Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:12

“Necə dolanırsınız?” - Yazıçılar güzərandan ah-fəğan etdilər


Modern. az saytı yeni “Necə dolanırsınız?” rubrikasına davam edir.

Bir-birini tanıyan müxtəlif peşə sahibləri rastlaşanda mütləq bir-birindən necə dolandığını soruşur.

Biz də onların səsləndirdiyi suala yazarlardan - yazıçı və şairlərdən cavab almağa çalışdıq.

Alpay Azər

Alpay Azər

Yazıçı Alpay Azər dolanışığından ona görə razıdır ki, ayda heç olmasa iki dəfə kafedə oturub öz sevimli qəhvəsini içə bilir:

“Mən Bakı Slavyan Universitetində dərs deyirəm, ondan başqa İslam Konfransı Gənclər Forumunun Bakı ofisində işləyirəm. Minimal xərclərimi ödəyə bilirəm, yəni ayda iki dəfə kafedə “Latte” qəhvəsi içib hekayə yazmağa, ayda iki kitab almağa pulum çatır”.

Yazıçı-kulturoloq Aydın Xan Əbilovun isə deməyə sözü çoxdur. O da gileylənir və bunun səbəblərini açıqlayır:

“Bütün zamanlarda dövlətdən məvacib alanlar öz maaşlarının azlığından şikayət edirlər, əslində burada böyük həqiqətlər var, biznesmenlər, yaxud tez gəlir gətirən peşə sahiblərinə rəğmən, ziyalılar, yaradıcı insanlar, intellektuallar üçün əqli mülkiyyətə aid edilən kreativ-intellektual məhsullarına görə layiqli məbləğ almaq çox çətindir.

Aydın Xan

Aydın Xan

Şəxsən mən əvvəllər bir neçə işdə çalışırdım, hər yerdə 200 manat aldığımdan, nisbətən özümün xərclərimi qarşılayır, 4 nəfərdən ibarət ailə üzvlərimin tələbatını ödəyə bilir, hətta qoca ata-anama da yardım edirdim. Amma bu ilin əvvəlindən etibarən bəzi ağıllı məmurların verdiyi məntiqsiz qərara görə,bir şəxs yalnız 1 yerdə işləyə bilər, - digər işlədiyim yerdən çıxmağa məcbur oldum. Amma çalışdığım redaksiyadakı 360 manatlıq (bundan iki əvvəlki baş redaktorumuzu istefaya yolladıqdan sonra məvacibimiz nisbətən artmışdı) maaşla indi gəl dolan görüm nə edirsən....

Yaxşı ki, mən nə siqaret çəkir, nə də spirtli içkilər alüdəçisiyəm, istənilən halda bu pul heç yarım aya bəs eləmir. Əvvəllər yenə yazılarımız gedirdi, az da olsa, qonorar alırdıq, amma Elçin Hüseynbəyli baş redaktorluqdan gedəndən sonra isə, artıq yazılarımızı da vermirlər və bu məsələdə də boşluqdan asılıb qalmışıq.

İndi təsəvvür edin, bütün şüurlu həyatını bu millətin maariflənməsinə sərf edən, onayaxın intellektual sayt, iki elektron kitabxana yaradan, yüzlərlə elmi məqalə, 6 kitab müəllifi olan, çoxsaylı ictimai qurumların rəhbərliyində təmsil olunan, Yeni Yazarlar və Sənətçilər Qurumuna sədrlik edən, 17 il mətbuatda çalışan, İnternet və TV-lərin tanınmış ekspertini intellektualı zəmanə və dövlətin vəzifə tapşırdığı boşboğazlar nə günə qoyub ki, artıq xaricə köçmək haqqında planlar qururam.

Cənab Prezidentə minnətdaram, çünki dövlət başçısın yanında Gənclər Fondu, QHT-lərə Dövlət Dəstəyi Şurası və başqa qurumların elan etdiyi qrant layihələrində iştirak edir, müəyyən mənada qonorarar alırıq, onlar da olmasa, durumumuz lap ağır olacaq".

Xuraman Hüseynzadə

Xuraman Hüseynzadə

Xanım yazar Xuraman Hüseynzadə isə maaşdan ümumiyyətlə danışmır. Çünki o, özünün də dediyi kimi qonararla dolanmağa məhkumdur:

“Ümumiyyətlə, sağ-salamat yuxudan oyanıramsa, gözlərimi açıb günəşi görürəmsə, şükr edirəm, sevinirəm. Səhhətində problem olan bir adam üçün maddi çətinliklər arxa planda qalır. Baxmayaraq ki, maddi çətinliklər olan yerdə tam sağalmağa ümid azalır. Amma neyləməli? Qədərimə boyun əyib qonorarla dolanmağa məhkumam. Knut Hamsunun “Aclıq” əsərinin qəhrəmanına baxanda şükr edirəm”.

