnı çuşka mütəfəkkirə mütəkəfkir deyən... Külü qoyum başıvıza».

Bunları yadına salıb güldü. Bir az eyni açıldı.

Televizoru qurdu. Neçə gündü futbola baxırdı. Dünya futbolunun əfsanəsi Braziliya komandası almanlara biabırçı şəkildə 7 - 1, sonra da hollandlara 3-1 uduzmuşdu. Bu gün isə final idi və Braziliyanı xəcil eləyən almanlar indi də Argentina yığmasını yenirdi. Buna ən çox sevinən isə ... bəli, bəli, Braziliya azarkeşləri idi. Özlərini amansız, acımasız şəkildə alçaldan rəqiblərinin - almanların qələbəsinə yox, Argentinanın məğlubiyyətinə sevinirdilər. Şərhçi izah edirdi: bu iki ən iri Cənubi Amerika ölkəsinin arasında əzəli rəqabət var. Braziliyalılar Argentinanın məğlubiyyətini bayram edirlər.

Əhliman düşünürdü ki, tək insanlar yox, ölkələr də bir-birinə paxıllıq edir, bir-birini gözləri götürmür, bir-birinin pis gününə sevinirlər.

Dünyada sağlam yarış yox, xəstə bəhsə bəhs, həsəd hökm sürür. İnsanların hamısı - HAMISI - bir-birinə paxıllıq edir. Bir-birinə yamanlıq istəyir. Erkəklərin bir yarısı başqalarının uğurlarına həsəd çəkir, o biri yarısı da qalanların uğursuzluqlarından zövq alır... Qadınların yarısı başqa qadınları gözəl olmasına görə gözləri götürmür, o biri yarısı da kimlərinsə çirkin olmalarına ikrah hissi duyurlar.

Şokdan və içkidən dumanlanmış beyni bu fikirlərlə dolunca, Əhliman elə oturduğu kürsüdəcə yuxuya getdi, bir də səhər oyandı. Televizor da bütün gecəni diri gözlə qalmışdı.

Məşum toplantıdan keçən altı ay ərzindəsə Şuranın, demək olar ki, bütün üzvləri - bəziləri bir həftənin içində zay oldular. Kimi infarkt oldu, kimi iflic olub komaya düşdü, kiminin dili tutuldu (yalnız əl hərəkətləriylə nəyisə izah etməyə çalışırdı, amma nə dediyini anlamaq olmurdu), kiminin arvadı qısqanclıq üstündə özünü nöyüt töküb yandırdı, kimsə çimərkən dəm qazından boğulub öldü.

Zakir elmi işdən tamamilə uzaqlaşdı, heç kəslə görüşüb - danışmırdı, hamıdan uzaq qaçırdı, xanənişin olmuşdu. Deyilənə görə, psixi xəstəliyə tutuldu, dəlixanaya düşdü. Sonrakı taleyindən Əhlimanın xəbəri yoxdu. Rübabə dul qalmış bağ qonşularına ərə getdi, hansısa xarici ölkəyə köçdülər, öldüsünü-qaldısını bilən olmadı.

ON İKİNCİ FƏSİL

KARMA

“Görmək. Deyə bilərik ki, həyatın məğzi bundadır. Canlı təbiətin tarixi- kosmosun dərinliyindən üzü bəri get-gedə təkmilləşən gözlərin gördükləridir. Yarandığı gündən insan özü özünə tamaşa edir. Min illərdir o, ancaq özünü seyr edir. Yavaş-yavaş özünü əhatə edən dünyanı da görməyə başlayır. Bu sürətin ləng getməsinə təəccüblənməyək. Bəzən ilk baxışdan gözə çarpanı görmək daha çətin olur”.

PYER TEYYAR DE ŞARDEN,

fransız filosofu. «İnsan fenomeni»

D umanlı yadıma gəlirdi ki, haçansa Naxçıvana getmişdim. Hansı il idi o səfər, kimlə ya kimlərlə getmişdim, orda nə gördüm, kimlərlə tanış oldum, kimlərlə görüşdüm - hamısını büsbütün unutmuşdum.

Əshabi - Kəfə necə çətinliklə, töyşüyə-töyşüyə qalxdığım yadımdaydı, amma bu sakral yerdə və ordan enəndən sonra keçirdiyim anlaşılmaz, bu gün də izah edə bilmədiyim hallar nə idi - yuxumu, reallıqmı, bir zaman kəsiyindən çıxıb başqa dövrə düşməkmi, xəyallarda canlandırdığım gerçəklikmi, gerçəkliyə çevrilmiş fantaziyalarımmı? Bilmirəm və, yəqin, heç vaxt da bilməyəcəm. Bir onu bilirəm ki, Əshabi - Kəf Naxçıvandadır, deməli, haçansa Naxçıvana yolum düşübmüş...

Naxçıvanı adda-budda mənzərələriylə yaddaşımda canlandırmağa çalışanda bu diyarı nədənsə daha çox mistik, sirli-sehirli, sakral bir məkan kimi qavrayıram. Sanki orda keçirdiyim günlərdə (bir neçə günmü olmuşdum orda, bir aymı, bir ilmi, onu da dəqiq deyə bilməzdim) kainatın gizlinləri daha aydın əyan olurdu mənə, nələrisə daha aydın görür və dərk edirdim.

Bəzən mənə elə gəlir ki, fəlsəfəylə və Şərq inanclarıyla da elə Naxçıvana gedib - gələndən sonra dərindən maraqlanmağa başlamışdım.

Dekartın aydın-açıq təfəkküründən Svadenborqun dumanlı, ezoterik təsəvvürlərinəcən, Şopenhauerin bədbin düşüncələrindən XX əsrdə ekzistensialistlərin yabançılaşma, sərhəd situasiyası, insanın seçim qarşısında qalması haqqında təlimlərinədək, Qərb fəlsəfəsinə az-çox bələd oldum. Günlərin bir günü elə bil kimsə məni Şərq fəlsəfi və dini fikriylə ciddi maraqlanmağa sövq etdi. Qədim Hind mətnləriylə, Çin fəlsəfəsiylə tanış oldum, təsəvvüfün dərinliyinə daldım. Buna qədər yaşadığım, bildiyim, ağlımla dərk etdiyim, gözlərimlə gördüyüm Dünyadan tamam fərqli, BAŞQA Aləmin varlığına inandım. Demə bu paralel Dünyada alışdığımız məntiq işləmirmiş, burda Zaman və Məkan ölçüləri də ayrıymış. Bu Aləmdə nə Keçmiş, nə Gələcək, nə İndi varmış... Ümümən Vaxt yox imiş... Vaxtın fövqündə dürani Əbədiyyət varmış. Başa düşdüm ki, varlığı, həyatı, kainatı, dünyanı yalnız məntiqlə izah etmək qeyri-mümkündür. İnsanı anlamaq isə, heç mümkün deyil.

Bağdad darülfünunun, bizim bugünkü təbirlə desək, kafedra müdiri, professoru Əl Qəzali günlərin bir günü iş yerini tərk edir, bütün rütbələrindən, mənsəblərindən vaz keçərək, təsəvvüfün həqiqətinə tapınır, dünyanı yalnız ağılla deyil, fəhmlə də duymağın vacibliyinə inanır və inandırır.

Şərqin iki böyük siması məşhur sufi şeyxi Əbu Seyid dahi alim və təbib İbn Sinayla görüşündən sonra: «Mənim gördüyümü o bilir»- deyib. İbn Sina da bu görüşdən sonra: «Mənim bildiyimi o görür» - söyləyib.

İslam zəkanı inkar etmir, amma yalnız ağla yox, duyğuya da əsaslanır, dünyanı dərk etməyin iki yolunu göstərir - arifliyi və aşiqliyi.

Oxuduğum kitablar içində məni ən çox cəlb edən qədim hind fəlsəfəsinin KARMA anlayışı oldu... Karmanı qəzavü-qədər kimi də çevirmək olar, amma bu tam dəqiq tərcümə deyil. Karma - bədəl, əvəz qanunudur, səbəb və nəticə qanunudur, bəlkə də varlığın ən əsas və təməl qanunudur. Karmaya görə insan bütün hərəkətlərinin bədəlini ödəyir. İndiki həyatında ya hansısa başqa yaşayışında gördüyü Xeyir ya Şər əməllərin əvəzi çıxır qarşısına. Bu qanunu qəbul etsən, hər şey izah olunur. İndiki ömründə rastlaşdığın hər naqislik, sənə qarşı edilmiş hər haqsızlıq haçansa başqa həyatda sənin özünün kiməsə ya kimlərəsə etdiyin haqsızlığın, zülmün bədəlidir. Əvvəlki yaşayışında etdiyin yaxşı ya pis hərəkətlərin nəticəsi başqa bir həyatda üzə çıxır. Bir söz: «Nə əkərsən, onu biçərsən» ...

Qalır bir şeyə də inanmağın - hər bir canlının ölümüylə həyatının bitməməsinə. Monoteist dinlər bizə Qiyamət gününü, Dirilməni və başqa bir aləmdə cənnəti və cəhənnəmi vəd edir. Hinduizmin və buddizmin təməl inancı - reinkarnasiya anlayışıdır - hər bir canlının müxtəlif şəkillərdə, çeşidli biçimlərdə bir çox həyat yaşamasına inam.

Ekzistensializmə görə, insan taleyini, qədərini özü müəyyənləşdirir. Son seçim onun özünündür. Onda belə bir sual meydana çıxır: İNDİKİ həyatında düzgün yaşayırsansa, yüksək amallarla ömür sürürsənsə, nəyə görə hansısa başqa həyatda etdiyin bəd əməllərin cəzasını çəkməlisən? Tövbə - əgər səmimidirsə - insanı haçansa etdiyi səhv hərəkətlərin təkrarından saqındırır, amma başqa bir həyatda gördüyü yamanlıqların məsuliyyətindən qurtara bilmir.

İnsan kiməsə pislik edirsə, özünə, və deməli, bütün bəşəriyyətə yamanlıq edir. Bu qanun yalnız ayrı-ayrı fərdlərə deyil, dövlətlərə, ölkələrə də aiddir. Bir başqa xalqa təcavüz edən məmləkət öz dövlətinin, öz millətinin başına bəla açır. Əhdi - ətiqdə düşmən saydığın bütün irqlərə, xalqlara qarşı qəddarlıq, amansızlıq təlqin edilir. Amma bu dözümsüzlük bu inanca tapınanlara baha başa gəldi, özləri tarix boyu min bəlaya düçar oldular.

