Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:52

Məhkəmə 17 il əvvəl törədilmiş qətli araşdırır


Arxiv fotosu
Arxiv fotosu

Noyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində 1963-cü il təvəllüdlü Səmədov Varis Məcid oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Prosesə hakim Əlövsət Abbasov sədrlik edir.

Söhbət açacağımız cinayət hadisəsi 23 avqust 1997-ci ildə baş verib. Həmin gün səhər saatlarında odlu silahla qətlə yetirilən Zülfüqar Ağalarovun meyiti Nəsimi rayon hərbi komissarlığının arxasında aşkar edilib.

MÜBAHİSƏ, QƏTL...

İstintaqla müəyyən edilib ki, Varis Səmədov tanışı Eldar Əliyevin (2004-cü ildə Rusiyada yaşadığı evin qarşısnda güllələnib) idarə etdiyiı maşınında olarkən metronun “20 Yanvar” stansiyası istiqamətindən Soltan Nəcəfovun maşınında əyləşən digər tanışı Zülfüqar Ağalarovun gəldiyini görüb. Zülfüqar Ağalarovdan borcunu geri istəmək məqsədilə maşını saxlatdırıb. Söhbət etmək üçün onu öz əyləşdiyi maşına dəvət edib. Pul məsələsi ilə bağlı aralarında mübahisə yaranıb.

Varis “Makarov” tipli tapançadan Zülfüqara üç dəfə atəş açıb. Sonra meyiti maşınla Nəsimi rayon Hərbi Komissarlığının arxasına gətirib. Orada binaların arasına atıb.

Qətl hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 95-ci (köhnə red.) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb. Varis Səmədovun cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilib, barəsində axtarış elan olunub.

Lakin Varis Səmədov (Rəşitov Həmid Məcidoviç) ad-soyadını dəyişdirdiyinə görə onun yaşadığı yeri müəyyən etmək mümkün olmayıb. 2002-ci ildə Varis Səmədovun əməlləri Cinayət Məcəlləsinin 95-ci maddəsindən Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddəsinə tövsif edilib. Ona Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz odlu silah əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Varis Səmədov 2002-ci ilin oktyabr ayında istintaqa gəlib və 1 saylı istintaq təcridxanasına yerləşdirilib. 2003-cü ilin fevral ayında Nəsimi rayon məhkəməsinin tərəfindən Varis Səmədovun barəsindəki həbs-qətimkan tədbiri ləğv olunub, qohumlarının nəzarəti altına verilməsi haqqında qərar qəbul edilib.

Arxiv fotosu
Arxiv fotosu

AXTARIŞ, HƏBS...

Ancaq sonradan təkrar məhkəmə-psixatrik ekspertizası təyin edilib. Bakı şəhər prokurorunun təqdimatına əsasən Səbael rayon Məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin tibb müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul olunub. V.Səmədov istintaqdan gizləndiyi üçün ekspertiza keçirilməsi mümkün olmadığından onun barəsində axtarış elan edilib.

Bu ilin avqust ayında V.Səmədov istintaqa könüllü gəldiyindən cinayət işi üzrə icraat təzələnib. O, Səbael rayon məhkəməsinin 09.10.2009-cu il tarixli qərarına əsasən Bakı İstintaq təcridxanasına yerləşdirilib.

Təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadəsində Varis Səmədov ona elan olunmuş itthamla özünü təqsirli bilməyib.

Təqsirləndirilən şəxs ifadəsində uzun illər Rusiyada yaşadığını, orada ailə həyatı qurduğunu göstərib. Bildirib ki, hərbi xidməti başa vurduqdan sonra Nijnivartovsk şəhərinə qayıdıb. Orada Raviyya Samedova ilə ailə həyatı qurub. 1985-ci ildə adam bıçaqladığıma görə 3 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan amnistiya aktına əsasən cəzadan azad olunub.

“1996-cı ilin əvvəllərində ailəmlə birlikdə Azərbaycana gəldim və Zülfüqar Ağalarovun qətlindən sonra yenidən Rusiyaya qayıtdım. O vaxtdan Eldar Əliyevi görməmişəm. Bir müddət sonra Eldarın Rusiyada (kriminal aləmə meylli olan, dəfələrlə məhkumluq həyatı yaşayan Eldar Əliyev 2004-cü ildə Rusiyada yaşadığı evin qarşısında qətlə yetirilib) öldürüldüyünü eşitdim” Varis bildirib.

İSTİNTAQA NƏ DEYİB...