Gənc yazar və jurnalist həmkarımız Rüfət Əhmədzadə bütün var-qüvvəsini toplayıb şükür etmək istəsə də, di gəl ki, reallıq ona imkan vermir:

Rüfət Əhmədzadə

Rüfət Əhmədzadə

“Mən hazırda jurnalistika ilə dolanıram. APA-da beynəlxalq siyasət müxbiri kimi çalışıram və maaşımdan narazılığım yoxdur. Amma anam təqaüdçü alimdir, atam isə xərçəng əməliyyatından sonra əmək qabiliyyətini itirib, yoldaşım da işləmir və uşağa baxır.

Evin xərclərinin böyük hissəsi üzərimə düşür. Əvvəl ara-sıra tərcümə edirdim, kiçik qonorarla hansısa problemi yoluna qoya bilirdim. Notbukum yanandan bəri bütün işlərim pozulub. Köhnə sifarişləri tamamlaya bilmirəm.

Bir sözlə, hazırda maaşla dolanmağa məcburam. Etiraf edim ki, bu maaş normalda 15-20 günə ancaq çatır.

Normal dolanmaq üçün ayda ən az 1000 manat gəlirim olsaydı, bir az yaxşı olardı. İndi tək maaşla dolanmaq mümkün deyil. Reallıq budur”.

Sevinc Çılğın

Sevinc Çılğın

Şairə Sevinc Çılğında isə həmkarlarına baxanda nisbətən az giley hiss olunur:

“Yaxşı dolanıram. Əlbəttə ki, mənim maaşımla idarə etmək çətindir. Əlavə olaraq reklam mətnləri, ssenariləri yazıram. Sifarişli mətnlər olur. Arada şeirlərdən də qonorar alıram. Ancaq xərcim qazancımdan çoxdur.

Deyə bilərəm ki, ancaq özümü idarə edə bilirəm. Gözəllik salonu, geyimlər, benzin və sair. Çox vaxt yoldaşımın və anamın cibinə də işim düşür. Bircə evim yoxdur. Əgər evim olsaydı, özümü varlı hesab edərdim. Ancaq hər şeyə rəğmən çox şükür. Zamanla ayaqlaşmağa çalışıram”.

Həm yazar, həm də jurnalist həmkarımız Cavid Zeynallının müəyyən problemləri olsa da, hər şeyin qaydasına düşəcəyinə inanır:

Cavid Zeynallı

Cavid Zeynallı

“Hər kəsin özünəməxsus problemləri, qayğıları var. Adam var ayda 10 min manat pul qazanır, aylıq xərclərini ödəməyə çətinlik çəkir. Dindirəndə şikayət edir, ağlaşma qurur. Yəni zənginin zəngin, kasıbın kasıb dərdi var. Baxır dolanışıq deyəndə biz konkret nəyi nəzərdə tuturuq. Hər halda, minimum tələbatları ödəmək baxımından şikayətçi deyiləm.

Ümumiyyətlə, ağlaşma quran, hər şeydən şikayət edən adamlardan heç vaxt xoşum gəlməyib. Əlbəttə, adam evsizlikdən, mənzil şəraitinin çətinliyindən əziyyət çəkə bilər, öhdəsində böyük ailə ala bilər. Bu cür adamların çətinliyi dilə gətirməyini anlayışla qarşılamaq lazımdır. Bir də var bir cibi və boğazı olan adamlar, onlar şikayətçi olanda adamın əli-ayağı hər yerdən üzülür. Sizə deyim, az maaşla elə qürurlu və gözütox yaşayanlara rast gəlirəm, adam sadəcə, onların daxilən böyüklüyünə qibtə edir.

Hər kəs daha yaxşı yaşamaq, daha çox maaş almaq istəyir, amma həmin adamın peşəkarlığı, təcrübəsi buna imkan verirmi?! Vacib olan budur. Mən də kredit ödəyirəm, xırda-para qayğılar var, amma bunların heç birini sadalamağın, açıb-ağartmağın, şikayət etməyin tərəfdarı deyiləm.

Dayandur Sevgin

Dayandur Sevgin

Əsas odur, insan öz üzərində çalışsın, işini sevsin, planlı və məqsədli yaşasın, yerdə qalan hər şey zamanla qaydasına düşəcək”.

Şair Dayandur Sevginin cavabı qısa və məzmunlu olur:

“Aldığım maaş cibimdə uzaq başı 2 gün qalır”.