Karma mənə tək insan ömrünün deyil, ümumən varlığın məntiqini, tarixin gedişatını izah edirdi, amma keçmiş günahlardan nə sayaq xilas olmağın yollarını göstərmirdi.

«Balığı at dəryaya, balıq bilməsə də Xalıq bilər» prinsipiylə davranmaqmı? Dzen-buddizmdə mənəviyyatın daha yüksək dusturunu tapdım: əgər sən yaxşılıq edərkən yenə də Xalıqın bunu biləcəyini, və deməli, dəyərləndirəcəyini düşünürsənsə, deməli, hərəkətin tam təmənnasız deyil. Tam təmənnasız yaxşılıq odur ki, bunun hətta Xalıq tərəfindən belə qiymətləndirələcəyini ağlına gətirməyəsən.

Bilmirəm haçansa yaşamışam ya yox, bilmirəm həyatımın müəyyən illəri yaddaşımdan büsbütün silinibsə - bu elə yenidən yaşamaqdır ya yox, bildiyim bir odur ki, indi yaşadığın ömürdə yalnız Xeyrə xidmət eləməlisən.

Bəs ta uşaqlığımdan rastlaşdığım zülm, məktəb illərində pisikdirilməyim, institut vaxtınlda tənhalığım, qadınların biganəliyi ya məkri, dostların etibarsızlığı necə olsun? Axı, onları ki, unutmamışam, nə qədər cəhd etsəm də, yaddaşımdan silib ata bilmirəm heç birini. Kimsə nə yaxşı deyib - sənə edilən pislikləri unut, amma onları edənlərin adlarını unutma. Bəziləri bədən yaddaşımda indiyəcən incidir, ağrıdır məni - sazaqlı bir gündə başıma tökülən soyuq su, kürəyimdə qırmancların göynərtisi. Yaxud mənəvi zədələr - üzümə gülüb, əlimi iki əllə sıxanların namərdliyi, ən yaxın bildiyim tələbəmin dönüklüyü, atamın əzazilliyi, anamın yalvarışları, həyatım boyu rastlaşdığım yalanlar, böhtanlar, ömrümü qısaldan haqsızlıqlar, hər gün qanıma zərrə-zərrə yeridilən zəhər... bütün bunların əvəzini çıxmamalıyam?..

Hər fürsətdə məni sadistcəsinə alçaldan, başıma su əndərən Nəsibdə heyfim qalmadı ki? Bir anın içində dəhşətli şəkildə məhv oldu getdi. Bəzən mənə elə gəlirdi ki, bu qəzaya səbəb mən oldum. Atam də həmişə deyərdi: «Ə, sənin nə pis gözün var?!»...

Elə o vaxtdan göz haqqında, gözün xüsusiyyətləri və təsir gücü haqqında düşünməyə başladım: pis göz, yaman göz, göz dağı, göz dəymək, gözü götürməmək, gözə gətirmək, gözdən salmaq, gözdən uzaq, könüldən iraq. Əbəs deyilməyib ki, bütün bunlar...

Bayatıda «üzündə göz izi var, sənə kim baxdı yarım» sətirlərini indi orijinal təşbeh kimi yox, hansısa gerçək baxışın təsiri kimi mənalandırmağa başladım. Dünya ədəbiyyatında da gözün təsiri haqqında deyilənlər diqqətimi çəkməyə başladı. XII əsr Avropa inkvizisiya rahibləri Henrix İstitorisin və Yakob Şprengerin kitabı əlimə keçdi. Kitabın bir yeri məni xeyli düşündürdü:

«Bəzi adamların xəstəlikləri onlara nifrət bəsləyənlərin onlara pis gözlə baxmalarıyla əlaqədardır. Duyduqları kin-nifrət gözlərində toplanır, çünki göz insan hisslərinin və xəyallarının ən həssas yeridir. Gözün ifadəsi insanın ovqatının göstəricisidir. Bəzi adamların anadangəlmə yaman gözləri var, bəziləri bu xüsusiyyəti sonradan qazanırlar. Yaman göz yalnız zilləndiyi yerə yox, müəyyən məkanın bütün ab-havasına pis təsir göstərir. Yaman gözün təsir qüvvəsi çox böyükdür. Hətta bir baxışla dəvəni yıxa bilir. Bu keyfiyyətlərə malik olan insanlar müəyyən fərdə - zərər vermək istədiyi şəxsə baxarkən özlərinin də bütün vücudunda bir gərginlik duyurlar və bu gərginlik gözlərinə təsir edir. Belə anlarda bu pis gözün təsiri müəyyən məsafədən belə, hədəf seçdiyi varlığın ölümünə, bədbəxtçiliyinə, sağalmaz mərəzinə, gözlənilməz qəzaya düşməsinə səbəb ola bilər».

Rahiblərin kitabını oxuyarkən başqa bir ifadə də yadıma düşdü: «Allah səni yaman gözdən qorusun».

Deməli, yaman gözdən qorunmaq da mümkündür, bu bəlanın çarəsi də var. Hinduizm və dzen -buddizm, ekzistensializm fəlsəfəsi məni yalnız Allaha təvəkkül deyib durmamağı öyrədirdisə, insanın öz iradəsiylə seçimini və davranışını təsdiq edirdisə, bunlardan nəticə çıxarıb yaman gözdən qorunmağın yollarını axtarmağa başladım. Ekstrasenslərlə və onların üsullarıyla tanış oldum, hipnoz və tilsim haqqında dərindən düşünməyə başladım, pirlərin hikməti haqqında araşdırmalar apardım, cadu-pitiyə qarşı xalq inanclarını bir daha yada salıb təhlil etdim.

Bəzi uğurlar da qazandım. Bir neçə qəzanın qarşısını aldım, bir-iki adamı yaman gözün bəlasından xilas edə bildim. Mənə elə gəlirdi ki, ilkin səbəbi - nifrət, hikkə, kin, paxıllıq, həsəd kimi müzür insani keyfiyyətləri özündə toplayan yaman gözdən qorunmağın çarəsini tapmağıma bircə addım qalır. İstifadə etdiyim üsullardan yazıb pis gözlü adamları duyuq salmaq istəmirəm. Uğuruma bircə addım qalırdı, bir son addım...

ON ÜÇÜNCÜ FƏSİL

AYDAN

“Məhəbbət -əvvəl-əvvəl zarafatdır, amma sonucda çox ciddi işdir. Gözəlliklə rastlaşanda qəlb ona diqqət verməyə başlayır, özünə yaxın cəhətləri görəndə qovuşmaq istəyi oyanır və həqiqi məhəbbət yaranır. Məhəbbət insanı əldən salan xəstəlikdir, amma onun dərmanı, əlacı da elə özündədir”.

İBN HƏZM, XI əsr ərəb mütəfəkkiri,

«Göyərçin həmayili» əsərindən

“Qəlbdə eşq necə yaranır? Birinci heyranlıq hissi baş qaldırır. İnsan düşünür: onu öpmək, onun sənə busə verməsi nə böyük səadət olardı. Ümid belə yaranır. Bu, məhəbbətin siftəsidir.

Özü haqqında xatirələr yaşatmayan xoşbəxtlik - xoşbəxtlik deyil... ”

STENDAL, fransız yazıçısı,

«Məhəbbət haqqında»

M əni Ay işığı oyatdı. Çarpayımın yanında qoyduğum saata baxdım - gecə saat dördə on dəqiqə işləyirdi. Bədirlənmiş Ayın ziyasıyla çarpayımın qarşısındakı divardan asılmış iri göz muncuq işıqlanırdı.

Birdən elə bil kimsə məni yatağımdan durub eyvan qapısına tərəf apardı. Eyvan qapısına çatıb baxdım, diksindim. Bağlı şüşə qapının o biri tərəfində adam dayanmışdı, sifəti şüşəyə yapışmışdı, eybəcərləşmişdi. Əyri əyləncə aynalarında olduğu kimi, ağzı, burnu, çənəsi yastılanmışdı, amma dərhal tanıdım -qonşumuzun qızı Aydan idi. Arabir həyətdə rastlaşıb kəlmə kəsmədən xoş təbəssümlə salamlaşardıq. Təəccübüm bir an çəkdi, bir an sonra hər şeyi anladım.

Gözləri qapalıydı. Demə bu qız somnambula - Ay adamıymış. Mənimlə eyni mərtəbədə olan mənzillərindən bura Ay işığının cazibəsiylə gəlib. Eyvandan eyvana beş qarışlıq dar keçidlə gəlib. Keçid elə dar idi ki, iki adam yan-yanaşı dura bilməzdi. Bir ayaq- bir ayaq gəlib.

Hələ də yuxudaydı. Qapını açıb qızı içəri dartmaq, oyatmaq, sonra dəhlizlə öz mənzillərinə gətirmək istədim, amma dərhal başa düşdüm ki, qapını açsam, o saat oyana bilər, oyansa, üçüncü mərtəbədən, Allah eləməmiş, yıxıla bilər. Ancaq şüşənin bu tərəfindən o tərəfinə bir-birimizə baxmağımız qalırdı. Daha doğrusu, mən baxırdım. Onun gözləri yumuluydu. Bir az şüşədən aralandı, yastılanmış sifət cizgiləri adi halına qayıtdı və indi yenə həmişə gördüyüm kimi qənirsiz gözəl idi. Bu qəribə təşbeh hardan gəldi ağlıma, İlahi, onu tərsinə çevilmiş nida işarəsinə oxşatdım. Arıq, düm-düz, şümal qaməti və iriləşmiş nöqtə kimi başı... Zil qara saçları şəlalə kimi təpəsindən çiyinlərinə axırdı. Gözləri açıq olanda bir az qəmli, bir az dalğın ifadəsi vardı. Həyətdə onu görəndə, becid addımlarla quş kimi «səkdiyinə» heyranlıqla baxanda Dədə Qorqud bənzətmələri yadıma düşürdü: «Evdən çıxıb yürüyəndə sərv boylum, topuğuna sarmaşanda qara saçlım, qar üzünə qan dammış kimi al yanaqlım, qoşa badam sığmayan dar ağızlım». Öz - özümə onu Banuçiçək adlandırırdım, halduki bilirdim, adı Aydandı.