Təqsirləndirilən şəxs əslən Zəngilan rayonundan olan Zülfüqarla 8-ci km qəsəbəsindəki bazarda təsadüfən tanış olduqlarını deyib. Bildirib ki, Zülfüqar da onu kimi xırda alverlə məşğul olurmuş. Hərdən Almaniyadan maşın da gətirib satırmış. Alverə görə Zülfüqarla münasibətləri bir qədər soyuyubmuş:

“Hadisə baş verən gün Zülfüqarı təsadüfən dostu Soltanın maşında keçdiyini gördüm. Maşını saxladıb söhbət etmək istədiyimi dedim. Zülfüqar borcla bağlı məsələ ilə danışarkən sərxoş olduğunu gördüm. Mübahisə zamanı qəflətən söyüş söydü, belindən tapança çıxarıb üstümə tutdu. Sonradan baş verənləri xatırlamıram. Hadisədən sonra metronun “Əzizbəyov” stansiyasının yaxınlığındakı səkidə özümə gələndə səhər açılırdı. Təxminən 3-4 gündən sonra Zülfüqarı öldürdüyümə görə polis tərəfindən axtarıldığımı eşidib inanmadım. Hadisə zamanı Zülfüqar üstümə silah çəkmişdi, ola bilsin həmin silahı alıb onu vurmuşam. Qorxumdan polislərdən gizlənirdim. Bir neçə gündən sonra qardaşımla əlaqə saxladıqda cinayət törətdiyimi dedi. Bundan sonra Rusiyanın Nijnevartovsk şəhərinə gedərək orada yaşadım. 2002-ci ildə qohumlarımın xahişi ilə Bakıya qayıdıb istintaqa hadisəni baş verdiyi kimi danışdım. Barəmdə olan cinayət işi xitam olunduqdan sonra xəstəliyimlə bağlı 2003-cü ildə Rusiyaya getdim. Amma 4-5 aydan sonra yenidən axtarışa verildiyimi eşitdim”.

Təqsirləndirilən şəxs ifadəsində ad-soyadını dəyişmək məcburiyyətdə qaldığını deyib: “2011-ci ilin fevral ayında yaşadığım ərazi üzrə müraciət edərək adımı və soyadımı dəyişib həyat yoldaşımın familyasını, adımı dəyişib babamın adını götürdüm. Rusiyada yaşadığıma görə isə oğlu sözünü çıxararaq “oviç”, yəni Rəşitov Həmid Məcidoviç adını qəbul etdim. 2012-cü ilin iyun ayının 18-də Azərbaycana da həmin sənədlə gəldim”.

ZƏRƏRÇƏKMİŞ DƏ DANIŞIB

Zərərçəkmiş şəxs qismində dindirilən Raziyə İmanova ifadəsində həyat yoldaşı Zülfüqar Ağalarovla 1992-ci ilədək Rusiya Federasiyasının Tomsk şəhərində yaşadıqlarını göstərib. Onun dediyinə görə, Zülfüqar həmin vaxtlar üskük oynatmaqla və xırda alverlə məşğul olub. Bakıya köçəndən sonra isə bir müddət ayaqqabı sexi işlədib. Hərdən maşın alveri ilə də məşğul olub. Birgə nikahdan iki övladları dünyaya gəlib.

Arxiv fotosu
Arxiv fotosu

Raziyə İmanovanın ifadəsindən:

“Münasibətlərimiz normal olsa da Zülfüqardan nə soruşanda “sən qadınsan, öz işinlə məşğul ol, sənə nə lazımdır, çörəyin, suyun var, başqa nə ilə maraqlanırsan?” deyirdi. Ölümündən əvvəl axırıncı dəfə Zülfüqarı Soltanla evdən çıxanda gördüm. Son bir neçə gündə Zülfüqar maşınını satışa çıxardığından onu Soltan aparıb-gətirirdi. Hadisə baş verən gün gecə saatlarında Zülfüqar zəng vurdu, yolda olduğunu, indi gələcəyini dedi. Danışanda əlaqə kəsildi. Gecə saat 1-ə qədər gözləsəm də, gəlmədiyini görüb yatdım” zərərçəkən bildirib.

Raziyə İmanova ifadəsində deyib ki, ertəsi gün Zülfüqarın hazırda Rusiyada yaşayan qardaşı onun öldürüldüyü barədə məlumat verib. Sitat: “Bundan sonra köçkünlərin məskunlaşdığı yataqxanaya getdik. Həmin vaxt həyətə çoxsaylı adamlar yığışmışdı. Qaynatam həmişə Zülfüqarın arxasınca gileylənir, onun ətrafında olanların əksəriyyətinin cinayət aləmi ilə əlaqəli şəxslər olduğunu və bunun nəticəsinin yaxşı olmayacağını deyirdi. Yoldaşımı Varisin öldürdüyünü desələr də, səbəbini bilmirdim. Varisi əvvəllər həyətdə Zülfüqarla bir yerdə, bir də oğlunun ad günündə restoranda görmüşdüm. Deyib-gülən, danışan adam olduğundan Zülfüqarı onun öldürməsinə əvvəlcə inanmırdım. Amma Soltan orada olduğundan və məhz Varisin yoldaşımı öldürdüyünü deyəndə inandım. Varislə Zülfüqarın arasında söz-söhbət olmasını sonradan eşitmişdim. Nə Zülfüqarda, nə onun avtomobilində, nə də evimizdə silah, tapança olduğunu görməmişəm”.

Yazılanlar ittiham aktına söykənir.

Məhkəmə prosesi davam edir.

XS
SM
MD
LG