Digər xanım yazarımız Sevinc Elsevərin bir çox qayğıları olsa da şükür edən insanlardandır:

Sevinc Pərvanə

Sevinc Pərvanə

“Yalnız özümə qalsa, çətin dolanaram. Yoldaşımın canı sağ olsun. Kömək edir. Başımızı girələyirik. Aza qane olan adamam deyə, çox şikayət etməyəcəm. Hamı necə biz də eləyik. Azərbaycanda yazıçı necə dolana bilərsə, o cür də dolanıram. Banka borcumuz var, amma hazırda hamının borcu var banka.

Mənim gəlirimdən danışmaq gülüncdür. Yaxşı ki boşanmış qadın deyiləm. Yoldaşımın qazancına da qənaət edə-edə dolanırıq. Allah fövqəladə hadisələrdən qorusun”.

“Ulduz” jurnalında çalışan yazıçı Vüsal Nuru bircə cümlə ilə öz vəziyyətini izah edir: “Bütün dükanlarda gözüm var”.

Ardına baxaq:

Vüsal Nuru

Vüsal Nuru

“Necə dolanırıq? Yazıçı kimi. Yaza-yaza, oxuya-oxuya. Gözü-könlü tox. Ehtiyacın evində kiranişinik. Bəzən aç sağlayır bizi, bəzən qapının arxasında qoyur. Bəzəndə elə yedirdib-içirdir ki, tərpənə bilmirik. Şikayətciyəmmi? Yox. Çünki bu yolu özüm seçmişəm. Bizneslə məşğul ola bilərdim. Aylıq gəlirim 200 manat yox, 2000 manat da ola bilərdi. Maaşım təbii ki, ayın axırına çatmır. Bütün dükanlarda gözüm var. Ala bilmədiyim şeylər hamısı orda təmtəzə qalıb. Gedə bilmədiyim yerlər həsrətimi çəkir. Qızım deyir ki “ata müəllim məktəbdə pul istəyəndə kitab oxuyuram ki, məni görməsin. Məni görəndə isə cavab verirəm ki, atam kitab çap eləyə bilir, pul yox”.Telefonumda 1 manatdan artıq kontur olmur. O da kreditə. Köhnə ayaqqabılarımı geyinib təzə söz axtarıram. Yeni roman yazıram. Özümü dünyanın ən xoşbəxt adamı hesab edirəm. Qəhrəmanımla birlikdə nəyinki dünyanı, zamanda da səyahət edirəm. Ədəbiyyat mənə aza qane olmağı örgədib. Belə baxanda heç nədən narazı deyiləm. Az qazanıram, az yeyirəm. Əsas odur ki, ailəm, sevdiyim işim, peşəm, cənnətmakan, müstəqil ölkəm var. Mən də azad yaşayıram!

Düzdür, deputat seçilsəydim daha yaxşı olardı. Çünki bu ölkədə hər kim olsan, şərəflidi. Bir Şərqə baxın, qan çanağıdı. Adamlar yaşamağın dadını itirib. Hər yerdə kəsilmiş başlar, gözü yaşlı, qarnı aç uşaqlar. Qafqazda sağa baxın, sola baxın. Ermənilər turşu qoymağa sarımsaq da tapmırlar. Gürcülərin iqdisadi durumu bizimkindən qat-qat aşağıdı. Qafqazın ən varlı, ən tolerant, ən çox inkişaf edən bir ölkəsiyik. Bu ölkədə yaxşı, lap yaxşı yaşamaq haqımızdı.Bu haqqımızı heç kim əlimizdən almayıb. Bir manıs toydan bir gecəyə 10 min pul qazanırsa, deməli hər şey əladı”.

Emin Piri

Emin Piri

Gənc yazar Emin Piri isə maaşın azlığından o qədər şikayətlənir ki, gələcəkdə evlənməyi belə, düşünmür:

“Düzü, mən özüm də maaş çatmadığından işdən ayrıldım. Düzü, indiki mediada maaşlar digər yerlərə nisbətən yaxşı olsa da, buna dolanmaq demək olmaz. Mən subayam, evlilərin az maaşla necə dolandığını düşünəndə adam ömrü boyu subay qalmaq istəyir. İndi evdə oturub dincəlirəm. Daha münasib əmək haqqı olan iş çıxsa, dəyərləndirəcəm. Amma ayrı şəhərdən Bakıya gəlib subay adam kimi dolanmaq üçün jurnalistikada heç olmasa 1000 manatdan çox qazancın ola. Yoxsa bu özünə təsəllidir və dolanmaq deyil, ömrü təsbehə dolamaqdır. Bir sözlə, dolanmırıq, sağ qalmaqçün mübarizə aparırıq.

Elmin NURİ
Məltəm TALIBZADƏ

Modern.az

Günün bütün mövzuları

XS
SM
MD
LG