Qorxurdum. Dua edirdim ki, ayılmasın, Ay işığıyla gəldiyi kimi mənzillərinə qayıtsın. Sabah mütləq valideynləriylə danışaram. Bir əlac tapsınlar... Görəsən, qızlarının bu qəribəliyindən xəbərləri varmı?

Bir neçə dəqiqə üz-üzə dayandıq. Yanağımı şüşəyə söykədim. Gözlərimi yumdum. Şüşənin sopsoyuqluğu məni ipisti gözəllikdən ayırdı. Bilirdim ki, şüşənin o tərəfində yanaqları bu şüşə kimi hamar və sərindir. Hardan gəldi bu misralar ağlıma: «Yanaqların qar dadır, dodaqların arıları aldadır»? Doğrudan da ağzı gül ləçəklərini andırırdı, arıları cəlb edən ləçəkləri.

Şüşədən aralanıb gözlərimi açdım: tərpənməz dayanmışdı. Görəsən, yuxusunda nə görür, ümumiyyətlə, bu halda yuxu görürlərmi? Bu anlar, bu möcüzəvi, inanılmaz anlar uzandıqca uzanaydı kaş... Bu qədər yaxın, bu qədər uzaq... Ayın özü kimi. Ayın bir gecəlik mənə hədiyyə göndərdiyi əfsanəvi varlıq... Ay qızı...

Qorxurdum, yamanca qorxurdum, ayılacağındanmı, çıxıb gedəcəyindənmi, qəfil gələn gizli sevinci qəfildəncə itirəcəyimdənmi. Göz qapaqlarım ağırlaşmışdı elə bil, daha baxa bilmirdim. Gözlərimi yuma da bilmirdim ki, gözlərim bağlı olan anda birdən ayılar... Allah göstərməsin, fəlakət baş verər.

... Sonra qapıdan aralandı, ehmallıca təzə ayaq açan uşaqlar kimi - dar-dar - beş qarışlıq keçidlə eyvanlarına tərəf addımladı. Üzümü şüşəyə dirəyib ardınca baxdım-baxdım... . Üsulluca öz eyvanlarına keçəndən sonra nəfəsimi dərib sakitləşdim...

Eyvanımın qapısını açdım. Otağıma təzə çalınmış ot qoxusu doldu. Bu, Aydanın qoxusuydu, hər hansı dəbdə olan parfümdən uzaq təbii qoxusu. Qapı tərəfdən gəlirdi. Ay qız özü getmiş, ətri qalmışdı.

Qapının Aydanın nəfəsindən isinmiş şüşəsini sığallayır, Aya baxırdım. Guya ki, laqeyd-laqeyd yer kürrəmizi sezən, gah kəsilmiş dırnaq kimi nazilən, gah fətir kimi dolan bu yaxın-uzaq göy cisminin nə qədər açılmamış sirri var. Elə bil Aydan da Aydanın həniri gəlirdi.

Nə idi bu, İlahi? Qəfil və inanılmaz, görünməmiş gəliş... Hansısa sirli - sehirli dünyadan təşrif buyurmuş qonaq.

Tərəddüdlər içinəydim. Sabah valideynləriylə danışım - danışmayım? Şübhəsiz, qızın müalicəyə ehtiyacı var. Belə davam etsə, xata çıxa bilər. Amma düşünəndə ki, bu möcüzə bir daha heç vaxt təkrar olunmayacaq, daha heç vaxt sifəti şüşəyə yapışmayacaq, təzə çalınmış ot qoxusu bir də heç zaman dolmaycaq otağıma, qəribə bir nisgil hissi duyurdum. Səhərəcən gözümə yuxu getmədi... Aydanı haçansa həyatıma daxil olmuş ya çıxıb getmiş qızlarla, qadınlarla, ümumiyyətlə, indiyəcən tanıdığım bütün başqa insanlarla müqayisə edirdim və indiyəcən heç bir vaxt keçirmədiyim hissləri yaşayırdım. İçim ən zərif qoxularla, ən incə musiqi nəvalarıyla, ən gözəl şeir misralarıyla lim-həlim dolurdu. Elə bil kimsə həzin səslə qulağıma kiminsə haçansa yazdığı sətirləri pıçıldayırdı:

Ümidsizlik anında

Gəldi bu qəfil sevinc...

Taleyin hədiyyəsi..

Gözlənilməz nəticə...

Məni bədbəxt eyləyən,

xoşbəxt eyləyən gecə.

ÖN DÖRDÜNCÜ FƏSİL

ÇAPIQLA GÖRÜŞ

“İldırım, şimşək çaxacaq, möhtəşəm zəlzələ olacaq, insanlar dünyada yaşayandan bəri belə dəhşətli zəlzələ olmayıb. Böyük şəhər üç bölünəcək, böyük ada qeyb olacaq, dağlar uçub dağılacaq. O günlərdə insanlar ölümü axtaracaqlar, tapmayacaqlar, ölmək istəyəcəklər, ölə bilməyəcəklər. Yeni səmanı və yeni torpağı gördüm, çünki köhnə səma və köhnə torpaq artıq yoxdu, dəniz də yoxdu”.

BİBLİYA. Apokalipsis

“Şairlərin yaratdıqları təşbeh də bununla bağlıdır. Niobeya əvvəlcə yeddi oğlunu, sonra yeddi qızını itirərək qayaya çevrilir. Bununla şairlər demək istəyir ki, çəkilməz dərd insanı nəinki müc edir, dilini-ağzını qurudur, o, hətta dönüb daşa, qayaya da çevrilə bilər. Qəlbimizi ən dözülməz dərd, ağrı çuğlayanda danışa bilmirik, hisslərimizi ah-fəğanla, harayla, fəryadla ifadə etməkdən acizik. Belə anlarda insanın qəlbi yalnız dərindən dərin sükuta qərq olur. Sözlə ifadə olunan, başqalarıyla bölüşülən, yerli-yataqlı danışılan dərd səmimi ağrı deyil. Əsl ağrının dili laldır”.

MİŞEL MONTEN, fransız filosofu,

Esselər (Təcrübələr)

“Rahatlıq və hətta ölüm insana Xeyirlə Şər arasında azad seçimdən daha əzizdir”.

F. M. DOSTOYEVSKİ. «Karamazov qardaşları», «Böyük inkvizitor» fəslindən

S əhər 10 radələrində Əhlimanın cib telefonuna SMS gəldi. Polkovnik Qasım Şeydayev bu telefona zəng etməsini xahiş edirdi. Polkovnikin adı və famili Əhlimana tanış gəldi, amma kim olduğunu, nə qədər çalışsa da, yadına sala bilmirdi. Hər ehtimala qarşı, ekrana çıxan nömrəni telefonuna yazdı, yığdı. Cavab dərhal gəldi:

-Hər vaxtınız xeyir, Əhliman müəllim.

-Salam. Mənə SMS göndərmisiniz.

-Bəli. Çox vacib bir məsələylə bağlı sizinlə görüşməliyik.

-Kim, siz?

-Görüşəndə bilərsiniz. Axşam 6-da bizə gələ bilərsiniz? Ünvanı indi mobilinizə göndərirəm.

Cavab gözləmədən telefonu asdı. Az sonra ekranda ünvan çıxdı.

Axşam 6-ya on dəqiqə qalmış Əhliman dalanın çıxmazında iri dəmir darvazanın qarşısındaydı. Zəngi basdı, videofonda kiminsə başı göründü:

-Əhliman müəllim?

-Bəli

-Buyurun.

Darvazanın iki layı relslər üstündə o tərəf - bu tərəfə çəkildi. Əhliman içəri girdi. Həyətin geniş meydan adlandırıla biləcək sahəsində əcnəbi maşınlar düzülmüşdü: “Rols-Roys”, “Pejo”, “Nissan”, “Ford”, “Fiat”, “Mersedes”, “Bentli”, “Şevrole”, “BMV”. Əhliman saydı - doqquz maşın idi.

Həyətin o başında üçmərtəbəli iqamətgah ucalırdı. İqamətgah - bu binaya ayrı ad vermək olmazdı. Müxtəlif səviyyəli eyvanlar, şüşəbəndlər, erkerlər, lodjiyalar... Qapıda bayaq videofonda sifətini gördüyü adam dayanmışdı. Əhlimanı qarşılayıb ikinci mərtəbəyə apardı. Geniş foyedən keçib ondan da geniş salona girmədən əvvəl nərd-taxta və atılan zərlərin səsini eşitdi.

Salonda biri çox qoca, biri nisbətən cavan (o da altmış-altmış beş yaşlarında olardı) iki kişi nərd atırdılar. Əhliman, deyəsən, qocanı haçansa görmüşdü, yaddaşını qurdalayıb dumanlı şəkildə olsa da xatırladı. Gərək ki, haçansa ev qonşularıydı. Əhlimana zəng edən polkovnik də elə o idi. Polkovnik ağ köynəkdəydi, lampaslı şalvarını saxlayan kəmərlər çiynindən asılmışdı, ayaqları yumşaq mixəyi məstlərin içindəydi. Tərəfdaşı tünd göy kostyumdaydı, eyni rəngli qalstuk taxmışdı.

Əhliman içəri girən kimi hər ikisi ayağa durdu. Qoca əlini uzadıb:

- Polkovnik Qasım Şeydayev, - dedi, - biz gərək ki, tanışıq.

O biri kişi ayağa duranda Əhliman onun sağ yanağında iri çapığı gördü. Əlini uzatdı, amma adını, familini demədi. Qasım:

- Əyləşin, - dedi, - bu saat generalın dərsini verim - sonra söhbətə keçək.

Bu sözləri deyəndə irişdi, yersiz, şit zarafat etmiş adam kimi mağmın-mağmın generalın üzünə baxdı. Generalın tükü də tərpənmədi, o sözlərə də məhəl qoymadan:

-At görək, - dedi. - Elə dedi, elə bil əmr verirdi.

-Aha, şeş sə...

Oynadı.

-Çahar dü...

Yan qapı cırıltıyla açıldı, qara geyinmiş, başına qara şal bağlamış qadın, əlində üç stəkan çay, mürəbbə, konfet, qənd və limon qoyulmuş podnos, içəri girdi. Çayları podnosdan götürüb Qasımın, Çapığın qabağına qoydu, başını qaldırıb heç birinin üzünə baxmırdı. Amma Əhlimanın çayını qoyanda üzünə baxdı, birdən- birə halı dəyişdi, stəkan əlindən düşüb çilik-çilik oldu, çay Əhlimanın üstünə dağıldı. Qadın dodaqaltı nə isə deyirdi. Əhliman aydınca:

-qatil, qatil... - sözlərini eşidirdi, - bircə balamın qatili...

Kəskin çevrililb otaqdan çıxdı. Heç çayı üstünə dağıtdığı üçün üzr də istəmədi. Əvəzinə Qasım üzrxahlıq etdi. Amma nə polkovnik, nə general qadının əcaib hərəkətlərindən təəccüb qalmışdı. Qasım:

- Fikir verməyin, - dedi, - çox-çox illər əvvəl balamızı avtomobil qəzasında itirdik, anası hər təzə gördüyü adamı onun qatili sayır. Bir pənc qoşa - dərmandır, general.

General zərləri qoşalayıb atdı:

-Bu da pənc qoşa.

-Əhsən, bərəkallah, general, təbrik. Yenə mars oldum.

Nərd-taxtanı qatlayıb qırağa qoydu. Qapı açıldı - bu səfər cavan qız - güman ki, qulluqçuları idi - bir stəkan çay gətirib Əhlimanın qabağına qoydu.

-Day hansı həkimə getmədik, burda, Moskvada, Türkiyədə, İranda, hətta İsraildə, - bilmirdin Qasım bu sözləri kimə deyir, Əhlimana, Çapığa ya hər ikisinə - nicatı yoxdu. Harda ayna gördü, deyir aynada balamı görürəm. Dip-diri.

Əhliman yalnız indi diqqət elədi ki, sağ divardakı iri bədənnüma güzgünün üstünə qara örtük salınıb.

Polkovnik ayağa durdu:

-Bağışlayın, - dedi, - gedim bir hovur xanımı sakitləşdirim.

Otaqdan çıxdı. Çapıq Əhlimana tərəf çevrildi, indi üzünün çapığı görünmürdü.

-Polkovnik sizi mənim xahişimlə çağırıb, - dedi. - Sizin haqqınızda bəzi məlumatlarımız var. Bəzi kolleqalarınızdan, xüsüsilə professor Qafarzadədən yanıqlı olduğunuzu da bilirik.

Əhliman diqqətlə dinləyirdi. Sözünün başını hara bağlayacağını hələ də kəsdirmirdi.

-Qafarzadənin atası Zəlim kişiylə bir yerdə işləyirdik. Əlbəttə, o vaxt o yaşlı adam, mən cavan uşaq idim. İndi rəhmətə gedib, odur ki, məsələni açmaq olar. Təşkilatımızın ən gizli şöbəsinin əməkdaşı idi. Özü də həddən ziyadə qəddar adamdı. Adını da Zəlim yox, Zalım qoymuşduq. Odur ki, oğluna da Zəlim oğlu yox, Zalım oğlu deyirdik.

Əhliman bunu bilmirdi, amma Qafarzadəyə Zalım oğlu deyilməsindən xoşlandı. Yeri gələndə bundan istifadə etmək olardı. Çapıq davam etdi:

-Məsələ ondadı ki, Zalımoğluna atasından çox qiymətli bir miras qalıb. Qiyməti elə böyükdür ki, heç bir valyutayla ölçmək olmaz. Çox, belə çooox qədim bir xalıdır. Deyilənə görə, hətta Şumer dövründən qalıb. Doğrusu, buna inanmaq çətindir, çünki dünyada ən qədim Pazırıq xalısı min yaşındadır, bu ondan da qədimdirsə, olsun, tutalım, min iki yüz, min üç yüz il. Bu tarix hara, Şumer hara?.. Nə isə... mühüm olan bu deyil. İngilis dilini bilirsiz?

-Bilirəm.

-ABŞ-da bir kitab buraxıblar. Bu xalçanın kimdən - kimə keçdiyini bir-bir göstəriblər. Əlbəttə, çox qədim dövrlər haqqında onların da məlumatı yoxdur. Bizim isə, son dövrlərdə xalçanın hansı əllərdən keçdiyi haqqında dəqiq məlumatımız var. Keçən əsrin əvvəllərində bir Bakı milyonçusu Təbriz bazarında alıb bu xalını, Bakıya gətirib. 20-ci illərdə bolşeviklər bu milyonçunu güllələyib, bütün əmlakını müsadirə ediblər. Xalçanı da 25 yaşlı çekist Zəlim Qafarzadə qamarlayıb.

Əhliman divarların Şərq hamamları üslubunda yaradılmış zövqsüz naxışlarına, yüz lampalı ağır, büllür çıl-çırağa, servanta düzülmüş qızıllı-gümüşlü qab-qacağa, servantın üstünə qoyulmuş şahə qalxmış at heykəlciyinə baxır və heç cür anlaya bilmirdi ki, bu xalça söhbətinin ona nə dəxli var və bu çapıq general bütün bunları nə məqsədlə danışır.

-Bunları sizə niyə danışıram... Bu saat izah edəcəm. Sizin hipnozla məşğul olmağınızdan və gözlərinizin əlahiddə təsir gücündən xəbərimiz var. Bu mənim fikrim deyil, dünyanın bir çox görkəmli mütəxəssisi təsdiq edir ki, bu xalçanın naxışları - başqa heç bir xalçaya bənzəməyən naxışları - çox böyük sirlərin açarıdır. Bir sözlə - bu yerdə, - Çapıq pıçıltıya keçdi, - bu naxışlarda dünyanın sonu haqqında məlumat verilir. Mayyaların təqvimində dünyanın axırı çatdığı haqqında söz-söhbətin dünyada necə ajiotaj, qalmaqal yaratdığı yadınızdadır, yəqin. Əldə etdiyimiz agentura məlumatlarına görə, Qafarzadə uzun illərin araşdırmaları əsasında bu naxışların sirrini açmaq, yəni dünyann axırın bəyan etməyin ərəfəsindədir. Əlbəttə, başa düşürük ki, bu cəfəngiyyatdır, amma axı, buna inananlar olacaq. Məlum deyil, nə deyəcəklər, bu tarix, bu hadisə haçan olasıdır, yuz ildən, min ildən sonramı, ya yaxın bir ayın, on günün içindəmi... İndi düşünün, dünyanın sonuna, tutalım, bir ay qalıb xəbəri yayılır, görün cəmiyyətdə nə zəlzələlər, nə vəlvələlər başlayır. Onsuz da bir-birinin ətini yeməyə, qanını içməyə hazır olan adamlar kimisə öldürməyə, kiminsə var-dövlətini mənimsəməyə, kimisə zorlamağa girişəcək. «Onsuz da dünyanın axırıdır da», - deyəcəklər. Bunumu istəyirsiz?

-Əlbəttə, yox, - dedim, amma ürəyimin dərinliyində bu ehtimaldan məmnun da qalmışdım hətta, qoy bir-birinin boğazını üzsünlər, haramzadalar, insanlar bundan artığına layiq deyillər. Bir yandan baxanda, - deyə düşünürdüm, - elə xalçasız -flansız da dünyanın axırıdır da... Bu qədər zülm, ədalətsizlik, yalan, riyakarlıq, pozğunluq içində yaşamaq insanların ən böyük günahı və ən böyük cəzası deyil məyər?

-Məndən nə istəyirsiz? -soruşdum.

-Bilirəm, sizinçün bu çətin olacaq, amma bir bəhanə tapıb Qafazadəylə görüşün. Onu zərərsizləşdirin, iradəsini ram edin, fikirlərini, hərəkətlərini, davranışını, verdiyi qərarları özünüzə tabe edin. Əsrlər boyu insanlara zülm, ölüm və iztirab gətirmiş o məşum xalça da məhv edilməlidir. Qiyməti nə qədər olur-olsun, insan ömründən ki, qiymətli deyil. Həm də söhbət tək bir insandan deyil, bütün insanlardan, insanlıqdan gedir. Hələ məsələnin beynəlxalq tərəfini demirəm. Bizə düşmən olan yabançı qüvvələrin bundan istifadə edib ölkəmizdə necə ara qarışdıracaqlarını adam heç ağlına da ğətirmək istəmir, amma bu da istisna olunmur. İndi hər şey sizdən asılıdır, biz bu məsələnin ayrı çözümünü görmürük. Qafarzadə dünya mediasının, ölkəmizdəki səfirliklərin də diqqət mərkəzindədir. Sizdən başqa onu ələ keçirməyə başqa yolumuz yoxdur.

Qasım otağa daxil oldu. Görünür, o da söhbətmizin bitdiyini duymuşdu.

-Çaylarınızı təzələsinlər?

-Yox, sağ olun.

-Bəlkə, bir nərd ataq, qisasımı alım, nə deyirsiz, general?

Çapıq:

-Yox, getməliyəm. Qisas qiyamətə qalsın, - deyə Əhlimanı mənalı baxışlarla süzdü.

Amma salondan birinci Əhliman çıxdı. Qapıçı onu darvazayacan ötürdü. Düyməni basdı, darvaza açıldı, Əhliman küçəyə çıxdı. Uzaqda iqamətgahın böyük salonunda Çapıqla polkovnikin danışdıqlarını elə aydın eşidirdi ki, elə bil lap qulağının dibində danışırdılar.

-Necə oldu, razılaşdı?

-Məncə, hə. İşin görsün, sonra özünü aradan qaldırmaq asandı.

Əhlimanın özü də çox uzaqda edilən söhbətləri belə aydın eşitməsinə mat qalırdı. Bunu izah da edə bilmirdi, amma düşünürdü ki, əgər biz telefon, radio vasitəsiylə ən uzaq məsafələrdən səsləri eşidə biliriksə, nədən insan qulağının da belə imkanları olmasın. Hər halda, bəzi insanların belə qabiliyyəti ola bilər. Güman ki, mən özüm də elə nadir insanlardanam. Hər halda, gözümün təsir gücünə inanan tək bir özüm deyiləm, bunu bilən və bundan istifadə etmək istəyənlər də varmış. Qoy onlar öz oyunlarını oynasınlar, mən də öz oyunumu oynayacam. Görək kim kimə kələk gələcək. Bu işdə məni cəlb edən məsələ başqadır. Məni arxadan bıçaqlayanların çoxusu cəzalarına çatdı, indi növbə Qafarzadənindi. Fürsəti fötə vermək olmaz.

ON BEŞİNCİ FƏSİL

AY RƏQSİ

“Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,

Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi”.

NİZAMİ GƏNCƏVİ

“Əfsus ki, yarım gecə gəldi, gecə getdi,

Heç bilmirəm ömrüm necə gəldi, necə getdi”.

AĞA BƏYİM AĞA

Ay qızının gəlişindən bir ay keçmişdi. Bu müddətdə görməmişdim onu. Həyətə hər girəndə gözlərim onu axtarsa da, bir dəfə də olsun rastlaşmamışdıq. Bəlkə, xəstələnib ya valideynləri qızlarının qəribəliyindən duyuq düşüb onu müalicə etdirirlər. Çətinlik ondaydı ki, onlarla bu barədə danışmağa da ürək eləmirdim.

Ürəyimin dərinlyində onunla gün işığında qarşılaşmağı da istəmirdim. O, Ay adamı kimi bənzərsizdi, gün işığında gözəlliyinə rəğmən, adidən adi başqalarından biri olardı.

Ay bədirlənmişdi. Bilirdim ki, Ay məhz bu fazasında ay adamlarını - somnambulaları cazibə qüvvəsinə çəkir, ən risqli hərəkətlərini tənzimləyir.

... və qəribə bir istəklə gözləməyə, gözləməyə başladım və gözləyə - gözləyə eyvan qapısını açıq qoydum. Gözümə yuxu getmirdi. Eyvan qapısıyla üzbəüz yumşaq kürsüdə əyləşib gözləyirdim. Nəyi gözləyirdim, kimi gözləyirdim? Bilmirdim, amma gözləyirdim. Bəlkə də ömrüm boyu həsrətiylə yaşadığım möcüzənin təkrarını gözləyirdim. Bəlkə, gözlədiyim bir gecənin aldanışı, bir gecəlik təsəllisi idi.

Zənnimdə yanılmamışdım. Yenə də dördə düz on dəqiqə işləmiş Aydan eyvan qapıma yanaşdı. Bu səfər onunla bərabər pişiyi də gəlmişdi. Pişik açıq qapıdan içəri girdi, mıyoldadı. Aydan da otağa daxil oldu. Gözləri qapalıydı. Topuğunacan uzun çəhrayı gecə paltarındaydı. Şəffaf paltarının içində bədəninin bütün əzaları, incə cizgiləri aydın sezilirdi. Otaqda hərəkət etməyə başladı. Elə hərəkət edirdi sanasan bu otağa çoxdan bələd idi - bir yerə toxunmadan, bir şeyi yerindən dəbərtmədən... belədən - belə keçirdi. Bu, adicə hərəkətlər deyildi, rəqs idi və bu rəqsi otağıma düşən Ay şüalarından kənara çıxmadan edirdi. Musiqisiz rəqs edirdi, amma adama elə gəlirdi ki, həzin bir melodiyanın müşayiətiylə süzür.

... Qürüb çağı Mərdəkan tərəfdən dənizə sarı gedirik. Buludlar badımcan rəngində... Qərib Abşeron axşamının kövrək qüssəsi çöküb aləmə... Üstü açıq maşındayıq, sükan arxasındayam. Külək yanımda oturan gözü qəm dolu qızın qumral saçlarını üzümə çırpır. Gözləri - qaranlıq gecə rəngində, gecədən dammış kimi... Gözləri iki qara şanı giləsi... Qız - Aydandır. Üzümü yoldan çevirib ona baxıram. Gülümsəyir, ağ dişlərinin işığı gözlərimi qamaşdırır... Qolunu boynuma salır, yanağını yanağıma yapışdırır.

İçim ən nəvazişli, ən isti sözlərlə doludur. Sözlər meyvə kimi sulanır, yetişib dəriləcəyi anı gözləyir. Ömrüm boyu kiməsə demək istədiyim və heç vaxt heç kəsə demədiyim sözlər içimdə quş kimi çırpınır, qəfəsdən çıxa bilmir.

Kimə deyəcəm bu sözləri? Yanımda ki, heç kəs yoxdu.

Heç vaxt üstü açıq maşınım olmayıb. Heç vaxt sükan arxasına keçib maşın sürməmişəm. Heç vaxt heç bir külək heç bir qızın saçlarını üzümə çırpmayıb. Amma bilirəm ki, bu qız ömrüm boyu gözlədiyim və bu gecə otağıma qəfil gələn Aydandır... Azı otuz il əvvəl xəyali maşınımda xəyali sürücülüyümlə xəyali dənizə tərəf gedən, xəyali küləyin saçlarını üzümə çırpdığı qızdır.

Vaxt anlayışı yoxdur bu gün otağımda. Uzaq xəyallarımdan bu günkü gerçəkliyə qədər heç bir VAXT keçməyib. VAXT donub qalıb.

Rəqs edən qızın əllərinin xəfif titrəyişi qulaqlarımı musiqiylə doldururdu... Tommazo Albinioninin “Adajiosu”nu dinləyirdim sanki - əbədi ayrılıq qorxusu, səadət günlərinin belə az olmasından doğan təəssüf və qüssə melodiyası. Balerinalar sayaq, puantlardaymış kimi, barmaqlarının ucuyla addımlayırdı. Yenə də Dədə Qorqud təşbehi: «yer basmayıb yeriyən»...

Aydanın rəqsi anımlar oydırdı, Süfilərin cəzvi, fırlanan dərvişlərin hərəkətləri gəlirdi ağlıma. Ancaq indi göyçək körpələrə nədən «ay parçası» deyildiyinin dərin mənasını anlamağa başlamışdım. Ay parçası idi Aydan. Ay kimi sirli, Ayın sehrini, cazibəsini zərif vücuduna hopdurmuş rəqqasə... Fırlandıqca gecə paltarının küləyi vururdu üzümə, başım hərlənirdi, havalanırdım. Durub bu balaca qonağımı bağrıma basmaq, saçlarını qoxlamaq istəyirdim, yumulu olanda belə, qəmli gözlərini öpmək, dodaqlarından arılar kimi şirə çəkmək istəyirdim.

Amma bilirdim, ona toxunmaq olmaz. Toxunsam, oyadardım. Aya bağlı, heç kəsin agah olmadığı qapalı dünyasından dartıb bizim adi olduğu qədər bayağı, bayağı olduğu qədər adidən adi dünyamıza zorla çəkib gətirərdim onu.

Hər şeyi başa düşürdüm, bu gecə tamaşasının bir anormallıq, az qala xəstəlik olduğunu anlayırdım, aramızdakı yaş fərqinin fərqindəydim, real aləmdə hər hansı bir sevgi ilişgimizin mümkünsüzlüyünü dərk edirdim. Bilirdim ki, sabah səhər, işdi, təsadüfən həyətdə rastlaşsaq, Ay qızı bu gecəni nəinki xatırlamayacaq, onun gerçəkdə olduğunu ağlına belə sığışdırmayacaqdı. Mənə baxıb xoş, amma ögey, biganə və yabançı təbəssümlə gülümsəyəcəkdi.

Oyada bilərdim onu. Burda otağın içində fiziki təhlükə yoxdu, yıxılacağından qorxmurdum. Amma oyansa hansı hissləri keçirəcəkdi, mənə hansı gözlə baxacaqdı. Onun bəlkə də xəstəlik sayılacaq bu halının şahidi olmuş insanı bir daha heç vaxt, heç yerdə görmək istəməyəcəkdi, yəqin. Onu oyatmaq, bu əsrarəngiz yuxusundan ayıltmaq günahdı.

Bu görünməmiş, inanılmaz Ay rəqsini seyr etdikcə seyr etmək... sonsuzacan seyr etmək... kaş heç vaxt bitib tükənməsin, maşın dənizə çatmasın, buludlar Ayın qabağını tutmasın, Aydan oyanıb həyatın reallığından utanmasın.

Pişik də divanın bir küncündə qıvrılıb uzanmışdı. Elə bil o da bu rəqsi seyr edir, mənim eşitdiyim xəyali musiqini o da dinləyirdi.

Musiqi qaçılmaz bir labüdlüklə sona doğru gedirdi... Hər gözəl şeyin axırı olduğu kimi, əfsus, bu rəqs də bitməliydi... bitirdi... Aydan qollarını havada quş kimi yellədərək, yaralı durna təkin çırpına-çırpına otaqdan eyvana çıxdı, karnizlə - dar-dar - öz mənzillərinə tərəf getdi. Pişik də onun ardınca otaqdan çıxıb öz eyvanlarına tərəf gedirdi.

Musiqi daha səslənmirdi.

ON ALTINCI FƏSİL

ŞEŞ SƏ, ÇAHAR DÜ, PƏNC QOŞA

“Mütləq şər yoxdur. Pislik də şərti anlayışdır. Birisiyçün ayaq olan, başqasıyçün qandal ola bilər. Zəhər ilançün həyatdır, insançün ölüm. Balıqlarçün dəniz yaşamaq mühitidir, yer üzündə ömür sürənlərçün boğulub batmaq girdabı... ”

CƏLALƏDDİN RUMİ

“Qədim və dəqiq qanunlardan imtina edən insan nəyin Xeyir, nəyin Şər olduğunu artıq yalnız özü müəyyənləşdirməlidir”.

F. M. DOSTOYEVSKİ, «Karamazov qardaşlırı», «Böyük inkvizitor» fəslindən

8 -ci mikroraynda soldan üçüncü döngədə 20 nömrəli evin dəmir darvazası qarşısında durmuşdum. Zəngi basdım, darvaza açıldı və məni qarşıdakı evə tərəf apardılar. Geniş həyətin hər iki tərəfində xarici maşınlar düzülmüşdü. Məni ikinci mərtəbəyə ötürdülər. Geniş salona daxil oldum. İki kişi - biri çox qoca, biri nisbətən cavan - nərd oynayırdılar. Heç birini tanımırdım. Nərd atanlardan biri - ağ köynəkli, lampaslı şalvarlı, ayağında şap-şuplar olan kişi ayağa durub əlini uzatdı.

-Polkovnik Qasım Şeydayev, - dedi.

Bura onun evi idi və məni bura o dəvət etmişdi. Nərd atan ikinci kişi yerindən durmadan əlini mənə uzatdı. Üzünü mənə tərəf çevirəndə sol yanağında iri çapığı gördüm. Nərd oyununa davam edirdilər. «İndicə Qasım şeş sə atacaq» deyə düşündüm və polkovnik şeş sə atdı. «Bu biri də çahar dü atacaq». Çahar dü atdı.

Qara paltarı, başına qara şal atmış qadın qarşı qapıdan içəri daxil oldu, Əlində tutduğu podnosda üç stakan çay vardı. Çayları qarşımıza qoyub dinməz -söyləməz çıxıb getdi.

Qasım oyundaşına:

-Bir pənc qoşa atsaz, marsam, - dedi.

«Pənc qoşa atacaq» - deyə düşündüm. Zərləri atdı: pənc qoşa.

Qasım:

- Çayınızı soyutmayın, - dedi, - indi gəlirəm.

Otaqdan çıxdı.

Çapıq dərhal mətləbə keçdi:

-Sizi mən çağırmışam, - dedi. - Polkovnikə dedim ki, sizi dəvət etsin. Gərək ki, tanışsınız...

-Yox, ilk dəfə görürəm onu.

-Amma mənə demişdilər ki, haçansa qonşu olmusunuz.

Bir şey demədən başımı buladım.

- Dəxli yoxdur, - dedi, - sizinlə bir məsələdən danışmaq istəyirəm. Hüsü Qafarzadəni tanıyırsız...

-Tanıyıram, - dedim, - görkəmli alimlərimizdəndir.

-Bəli. Həm də qədim, çox qiymətli və sirli naxışları olan bir xalının sahibidir.

-Bunu bilmirdim.

-Amma mənə məlumat vermişdilər ki, sizin bilmədiyiniz şey yoxdur.

- Çox şişirdirmişlər bunu sizə deyənlər.

-Nə isə... Hər halda, Qafarzadənin qədir-qiymətini siz də bilirsiniz. Odur ki, təklifimi başa düşəcəksiniz. Qafarzadəni qorumalıyıq.

- Qorumalyıqıq? Kimdən? Nədən?

-Yaman gözdən. Bəli, təəccüb qalmayın. Qafarzadənin başının üstünü çox böyük təhlükə alıb. Sözlərim sizə qəribə gələcək, amma bu, təəssüf ki, həqiqətdir. Qafarzadəyə qarşı okkult qüvvələr işə salınıb.

-Okkult qüvvələr?

-Bəli. Təəssüf ki, bizim hamımızın, materialist tərbiyəsiylə yetişən insanların indiyəcən ciddiyə almadığımız və saya salmadığımız belə qüvvələr də var, özü də yetərincə güclüdürlər. Alimin başı dərddədir. Hamısı da bu xalının ucbatından

-Xalçanı oğurlamaq istəyirlər?

-Oğurlamaq istəsəydilər dərd yarıydı. Daha dəhşətli şeylər düşünürlər.

-Nə kimi?

-Bağışlayın, bunu sizə deyə bilmərəm.

-Yaxşı, məndən nə istəyirsiz?

- Sizin cadunu, göz dəyməni xurafat və boş şey kimi deyil, ciddi problem kimi dəyərləndirdiyinizi bilirik. Elə deyilmi?

-Müəyyən mənada.

-Olsun. Bu sahədə illərdi araşdırmalar aparırsınız. Bu barədə də məlumatım kifayət qədərdir. Onu da bilirik ki, qeyri-adi suqqestiya qabiliyyətiniz var.

«İlahi, bu adam suqqestiya - fikir təlqin etmək, təhrik etmək anlayışını da bilir», - deyə düşündüm.

Fikrimi oxuyubmuş kimi:

-Bəli, peşəmizlə bağlı bu məsələləri də bilməliyik, - dedi. Bəlkə, onun özünün də deyilməmiş fikirləri oxumaq qabiliyyəti var.

-Hər halda, məndən nə istədiyiniz aydın deyil mənə.

- Yenə təkrar edirəm, təhlükə çox böyükdür. Qafarzadəni yaman gözdən yalnız siz qoruya bilərsiniz. Siz və sizdən başqa heç kim. - Sonra az qala əmr tonunda əlavə etdi: - Bu sizin vətən, xalq və müstəqil dövlətimiz qarşısında borcunuzdur.

Qasım salona daxil oldu:

-Çayınız soyudu, təzələyək?

ON YEDDİNCİ FƏSİL

GÖZ - GÖZƏ

“İnsan azad olandan sonra onun daimi və ən əzablı qayğısı kimə itaət edəcəyi məsələsidir. İnsana hökmən tapınmaq üçün avtoritet, möcüzə və sirr gərəkdir ki, hərəkətlərini, davranışlarını onların iradəsiylə yönəltsin. Odur ki, insan və insan cəmiyyəti azad olmağa nifrət etdiyi kimi heç vaxt, heç nəyə nifrət etmir. İnsana azadlıq yox, çörək lazımdır. Nə qədər ki insan azaddır, heç bir elm onun çörək ehtiyacını ödəməyəcək. Axırı onunla qurtaracaq ki, öz azadlıqlarını Sizin ayaqlarınızın altına atıb deyəcəklər: “bizi qul edin, amma, çörək verin, qarnımızı doydurun”.

F. M. DOSTOYEVSKİ. «Böyük inkvizitor» fəslində İvan Karamazovun fikirlərindən

“İblis nədir? -Cümlə xəyanətlərə bais...

Ya hər kəsə xain olan insan nədir? - İblis!”

HÜSEYN CAVİD. «İblis»

3.4.6. düymələrini basıb mənzilinin qapısını açdım. Otaq ala-qaranlıq idi. Otaqda kiminsə olduğunu duydum. İşığı yandırdım.

Elə beləcə də bilirdim. Masasının arxasında Əhliman oturmuşdu. Uzun zaman bir-birimizə baxdıq. İlk dəfəydi ki, göz-gözə durmuşduq.

Gəlişinin mənasını da bilirdim. Sözə, izaha ehtiyac yoxdu. Odur ki dərhal:

-Bunu etmə, - dedim.

O da hər şeyi bilirdi, izahsız-flansız:

-Mənə mane olma, - dedi.

Bir müddət ikimiz də susduq. Sonra Əhliman soruşdu:

- O xalçanın tarixini bilirsən?

-Bilirəm, - dedim. - Amerikada çıxan kitabı oxumuşam.

-Onda bilməlisən ki, bu xalça insanlara nə qədər bəlalar gətirib. Xaç yürüşlərində səlibçilər onu Bağdaddan Bizansa gətiriblər. Bizans imperatriçası xalçanın, və deməli, hakimiyyətin oğluna keçəcəyindən təşvişə düşüb, öz oğlunun - öz doğmaca oğlunun ha, əl-qolunu bağlatdırıb, diri-diri əfi ilanla birlikdə torbaya salıb və torbanı dənizə atdırıb. Bunu da bilirdin?

-Bilirdim.

-İstanbulun fəthindən sonra xalçanı sarayda hakimiyyət rəmzi kimi qoruyurmuşlar və xalının üstündə ədavət düşməsin deyə, sultanlar tək bir oğullarını saxlayıb başqalarının elə körpəykən başlarını kəsdirirmişlər. Bunu da bilirdin?

-Bəli.

- Çaldıran döyüşündə Sultan Səlimin hərəmbaşı Xacə Minas sultana xəyanət edib, xalını da götürüb qızılbaşların tərəfinə keçib. Bundan xəbərin var?

-Var.

-Şah İsmayıl onun boynunu vurdurur ki, bir dəfə xəyanət edən bir də edər.

Səfəvilərdən Əfşarlara, Əfşarlardan Qacarlara keçən bu xalıya vaxtilə İranda Pənah xanın cənazəsini büküb Şuşa qalasına göndərirlər. Pənah xana bihuşdarı verib yuxuladıblarmış ki, vətəndə ayılsın, amma təbib onu meyit bilib yarıb. Xalının sirrini bilən Xacə Şah Şuşanı zəbt edərkən Vaqifin başını bu xalçanın üstündə kəsmək niyyətindəymiş. Molla Pənah rəml atıb qurtulacağını bilib, nə yollasa Səfəralıya ismarış çatdırır ki, qorxmasınlar, Ağa Məhəmmədin işini elə bu gecəynən bitirsinlər. Ulduzlar bu niyyətin baş tutacağını vəd edib. Sonra nə baş verdiyini bilirsən. Qacarın qətlindən sonra İbrahim xan ailəsiylə qalaya qayıdır. Vaqifin də aqibətini bilirsən, İbrahim xanla ailəsinin də...

-Bütün bunları mənə niyə danışırsan?

-Gözlə, deyəcəm. Mayor Lisaneviç İbrahim xanı ailəsiylə birlikdə məmə yeyəndən pəpə deyənəcən qırır, amma xalı ona da qismət olmur, onu bir yasavul ələ keçirir. O yasavul bililrsən kimdi?

- Yox, bilmirəm.

-General Sisyanovun yavəri. Bakı qapıları önündə Sisyanov öldürüləndə o yavərinin də başını kəsiblər. Xalını Sisyanovun kəsilmiş başıyla bir yerdə Şahənşaha bəxşiş göndərirlər. Məşrutə inqilabı zamanı xalı yoxa çıxır, sonra onu Təbriz bazarında bir Bakı milyonçusu alır. XI ordu Bakıya soxulanda bir cavan çekist həmin o milyonçunu öz əliylə güllələyir, xalını da aparır. O çekist bilirsən kimdi?

-Bilirəm, Qafarzadənin atası.

-Bəli, indi dediklərimi başa düşdün?

-Yox, başa düşmədim.

-Əsrlər boyu üstünə yüzlərlə, minlərlə insanın qanı çökmüş bu xalça məhv edilməlidir. Sahibiylə bir yerdə. Ya sahibsiz. Bir elə fərqi yoxdur.

-Necə yəni fərqi yoxdur? Xalça xalçadır, insan insan...

-Mənfur insan, cəllad atanın oğlu. Özü də atasının tayıdı. Hamıya ancaq pislik edən riyakar mərdüməzar.

-Kimə pislik edib ki?

-Elə, tutaq mənə.

-Aha, deməli, ərşdən - kürşdən danışıb , tarixi, aləmi bir -birinə qatıb öz qisasını almaq istəyirsən ondan.

-Kefin istəyir elə düşün, amma mən bu fikirdəyəm ki, əsrdən əsrə keçən bu cinayətlərin kökü kəsilməlidir və bu cinayətlərin rəmzi olan xalı məhv edilməlidir. Və əgər xalının sahibi inad edəcəksə, onun özünü da yox etmək lazımdır, çünki o da cinayət ortağıdır.

-Qanı qanla yumazlar. Cinayəti cinəyətlə dəf etmək olmaz. Kiməsə pislik edirsənsə ,o, bu pisliyi heç vaxt bağışlamır, fürsət güdür ki, özü də pisliyə pisliklə cavab versin. Bu yolla şər zəncirinı qırmaq olmur.

-Bəs şərin, zülmün, haqsızlığın kökünü nəylə kəsmək olar?

-Ancaq mərhəmətlə, bağışlamaqla, pisliyi unutmaqla.

-Yəni Həzrət İsanın əxlaqı - sağ yanağına şillə vururlarsa, sol yanağını uzat. Yox, Əhdi Cədidin deyil, Əhdi Ətiqin təlimi ürəyimcədi: Gözə göz, dişə diş... Mən...

- Dayan, toxta bir, sənə müdrik bir rəvayət danışım. Qonşusundan daima pislik görən birisi övliyanın yanına gəlir, əhvalatı danışır, ondan məsləhət istəyir. Övliya: - Get, həmin qonşuna bir yaxşılıq elə, - deyir. Övliyanın sözündən çıxa bilməyən adam belə də edir. Bir müddət sonra qonşusunun yeni bir mərdüməzarlığıyla üzləşir. Yenə də övliyanın yanına gəlir və eyni məsləhəti alır. Bu bir neçə dəfə təkrar olunur. Nəhayət, bundan canı boğazına yığılan adam övliyanın yanına gəlib deyir: -Mən sənin məsləhətlərinlə hərəkət etdim, amma qonşum yenə bəd əməllərindən qalmır, ona yaxşılıq etməkdən təngə gəlmişəm. Övliya:

-Qonşun pislikdən yorulmayıbsa, sən niyə yaxşılıqdan yorulursan? - cavabını verir. Xalqımız da deyir: yaxşılığa yaxşılıq hər kişinin işidi, yamanlığa yaxşılıq nər kişinin işidi.

-Çürük fəlsəfədi xalq müdrikliyi olsa da. Çin müdriyinin dediyi daha ağlabatandır:

-Yamanlığa yaxşılıqla cavab verəcəksənsə, yaxşılığa nəylə cavab verərsən? Buna nə deyirsən?

-Onu deyərəm ki, fərq qoymamalısan. Yaxşılığa da, yamanlığa da eyni cür yaxşılıqla qarşılıq verməlisən. Yoxsa belə çıxar ki, yaxşılıq edəndə əvəzini gözləyirsən, deməli, yaxşılığın, bir növ, rüşvətdir. Mövlana hər kəsi dərgahına çağırır: müsəlmanı da, xaçpərəsti də, atəşpərəsti də, musəvini də. Yüz dəfə tövbə edəni və tövbəsini dönə - dönə pozanı da.

Həzrət İsa insanların bütün günahlarını öz üzərinə götürmək istəyirdi.

- İnsanlar da onu çarmıxa çəkdi.

Onun sözlərini qulaq ardına vurdum:

- Budda deyirdi - qoy dünyanın bütün günahları mənim üstümdə qalsın, təki insanlığın ağrıları və dərdləri azalsın. Bizim Füzuli də «Həm ver mənə qəm çəkmək əzabı, həm aləmi eylə qəmdən xali» - deyir.

Əhliman:

-Yaxşı, onda söylə mənə, heç bir günahı olmayan körpə nədən şikəst doğulur, niyə kar, kor, ağıldan mayıf gəlir bu dünyaya, nədi onun təqsiri?

-Günahı əvvəlki həyatında işləyib, yəqin.

Əhliman qəh-qəhə çəkib güldü:

-Reinkarnasiya, canlıların bir neçə həyat yaşaması... Hind fəlsəfəsinin ən səfeh müddəası. Bir neçə həyat sürmək və əvvəlki həyatda etdiklərinin əvəzinin bu həyatda qarşına çıxması. Budu sənin inandığın?

- Bəli. Sən buna inanmırsan?

- Əlbəttə, yox. Bircəcik insan göstər mənə ki, guya haçansa əvvəllərdə başqa bir həyat yaşayıb və o həyatından nə isə yadında qalıb. Madam ki, əvvəlki həyatından yaddaşında heç nə qalmayıb, nə önəmi var, haçansa yaşamısan ya yox.

- O önəmi var ki, yaşadığın dövrün ədalətsizliklərinin və özünə qarşı olunan haqsızlıqların səbəbini başa düşürsən. Karma varlığın ən böyük qanunudur. Karma təbiətin və bəşərin bütün yanlışlarının bədəlidir və onların bir daha təkrar olunmamasının təminatçısıdır. Əgər «əhli - zərdə kərəm yoxdur, kərəm əhlində zər», əgər «alilər xaki-məzəllətdə, dənilər mötəbər»dirsə, dünyada zülm, harınlıq hökm sürürsə, qolu zorlu məzlumun haqqını tapdayırsa, güclü, böyük dövlət kiçik, zəif olkənin başına istədiyi oyunu açırsa, yalnız və yalnız karma sənə bunları anlamağa yardım edir. Hər bir insanın başqasına etdiyi pislik, hansısa ayrı həyatda olur-olsun, - bütün insanlığa qarşı yapılmış yamanlıqdır və bəşəriyyət bunun əvəzini ödəyir. Birisi günlərin birində bir pişiyi cırmaqlayır. Evə gələndə görür ki, anasının üzündə cırmaq yeri var. - Bu cırmaq hardandı?- deyə soruşanda anası: - Bu sənin əməlindir, - deyir.

-Dayan, dayan, deyirsən sənin bu hindlilərdən mənimsədiyin fəlsəfəyə görə hər bir canlı dünyaya bir neçə dəfə gəlir?

-Bəli.

-Məsələn, keçən həyatında sən - necə deyim ki, inciməyəsən - tutalım, bülbül ya tut ağacı olmusan. Tut ağacının ya bülbülün kimə nə pisliyi keçib ki, bu həyatda bunun altını çəkirsən. Susursan, çünki cavabın yoxdu. Ya başqa bir sual. Deyək ki, başqa bir həyatda elə insan olmusan. Bəs atan, anan o həyatda da eyni adamlar olub ya başqaları? Nə cavab verəcəksən?

-Elə suallar var ki, onlar sirri-xudadır, insan beyninin aça bilməyəcəyi gizlinlərdir. Bu barədə düşünmək belə, beynimizin imkanı xaricindədir, müdriklərdən biri deyib: dünyanın sirləri qarşısında sus. Sükut səhvlərdən xilas olmaq deməkdir.

-Aha, deməli, yenə köhnə söhbət: şəkkaka lənət. Elə kommunist ideologiyası da bunun üzərində qurulmuşdu. Sual vermə, soruşma, şübhələnmə, tərəddüd etmə, Sabir demiş: dinmə, danışma, şükr elə, illah da düşünmə... sadəcə, beyninə yeridilənlərə inan, vəssalam - Kommunizmə, Həzrət İsanın zühuruna ya Mehdinin gəlişinə iman gətir. Bütün dinlərin - fərqlərini bir yana qoy- mahiyyəti birdir - insana ən yaxşı halda təsəlli vermək. İnsanı Sonun qaranlıq, səssizlik, boşluq və heçsizlik qorxusundan xilas etmək, onu aldadıcı təskinatla ovutmaq - yəni bu fani dünyanın əzablarına döz, axirət dünyasında səni cənnətin feyzi gözləyir. Ya da ki, hədə - özünü yaxşı apar, yoxsa cəhənnəmdə yanacaqsan. Hamısı da məhz insanın zəifliyinə hesablanıb. Sənin Karman da, reinkarnasiyan da bu qəbildəndir.

Siqaret qutusunu uzatdı:

- Çəkirsən?

- Bilirsən, çəkən deyiləm.

Siqaretini odladı, tüstünü ləzzətlə ciyərlərinə sümürdü.

-Sənə bir pritça danışım, - dedi. - Nəticəsinə cavab ver. Üç qardaş olub. Biri pak, müqəddəs övliya, biri cani, quldur, başkəsən, üçüncüsü lap körpə yaşında ölür. Cənnətə - cəhənnəmə inansaq, o dünyada bunların aqibəti necə olacaq, səncə?

- Doğrudan da cənnət varsa, şübhəsiz, müqəddəs cənnətə getməlidi, cəhənnəm varsa, cani ora vasil olmalıdı.

- Bəs körpə?

-Köppə də, yəqin, ikisinin arasında qalar, ərəfdə.

-Onla belə bir sual. Körpə soruşur: niyə mən tifilkən öldüm, niyə böyüyə bilmədim. Nə cavab olacaq?

-Sənin anlayışlarınla bu körpə, yəqin, böyüyb pis adam olacaqmış, cani, quldur. Ona görə körpəlikdə ölməsi məsləhət bilinib.

- Çox əcəb, bəs onda o quldur, cani soruşmazmı, indi ki, mənim alnıma canilik, quldurluq yazılıbmış, onda mən niyə elə körpəlikdəcə ölüb əbədi cəhənnəm əzabından qurtulmadım. Cavabın nədi? Gördünmü, dostum, dünya məntiqsiz dünyadır və insan da təsadüfən bu dünyaya atılmış misgin, zavallı, kəmfürsət, paxıl və kinli məxluqdur.

- Yox, yox, elə deyil.

Amma Əhlimanı saxlamaq olmurdu, elə hey üyüdüb tökürdü:

-İnsan nədir - İblis belə olmağı bacarmayan zəif, gücsüz, isdedaddan qısır, imkanlardan məhrum, məhəbbətdən umsuq, iyrənc fantaziyalarında cinsi əlaqəyə girən, xam xəyallarında tək alçaq yox, guya ki, uca dağları da yaratdığına özünü inandırmış boş iddialı, riyakar, dünyanın özü kimi mənasız bir varlıq - budur insan. Paxıl, yalançı, böhtançı, kinli, yaltaq... Guya azadlığa can atan, amma azadlığa qovuşan kimi öz azadlığından oddan qorxan kimi qorxan, hər seçimini özgələrin boynuna qoymağa çalışan, daima qulluğunda durmağa bir büt, bir sahib, bir yolgöstərən axtaran aciz və misgin məxluq. Dünyanın ən ləziz təamlarını həzmi - rabedən keçirib nəcis kimi ifraz edən murdar... Yer üzündə özü kimi canlılara qənim kəsilmiş, ya onları öz keyfiyçün ovlayan, ya heyvanların, quşların, balıqların ətini də yeməklə yetinməyib, yumurtasını, balını, kürüsünü da qamarlayan qarınqulu. Bir ovuc dən, toxum səpib bir torba yox, on torba, on xaral məhsul götürməkçün torpağı kimyəvi gübrələrlə zəhərləyən, çirkab axıntılarıyla dənizləri kirləyən, meşələri qıran, qazlarla, tüstüsüylə havanı korlayan doyumsuz acgöz. Dünənini unutmuş, sabahını düşünməyən, ancaq bugünüylə yaşayan beyinsiz... Sartr düz deyir ki, cəhənnəm - başqalarıdır, yəni özündən başqa bütün qalan adamlardır cəhənnəm.

-Yox, yox, bir də yox. İnsan əqidəsi yolunda edama gedən Nəsimidir. «Hacı Murad»ı yazan Tolstoydur, Mahatma Handidir, Alber Şvetsardır, Tereza anadır. Şagirdlərini ölüm yolunda yalqız buraxmayan, onların aqibətini paylaşan, onlarla birlikdə ölümü qəbul edən Yanuş Korçakdır. Dünyanın ən gözəl, ən incə qadınlarıdır, ən cəsur, ən güclü, ən iradəli kişiləridir, ən məsum uşaqlarıdır, ən müdrik qocalarıdır. İnsan Fizülidir, Li Bodur, Rafaeldir, Motsartdır, Çexovdur.

- Bunların hamısı sənin olsun. Özün bildiyin kimi yaşa, başqa bir həyatda istədiklərinə çatmaq ümidiylə burdakı ömrünü puç aldanışlarla başa vur. Amma mənim bildiyimi etməyimə mane olma. Heç istəsən də mane ola bilməzsən.

Əhliman haçan çıxıb getmişdi, duymamışdım. Bəlkə, heç gəlməmişdi də... Gözümə görünmüşdü.

Amma otaqda hələ də siqaretin vanil qoxusu duyulurdu, külqabında neçə-neçə siqaret kötüyü qalmışdı.

ON SƏKKİZİNCİ FƏSİL

GECƏ TAMAŞASI

“Filosofluq etmək - ölümə hazır olmaq deməkdir”.

MİŞEL MONTEN

“İnsan ölüm xofuna yalnız o zaman qalib gələ bilər ki, aydın bir həqiqəti dərk etsin: nə qədər ki, bu dünyada ən azı bir insan yaşayır, o, özü də yaşayır”.

SVAMİ VİVEKANANDA, hind filosofu

“Sözün əsl mənasında yalnız bir ciddi fəlsəfi problem var - intihar problemi. Yaşamağa dəyərmi, dəyməzmi - bu məsələni həll etmək fəlsəfənin təməl sualına cavab verməkdir”.

ALBER KAMYU, fransız yazıçısı və filosofu. «Sizif mifi»

Xəbər: Dünən gecə məşhur alim Hüsü Zəlim oğlu Qafarzadənin mənzilində elektrik naqillərinin qovuşması nəticəsində yanğın törənmişdir. Yanğında mənzilin bütün avadanlığı, o cümlədən çox bahalı qədim xalça yanıb kül olmuşdur. Ciddi xəsarət almış alim hazırda reanimasiyadadır. Həkimlər onun yaşaması uğrunda əlləşirlər.

Gecə dördün yarısında telefonum səsləndi. Gecə zənglərindən həmişə eymənmişəm. Naməlum bir səs eşitdim:

-Tez geyinib həyətə düşün.

Kim idi bu əmri verən, niyə və hara çağırırdı məni, mən niyə müticəsinə bu göstərişə əməl edirdim? Tələsik geyinib kecinib həyətə düşdüm. Düz qapımızın qarşısında qırmızı limuzin dayanmışdı. Qaranlıqda sükan arxasında əyləşmiş adamın sifətini görə bilmədim, amma maşın həyətdən çıxarkən bədirlənmiş Ayın işığında yanağında iri çapığı sezdim.

Nə o danışırdı, nə mən. Hara, niyə gedirdik - deyə sual da verə bilmirdim. Elə bil dilim tutulmuşdu. Maşın yatmış, susmuş, ancaq vahiməli, soyuq ay işığıyla kölgələnən küçələrdən keçib şəhərdən çıxdı. Yeganə həyat əlaməti kimi tin başında sönüb yanan işıqforların qırmızı, sarı, yaşıl işıqları göz vururdu.

Maştağa yoluyla gedirdik. Buzovnadan, Mərdəkandan keçdik, Şüvəlanın əsas magistralından çıxıb bağların arasıyla torpaq yollarla böyük binanın qarşıına gəldik. Sovet dönəminin Mədəniyyət saraylarını andıran binaydı.

Maşından endik. Klubun - əgər bura klub idisə - içinə keçdik. Qol saatımda 4-ə beş dəqiqə qalırdi. Salon məşum bənövşeyi çıraqlarla işıqlandırılmışdı. Ön sıralarda adamlar əyləşmişdi. Arxa sıralar boşdu. Gecə saat dörddə nə tamaşaydı bu, kimdi bu saatda bura toplaşanlar?

Mən də keçib qabaq sıraların birində oturdum. Tamaşaçılar hərəkətsizdi. Gözlərini səhnədə bir nöqtəyə zilləyib susmuşdular. Bir-bir sifətlərinə baxmağa başladım və birdən-birə anladım ki, çoxusunu tanıyıram. Yanımdan bir az aralı doqquz-on yaşında bir uşaq oturmuşdu, ona baxdım və ətim biz-biz oldu - bu həmin o xəz paltolu qonşum idi. Tamaşaçıları bir-bir yadıma salırdım: dostum Möhsun, dayısı Mədət kişi, Rübabə, Zakir... Elmi şuranın üzvləri. Hüsü Qafarzadə. Aman Allah - atam... anam... Onlar da mənə yox, səhnəyə baxırdılar.

Məni dəhşət basırdı, bura toplaşanlar haçansa - müxtəlif vaxtlarda - dünyasını dəyişmiş insanlar idi. «Dünyasını dəyişmək» ifadəsinin gizli və həqiqi mənasını vahimə içində anlamağa başlamışdım.

Birdən hamısı əl çalmağa başladı. Səs çıxmırdı, amma hərəkətlərindən bəlliydi ki, gözlərini səhnəyə zilləyib kimisə alqışlayırlar. Səhnənin qırmızı pərdəsi aramla aralanırdı. Tam açılandan sonra səhnəyə rəqs eləyə-eləyə Aydan çıxdı. Ürəyim düşdü, onun burda, ölülərin içində nə işi vardı?!

Qadın qışqırığına ayıldım, yatağımdan sıçrayıb eyvana yanaşdım. Səhərin alatoranlığında həyətdə Aydanın cəsədi sərələnmişdi. Qışqırıb üz-gözünü yırtan da anası idi.

Arxaya çevrildim. Divardaki iri göz muncuğu tən ortadan çatlayıb paralanmışdı, yarısı divarda qalmışdı, yarısı yerə düşüb çilik-çilik olmuşdu.

Yerə tökülmüş göz muncuğu parçalarının yanında Əhliman dayanmışdı.

-Nədən bunu etdin? - dedim, - o qızın təqsiri nəydi?

Əhliman:

-Bunu sən etdin, - dedi, - sən öldürdün onu... Otağına yenə də yuxulu gəlmişdi. Getmək istəyəndə sən də yuxulu-yuxulu bağırdın:amandı, getmə. O, artıq karnizin üstündəydi, qışqırığa oyandı və elə o andaca həyətə uçdu. Yaxşıdı yazıq əziyyət çəkmədi, ani oldu ölümü.

Bunları deyə - deyə Əhliman mənə yaxınlaşırdı, onun niyyətini bilirdim. Açıq qapıdan eyvana çıxdı. Aşağı baxırdı. Arxası mənə tərəf idi. Ani tərəddüddən sonra qəfil həmləylə var gücümlə onu itələdim, eyvanın məhəccərindən aşıb aşağı uçdu. Bir an sonra Ay qızının yanında onun da cəsədi sərələnmişdi.

MÜƏLLİFDƏN. Tizfəhm oxucu, yəqin, anladı ki, əsərin Əhliman (Əhriman və Hörmüzd) adlandırılan iki personajı, əslində, eyni adamdı. Belə olan surətdə sual oluna bilər: müəllifin demək istədiyi nədi - Xeyir timsalı Hörmüzd Şər timsalı Əhrimanı itələyib məhv edir? Amma onda - ikisi eyni şəxsdirsə - ikisi də məhv olur axı...

Elədir. Amma əsərin əvvəlinə qayıdın. Demə, diri-diri torpağa gömülən ölməyibmiş. Bir təsadüf, ya bəlkə, zərurət nəticəsində dirilib məzardan çıxır, dünyaya qayıdır, yaşamağa başlayır. Bəs onda hansıdır qayıdan- Hörmüzdmü, Əhrimanmı; Xeyirmi, Şərmi? Ya hər ikisimi?

Bu sualın cavabını - yəni bu qərarı verməyi - oxucunun ixtiyarına buraxıram.

İyul, avqust, sentyabr 2014,

Dubrovnik - Bakı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG